SAZ

 

Allah kimi inanmışam hökmünə,

Allah kimi bir bilmişəm mən sazı.

Harda olsa el yığılar başına,

Ocaq kimi pir bilmişəm mən sazı.

 

Həm tanıyır, həm dünyanı tanıdır,

Sevənlərin ürəyidir, canıdır.

Hər havası ürəyimin qanıdır,

Gözlərimdə nur bilmişəm mən sazı.

 

Bir məclisə kaman azdı, tar azdı,

Sazı varsa hər işimiz tarazdı.

Sağ gözümdən axıb gedən Arazdı,

Sol gözümdə Kür bilmişəm mən sazı.

 

Hər pərdəsi inci, sədəf, zər, nişan,

Ölməzlikdən bir işarə, bir nişan.

Tanrı ilə üzləşərək danışan,

Musa kimi Tur bilmişəm mən sazı.

 

Xalı, gülü axtarıldı, arandı,

Gümüş tellər barmaqlarda darandı.

“Qıfılbənd”im “Bağlama”dan yarandı,

Bir İlahi sirr bilmişəm mən sazı.

 

Şirinliyi şəkərimdi, balımdı,

Acılığı düşkün olan halımdı.

İsrafilin çaldığından zalımdı,

Qiyamətdə sur bilmişəm mən sazı.

 

Üz söykədim gördüm haqqın üzüdü,

Söylədiyi Yaradanın sözüdü.

Kainatın sübutudur, özüdür,

Göy bilmişəm, yer bilmişəm mən sazı.

 

XATİRƏ

 

Hüseyn Arifin əziz xatirəsinə

 

Buluddan sıyrılıb, Günəşdən çıxıb,

Məcnuntək səhraya Hüseyn Arif baxır.

Şehli çəmənlərin ətri nə xoşdu,

Zərrəyə, damlaya Hüseyn Arif baxır.

 

Qartalla ucalıb, sonayla enib,

Həyatın başına dolanıb, dönüb.

Dalğayla danışıb, ləpəylə dinib,

Sahildən dəryaya Hüseyn Arif baxır.

 

Qaynar bulaqlardan doyunca içib,

Yaxşını, yamanı bəyənib, seçib.

Yanından durnagöz gözəllər keçib,

Hər gözü şəhlaya Hüseyn Arif baxır.

 

Göy otun içində batıb al qana,

Cüyür ana-bala, yatır yan-yana.

Dağda dağ kəlinə, düzdə ceyrana,

Üfüqdə durnaya Hüseyn Arif baxır.

 

Axtarıb sirrini, gəzib sehrini,

Şair gözəlliyə vurub möhrünü.

Yerişi incəyə salıb mehrini,

Duruşu əlaya Hüseyn Arif baxır.

 

Şairdi, bir kökü, min budağı var,

Qəlbində dərd adlı qanlı yağı var.

Ata sinəsində oğul dağı var,

Bu qana, qovğaya Hüseyn Arif baxır.

O bir dəniz idi, mənsə bir ada,

Xatirə nələri gətirir yada.

Qaranlıq dünyanı qoyub arxada,

İşıqlı dünyaya Hüseyn Arif baxır.

 

ZAL QIZI GÜLNAZIN NƏVƏSİ KİMİ

 

Hüseyn Arifin qızı,

mənim istəkli bacım Zöhrəyə

 

Hüseyn Arifin qız balasısan,

Oğul balasına əvəzsən, əvəz.

Hüseyn Arifin söz qalasısan,

Tükənmir arzular, tükənmir həvəs.

 

Cansız kitablara can verən bacım,

Canlı kitabısan Hüseyn Arifin.

Gördün sərt üzünü ağır illərin,

Dözümü, tabısan Hüseyn Arifin.

 

Atasız yaşamaq çətindən çətin,

Qardaşsız yaşamaq ondan da çətin.

Gah ata söylədin, gah qardaş dedin,

Daşıdın dərdini cüt məhəbbətin!

 

Məleykə haylamır, səhər çağırmır,

Hər gecən müsibət, hər günün acı.

İndi tək qalmısan dadına çatmır,

Nə ata, nə ana, nə qardaş, bacı.

 

Sən şair qızısan incədən incə,

Sən şair qızısan zərifdən zərif.

Sənin and yerindi, ocaq yerindi,

Sənin göz yaşındı Hüseyn Arif.

 

Dil açıb danışır hər addım başı,

Sevinc xatirəsi, dərd xatirəsi.

