Dərdli elin dərdmənd
şairi
Azərbaycan şairi
Özbəkistan ədəbi məkanında
Çağdaş
Azərbaycan poeziyasının görkəmli nümayəndəsi
Hüseyn Kürdoğlunun yaradıcılığına maraq
günbəgün güclənməkdədir. Şairin 80
illiyi münasibətilə ölkəmizdə və onun sərhədlərindən
uzaqlarda keçirilən tədbirlər də bunu təsdiq
edir. Bu yaxınlarda – ənənəvi Bakı Humanitar Forumu
günlərində qardaş Özbəkistan
Respublikasından xoş xəbər aldıq. Qəlbimizə
sevinc və iftixar hissləri bəxş edən bu müjdəni
bizə Daşkənd Dövlət Universitetinin professoru,
tanınmış alim, Azərbaycan ədəbiyyatının
təbliğatçısı Həmidulla Baltabayev gətirmişdi;
sevimli şairimiz Hüseyn Kürdoğlunun “Seçilmiş əsərləri”
özbək dilində işıq üzü görüb.
Hüseyn
Kürdoğlunun “Seçilmiş əsərləri”ni özbək
dilinə istedadlı özbək şairi və mütərcimi
Osman Qoçqar çevirib. Tərcümənin keyfiyyətini
və məzmununu şərh etməzdən öncə tərcüməçi
haqqında Azərbaycan oxucusuna bəzi bilgiləri verməyi zəruri
sayıram. Osman Qoçqar Azərbaycan ədəbiyyatını
70-ci illərdən bəri səbrlə və zəhmətlə
öz ana dilinə çevirməkdən yorulmayan istedadlı
bir qələm sahibidir. Təkcə bəzi faktları
xatırlatmaq kifayətdir; müasir Azərbaycan nəsrinin
Anar, Yusif Səmədoğlu, Elçin kimi korifeylərinin
povest və romanları onun tərcüməsində özbək
oxucusuna çatıb. Azərbaycan ədəbiyyatının
klassikləri Nizami, Nəsimi, Füzuli, Mirzə Ələkbər
Sabir, Mirzə Cəlil, Məhəmməd Hadi və
başqalarının yaradıcılığından
ayrı-ayrı nümunələrin tərcüməsi də
Osman Qoçqara məxsusdur. İstedadlı tərcüməçini
Azərbaycanda şöhrətləndirən, yadda qalan və
unudulmaz yaradıcılıq töhfələrindən biri
Hüseyn Cavidin əsərlərinin ilk dəfə olaraq məhz onun tərəfindən
özbəkcəyə çevrilməsidir. Sevindirici bir
faktı da öncədən söyləməyə cəsarət
edirəm: hal-hazırda Osman Qoçqar Hüseyn Cavidin
beşcildliyini özbəkcə nəşrə
hazırlamaqdadır. Bu mübarək və qutlu iş
tamamlanmaq üzrədir. Hüseyn Kürdoğlu irsinin məhz
belə bir tanınmış qələm sahibi tərəfindən
tərcümə edilməsi diqqətəlayiq hadisədir.
Özbəkistanın
məşhur nəşriyyatlarından biri – “Mümtaz söz”
nəşriyyatının çap etdiyi “Seçilmiş əsərləri”ə
görkəmli özbək ədibləri, tanınmış
münəqqid və mütərcimlər, Özbəkistan
Dövlət mükafatı laureatları İbrahim Qafurov və
Möhkəm Mahmudov rəy yazmışlar. Kitabın redaktoru
isə filologiya elmləri doktoru, professor Həmidulla
Baltabayevdir.
“Seçilmiş
əsərləri”i nəşrə hazırlayarkən tərcüməçi
də və nəşriyyat da Hüseyn Kürdoğlu
yaradıcılığını kifayət qədər əhatə
etməyi qarşılarına məqsəd qoyub və əminliklə
söyləmək mümkündür ki, öz məqsədlərinə
nail olublar. Kitabın mündəricəsi və mündəricədə
əks etmiş bölmələr: “Bu dünya bir karvan yolu”,
“Dodağından öpər sözüm”, “Yaralı torpağım”,
“Mümtaz duyğular” və b. şairin yaradıcılıq
diapazonunu və mənəvi-estetik axtarışlarını
aydın səciyyələndirir. Məsələn, “Mümtaz
duyğular”ın tərkibi isə hətta şairin
poetikasının və janrlarının özünəməxsusluğu
barəsində müəyyən təsəvvür verir: ikiliklər,
üçlüklər, dördlüklər, bayatılar, qəzəllər.
