III Bakı Beynəlxalq Teatr Konfransı yekunlaşdı

 

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRİNİN MÜAVİNİ ƏDALƏT VƏLİYEV: "MƏNCƏ, TEATRI, SƏNƏTİ QURMAĞIN TƏK BİR YOLU VAR:SEVGİ! O SEVGİ Kİ, HƏR BİR İNSANIN İÇİNDƏ KÖRPƏLİKDƏN YARANMALIDIR, İNSAN BÖYÜDÜKCƏ O SEVGİ DƏ BÖYÜMƏLİDİR

 

 

İki gün davam edən, teatr mədəniyyət xadimlərinin əsl sənət bayramına çevrilmiş konfrans dünən yekunlaşdı. Səhərdən başlanan müxtəlif mövzular üzrə plenar iclaslarda məruzələr dinlənildi, müzakirələr aparıldı. Məruzələri ardıcıl dinlədikcə çıxışçıların ovqatında, sözlərində nəsə yeni bir çalar, rəng, ruh hiss edirdim. Səbəb Üzeyir bəy Hacıbəyli musiqisi idi. Üzeyir bəy sənəti ilə sehrlənmiş hər kəs çıxışında dünən Akademik Opera Balet Teatrında izlədiyi "Leyli Məcnun" operasından danışır, aktyorlara təşəkkürlərini çatdırırdılar. Qonaqların reaksiyaları zalda əyləşən Azərbaycan heyəti, aktyorlar teatrşünaslar tərəfindən məmnunluqla qarşılanırdı. Axı necə məmnun olmayasan, necə qürurlanmayasan?! Az qala, yüz il öncə Azərbaycanda bu səviyyədə sənətin yaranması, millət olaraq Üzeyir Hacıbəyli kimi böyük bir səxsiyyət yetişdirməyimiz  mədəni, intellektual xalq kimi səviyyəmizin göstəricisidir. bu səviyyəni dünyanın müxtəlif yerlərindən gəlmiş, fərqli mədəniyyətlərə mənsub sənət adamları da hiss edirdilər.  Eyni zamanda, azərbaycanlı məruzəçilərin çıxışları da onlarda sənətimiz, teatrımız haqqında müəyyən təsəvvürlər yaradırdı. Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətovun "Azərbaycan teatrının dünya teatr prosesində rolu", teatrşünas-tənqidçi Aydın Talıbzadənin "Teatr kollayder kimi", teatrşünas, professor Məryəm Əlizadənin "Multikulturalizm olmadan multikulturalizm", teatrşünas alim Vidadi Qafarovun "Azərbaycan teatrının ümumi mənzərəsi - dünya teatrına inteqrasiyanın göstəricisi kimi" mövzularında məruzələrini maraqla dinləyir, çıxışlarında münasibət bildirirdilər.

 

Mənə görə, dünənki günün əlamətdar hadisələrindən biri Azərbaycan Akademik Milli Dram Teatrı ilə  Yunanıstan Milli Teatrı arasında "Mədəniyyət Boru Kəməri", yaxud "Zəncirlənmiş Prometey" müştərək tamaşası haqqında memorandumun  imzalanmasıdı. Memoranduma əsasən qədim yunan dramaturqu Esxilin "Zəncirlənmiş Prometey" faciəsi əsasında müştərək tamaşa hazırlanacaq. Tamaşaya  quruluşu  Yunanıstan Milli Teatrının baş rejissoru Sotiris Xatzakis verəcək, aktyorlar isə hər iki ölkədən seçiləcək. Tamaşa Azərbaycanda Yunanıstanda nümayiş olunacaq. Əsas məqsəd  bu  əsəri Trans-Adriatik boru kəmərinin keçdiyi ölkələrdə nümayiş etdirməkdi. Trans-Adriatik boru kəməri ilə müştərək  salınacaq,  şərti olaraq "Mədəniyyət Boru Kəməri" adlandırılan bu layihə  ölkələrarası münasibətlərin inkişafına mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.

 

Yunanıstan Milli Teatrının baş rejissoru Sotiris Xatzakis "Müasir multikulturalizm, mədəniyyətlərarası layihələr, təşəbbüslər və ortaq məhsul istehsalının  aktual problemləri və imkanları" mövzusunda çıxışında Azərbaycan və Yunanıstan teatrları arasında imzalanan bu memorandum haqqında da fikirlərini və ümumiyyətlə, razılaşmanın mahiyyətini ifadə etdi: "Yunanıstan və Azərbaycan bir mif, əsatir ilə bir-birinə bağlıdırlar: Prometey haqqında miflə. Prometey insanlara alov verirbununla onlar hüdudsuz imkanlara malik olur, tamamilə yeni növləri yaradır və insanların həyatı həmişəlik dəyişir. Zevs buna görə onu cəzalandırır dağlara zəncirləyir. Bir çox əsrlərdən sonra, bu gün sizin ölkədən,  Xəzər dənizindən başlayan, İtaliyaya aparan nəhəng boru  kəməri enerji daşıyır - bu dəfə alov yox, təbii qaz paylayır və yenə də müasir "biznes" üçün yeni perspektivlər yaradır. Bu cür əzəmətli biz tərəfdən mədəniyyət vasitəsi ilə dəstəklənməlidir, çünki mədəniyyət ölkələr arasında bənddir, əməkdaşlıq, anlaşma üçün həqiqi körpüdür. Beləliklə, Yunanıstan və Azərbaycanın birgə hazırlayacağı "Zəncirlənmiş Prometey" tamaşası zamanın tələbidir. Bu əsəri boru kəmərinin keçdiyi bir sıra ölkələrin - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliyanın şəhər və rayon səhnələrində nümayiş etdirməyi düşünürük".

