Ogyüst Roden – müasir heykəltəraşlığın
titanı
(Əvvəli
ötən şənbə sayımızda)
Məhəbbət onları elə bil ki, bir
anlığa könül simbioslarına çevirmişdir. Kişinin və
qadının bədəni canlı kəndirlər kimi
onları bir- birinə bağlamışdır. Bu emosional bağlar olmaqla könülün bədənə
hakim kəsilməsindən xəbər verir. Bədən axını, bədənin qabarması
heç də dənizinkindən zəif deyildir və həzz
anının əmələ gətirdiyi ekstazdan xəbər
verir. Hər iki bədən eşq ovu
üçün vacib olan hisslərin tüğyanını,
ehtirasın şahə qalxmasını bildirən
cavanlıqdan xəbər verir. Hər iki bədən
elə bil bu anın böyüklüyünü, arzuların
apofeozunu nümayiş etdirmək üçün
yaranmışdır. Qızın bədəninin
daşqını isə dözülmək həddindən kənardadır. Roden qızın bədənini
onun tam çiçəklənən anında təsvir edir.
Həm də onlar bu səhnəni seyr edənləri
öz ehtiras fiestalarına, ziyafətlərinə dəvət
edirlər. Heykəldə ağıl iradəsi
bədən iradəsində sönmüşdür. Deyəsən,
məhəbbətin şiddətindən onlar məkanı və
zamanı da hiss etmirlər, bəlkə də insanın istəklərini
və fəaliyyətini məhdudlaşdıran bu amillərə
heç məhəl də qoymaq istəmirlər.
Bu anda, elə
bil ki, heç kəs onlara mane ola bilməz,
onlar heç nədən qorxmurlar, axı arzularına
çatmışlar, yaxşı anlayırlar ki,
qızğın məhəbbət ölümdən də
qüvvətlidir. Hətta Adəm və Həvvanın ilkin təcrübəsi
də göstərirdi ki, özünü dərketmə
anından sonra yerüstü cənnətdən qovulmaq da
qorxulu deyildir, çünki əvəzində onlar Məhəbbət
bağı adlanan bir cənnətə qovuşdular, həqiqi bal ayı cənnətinin meyvəsini
daddılar. Bu ikisinin də ilk günahı,
yixılması da sayıla bilər, lakin həm də
onların qalxması, yüksəlməsidir. Bu anda onlar, elə bil ki, bir-birilərini
yaratmışlar, məhz bu təəccüb doğuran həzz
balını dadmaq üçün dünyaya gəlmişlər.
Bu, ətrafdan, ağıldan kənarda mövcud
olan zamandır, tamailə başqa dünyadır. Bu şirinlikdə bəlkə də bir ağrı
da vardır, lakin həmin ağrıya da haqq qazandırmaq
mümkündür. Axı məhəbbət
anına qovuşmaq üçün insanlar qanlı müharibədən
də betər sınaqlardan keçməli olur və
anlayır ki, burada hisslərə təslim olma
döyüşlərin özündən də şirindir.
Sevib-sevilənlərdə bir Samson gücü əmələ
gəlir və onlar bircə zərbə ilə bütün
maneələri dəf etmək qüdrətində olurlar.
Roden mərmərdə
adi heykəl qrupu yaratmamışdır, (“Öpüş” əsərinin
isə bir çox variantı mövcuddur), insanın ali hissinə, coşğun ehtirasına əsl
oda söyləmişdir. Onun təsvir etdiyi bədənlər
də bu hissləri ifadə etmək üçün dilə
gəlir, danışır. Mübaliğəsiz
demək lazımdır ki, “Əbədi bahar”a tamaşa edəndə
eşq anının qızmar hisslərinin səmadan gələn
simfoniyasına qulaq asırsan, burada insana əzab verən və
onu yüksəldən sevginin təntənəli, həm də
elegiyadan xəbər verən melodiyasını eşidirsən.
“Əbədi bahar” öz həll üslubunda və ifadə
tərzində unikal bir əsərdir. Buradakı hisslərin
tufanına biz heç Rafaeldə, Mikelanceloda və Leonardo da
Vinçidə də rast gəlmirik. Roden bu əsərində
sevgi anlarını qeyri-adi ustalıqla qələmə alan,
Bibliyadakı “Şərqilər şərqisi”
kitabının müəllifi sayılan Solomona, həmçinin
Şekspir, Viktor Hüqo və Tolstoy kimi dahilərə də
uduzmur, bəşər övladına xas olan ən ülvi
hissləri tərənnüm etməkdə onlardan da yuxarı
qalxır. “Əbədi bahar” məhəbbət
anının sadəcə təcəssümü deyildir,
insanın hiss və ehtirasının himnidir. Burada ruhun şadlanması, bədənin
ilhamlanması və canlanması təsvir olunur.
