Dövlət pantomin teatrı moskvada “Maska"nı
nümayiş etdirib
Azərbaycan Dövlət Pantomim Teatrı Azərbaycanın Mədəniyyət və Turizm, Rusiyanın Mədəniyyət nazirliklərinin təşkilatçılığı, ölkəmizin Moskvadakı səfirliyinin dəstəyi ilə Rusiya paytaxtına qastrol səfəri çərçivəsində noyabrın 4-də “Na Strasnom” Teatr Mərkəzində Zaur Zeynalovun “Maska” tamaşasını təqdim edib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tamaşadan əvvəl çıxış edərək Pantomim Teatrının yaranma tarixi barədə məlumat verib. Səfir bildirib ki, teatr 1994-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində “Dəli yığıncağı” Pantomim Teatr-Studiyası kimi yaradılıb və 2000-ci ildə studiyaya dövlət statusu verilib. P.Bülbüloğlu deyib ki, bu teatrda istedadlı və hərtərəfli inkişaf etmiş aktyorlar toplaşıblar və onlar Azərbaycanı dünyanın bir çox ölkələrində uğurla təmsil edirlər. Çox şadam ki, bu gün onlar Moskva tamaşaçılarını da sevindirəcəklər. Baş rejissor Bəxtiyar Xanızadə AzərTAc-a müsahibəsində deyib ki, bu, teatr kollektivinin Moskvaya üçüncü səfəridir. İlk səfər zamanı kollektiv Rusiya paytaxtının tamaşaçıları qarşısına Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərinin motivləri əsasında hazırlanmış “Gəldim ki, olam qəmin hərifi” pantomim-baleti ilə çıxmışdı. Tamaşanın musiqisi Polad Bülbüloğlunundur. Pantomim Teatrının Moskvaya hər gəlişinin tamaşaçılar tərəfindən maraqla qarşılandığını qeyd edən rejissor budəfəki səfərin də uğurla keçəcəyinə inandığını söyləyib. Azərbaycanın Əməkdar Artisti Nargilə Qəribova, aktyorlar Elnur İsmayılov, Ceyhun Dadaşov və Bəhruz Əhmədlinin iştirak etdikləri “Maska” tamaşasının quruluşçu rejissoru Bəxtiyar Xanızadə, rəssamı Qurban Məsimovdur. Tamaşanın süjeti 3 dost və bir qız arasındakı münasibətlər əsasında qurulub. Onların səhnədə əllərində tutduqları həndəsi fiqurlar – dairə, kvadrat və üçbucaq gənclərin həyata münasibətini müəyyənləşdirir. Dairə romantizmi, kvadrat maksimalizmi, üçbucaq isə biganəliyi əks etdirir. Aktyor Elnur İsmayılov AzərTAc-a müsahibəsində bildirib ki, “Maska” tamaşası 2004-cü ildə səhnələşdirilib və artıq dünyanın bir çox ölkəsində, o cümlədən İsveçrədə, Avstriyada, Gürcüstanda, Türkiyədə uğurla nümayiş etdirilib. Tamaşanın qəhrəmanları xoşbəxtlik axtarışındadırlar. Zalda əyləşən hər bir tamaşaçı da “xoşbəxtlik reallıqdır, yoxsa illüziya? Həqiqət nədədir? Başqalarının həyatına qarışmaq lazımdır, yoxsa yox?” suallarına cavab tapmağa çalışır. Pantomim Teatrının tamaşası böyük uğurla nümayiş etdirilib və Moskva tamaşaçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb. Noyabrın 5-də kollektiv Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanı əsasında hazırladığı “Mankurt” tamaşasını nümayiş etdirəcək.
S.Abdullayeva
525-ci qəzet.- 2014.- 7 noyabr.- S.7.