Canlı əfsanə
Mənim nəzərimdə yaxın
tariximizin canlı əfsanələrdən biri-jurnalistikamızın
ağsaqqallarından olan
görkəmli alim, pedaqoq, mətnşünas,
araşdırıcı, BDU-nun professoru Şirməmməd
Hüseynovdur. Şirməmməd müəllimə böyük sayğı və ehtiramımın hardan başlandığını
düşünəndə maraqlı bir hadisə düşür yadıma. Universitetin filologiya fakültəsinin
əlaçı və
fəal tələbələrindən
olduğuma görə
dekan müavini Şirməmməd müəllimlə
səmimi münasibətlərimiz
vardı.
Ədəbiyyat dərnəklərindən tanıdığım, orda coşqun çıxışlar edən Abbas adlı bir yoldaş bir gün mənə yaxınlaşıb “Sənə bir işim düşüb” dedi. Abbas jurnalistikada oxuyurdu, arada ciddi bir yaxınlığımız da yoxdu, nə işi düşə bilərdi mənə? “Buyur!” dedim. Onun xahişi məni təəccübləndirdi. “Şirməmməd müəllim mənə qiymət vermir, heç kimi də eşitmir. Sənin xətrini istəyir, bəlkə mənim üçün xahiş edəsən. Tələbələrə qarşı daha diqqətlidir, səni eşidər!” “Müəllimləri də eşitmirsə, mənim deməyimin nə faydası?” deyib boyun qaçırmağa çalışdım. Abbas əl çəkmədi.
Axırda məcbur edib, utana-utana Şirməmməd müəllimdən Abbasa qiymət yazmasını xahiş etdim.
Mənim bu ərkim və cəsarətimdən əsəbiləşmədi, ancaq söhbətə xitam verən bir şəkildə “O mümkün deyil!” dedi.
Mən də əl çəkmədim: “Niyə?” deyə soruşdum və Şirməmməd müəllimə Abbası niyə müdafiə etməyimin səbəblərini izah etməyə çalışdım! “Dərnəkdən tanıyıram, millətini sevən, qeyrətli oğlandır”.
Şirməmməd müəllim: “Sənin öz yoldaşının xahişini eləməyə pis baxmıram. Ancaq öyrənməsə qiymət verməyəcəyəm. Yadında saxla, nə qədər qeyrətli olur-olsun, savadı, biliyi yoxsa, bir gün biqeyrət olacaq. Qeyrətini göstərmək üçün gərək ağlı, biliyi olsun, yoxsa hər yerdə burnundan vurub oturdacaqlar yerində, yavaş-yavaş olacaq gözüqıpıq, biqeyrət”.
O qədər dəqiq bir yanaşma idi ki, heç nə deyə bilməzdin. Təşəkkür edib ayrıldım. Şirməmməd müəllim bir neçə sözlə biliyin, elmin əhəmiyyətini necə gözəl anlatmışdısa, o sözlər həmişəlik həkk olundu yaddaşıma. Aradan uzun illər keçsə də, onun sözünü unutmamışam və dəfələrlə misal çəkmişəm. Boş “mən qeyrətliyəm, vətənimi sevirəm” deməklə düşmən qabağına çıxmaq olmaz. Cəbhənin öz silahı var, dialoqun, masa arxasında, kürsüdə aparılan fikir savaşının öz silahı. Ağıl və bilik silahı!
O söhbətlə mən Şirməmməd müəllimi özüm üçün kəşf etdim və mənə dərs deməsə də, həmişə müəllim ehtiramı göstərdim ona.
Bilirəm ki, aramızdakı bu söhbəti o da unutmayıb.
Universitetin IV kursundan “Ədəbiyyat və incəsənət” qəzetində işləməyə başladım. Dünənki müəllimlərimin bir çoxunu ayrı müstəvidə – müəllif kimi gördüm, auditoriyada böyük görünənlərin bir çoxunun araşdırmaçı və müəllif kimi cılızlığına təəccübləndim, münasibətlərdə çox yaxınlaşmalar-uzaqlaşmalar oldu. Bəzi müəllimlərimi unutdum, ancaq Şirməmməd müəllim daim öz ucalığında, obyektivliyində qaldı. Universitet müəllimi ləyaqətini daim qorudu və tələbələrin sevimlisi olmaq statusunu illər uzunu, bu günə qədər qoruya bildi. Cəsarətli vətəndaşlıq mövqeyinə, sözünü hər yerdə mərdi-mərdanə demək bacarığına, şəxsiyyət bütövlüyünə görə sevdiyim insanlardan birinə çevrildi.
