Adı, şəxsiyyəti və əməlləri ilə unudulmaz Arif Əmrahoğlu

 

MƏRHUM ALİMİN 60 İLLİYİ AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNDƏ QEYD OLUNUB

 

 

Oktyabrın 7-də Yazıçılar Birliyində tanınmış ədəbiyyatşünas alim, uzun illər Birliyin katibi olmuş Arif Əmrahoğlunun 60 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Tədbiri Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açıb yubilyar haqqında fikirlərini ifadə edib: “Arif müəllimlə birgə işlədiyimiz 10 ildən artıq müddətdə onu ilk növbədə həssas insan kimi tanımışam. Arif müəllim gənclərə, ədəbiyyat adamlarına qarşı öz xüsusi məhrəmliyi, qayğısı ilə seçilib. Həmkar, yoldaşı kimi əvəzsiz idi. Arif müəllimin xəstəliyini eşitmək mənim üçün ağır xəbər idi. Biz hamımız ona deyirdik ki, həkimə getsin, amma o səhhəti ilə bağlı problemləri düşünmürdü, həmin vaxtlarda Yazıçılar Birliyinin qurultayı ilə bağlı işlərlə məşğul idi. Təəssüf ki, onun ağrıları bizə gələn bəd xəbərlər ümidsizlik ovqatı yaratmışdı. İyunun əvvəllərində Arif müəllimə baş çəkməyə gedəndə onu həyətdə siqaret çəkərkən gördük. Sevindim ki, bəlkə xəstəliyi ilə bağlı deyilən məsələlər dəqiq deyil, Arif müəllim çöldə siqaret çəkirsə, deməli, nikbin əhval-ruhiyyədədir. Yaddaşımızda həmişə onun elə o nikbin obrazı qalacaq. Arif Əmrahoğlunun ölümü Yazıçılar Birliyində hər kəsə ağır təsir elədi. Amma əlbəttə ki, onun xatirəsi, bizim yaddaşımızda qoyduğu izlər silinməyəcək. Yazıçılar Birliyinin təşəbbüsü ilə onunYarımçıq ömrün yarpaqlarıkitabı nəşr edilib. Biz bu kitabı bir vəfa, etibar borcu kimi ərsəyə gətirdik”.

Folklor İnstitutunun direktoru, professor Muxtar Kazımoğlu dostunun xatirəsinə bəslənilən sayğıya görə təşəkkür edib:  Arifin ailəsindən maddi mənəvi dəstəyi əsirgəmədiyi üçün, başda Anar müəllim olmaqla, Yazıçılar Birliyinə minnətdarlığımı bildirirəm. Anar müəllim , Rəşad müəllim , digər dostlar da həqiqi insanlıq nümunəsi göstərirlər, Arifin xatirəsini əziz tuturlar.

Arif Əmrahoğlu həmişə deyərdi ki, mən özümdən sonra balalarıma pis ad qoymaram. doğrudan da Arif həm övladları,  həm gələcək nəsil üçün gözəl, şərəfli bir ad qoyub getdi. onu sevənlər həmişə bu adı qorumağa çalışacaqlar”.

Xalq şairi Zəlimxan Yaqub yubilyarla bağlı düşüncələrini belə ifadə edib: “Arif Əmrahoğlu bütün ömrü boyu həmişə vicdanının səsinə qulaq asdı. Həmişə gözəl ziyalılardan, mənəviyyatdan, mədəniyyətdən yazdı. Nədən yazdısa, gözəl yazdı. Ona görə bütün ziyalılar onu çox sevirdilər. Arifin bizə gözəl xatirələri qaldı. Onun doğulduğu kənd Sadaxlı ilə yaxındı. O kəndin özündə bir cazibədarlıq var idi. Arifi yad eləyəndə o kənd-kəsək, doğulduğu yerlər gözlərimin qarşısından keçir... Onun yazdığı əsərlərin hamısı bizim üçün əzizdir. Arifin adı, şəxsiyyəti həmişə yaddaşımızda qalacaq”.

Ariflə bizim dünyagörüşümüz, maraqlarımız, mövzularımız çox üst-üstə düşürdü. 70-ci illərdə tənqidə gəlmiş klassik filoloqlardan o bu adın çox şərəfli  daşıyıcılarından idi. Arif çox sanballı tədqiqatların müəllifidir. Onun yaradıcılığını yenidən açmaq lazımdır. Arifin son günlərini xatırlayıram. Onun problemlərinin həllində Yazıçılar Birliyinin, xüsusilə Anar müəllimin çox böyük rolu olub. Mən Arifi həmişə öz aramızda hesab edirəm. qədər bizim nəsil var, o da həmişə bizimlə olacaq. Arif Əmrahoğlunun əsərləri onu yaşadacaq”. Bu fikirləri tədbirdə tanınmış alim Şirindil Alışanlı səsləndirib.