Yəqin
ki, Romeo və Cülyetta da bu əsəri, həm də öz
şərəflərinə həsr edilən heykəli görsəydilər,
ölməz eşqi daha unikal vasitələrlə vəsf edən
bu inciləri öz ruhlarına bəslənən əbədi
şərqi kimi qəbul edər və Şekspirlə
yanaşı, Rodenə də minnətdar olardılar.
Təsadüfi deyildir ki, qadına həyatda
düzgün, bərabər yerini verən Roden qadın bədəninin
Homeri adlandırılırdı. Bu bədən
artıq kişinin ovu olmağını dayandırır,
qadın öz füsunkarlığını və
kübarlılığını açıqca bəyan edir.
O, heç də qadını kişinin arzularına tabe
olmağa hazır olan məxluq kimi nəzərdə tutmur,
qadın daha çox öz arzularına malikdir. Bunu hissin
hökmü, iradəsi ilə qəflətən
oğlanın qucağına atılan, öz çoxdankı
arzusuna qovuşan “Əbədi bahar”, “Öpüş” və
digər əsərlərdəki qadın bədəninin elə
bil ki, dil açan ifadəsində görürük.
Rodenin bu əsərlərini “Kama sutra” səhnələri
ilə müqayisə etmək də ədalətsizlikdir. Hindlilərin
bu qədim traktatı cinsi həzzlər mövzusuna həsr
olunmuşdur, fiziki yaxınlıqdan həqiqi həzz olmaq
yollarını araşdırmağa, təlimatlandırmağa
çalışır. “Kama” hissiyyat
arzularının ödənilməsi mənasını
verirdi. Rodendə isə şəhvət səhnəsi
deyil, ülvi hisslərin asimana yüksələn
dalğası, coşan ehtirasları paradoksal qaydada ram edən
tufanı təsvir olunur. Kişi ilə
qadın burada öz könüllərini axtarıb tapmaq
üçün ağuşlarını bir-birlərinə
açırlar.
Rodenə
görə, “Əbədi büt”də təsvir etdiyi kimi,
qadın müstəqil rol oynadıqda kişi onun qulu ola bilər.
Qadının kişiyə malik olmaq arzusunu isə
o, “Xrist və Maqdalina” kompozisiyasında göstərir. Burada Maqdalina İisusu öz məhəbbətinin
gur sobasında əritmək üçün onun üstünə
atılmış şəkildə təsvir olunur. Yazıçı Den Braun “Da Vinçi kodu” adlı
məşhur romanında İisusun bu yaxınlıqdan
qızı olduğunu da iddia edir. Vatikan əsəri
süngü ilə qarşılasa da, Roden bu mövzunu öz
heykəlində, özü də qeyri-adi ekspressiya şəklində
təsvir etmişdi və Den Braunu bir əsrdən də
artıq müddətdə qabaqlamışdı.
Roden qadın bədənini antomiyasına yaxşı bələd
olduğundan, ona məxsus olan bəzi cəhətləri
qabartmğa çalışırdı. O, qadınların
açıq ağızlarına məftun olurdu, ona qadın bədəninə
malik olmağa bir dəvət kimi verməyə çalışırdı.
Bunları “Su pərisi” əsərində, həmçinin
“Danald”də isə sallanıb axan saç vasitəsilə təsvir
edir. Saç həqiqətən də
xüsusi cəzbedici təsirə malikdir. Kişini
və qadını bir-birinə sarıya bilən zəncir
kimi nəzərdə tutulur. Necə ki,
qadının məhəbbət-nifrət simvolu olması XIX əsrin
əlaməti idi.
Rodendə məhəbbət mövzusu hədd
tanımamaqla yanaşı, ilk növbədə insanın
daxili aləminin təntənəsinə həsr olunmuşdur. Axı insanlar
arasındakı ülvi hisslər heç də heyvanlara məxsus
olan adi fiziki yaxınlıqla eyni şey deyildir. Axı məhəbbətdə
insan ürəyi, könlü hərəkətə gəlir,
ehtiras nəbzinin vurulması heç də ürəyin adi
pulsundan az əhəmiyyət kəsb etmir.