Kitabın
redaktoru, filologiya elmləri doktoru, professor Həmidulla Baltabayev
topluya ön söz yazıb. “Dərdli elin dərmənd
şairi” adlanan ön sözdə Hüseyn Kürdoğlu
yaradıcılığı yüksək elmi-nəzəri səviyyədə
təhlil olunub. Tanınmış alim şairin
yaradıcılığını çox əsrlik Azərbaycan
poeziyası tarixi kontekstində, həm də
çağdaş poeziya müstəvisində dəyərləndirib.
Professor H.Baltabayev Əfzələddin Xaqanidən Ramiz
Rövşənə qədər olan Azərbaycan şeiri
tarixində Hüseyn Kürdoğlunun orijinal bir sənətkar
kimi seçildiyini vurğulayır. Alimin göstərdiyi kimi,
Hüseyn Kürdoğlunun poeziyamız tarixindəki
özünəməxsus mövqeyini də onun məhz
60-cı illərin poetik mühitində və kontekstində
yerinə yetirdiyi missiya səciyyələndirir. Azərbaycan ədəbiyyatına
və söz mədəniyyətinə dərin hörmət
və ehtiram hissi ilə yazılmış həmin
önsözü oxucularımıza tam halda təqdim edirik. Tərcüməçidən
Həmidulla
BALTABAYEV,
Daşkənd
Universitetinin professoru,
filologiya
elmləri doktoru
Böyük
ədəbiyyat aləminə qədəm qoymuş şairlərin
öz üslubu, poetik təcrübəsi, özünəməxsus,
həssas və incə “mən”i olduğu kimi, öz taleyi və
qisməti də olur. Hər bir şair öz taleyini
yaşayır, tale ona nə qədər imkan versə, o qədər
bu köhnə dünyanın sevinci və qəmi ilə
aşina olur. Amma dünya ədəbiyyatı tarixində
özünəməxsus taleyi olan elə şairlər də
vardır ki, onlar müxtəlif səbəblər
üzündən öz zəmanəsində yetərincə
şöhrətlənmir və ya tanınsalar da, öz
müasirləri tərəfindən yüksək qədir-qiymətini
ala bilmir. Müəyyən vaxt keçəndən sonra
adil zaman öz
hökmünü verir; bu gözəl və cazibədar
şeiriyyətin qapıları şeirsevərlər
üzünə yenidən açılır, həmin
şairin əsərləri kitablardan oxucuların qəlbinə
köçür.
Azərbaycan
torpağı ta qədimdən böyük şairlərin vətəni
olub. Xaqanidən tutmuş Ramiz Rövşənə qədər
onlarla təkrarsız klassiklərin qələminin qüdrəti
ilə yaradılmış bu möhtəşəm poeziya qəsri
nə qədər rəngbərəng və cazibədar olsa
da, onda hələ də yeni-yeni və solmaz rənglər, nəqşlər
mövcuddur.
Hüseyn
Kürdoğlu – zaman və millət
şairidir. Öz dövrü onun qədir-qiymətini
lazımi dərəcədə verə bilməsə də,
sonrakı zamanlar tarixin bu səhvini düzəltməyə
borcludur. Hüseyn Kürdoğlunun bütün zamanlarda
oxunmağa, təkcə öz ana dilində deyil, eyni zamanda,
onlarla dillərdə səslənməyə, başqa ellərin
və xalqların diqqətinə və məhhəbbətinə layiq sənətkar, öz qəlb həqiqətlərini
başqalarına inandıra bilən şair olduğu onun
“Seçilmiş əsərləri”ndən aydın
görünməkdədir. (Hüseyn Kürdoğlu.
