Xürrəm Sultanın qurduğu
vəqflər
Orxan Aras Almaniyadan yazır
Osmanlıda ən əhəmiyyətli
təşkilatlardan biri
də islam
hüququna görə
“Vəqf” deyilən dərnəklərdi. O dövrün
dərnəkləri əksəriyyətlə
zəngin insanlar tərəfindən qurulur
və qiyamətə qədər insanlara kömək edilsin deyə də o dərnəyi bəsləyən
gəlir gətirən
iş yerləri açılırdı.
Bu ənənəni irəliyə aparan səbəblərdən ən başda gələni, Osmanlı bürokratiyasından heç kimsənin sərvəti mirasçılarına qalmazdı. Bir vəzir və ya paşa ölüncə onun bütün sərvəti dövlətə qalar və dövlət də onun mirasçılarına haqlarını verərdi. Bu səbəblə sərvəti olan şəxs həm sərvəti qorunsun, həm də adı əsrlər sonra da anılsın deyə fondlar qurmaq üçün bir-birləriylə yarışa girərdilər.
Vəqf qurucuları yalnız kişilər olmazdı. Zəngin xanımlar da dərnək qurma hüquqlarına sahib idilər. Məsələn, 1546-cı illərdə qurulmuş 2517 dərnəyin 913-nü qadınlar qurmuşlardı. İnşa edilən 493 bulağın 128-nin xərcini qadınlar öz üzərlərinə götürmüşlərdi.
Bu vəqf və ya dərnəklər arasında elə dərnəklər var ki, indi, 21-ci əsrdə belə adını eşidəndə heyrətlər içində qalırıq. Məsələn, qış aylarında yemək tapa bilməyən quşlar üçün darı dərnəyi qurulmuşdu. Bu dərnək hər yerin buz tutduğu zamanlarda İstanbulun küçələrinə çıxaraq quşların yemələri üçün buzların üzərinə darı sərpərlərmiş.
Maraqlı dərnəklərdən biri də o dövrdə evdə çalışan xidmətçiləri qırdıqları əşyaları alıb sahibinə verən və xidmətçiləri günahkarlıqdan qurtarma dərnəyidir. Bu gün belə kimsənin ağlına gəlməyən belə bir kömək dərnəyi o dövrdə həyata keçirilib. Ayrıca, evlənə bilməyən insanları evləndirən, cehizi olmayan qızlara cehiz hazırlayan dərnəklər də vardı. Yolçuların ehtiyacını aradan qaldıran, uşaqlara oyuncaq təmin edən, yaşlanıb artıq çalışa bilməyən işçilərə baxım dərnəyi kimi dərnəklər hər yerdə vardı.
Xürrəm Sultanın hələ günümüzə qədər qalan bir-birindən əhəmiyyətli vəqfləri vardı. Köməksevər qadın bu gün minlərlə turistin ziyarət etdiyi Ayasofya muzeyinin yanında böyük bir mətbəx açdırmış və möhtac olanlara gündə üç pay yemək verdirmişdi. Ölmədən bir il əvvəl Qüdsdə bir vəqf qurdurmuşdu. Qüdsdəki mədrəsələrə şamdanlar alınır və vaxtı gələndə də bir vəzifəli tərəfindən o şamdanlar dəyişdirilirdi. Ayrıca Məscidi-Əqsa ətrafında ibadət etməyə gəlmiş yoxsullara üç pay yemək verilməsi əmr edilmişdi. Bunun xaricində Məkkə və Mədinə kimi ziyarət yerlərinə hacılar üçün su gətirilməsi kimi işlər görülmüş və bütün o işlərin xərcini də Hurrem öz xəzinəsindən ödəmişdi.
Bu gün İstanbulda Memar Sinanın əsəri olan məşhur Süleymaniyyə məscidinin yanında yatan Xürrəm Sultan körpülər, bulaqlar, xəstəxana kimi dəyərli əsərlər də miras qoydu. Bunlardan ən əhəmiyyətlisi isə hələ bu günə qədər xidməti davam edən İstanbuldakı Haseki xəstəxanasıdır.
İstanbulun bu əhəmiyyətli xəstəxanasını xürrəm Sultan 1538-1550 illəri arasında Memar Sinana tikdirmişdi. Bir külliyyə şəklində inşa edilən bu əsərin içində məscid, mədrəsə, uşaq məktəbi, imarət və fəvvarələr vardı.
Xürrəm Sultan qurduğu fondlar üçün çox ətraflı şərtnamələr qoydurmuşdu. Xüsusilə qadın xəstələrə baxımı mövzusunda ayrıca bir maddə vardı. Xəstəxanada kimlər və necə müalicə edilməli, həkimlər xəstə ilə necə bir əlaqə qurmalı – hamısı məlum idi. Həkimlərin necə olması barədə Xürrəm Sultan günümüzdən 564 il əvvəl belə yazdırmışdı:
“Həkimlərin hər biri təmiz ürəkli, yaxşı əxlaqlı, gözəl xasiyyətli, narahatlıqdan uzaq, yaxşı iş görən, incə ürəkli, itaətli, qohum və yadlar haqqında xeyr diləyən, şirindilli, xoş sözlü, gülər üzlü, məqbul xasiyyətli olmalıdır. Xəstələrdən hər birinə candan dost kimi lütf və mərhəmət ilə nəzər etməlidir. Onları qaraqabaq qarşılamaz, xəstələrə az da olsa nifrət oyandıracaq söz söyləməz. Çünki sözdə olan sərt bir söz bəzən xəstəyə ən böyük dərddən daha ağır gələr. Bəlkə xəstələrə ən lətif ibarələrlə söz söyləməlidir. Onlara ən gözəl şəkildə xitab etməlidir. Sual və cavabda ən şəfqətli yolu tutmalıdır. Xəstənin şirin sözə ehtiyacı daha çoxdur. ‘
Bu xeyriyyəçi qadın eyni zamanda yaxşı da bir şairdi. Sultan Süleymana yazdığı möhtəşəm eşq şeiri, aradan o qədər zaman keçməsinə baxmayaraq, çox ədəbiyyatçının dilindədir:
“Ey səba, sultanuma
zar-u pərişan diyesün,
Gül yüzünsüz işi bülbül kimi efqan diyesün...”
Orxan ARAS
525-ci qəzet.-
2014.- 8 noyabr.- S.27.