Axı bəşər övladı məhəbbəti
anlayan, onu yaşayan andan, bütün varlığını
bu ali hissə tabe etdiyi vaxtdan sonra insan kimi
formalaşmağa, meydana gəlməyə
başlamışdır. Qədim Romanın böyük
şairi Ovidi özünün “Ars amatoria” – “Məhəbbət
elmi” əsərində qeyd edir ki, ibtidai insan dik gəzsə də,
yaşayış tərzinə görə meşədə
öz ətrafında dolaşan heyvanlardan heç də fərqlənmirdi.
Heyvanlar kimi o da tapdığı, əsasən
zülal mənbəyi olan hər şeylə
qidalanırdı. Qədim insan heyvanlara bənzər
qaydada quru torpağın üstündə yatırdı,
yarpaqlar bu vaxt onun bədənini yağışdan, soyuqdan
qoruyan yorğan rolunu oynayırdı. İlk
dəfə iki cins arasında məhəbbət hissləri
baş qaldıranda o, digər canlılardan
bütünlüklə fərqlənən insana çevrilməyə
başladı. Başqa canlılar kimi
heyvanlar da nəsli artırmaq instinktinə malik olsalar da,
ülvi hisslərdən xali idilər. Kişi
və qadın öz aralarındakı çox hallarda
qarşılıqlı, bəzən hətta birtərəfli,
cavab tapmayan hisslərin təsiri altında insana çevrildilər,
primitiv hədlərdə də olsa, onların
daşıyıcıları oldular. Deməli, insanın
fiziki məxluq kimi iki milyon ilə yaxın yaşı olsa da,
mənəviyyata, daxili aləmə, onların ən bariz
nümunəsi kimi məhəbbətə malik olmaqla bəşər
övladı xeyli sonra meydana gəlmişdir, özünü
və hissləri dərk etməyən əcdadından xeyli
cavandır və müasir insan könülə malik olan
varlıq kimi özünü məhz onun törəməsi
hesab etməlidir.
Freyd ilk dəfə olaraq valeh olma ilə nifrətin
yaxın üzvü əlaqədə olduğunu başa
düşmüşdü, hissiyyatın amili kimi yuxu
anatomiyasının əksliyini oxumuşdu, necə ki, Roden də
hissiyyat anatomiyasının əksliyini oxumuşdu.
Ədəb-ərkanın əksinə, özünün
ən uğurlu portretlərində heykəltəraş qadının
kişiyə əzab verə bilən sirli keyfiyyətini
görürdü. Burada onların sifətlərindəki təbəssümlər
heç də müəyyən olunmuş qaydada deyildi. Müəmmalı şəkildə
örtülü olan dodaqlar və geniş arzuları ifadə
edən gözlər əbədi ay işığında olan
gecənin içərisindəki keçmiş hər şeyə
baxırdı. Roden qadının
üzünü onun gözəl bədəninin bir hissəsi
kimi verirdi, onun gözləri bədənin gözləri və
ağzı bədənin incisi kimi meydana
çıxırdı.
Antik sənətə
məftun olan rəssam
1880-ci illərin sonrakı dövrlərində Rodenin
baxışlarında bir sıra dəyişikliklər əmələ
gəldi. Bu, Mikelanceloya məhəbbətdən və istənilən
hesaba başa gəlsə də, ifadəli jest hərəkəti
axtarışından və onun yunan sənətindən
ilhamlanmasına tərəf dönməsindən
böyümüşdü. Antik sənətə
məhəbbət hər halda onun sonrakı əsərlərinin
çoxunda ifadə olunur. O, antik sənətin ruhunu
qeyri-adi qaydada tətbiq edirdi. Mərmərdən
taraşlanmış “Pan və Nimfa” əsərində
Panın cizgilərinə göstərilən kobud münasibətlə
yanaşı, kompozisiya belə illuziya yaradırdı ki, guya həqiqətən
də qədim mərmərdə işlənmişdir.
Ellinistik dövrdəki populyar olan qadının
çılpaqlığı konsepsiyası Rodeni xüsusən
cəzb edirdi.
Heç vaxt tamamlanmamış “Uisterə abidə”
əsərində o, bədəni, yunan idealına dərindən
vurğunluq qaydasında – ellinistik fazada təqdim edir. Roden öz əsərində bu əlaməti
müşayiət etməyi axtarırdı. O, fiqurun
ayaqlarını parça ilə örtsə də, onlar
“Minoslu Venera”nın ayaqlarını
xatırladır. O, Luvrda nümayiş etdirilən
“Samofrakiyalı Nika”nın qanadlarına bənzər
elementdən də xüsusi qaydada istifadə edir,
özünün “İkarın yerə yıxılması” əsərində
bu qanadları təqdim etməkdə xeyli dərəcədə
yunan prototipinə borcludur.
