Bu da mən...
Heç öz həyatınızı yazmağı düşündünüzmü?
Ya da məsələni belə
qoyum – yəqin
çoxumuz öz bioqrafiyasını yazmaq
istəyər . Kimi bəzəyib-düzəyər
– böyük bir şəcərə düzəldər (indi əksəriyyət
bəy oğlu bəy
keçmişiylə
öyündüyü
kimi), kimi öz faciəli
günləri üçün hamıdan göz
yaşı payı umar... Sizə deyim ki, hər birimizin ömründə ,
günündə faciəylə
məzhəkə
yanaşı, qonşu
yaşayıb. Cəhd eləyin xatırlamağa –
görəcəksiz ki,
haqlıyam.
lll
Həmişə
düşündürdü məni—nəyə görəsən
təbii fəlakətlərdənmi, ya savaşlardanmı, ya hər
hansı bir səbəbdən şəhərlər xaraba
qalanda məhz həmin yerdə yox, bir az aralıda, ya da tamam
başqa yerdə məskunlaşır insanlar??? Niyə
oraları təmizləyib də yenisini yaratmaq istəmirlər??? Xarabanın xatirələri də
xarabadı, viranədi... Yeniliyə ümid yox... Həmin
cığırlar dəyişməz qalır hər zaman... Olacaqlara çarə yoxdu... Tamam, bunu bildik....
Olmayacaqlara da vasitə yoxdu... Neyləyirsən elə... Çox dəqiqdi
və sınanmışdı... Mən anadan
olandan heç dəyişmir. Hər gecənin bir sabahı olur. Hələ
ki olur....
lll
Çoxdan
oxumuşdum (düzdü, dəfələrlə), amma
yaddaşımda hətta
sözbəsöz qalıb. Serb dramaturqu
Bronislav Nuşiçin “Özbioqrafiyam” əsərini deyirəm.
Bioqrafiyasına
belə sarkazm və
ironiya ilə yanaşa biləcək tək-tək insan ola bilər.
Əsərin
yazılma səbəbi
isə çox sadədi: yazıçını Akademiyaya
üzv seçmirlər. Və o da öz hikkəsini, əsəbini
tökür bu əsərə.
Kim desə
ki, zəhmətinin dəyərsiz olması ona təsir eləmir – yalan danışacaq. Həm də axı, ətrafda
nə qədər ilan –qurbağa bu təltiflərdən
yararlanırkən, sənə niyə belə münasibət olmasın... Nə isə... Nuşiç
bunları o qədər gözəl təsvir
edib ki....Həm də bu səri öz dilimizdə
oxumuşam, dünya ədəbiyyatından oxuduğum
çoxsaylı əsərlərdən fərqli olaraq. Seyfəddin Dağlının tərcüməsində.
Nəfis, sərrast, dəqiq... Elə bil müəllifin dilində oxuyurdum... Ruhu şad olsun, yadınza saldım
ki, bu adda
yazıçımız olub...
lll
Həəəə,
niyə yadıma
düşdü bu əsər? Gəlim mətləbə... Bu yarımçıq yubileyim ərəfəsində hikkəmi, əsəbimi belə
sarkazmla ifadə edəcək bir əsər yazmaq
istərdim təbii... Amma əsər qalsın bir az
sonraya. Bunları
yazmaq boynumun borcu, hələlik altına girə bilmirəm. On birinci beşilliyimi tamamladım. Beşilliklərim haqqında
partiya qurultaylarının qərarları olmasa da, yuxarıdakı mütləq qüvvənin
öz qətnaməsini yazıblar
mələkləri. Və
kimsə də dəqiq bilməz ki,
yaşantıları öz iradəsinin məhsuludu, ya
hazır planlar üzrə yazılmış ,
cızılmış sxem
üzrə gedir... Hər nədisə bu illər
yaşanıb... İnsan
özünə amnistiya verə bilsə nə gözəl olar...
Özüylə barışıq yaşaya bilsə, özünü
istintaq eləməsə, edam eləməsə... Nə
gözəl olar!!!