Sənin gözlərindən, baxışlarından,

Yaşayır bir evin dörd xatirəsi.

 

Sən indi bir şair dünyasındasan,

Kitabsan, muzeysən, kitabxanasan.

Hüseyn ata indi səndən ötəri,

Sən indi Hüseynə doğma anasan.

 

Hər nəhəng palıdın, uca çinarın,

Yerinə boy atan pöhrələri var.

Ariflər getsə də qoca dünyadan,

Nə yaxşı bu yurdun zöhrələri var.

 

Mən şair vurğunu, sən şair qızı,

Sən mənə bacısan, mən sənə qardaş.

Sənin taleyini güldürmək üçün,

Hüseyn də, Arif də sağ olaydı kaş.

 

Mənim şirin bacım, mehriban bacım,

Yaşa gedənlərin əvəzi kimi.

Nə yaxşı adını uca saxladın,

Zal qızı Gülnazın nəvəsi kimi!

 

İŞIQ

 

Şair, arıqlayıbsan,

sınıxıbsan, amma

gözünün odu sönməyib.

Eşq olsun, yaşa!

Pərəstişkarın

 

Mənim gözlərimin odu sönəndə,

Taleyim korlara tay tutulacaq.

Görən baxışlarım görməz olanda,

Üfüqlər qoynunda Ay tutulacaq.

 

Mənim uşaqlıqdan yazığım gəlir,

Gözləri tutulub kor olanlara.

Allahmı qarğayıb, fələkmi döyüb,

Ağrıdan gözünə zor olanlara.

 

Oxusun xoşbəxtlik nəğmələrini,

Duysun qüdrətini nəğmənin, səsin.

Allahım! Dünyanın heç bir bəhrəsi,

Aydınlıq sarıdan korluq çəkməsin.

 

ƏZİZİM

 

Sınan qələm, susan ilham, batan səs,

Kimə lazım, nəyə lazım, əzizim.

Yanan ürək, şümşad barmaq, od nəfəs,

Can yandıran nəyə lazım, əzizim.

 

Könül açar könüllərin söhbəti,

Baş ucaldar ucalığın şöhrəti.

Yaradanın yenilməyən qüdrəti,

Dirimizdə nəyə lazım, əzizim.

 

Haqq özüdü quran hər yaraşığı,

“Haqq məndədi”, mənəm haqqın işığı.

Kəsilməsin kainatın işığı,

Yerə lazım, göyə lazım, əzizim.

 

KÖNÜL SEVƏN GÖYÇƏK OLAR

 

Xəstə cana gəlmək üçün

həkimindən həb istəyir,

İnsan olmaq hər bir kəsdən

elm ilə ədəb istəyir.

Qələm yazır, dəftər gülür,

ruh bəzənir, söz gül açır,

Şair coşub daşmaq üçün

Allahından təb istəyir.

 

Çəmənlik var gül-çiçəklər

əriş-arğac olan yerdə,

Göz yaşıtək bulaqlar var

yaşıl ağac olan yerdə.

Dünya varı nəyə gərək,

söz adlı fas olan yerdə,

Mənim könlüm qələm, dəftər,

kağız, mürəkkəb istəyir.

 

Nə gətirdin, nə apardın,

ömür sənlə hesab çəkir,

Barı olan sevinsə də,

barsız olan əzab çəkir.

Zaman səni yandıranda

ciyərindən kabab” çəkir,

Can ürəkdən səbr, dözüm,

cəsarət, əsəb istəyir.

 

SOLAN GÖZƏLLİK

 

Gözümün qabağında

bir qız əriyib gedir,

Sir-sifəti qar kimi,

əl-ayağı buz kimi.

İtirir öz yerini,

itirir öz göyünü,

Üfüqlərin qoynunda

axır bir ulduz kimi.

 

Onun gözəlliyinə

mat qalmışdı Yaradan,

Göydən Allah baxırdı,

yerdən bəndə baxırdı.

Təbiətin özütək

səsi, nəğməsi vardı,

Sular kimi coşurdu,

bulaq kimi axırdı.

 

Hanı od parçasıtək

yandıran o baxışlar,

Gömülüb qaranlığa,

dərin quyuya düşüb.

Nə gözündə ümid var,

könlündə işartı,

Elə bil Ay parçası

qırılıb suya düşüb.

 

ANA ÜRƏYİ

 

Bəlkə ürəyimə bir xeyri dəydi,

Bir az kürəyimi ovuşdur, Ana!

Keçir gecələrin qaranlığından,

Məni sabahıma qovuşdur, Ana!

