"Əsas odur ki, kiməsə bənzəməkdən
vaxtında vaz keçəsiniz" - Fotoreportaj
TANINMIŞ PUBLİSİST İRADƏ
TUNCAYIN GƏNC ƏDİBLƏRLƏ GÖRÜŞÜ
OLUB
Noyabrın
5-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan"
klubunda Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti
toplantısı keçirildi. Bu dəfə GƏM-in
qonağı "Ədalət" qəzetinin baş
redaktoru, publisist İradə Tuncay idi.
Tədbiri
giriş sözü ilə açan Yazıçılar
Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad
Məcid İradə Tuncayın şəxsiyyət və
yaradıcılığına xas məziyyətlərdən
danışıb: "İradə xanımla uzun illərdir
tanışam. Böyük şairimiz Məmməd Arazın
qızı, yaxın dostum, hörmətli millət vəkili
Aqil Abbasın həyat yoldaşı, "Ədalət" qəzetinin
baş redaktorudur. 80-ci illərdə İradə xanım
Dövlət Televiziyasında çalışırdı.
Dövlət Televiziyasının o vaxtkı formatına uymayan,
canlı, dinamik nitqi tamaşaçını cəzb edirdi.
Bir müddət televiziyadan uzaqlaşan İradə Tuncay
2001-ci ildə "Space" efirində görünməyə
başladı. Yenə həmişəki kimi öz aurası,
mövzulara yanaşma üslubu ilə digər
aparıcılardan seçilirdi. Səlist, dərin mənayüklü
nitqi həmişə məndə belə bir fikir doğururdu
ki, İradə xanım mütləq yazılı
jurnalistikaya, mətbuatda çıxış etməyə
başlamalıdır. Çünki onun nitqinin alt qatında o
qədər dərin məna gizlənirdi ki,
tamaşaçı onu dinləyən zaman bir dəfəyə
bütün məna incəliklərinə vara bilmirdi. İllər
sonra yazmaq eşqi İradə Tuncayı "Ədalət"
və "525-ci qəzet"də çap olunmağa sövq
etdi. Daha sonra o, "Ədalət" qəzetinin baş
redaktoru oldu. İradə xanımın əvvəl dinləyiciləri,
sonra oxuyucuları olan insanlar televiziyadakı söhbətlərində
hiss etmədikləri, yaxud demədiyi sözləri oxumağa,
alt qatında olan məqamları daha diqqətli izləməyə
başladılar və nəhayət, bu yazıların əsasında
iki kitab ərsəyə gəldi; "Sarı odalar" və
" Yol romanı". Bu günlərdə
üçüncü kitab da işıq üzü
görüb, yəqin ki, onun da təqdimatı keçiriləcək.
İndi Azərbaycan mətbuatında ən peşəkar, hərtərəfli,
savadı və istedadıyla ilk pilləni tutan publisistlərdən
biri İradə xanımdır. Onun publisistikasının
özəl bir xüsusiyyəti də təqvimə müracəti
ilə bağlıdır. Tarixin bir günü kimi
mövzularda eyni aylarda, yaxud eyni günlərdə müxtəlif
ölkələrdə baş vermiş hadisələri
bir-birilə əlaqələndirib oxucuya çatdırmaq
peşəkarlıq, savad, məlumatlılıq tələb
edir. Düşünürəm ki, İradə xanımın
publisistikasında bu, çox gözəl alınır".
Rəşad
Məcidin ardınca söz alan
İradə Tuncay öz düşüncələrini və
praktikası ilə bağlı önəmli məqamları gənc
ədiblərlə bölüşdü: "İnsan gənc
olanda elə hesab edir ki, artıq hər şeyi bilir, çox
böyük yazıçıdır, istedad sahibidir. Amma
yaş, savad, mütaliə artdıqca görür ki, əslində
o qədər də savadlı deyil və ondan da qat-qat
istedadlı adamlar var".
Hər
bir insanın özü-özünə hesabat verməli
olduğunu vurğulayan xanım yazar çox maraqlı həyat
yaşadığını diqqətə
çatdırıb: "Sovet dönəmində, beş ildə
bir dəfə olmaqla, qurultaylar keçirilirdi. Bütün
müəssisələr beş il ərzində gördükləri
işlərin hesabatını verirdilər. Mən də
düşünürəm ki, ömrümü beş, illiklərə
bölsəm nələri xatırlaya biləcəm, nələr
gələcək gözümün qabağına... On bir
beşillik az deyil. Məncə, çox hadisələr
görmüşəm, gördüklərimin əksəriyyəti
xoş ovqat yaradır xatırlayanda. Bu rəqəmlərin qəribə
aurası var, iki bir və iki beş... Rəşad Məcidin
son kitabıma yazdığı ön sözün adı da
"İki 5"dir. Lap mistika kimidir...