BİRİNCİ
BEŞİLLİK
İlk beşilliyimin
dördüncü ilindən
sonranı xatırlayıram. Tam olaraq yox təbii
, fraqmentar... İndiki
Salatın Əsgərova (o vaxtkı Sverdlov) küçəsində, Kubinkada
evimiz olub. Atamın
öz qonorarı ilə aldığı və ona ev demək mümkündüsə.
İki il əvvəl gedib baxdım o evə ...
Heç bir hiss-filan
oyanmadı. Sadəcə, təsəvvür eləmək istədim...
Yaddaşımı qurdaladım... Tramvay xətti qalıb xatirəmdə,
bir də
anamın məni
qucaqlayıb təlaşla
həmin xəttin
üstündən keçib həkimə qaçması... Bir
debil qohum uşağı dixlofosu
fışqırtmışdı gözümə. Gözümün təmizlənməyi yadımda.
Gözümə nəsə daraq kimi bir
taxdılar, açdılar. Nəsə o işıqlar həmişə
xatirimdədi. İşıqlar... Ən parlaq işıqlar
isə Yasamalda yaşadığımız beşmərtəbə evin ... elə beşinci mərtəbəsində yanıb. Həyətin düz yanında 21
nömrəli məktəb vardı (indi də var, amma indiki
kimi tam deyildi. Təhsilə görə demirəm, adına
görə deyirəm) və sonra
mən həmin məktəbə getdim. Məhəllədə hər
millətdən, hər
zümrədən insanlar sakin idilər. İndi heç
cür təsəvvür edilməyəcək bir olay. Alimlər, məmurlar, ticarətçilər,
fəhlələr bir
binada
yaşayırdı... Fərq vardı təbii ki... Evimizin yanındakı qastronomun müdiri də bizim
qonşu idi, mən onun
qızlarının diqqət çəkən, parlaq geyimlərini
də xatırlayıram. Hamımız həyətdə
oynayırdıq, bütün uşaqlar, fərqlənsək də
bir-birimizdən. Amma ən azından oynamağa yerimiz vardı, evin
arxasında kiçicik bir hovuz
da vardı. Qışda zir-zibil dolurdu hovuza, yayda isə uşaqlar su doldurub
çimişirdilər. Bir dəfə mən də uşaqlara
baxıb həvəsləndim. Girdim suya və kimsə anama xəbərlədi,
balkondan qışqırdı üstümə. Qorxumdan hovuzdan çıxa da bilmirdim,
sürüşürdüm. Qonşu binadan rus Valera dartdı
çıxartdı məni. Anam da məni möhkəm döydü. Vəssalam...
Bundan sonra hovuz səfasına son qoyuldu.
Sakit uşaq idim,
ancaq ziyanavərliyim də
vardı. Anamın gözəl bir koftasını
qayçıynan doğram-doğram eləyib guya kuklalarıma
nəsə düzəltmək istəmişdim, təbii ki, xəbər
tutanda məni döymüşdü... Lap balaca olanda kaprizlərim
çox idi. Heç nəyi məcbur elətdirə
bilmirdilər mənə. Hətta yeməyi də... Anam yaxmac düzəldib
verirdi, mən də balkondan atırdım. Sonra balkon
qapısının açılmasından nəsə hiss elədi, mən də
başqa üsul tapdım. Pianinonun arxasına
atırdım. Bir dəfə evi dərindən təmizləyəndə
pianonu çəkdilər qabağa – mənzərəni təsəvvürə
gətirin... Geyimə
münasibətdə də eləydi. Gəzməyə aparanda məcbur jaket geyindirdi bir dəfə, hələ soyuq olar
deyə düymələri də bağladı. Mən də hikkəmdən
jaketin yaxasını elə dartıb çəkdim ki, düymələr
qopdu... Qəribədi, həyat sonra insanı hər
şeyə tabe edir,
razılaşdırır...