 

142 yaşına baxmayaraq gənc sayılan Azərbaycan teatrı ilə başlanğıc hesab olunan, min illərdən bəri inkişaf edən yunan teatrının birgə işini sadəcə, bir tamaşaçı kimi gözləmək bizə qalır. Bir sirri açım ki, bu layihənin ən geci 2016-cı ildə reallaşacağı dəqiqdir.

 

Artıq elə bu konfrans günlərində  müxtəlif ölkələrdən qatılan nümayəndələr çıxışlarında əməkdaşlıq təkliflərini ediblər. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yekun çıxışında bu təkliflərə reaksiya verdi,  səmərəli müqavilələrin bağlanacağını söylədi. Çıxışına bir qədər kövrək notlarla başlayan, konfransın bitməsindən bir az kədərləndiyini bildirən nazir müavini nikbin məsələlərdən danışdı. Son səkkiz ildə Azərbaycan teatrının əldə etdiyi uğurlardan,  2006-cı ildə "Teatrteatr fəaliyyəti haqqında" qanunun qəbulundan, daha sonra ölkə prezidentinin "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramını təsdiqləməsindən sonrakı inkişafından söz açdı, dövlətin mədəniyyətə, incəsənətə göstərdiyi qayğıdan bəhs etdi və sənət adamlarına göstərilən qayğı konkret rəqəmlərlə diqqətə çatdırdı. Xarici ölkə teatrları ilə əməkdaşlıq məsələlərinə də toxunan nazir müavini Azərbaycana dəvət olunan mütəxəssislər, bizim teatrlarda xarici rejissorların, rəssamların, işıq üzrə rəssamların gördükləri işlər, eyni zamanda bizim sənət adamlarının xaricə ezam olunması, gənclərin müxtəlif şəhərlərdə keçdikləri treninqlər barədə də məlumat verdi. Ədalət Vəliyev çağdaş zamanın, dinamik dövrün, texnikanın bu səviyyədə inkişafının sənətə ziyanını da vurğuladı: "Mən bəzən düşünürəm ki, görəsən zaman keçdikcə insanlar qələmlə yazmağı unutmayacaqlar ki, görəsən, kitabları səhifələməyi yaddan çıxarmayacaqlar ki? Hər şeyin texnikanın, internetin, texnologiyanın öhdəsinə buraxıldığı bir zamanda dövlət bütün bu sadaladıqlarımdan əlavə, nə etməlidir ki, teatr inkişaf eləsin, sıradan çıxmasın? Mənə belə gəlir ki, teatrı, sənəti qorumağın tək bir yolu var: Sevgi! O sevgi ki, hər bir insanın içində körpəlikdən yaranmalıdır, insan böyüdükcə o sevgi də böyüməlidir.

 

XIX əsrin böyük ingilis şairi, kulturoloqu, tənqidçisi Metyu Arnoldun çox sevdiyim bir kəlamı var. O deyir: "Mənim inandığım bir şey var, o da mədəniyyətdir, çünki mədəniyyət xadimləri yer üzündə bərabərliyin həqiqi elçiləridir".  Bax siz, mədəniyyətə xidmət edən insanlar Metyu Arnoldun sözləriylə desək, yer üzündə bərabərliyin, sevginin, sülhün, işığın, əmin-amanlığın həqiqi elçilərisiniz. Gəlin hamımız birlikdə bu böyük missiyanı yerinə yetirək.

 

Mən böyük məmnuniyyətlə, sizin hamınızı 2016-cı il noyabrın 5-6-da keçiriləcək IV Bakı Beynəlxalq Teatr Konfransına dəvət edirəm".

 

Nazir müavininin yekun çıxışından sonra konfrans iştirakçıları  xatirə şəkilləri çəkdirirlər.

 

... Bizlərə - teatrsevərlərə isə qarşıdakı illərdə bu konfransın maraqlı nəticələrindən, yaranan yeni layihələrdən zövq almaqiki il sonra keçiriləcək görüşə hazırlaşmaq qalır.

 

525-ci qəzet.-2014.- 7 noyabr.- S.4.