Maraqlı
həyat yaşamışam. İndi korifey sayılan sənətkarları,
ədəbiyyatçıları canlı görmüşəm,
evimizdə olublar, atamla dostluq ediblər.
İnsan
uşaqlığını xatırlayanda qəribə hisslər
keçirir, o xatirələrə münasibətdə
mühafizəkar oluruq, "ən gözəl dövr o vaxtlar
idi" - deyirik.
Məktəbdə
ən yaxşı inşaları mən yazırdım.
Hamı deyirdi ki, atası yazıb. Jurnalistikada təzə
olanda da eyni münasibəti görürdüm. İllər
keçdi, mən jurnalistikada irəlilədim, yazılar
yazdım, kitablarım çap olundu. İndi bilmirəm
yazılarımı kimin adına çıxırlar.
Gözümü
açıb kitab görmüşəm, ədəbiyyat
söhbətləri eşitmişəm, şeirlə
böyümüşəm. Mütaliəni lap
uşaqlıqdan sevirəm. Məni jurnalistika fakültəsinə
kitablar apardı. O vaxt çap olunmaq problem idi. Balaca bir
informasiyamız qəzetdə gedəndə çox sevinirdik.
Amma indi lap kitabımız da çıxanda o çap olunan
informasiyanın sevincini vermir. Bu, yəqin hər şeyin zaman
keçdikcə adiləşməsindən irəli gəlir.
Nə
işə düzəlməyimdə, nə də çap
olunmağımda atamın heç bir rolu olmayıb. Onun bu məsələdə
yeganə köməyi başqalarının eqosunu tumarlamaq
olub: "Gördünüz kimin qızını işdən
çıxardıq?"
İş
elə gətirdi ki, qəzetin başına keçməli
oldum. Yazılı mətbuat televiziya jurnalistikasından fərqli
olaraq qalıcıdır. Sonrakı mərhələdə
hiss edəndə ki, artıq oxucu kütləm
formalaşıb, mənim yazılarımı gözləyirlər,
kitab çapına qərar verdim. O vaxtdan bəri də əgər
mətbuatı izləyirsinizsə, oxuyursunuzsa, bu mənəm
- İradə Tuncay..."
Daha sonra
tədbir gənc ədiblərlə İradə Tuncay
arasında sual-cavabla davam etdi.
Leyla
Faiqqızı: - Məmməd Arazın qızı olmaq
asandır, yoxsa çətin?
İradə
Tuncay: - Asan, yaxud çətin məsələsi deyil. Sadəcə
olaraq məsuliyyətlidir.
Zamiq
Mehdisoy: - Deyirsiniz ki, gənclikdə özümüzü bənzətməyə
qadın tapmırdıq, bəs, indiki gənclər özlərini
kimə bənzətsinlər?
İradə
Tuncay: - Mən gəncliyimdə aktrisaya bənzəməyə
çalışırdım. Amma o vaxt indiki kimi bolluq deyildi.
Adicə istədiyimiz geyimi də tapa bilmirdik. Qaldı indiki gənclərin
kimə bənzəməsinə, əsas olan odur ki, kiməsə
bənzəməkdən vaxtında vaz keçəsiniz,
özünüz olasınız.
Z.Mehdisoy:
Məmməd Arazın belə bir şeiri var: "Mən bir
zaman şair idim". Sizin elə anınız olub ki,
düşünəsiniz: "Mən bir zaman
yazıçı idim"?
İradə Tuncay: - Bilirsiniz, bu, yaradıcı adamın kaprizidir, öz incikliyini, hikkəsini ifadə etməsidir. Məmməd Araz ömrünün hər anında şair olub. Məndəsə heç vaxt belə düşüncə olmayıb.
Şəms Mərdanova: - Özünüz barədə roman yazsaydınız romanın ilk, pik və son nöqtələrini ömrünüzün hansı dönəminə aid edərdiz?"
İradə Tuncay:
- Əslində avtobioqrafik roman yazmaq fikrim var, hətta bəzi
qeydlər də eləmişəm. Hərdən düşünürəm
ki, ömrümün son beş ilinə bütöv bir
ömür sığdırmışam. Bu beş ildə ilk də, pik də,
hətta lap son da olub. Müxtəlif hadisələr
yaşamışam, müxtəlif insanlar tanımışam.