Həmin
beşilliyin ən
parlaq işıqları
isə kəndlə bağlıdı. Və nənəm... Yay gələn kimi kəndə gedirdim. Olurdu ki, nənəm özü gəlirdi dalımca, biz də o vaxtın yekə,
yöndəmsiz avtobuslarıyla yola çıxırdıq. Qubaya hər səfərim ən uzun yol kimi
görünürdü mənə.
Çünki avtobusa minəndən düşənə kimi
qusurdum, maşın tuturdu
məni. Quba
avtovağzalının qabağındakı
kolxozçu qadınların
gümüşü rəngli heykəlini görəndə çox
sevinirdim. Əzab bitirdi, sonra kəndə gedən avtobusla azacıq yolu
qət edib nənəmin evinə
çatasıydıq.
Kənd...
Şəhər
uşağıydım və kaprizləri olan, arıq-uruq, yemək yeməyən.
Buna görə nənəmi çox
incidirdim. Bütün gün
dalımca gəzib bir tikə
ağzıma nəsə qoymağa
çalışırdı, kənd arvadlarının məsləhəti ilə
başqa-başqa yeməklər
bişirməyə
çalışırdı. Ev işlərini
yaxşı bilmirdi nənəm, gənc yaşlarından dul
qalmışdı. Və dörd yetimi ayağa qaldırmaq, oxutmaq üçün bütün gün təsərrüfatda,
kolxozda çalışmışdı. Evin işləri isə böyük xalamın
üstündə olmuşdu həmişə. Amma mənə görə ocaq
qalayıb nəsə
bişirməyə cəhd eləyirdi. O vaxt
anlamırdım təbii, amma
sonradan bunları xatırladıqca nənəmin sevimli
nəvəsi olduğumu dərk elədim. Özündən soruşmadım heç
vaxt , heç bilmirəm
etiraf edərdimi?... Amma beləydi.
Açarlı, qıfıllı, köhnə dolabın
içində hamıdan gizlətdiyi peçenyelər, konfetlər
mənə aid idi. O vaxtin defisitləri. Kənd çörəyi yemirdim,
rayon mərkəzinə
gedənlərdən mənə
zavodda bişən çörək aldırırdı,
yatdığım döşəkdə mütləq ağappaq
döşəkağı olmalıydı. Kənd yerində
belə şeylərə
baxan kim idi? O biri
nəvələr gələndə evi silib-süpürmək, su daşımaq tapşırılırdı. Onlar narazılıq edəndə isə “ İri belə şeyləri bacarmır”- deyilirdi. Tənbəl idim,
amma hərdən qeyrətə boğulub su daşımaqda xala, dayı qızlarıma kömək eləyirdim. Hərdən... Başım
qarışırdı
qonşu uşaqlarla evcik,
yeddi şüşə oyununa.
Cəlb eləməkçün oyuncaqlarımı
tökürdüm ortalığa... O uşaqlar da tez-tez əvəzlənirdi.
Kənd
uşaqlarının lap balaca yaşlardan oynamağa vaxtı
az olur. Birini evə çağıranda başqa birini
tapırdım. Ya da tək qalanda
ağaclara dırmaşıb budaqları
qırıb eləyirdim. Bir dəfə eksperiment üçün təndirxananın damına
qalxıb ordan heyva ağacına çıxdım, ordan
da ikinci mərtəbənin pəncərəsindən
otağa girdim. Ağac da , təndirxana da
evə bitişik idi. Nənəm məni
ağacdan otağa girən görüb saraldı. İndi anlayıram keçirdiyi qorxunu. Əmanət uşaq və belə hərəkət
.... Danlandım, amma həm də bərk-bərk tapşırdı ki, anama,
atama bunu deməyim. Mən də söz verdim ki, deməyəcəm. Amma dedim... Xəbərçi
uşaq idim. Qorxurdu
ki,məni
qoymazlar bir də kəndə gəlməyə. Əşşi
onlar da məni başlarından edirdilər, gəzməyə-filan gedəndə mane
olan kimsə olmurdu da. Qoyacaqdılar təbii...