Sonra qəfildən bizim arzuladığımız günlər gəldi; hamının gözünün qabağında SSRİ, “Titanik” gəmisi kimi, göz görə-görə suyun dibinə getməkdəydi. Lakin hər bir ağıllı adamın gördüyü bu labüd sonluq da bir çoxlarını ayılda bilməmişdi; “bu boyda imperiya dağıla bilməz, sus, birdən XII Qızıl Ordu gələr, nəslimizi kəsər” psixologiyasıyla yaşayan və düşünənlər çox idi.
Real vəziyyəti görən, sonucun nə olacağını düşünmədən həqiqəti deyən az ziyalı vardı ortada; onlardan biri də Şirməmməd Hüseynov idi.
1989-cu ildə mənim bərpa etdiyim və əsrin sonunda Azərbaycan milli, demokratik mətbuatının ilk qaranquşu olan “Azərbaycan” qəzeti o illərdə bir məhək daşıydı. Bir çoxları qorxularından qəzetə yaxın düşmürdü, ünvanıma yüzlərlə alqış dolu məktubla yanaşı ölüm hədələri də gəlirdi; belə vaxtda Şirməmməd müəllim bizim ən ürəkli və ardıcıl müəlliflərimizdəndi. O mətbuat tarixi, Məmməd Əmin Rəsulzadənin fəaliyyəti, 1930-cu illərin qanlı repressiyaları ilə bağlı çox dəyərli yazılar yazır, böyük milli əhəmiyyəti olan sənədləri ortaya çıxarırdı.
Qədim ədəbiyyatımız bir yana, XIX-XX yüzillərin mətbuatını diqqətlə oxuyub incələyən alimlərimizin, mətnşünasların sayı get-gedə azalır.
Belə bir dönəmdə Şirməmməd müəllim bütün enerjisini Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) və ona qədər ki, demokratik mətbuatın araşdırılmasına, mətnlərin bərpasına və çapına verdi. Xüsusən milli ideologiyamızın liderlərindən, Cümhuriyyətin qurucularından biri olan Məmməd Əmin Rəsulzadənin bir çox əsəri məhz onun qeyrəti, inadkarlığı ilə aşkarlanıb mətbuat səhifələrinə çıxarıldı.
Məmməd Əmin Rəsulzadə irsi çox zəngin və
çoxtərəflidir. Onun toplanması və nəşri bir elmi institutun işidir. Lakin Şirməmməd Hüseynov bu işlə on illər boyu təkbaşına məşğul olmuşdur.
Rəsulzadənin Türkiyə mətbuatındakı
əsərlərini toplayan
əziz dostumuz Əli Yavuz Akpınarla Şirməmməd
müəllimin bu sahədəki xidmətləri
əsl alim qəhrəmanlığıdır.
Şirməmməd müəllim sadiq
dost və gözəl
insandır. Bu baxımdan onun unudulmaz Xalq şairimiz Bəxtiyar Vahabzadə ilə dostluğu sözümün
təsdiqidir. Bəxtiyar müəllimin
Bakıdakı və Şəkidəki evlərində
ən çox və ardıcıl gördüyüm ürək
sirdaşlarından biri
Şirməmməd müəllim
idi. Bütün
söhbətlərinin başında
da Vətən, Millət, Azadlıq, Ədalət, milli problemlərimizin həlli və s. dayanırdı.
Şirməmməd müəllimi heç vaxt, heç yerdə soyuq, biganə, ürəksiz, cəsarətsiz danışan
görmədim. Həmişə ən vacib,
ən yaxşı bildiyi şeylərdən,
ən əsası millətin tale məsələlərindən
danışır. Buna
görə də yüksək səslə və cəsarətlə danışır.
Məncə onun uzun və
şərəfli yaşamağının
bir səbəbi də budur.
Sabir Rüstəmxanlı
525-ci qəzet.-
2014.- 8 nopyabr.- S.27.