 

Bəlkə də sabahın əsən yelləri,

Qəlbimə rahatlıq gətirə bildi.

Ağır möhnətimi, acı dərdimi,

Dağların dadına ötürə bildi.

 

Övlad dünyasının odu, istisi,

Allahtək sevdiyi qadından keçir.

Oğulun nə qədər dərdi-səri var,

Ana ürəyinin odundan keçir.

 

 

Ağrın yoxsa nə biləsən dünyada,

Sevinc nədir, kədər nədir, ələm nə?

Ağıl yoxsa, beyin yoxsa içində,

Bu baş nədir, qarpız nədir, kələm nə?

 

Söz adlanan incin, ləlin yoxdusa,

Coşan qəlbin, yazan əlin yoxdusa,

İlham adlı bir gözəlin yoxdusa,

Kağız nədir, varaq nədir, qələm nə?

 

Zəlimxanı sevgisində xan bilər,

Canan nədi cahan bilər, can bilər.

Damarımda axıb gedən qan bilər,

Sevgi nədir, kərəm nədir, Lələm nə!

 

KƏNDDƏN ÇIX

 

Daha sən bu kənddə qala bilməzsən,

Daha sən bu kəndin ola bilməzsən.

Qəzəbdən, nifrətdən coşub daşarsan,

Sevinclə, sevgiylə dola bilməzsən.

Daha sən bu evin ola bilməzsən.

Yandırar odunda daş-divar səni.

Daha sən bu elin ola bilməzsən.

Doğma bala kimi oxşaya bilməz,

Yazda çiçək səni, qışda qar səni.

 

Adam öldürmüsən – yaşıl bir budaq,

Adam öldürmüsən – körpə bir uşaq.

Adam öldürmüsən – nazlı bir gəlin,

Qanın içindədir ayağın, əlin.

Adam öldürmüsən – nurlu bir qoca,

Bağlanıb yolların, örtülüb qapın,

Allaha, bəndəyə, Məkkəyə, haca.

 

Dövlətin qanunu gördü işini,

Millətin qanunu gördü işini.

Kimi zalım dedi, kim yazıq dedi,

Kəndin adamları “kənddən çıx” – dedi.

Bu kəndin çörəyi, bu kəndin suyu,

Bu kəndin matəmi, bu kəndin toyu,

Səni doğma bilib yaxına qoymaz.

Bitərsən hər yerdə qaratikantək,

Bu torpaq gül kimi bitirməz səni.

Beş qarış yeri də çox görər sənə,

Torpaq öz qoynuna götürməz səni.

“Kənddən çıx” sözünü xalq imzaladı,

“Kənddən çıx” sözünü el imzaladı,

Kəndin ətrafına cənnətə dönmüş,

Çəmən imzaladı, çöl imzaladı.

Öpüb göz üstünə qoyar yaxşını,

Hər gün əzab çəkər yamana görə.

Nə qədər ocaqlar əziyyət çəkər,

Böhtan, şübhəyə, gümana görə.

Hər nurlu şəhərin, hər nurlu kəndin,

Dərya sevinci var, dərya qəmi var.

Sevdirər, bu xalqın cənnət məkanı,

Yandırar, bu xalqın cəhənnəmi var.

 

QOŞMADIR

 

Qoşmalar olmasa coşmalar olmaz,

Sözü bir-birinə qoşan qoşmadır.

Çəmən ətəyində, bulaq başında,

Dağların selitək coşan qoşmadır.

 

Babası bəllidi, atası bəlli,

Səsi müqəddəsdi, sədası bəlli.

Ozanı, aşığı, dədəsi bəlli,

Qaynayan, kükrəyən, daşan qoşmadır.

 

Təkcə Dədə Qorqud onun bəsidi,

Abbas, Xəstə Qasım haqqın səsidi.

Əfşar ellərinin möcüzəsidi,

Aşılmaz dağları aşan qoşmadır.

 

Cənnətdən-cənnətə düşən güzarım,

Həmi beşiyimdi, həmi məzarım.

Sevgilim, sevincim, dərdim, azarım,

Qaynar qazanlarda bişən qoşmadır.

 

Barlı budaqlardan bar dərə-dərə,

Doyunca yükümü götürdü nərə.

Dədə Qurbanidən qul Ələsgərə,

Yadigar qoşmadır, nişan qoşmadır.

 

Zəlimxan Yaqub

525-ci qəzet.- 2014.- 8 noyabr.- S.29.