Rodenin portret büstlərində bizim eradan əvvəl
V və IV əsrlərin yunan idealı, qadın gözəlliyi
barədəki onun sonrakı konsepsiyasını təcəssüm
etdirməklə üzə çıxır. Tarixçi Diodor, Praksitel
haqqında demişdi ki, “Kamil ağılla (o,) öz mərmər
heykəllərində könülün ehtiraslarını
çatdırır”. Bu həm də Rodenin
ambitsiyası idi və onun istedadı ruhi həyatı təklif
edirdi.
Rasselin arvadının başının təsvirində
Roden onu məftun edən yunan idealına yaxınlaşa bilir. Bu sənət
əsərində, Boston İncəsənət Muzeyində
nümayiş etdirilən b.e.ə. VI əsrin məşhur
qız başı heykəlinin məlahətini verməyə
çalışır, bu əsər isə
könülün və canın bənzər birliyini təklif
edirdi. Müəyyən portretləri, məsələn,
Kamilla Klodelin başı (“Dan yeri. Kamilla
Klodel” əsəri) bunun bir nümunəsi idi. O,
başı mərmərin içərisinə yerləşdirir,
bu yolla yunan üslubunu bərpa edir. Onun 1897-ci
ildə yaratdığı tunc Viktor Hüqo heykəli tipik
ellinist sənətdəki və Romanın sərxoş
“Herkules”inin bir variantına bənzər məxluq kimi meydana
çıxır.
O, öz
kəşfində vurğulayırdı ki,
başlanğıcı antik sənətdən götürmək
tamamilə səhvdir. Belə edəni bu, “adam
kimi deyil, qoca alim kimi öldürərdi”. Və
həmin mülahizənin əsasında onu qoyurdu ki, heykəltəraş
təbiətdən işləməlidir və sonra qalereyalarda
öyrənməlidir. “Əgər onun
gözləri təbiətə qarşı
bağlanmışdırsa, o, düz antik sənətə
doğru gedir, bizim heykəltəraş bu
görünüşü öz işinə keçirə
bilmir. Beləliklə, əks-səda
istisna olunmaqla, onun düzəltdikləri nə antik, nə də
müasir olacaqdır, – o sadəcə pis olacaqdır”.
Rodenin mövqeyi
başlıca şərtlərdə kifayət dərəcədə
aydın idi, belə ki, rəssam təbiətə
baxırdı, öz ilhamını onda tapırdı və
sonra isə antik sənətlə öz tapdıqlarını
yoxlayırdı. O, arxaik üslubda olan yunan heykəltəraşlığına
(xüsusən Fidinin və Praksitelin əsərlərinə)
valeh idi. Onlar təkcə insan formalarının
sehrli qaydada başa düşülməsi ilə deyil, həm
də Rodeni çox məmnun edən daxili həyatın nəcib
sirrini təklif etməklə fərqlənirdilər. Hər şeydən əlavə o, Fidinin aludəçisi
idi. Bu dahinin sənətinə bələdçilik
onu qəbul etmək demək idi. Fidi b.e.ə.
V əsrin ortalarında yaratmışdı, bu vaxt Afinada
hakimiyyətə, şəhər-polisə “qızıl
dövr” bəxş edən, demokratiyanı gur inkişaf etdirən
Perikl gəlmişdi. Periklin dövründə
Parfenon məbədi inşa edilmişdi və Fidi
qızıldan və fil sümüyündən şəhərin
himayəçi ilahəsi sayılan Afina Parfenosun məşhur
heykəlini hazırlamışdı. Fidinin
Olimpiyada həmin qiymətli materiallardan qoyduğu Zevs heykəli
isə dünyanın yeddi möcüzəsindən biri hesab
olunurdu. Lakin onun bu məşhur əsərləri
bizim dövrümüzə gəlib
çıxmamışdır. Ona görə
də Roden onları orijinaldan deyil, ancaq Roma kopiyalarından
öyrənirdi. Təəssüf ki, yunan
heykəltəraşlığı nümunələrinin
çoxu eyni tale ilə üzləşmişdir. Qədim romalılara minnətdar olmaq lazımdır
ki, onların bir hissəsinin kopiyasını
çıxarmaqla, sonrakı nəsillərə ötürə
bilmişlər.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2014.- 8 noyabr.- S.25.