Bundan sonra nə olacaq bilmirəm, amma bu beş ili çox fərqli
yaşamışam. Çox səyahətlər elədim bu
beş ildə, fərqli ölkələrdə oldum, fərqli
yaşam tərzləri gördüm. Uşaqlıqdan səyahət
etməyi sevirəm. İçimdə belə bir hiss var ki, mən
buralara aid deyiləm.
Əlbəttə,
bütün ömrümüzü istədiyimiz kimi yaşaya
bilmərik. Uşaqlıqda, məktəbdə qadağalar, daha
sonra cəmiyyətdə... Əgər bu qadağalardan kənara
çıxa biliriksə, deməli, nələrsə etməyə
qadirik.
Ülkər
Piriyeva: - Xoşbəxtliyi nədə
görürsünüz? Sizcə, Məmməd Arazın
qızı, millət vəkili Aqil Abbasın həyat
yoldaşı olmaq xoşbəxtlikdirmi?
İradə
Tuncay: - Birincisi, həyat üçün resept yoxdur. Hər kəs
öz həyatını yaşayır. Bu, həm alın
yazısı, həm əhatəmizdə olan insanlar, həm də
yaşadığımız mühitdir. Qaldı xoşbəxtliyə,
bu, insanın atası, həyat yoldaşı ilə
bağlı olan məfhum deyil. İnsan həyatında vacib
olan anları yaşaya bilirsə, deməli, xoşbəxtdir.
Xoşbəxtlik öz içimizdəki kitabda
ömrümüzə yazılası günlərin sayı ilə
ölçülür. Əgər bu günlərin sayı
çoxdursa, deməli, xoşbəxtik. İkincisi də bu,
daha çox şans məsələsidir. Çünki öz
atamı mən seçməmişəm, bu, mənim
taleyimdir. Düzdür, Aqil Abbası mən seçmişəm.
Amma mən onu seçəndə o sizin
tanıdığınız Aqil Abbas deyildi. Cavan bir oğlan
idi. Heç kəs də bilmirdi ki, o gələcəkdə
yüksək vəzifələr tutacaq.
Emin Piri:
- İradə xanım, gəncləri yaradıcılıq
baxımından hara aparmaq istərdiniz?
İradə
Tuncay: - Mən həmişə məsləhət verməkdən
qaçmışam. Nələrisə izah edə bilərəm,
amma məsləhət vermək fikrini özümə
yaxın buraxmıram. Gənclərə yol göstərməyə
gələndə, istedadlı gənclər tanıyıram
ki, batıb gedirlər, müxtəlif təşkilatlara
qoşulur, bu yolda özlərini xərcləyirlər. Belə
gəncləri həmişə qorumağa, səhv yoldan
daşındırmağa çalışıram. Əgər
bir gəncin tutduğu yol onun özünə, dövlətinə,
xalqına ziyan vuracaqsa, mən onu bu yoldan çəkindirməkdən
ötrü əlimdən gələni edirəm.
Aysel Kərim:
- Sizdə atanıza xas olan hansı xarakter daha
qabarıqdır?
İradə
Tuncay: - Yəqin ki, ədalət hissinə
bağlılığım atamdan miras qalıb. O da həmişə
ədalət aşiqi olub. Sonra
düşündüyümü dilə gətirməyim, mərhəmət
hissi ola bilər. Ümumiyyətlə, qızlar atalarına
çox bağlı olurlar.
Nərmin
Əmiraslanova: - Həyatınızı hansısa əsərinizə
köçürmüsünüz?
İradə
Tuncay: - Hamı özünü yazır, ya həyatından,
bir anı qələmə alır, ya düşüncəsini
kağıza köçürür. Mən də təbii ki,
istisna deyiləm.
Cavid Qədir:
- İradə xanım, bir insanın şəxsində baş
redaktor, yazar-publisist, şair qızı, həyat
yoldaşı, qadın obrazlarını cəmləşdirirsiniz.
Bunlardan hansı sizinçün daha əhəmiyyətlidir?
İradə
Tuncay: - Bu, dönəmlərlə bağlıdır. Elə
dönəm var ki, qız, elə vaxt qadın, bəzən
yazıçı, bəzən qadın, bəzən yazar olur
adam. Hərdənsə bütün rollardan bezir insan,
özü olur. Hərdən bütün bu obrazları bir
gündə yaşamışam.
Sonda
İradə Tuncay gənc ədiblərə öz tövsiyələrini
verdi: "Bilirsiniz, gənclər, əgər nəyəsə
nail olmaq istəyirsinizsə, ancaq oxuyun, biliyinizi
artırın. O zaman anlayacaqsınız ki, sizdən kənarda
necə böyük bir dünya var".
Cavid QƏDİR
525-ci qəzet.-
2014.- 7 noyabr.- S.7.