Seçilmiş əsərləri. I-II cild. Bakı, “Sabah”,
2011). Görkəmli şair haqqında müxtəlif dövrlərdə
tədqiqat və məqalələr yazmış böyük
ədəbiyyatşünas alimlər, Azərbaycan Milli Elmlər
Akademiyasının akademikləri Bəkir Nəbiyev, Yaşar
Qarayev, Tofiq Hacıyev və b. müəlliflər onun
“Füzuli səviyyəli, Səməd Vurğun qüdrətli
şeirləri” varlığını etiraf etmişlər.
Çağdaş Azərbaycan nəzəri-estetik fikrinin
korifeylərinin bu elmi qiymət və xülasələrini
şairin şeirləri təsdiq etməkdədir. “Dünya
bir dərd ağacı, mən də onun budağıyam” kimi
misralarda həqiqətən də Füzulinin ümuminsani
ruhu, Səməd Vurğunun milli dərdlərlə
yoğrulmuş hərarətli poetik nəfəsi sezilməkdədir:
Dünya
bir şeir kitabıdır,
Ölürəm
– dünyam əlimdə (Mətndəki şeir nümunələri
eynən özbəkcəyə tərcümədə
olduğu kimi verilir – tərc).
və ya
başqa bir misal:
Təsəllilər
təbəssümü,
Fikri duman
içindədir.
Hardasan,
ey vəfasızım,
Yastığım
qan içindədir.
kimi dərdli
misralar vasitəsilə şairin bağrını qan eyləyən,
qəlbini atəşlərə salan təkcə yar dərdi
olmadığını həssas oxucu dərindən
anlayır:
Ürəyimdən
od saçılır – zərdüştilər
övladıyam,
Alov
saçan bu torpağın arzusuyam, muradıyam,
Qarabağdan
ayrı düşən Qarabağın fəryadıyam,
Qarşımda
dağ dözə bilməz, azadlığın Fərhadıyam!
Dərdin
nədir, mən bilirəm, gözüm, Araz, canım, Araz?!
Atəşimə
su çiləmə, qoy, alışım, yanım, Araz!
Bu sətirlər
millət dərdini öz məhrəm dərdinə
çevirən, yurdunu Məcnuntək sevən vətənpərvərin,
qəm dağını qaza-qaza coşub-daşan poetik
duyğularını millət qəlbinə hopduran “Azadlıq
Fərhadı”nın hayqırığıdır. O, yanmaqdan,
yanıb-yaşamaqdan usanmır, çünki onu ümidləndirən,
ilhamlandıran öz Günəşi var. Ana Günəş
hərarəti gündüzlər, ay-ulduz şölələri
isə gecələr ona nur və ruh bəxş edir. Bu nuru
içən qəlblərdən sızan göz
yaşları isə ana Vətənin şəffaf suları
kimidir:
Günəş
fərzəndiyik, yurddaş,
Suyum
şəffaf, misli göz yaş.
Başım
üzrə gündüz günəş,
Gecələr
ay-ulduz yatar.
Şairlərin
şəxsi tərcümeyi-halı olmur, millətin həsbi-halı
və taleyi, həyatı şairin poetik bioqrafiyasına, millətin
dərdləri şairin öz şəxsi
qayğılarına və dərdlərinə çevrilir. Məhz
buna görə Hüseyn Kürdoğlunun ikicildlik
“Seçilmiş əsərləri”ni oxuculara təqdim edən
Azərbaycan alimləri şairin şəxsiyyətini, onun
şəxsi həyat yolunu səciyyələndirməkdənsə,
şairin şeirlərindəki mənəvi keçmişi,
milli tarixi oxumağa və təhlil etməyə
üstünlük verirlər. Biz atəşin vətənpərvər
aşiqin dərdli kitabını vərəqləyərkən,
şairin həyatına aid bəzi həyati ünsür və
cizgilər də diqqətimizi çəkdi:
Kül
altında qalıb getmiş köz idim,
Bu həsrətdən
donub yatmış buz idim,
Ürəklərdə
həbs edilmiş söz idim,
İndi
dövran dodağına gəlmişəm.