Hər halda mənim
xəbərçiliyimin
elə bir əhəmiyyəti olmadı... Axşamlar isə... Həə, bu axşamların bir
ayrı ləzzəti olurdu... Bütün gün əyni
nazik gəzib, arxın soyuq sularında üşüyəndən sonra
dişim zoqquldamağa başlayırdı. Mən də
zıqqıldayıb hamını səfərbər eləyirdim. Nənəm məni dalına şəlləyib uzun eyvanda o
baş-bu baş gəzişirdi. Dayımın oğlu da qonşudakı yaşlı nənələrin tüstülətdiyi papiroslardan gətirib məcbur edirdi
ki , tüstünü çəkim dişimə. Bir azacıq keyiyirdi
ağrı. Səhər ağrı keçirdi, axşam yenəəəəəə.
Quba bölgəsinin
o vaxtkı memarisini xatırlayanlar var yəqin. İndi
artıq o evlər də tarixə qarışıb. İki mərtəbə tikili, dolama balkonlar, dirsəklənmək
üçün taxta dirəklər və gecələr
üstü örtülən pilləkənlər. Qapaq kimi. Evin üstünə qara dəmir vurulmuşdu. Bir tərəfi çürüdüyündən
yağan yağış balkona yağırdı, oranın da
taxtaları çürüyürdü. Axşamlar yağış
yağanda dəmiri döyəcləyən
damlaların səsinə qulaq asırdım. Palçıqdan
hörülmüş bir ocaq da vardı balkonda.
Odunları, çör-çöpü atırdıq içinə,
çırtıltısına qulaq
asmaq ləzzət idi...
Yadımdadı ki həmin evin pilləkənlərindən
bütün nəvələri yıxılmışdı nənəmin. Məndən başqa...)))) Hə, bir də balkonun taxta döşəməsini
deşib ipi keçirməklə, aşağıdan yelləncək
də asmışdılar. Desəm ki, mənimçün
idi, çox yekəxana səslənməz ki? ))) Tut ağacından
da asmışdılar. Təfərrüat yadımda qalmayıb, amma niyə balkondan da birin
asdıqları. Deyirəm axı, birinci
beşilliyimdən danışıram. Aşağı mərtəbələr
anbar və
tövlə kimi istifadə olunurdu. Amma mən nənəmin
sağıcılığın-filan görmədim. Yəni mənim yadıma düşən vaxtları
nənəm mal-heyvan saxlamırdı,
yaşlanmışdı.
Kənd məni maarifləndirdi həm də. Artıq
çox şeyləri öyrənmişdim.
Ağacları tanıyırdım, heyvanları ayırd edə bilirdim,
çörəyin necə hasil olduğun öyrənmişdim.
Otları, bitkiləri seçə bilirdim... Ən əsas öyrəndiyim
isə ləzgi
dili oldu. Əvvəl məndən gizli nəsə
danışmaq istəyəndə nənəmlə
xalam ləzgi dilinə
keçirdilər. Sonradan onları anlayaraq dinləmək
necə bir
zövq idi bir bilsəniz... Və yay bitib şəhərə
qayıdanda uzun müddət danışığımı
düzəldirdilər evdə. Uşaqlara qoşulub onlar kimi
danışırdım, Quba ləhcəsində.
“Gedetdi, gələtdi, gedə var, gələ
var”.)))
O vaxt nənəm öz
uşaqlığından danışırdı mənə...
əziyyətlərindən. Anasız böyüməyindən,
Quba qırğınlarından, müharibə illərindən...
Maraqlı gəlmirdı.
İndi bəzi söhbətlərini yaddaşımı
qazıyaraq çıxardıram gün uzünə. İndi həvəslə
dinləyərdim... İndi nənəm yoxdu... İndi
özüm nənə
olmuşam...
(Ardı var)
İradə Tuncay
525-ci qəzet.- 2014.- 8 noyabr.-
S.20-21.