Şairlik
– qədim və köhnə sözlə taledaşlıq və
qismətdaşlıq deməkdir. Buna görə də hər
bir şair söz qarşısında öz məsuliyyətini
dərindən anlamağı, dahi Nəvai və Füzulilər
sözünə, onların rövnəqləndirdiyi və
yüksəltdiyi şeir növlərinə müraciət edəndə,
“pəncə vuranda”, özünü bu ulu sözün
doğma övladı kimi duymağı və hiss etməyi zəruridir:
Sözün
dəryasına, daşqınına bax,
Dünyaya
bir dünya söz qoydu getdi.
Dünyada
bir Söz qoyub getmək ümidi ilə yaşayan şair:
Sözə
verdim öz ömrümü dəmadəm,
Ta əzəldən
söz Əslidir, mən Kərəm.
Ürəyimə
odlar yaxdı bir sənəm,
Qəlb
viranə, qapısından girən yox, –
deyə
şikayət edəndə onun səmimiyyətinə səmim-qəlbdən
inanırsınız, çünki şair özü
demişkən: “Bircə ona sevinirəm, Söz önündə
üzüm ağ”.
Adətən,
oxucular sevdiyi şeirləri, sətirləri özlərinin qəlb
dəftərlərinə həkk edirlər. Bəzən isə
öz yaddaşlarına o qədər də arxayın olmayanda
yan dəftərlərinə yazırlar. Həmin şairi
xatırlayanda yan dəftərlərini vərəqləyib,
sevdikləri şeirlərə və ya misralara dəfələrlə
müraciət edirlər. Mən də bu məqsədlə
Hüseyn Kürdoğlu kitabından seçmələri
yazıb qurtarandan sonra gördüm ki, bu şierlərin
özü elə bir dəftərdir və Azərbaycan
şairininin duyğularının yalnız ona məxsus
olmadığını dərindən duydum. Zira, onlar bir zəmində
və bir zamanda yaşayan bütün söz adamlarının
və zamandaşlarımızın könül izharı kimi
duyuldu mənə.
Həm
müasir, həm də klassik üslubda və ahənglərdə
səslənən, əruz vəzninin çərçivə
və hüdudlarına sığmayan bu səmimi duyğular
şairin qəlbinin həyatsevərliyindən və əbədiyyət
ehtiraslarından, özünəməxsus mənəvi
yaşantılarının və kədərinin
sonsuzluğundan xəbər verir:
Ögey
söz doğma oldu torpağında bu dilin –
misrasını
oxuyanda oxucu sanki Nəsimi və Füzulinin odlu nəfəsindən,
Səməd Vurğun və Nəbi Xəzrinin hərarətli
sözlərindən güc alır. Çünki onun ahənglərində,
söz və fikir məntiqində, odlu və ehtiraslı mənəviyyatında
bu ulu söz sahiblərinin və ustadların izi, onların dərdlərinə
və kədərinə varislik nişanələri sezilməkdədir:
Dənim
söz olardı bir sünbül olsam,
Sözdən
göyərərdim ətirgül olsam,
Sözüm
qurtarmayıb yanıb kül olsam,
Taparsan o
sözü kül arasından.
Şairi
öz elinə onun rəyçiləri, tənqidçiləri,
naşirləri deyil, sözləri tanıdır. Onun şeirləri
vasitəsilə ifadə olunan qəlbi və duyğuları
sizin də qəlbinizə köçüb, məhrəm hiss
və yaşantılarınıza çevrilirsə, demək,
bu şair öz xalqının qəlbində əbədi yuva
qurur.
Özbək
oxucularına ilk dəfə istedadlı şairimiz Osman
Qoçqar tərcüməsində təqdim edilən bu
seçmə şeirlər toplusu bizim şeirsevər qədim
yurdumuzda da öz qədir-qiymətini alacağına ürəkdən
inanıram.
Özbəkcədən
çevirən: filologiya elmləri üzrə fəlsəfə
doktoru Yaşar Qasımbəyli
525-ci qəzet.- 2014.- 8 noyabr.- S.28.