Professor Kamran Əliyev A.Əmrahoğlunun həyat və yaradıcılıq yoluna nəzər salıb: “Arif Əmrahoğlu aydın şəxsiyyət idi. Onun haqqında danışmaq hamının gördüyünü, bildiyini danışmaqdır əslində. Amma həm də fərqli bir ömür yolundan bəhs etməkdir”. K.Əliyev bildirib ki, Arif Əmrahoğlu1954-cü ildə Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində dünyaya gəlib.1978-ci ildə  Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1979-cu ildə  Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda işə başlayıb. 1989-cu ilə qədər orada çalışıb, həmin il Nizami adına Ədəbiyyat Muzeyinin direktor müavini vəzifəsinə təyin edilib. 1993-97-ci illərdə Prezident Aparatında baş mütəxəssis kimi əmək fəaliyyətini davam etdirib. 1997-ci ildə Azərbaycan Yazıçılar Birliyinin katibi seçilibömrünün sonuna kimi bu vəzifədə səmərəli fəaliyyət göstərib. Ötən əsrin 70-ci illərində ədəbiyyata gələn Arif Əmrahoğlu yaradıcılığa hekayə ilə başlasa da, sonralar daha çox ədəbiyyatşünas kimi fəaliyyət göstərib, istedadlı tənqidçi, ədəbiyyatşünas kimi tanınıb. Arif Əmrahoğlu “Klassik Azərbaycan nəsrində təhkiyə məsələləri (XIX əsrin ikinci yarısı)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. “Sözə inam sabahımızdır”, “Türk xalqları ədəbiyyatı”, “Ədəbiyyatımız, mənəviyyatımız”, “Mirzə Fətəli Axundzadənin söz dünyası”, “Mən xoşbəxtəm ki, anlamağa qadirəm”, “Türk mifologiyası və türk xalqları ədəbiyyatı” kimi sanballı kitabların müəllifi Arif Əmrahoğlu həmçinin bədii tərcümə ilə də ardıcıl məşğul olub. Dünya ədəbiyyatının bir çox dəyərli nümunələri onun tərcüməsində oxuculara təqdim olunub: “Əgər Arifə desəydilər ki, nəyə and içərsən, o, tərəddüd eləmədən sözə and içərdi. O, sözə vurğun idi. Mütaliə etməkdə tayı-bərabəri yox idi, çox kitab oxuyardı. Arif Əmrahoğlunun ədəbiyyatşünaslıqda əsas məqsədi mənəvi-əxlaqi məsələləri qabartmaq idi. Hər bir tədqiqatçı üçün məhz onun özünə aid olan bir səriştə var, böyük araşdırmaçının gücü həmin səriştəni ortaya qoymasındadır. Arifin tədqiqatçılıq səriştəsinin birinci faktoru ondan ibarətdir, məhz həyatla bədii söz arasındakı təması dəqiq şəkildə müşahidə edə bilirdi. O yazıçı fikrini dəqiq sezə bilirdi. Arif Əmrahoğlunun hər hansı yazı, kitab haqqında yazdığı rəyi heç kəs deyə və yaza bilməzdi. Arif ayrıca elmi-nəzəri konsepsiyası olan bir ədəbiyyatşünas idi. O konsepsiya bu gün öyrənilməlidir və qiymətləndirilməlidir”.

Arif Əmrahoğlu böyük ədəbiyyatşünas, həm müasir, həm də orta əsr Azərbaycan ədəbiyyatının çox yaxşı araşdırıcısı idi. Mirzə Fətəli Axundzadə haqqında yazdığı monoqrafiyada Arif  Əmrahoğlu  çox maraqlı məsələləri ön plana çəkib. Türk xalqları ədəbiyyatının araşdırıcısı kimionun haqqında eyni fikirləri demək olar. Uzun müddət o, Bakı Dövlət Universitetinin türk xalqları ədəbiyyatı şöbəsində  çalışıb və gənc nəslin türkçü kim yetişməsində onun böyük əməyi var”. Tədbirdə bu fikirlərlə professor Nizami Tağısoy çıxış edib.

Professor Ramiz Əsgər çıxışında yubilyarın şəxsi keyfiyyətlərindən bəhs edib: “Arif Əmrahoğlu çox təvazökar adam idi. O işini heç vaxt axsatmazdı. Ancaq bir məsələ yaxşı deyildi ki,  səhhətini də bəzən işinə qurban verirdi. Və təəssüf ki, səhhətinə belə diqqətsizilyi də onu aramızdan vaxtsız apardı. Amma onun işıqlı xatirəsi həmişə bizim qəlbimizdə yaşayacaq”.

Xalq şairi Fikrət Qoca bildirib ki, Arif haqqında deməyə söz tapmıram: “Mən dura-dura kiçik qardaşım dünyasını dəyişib. Adam bu zaman nə çəkər? O çox təvazökar idi. Gözəl insan, yaxşı həmkar idi. Biz əvəzsiz dost itirmişik. Və bu itki bizi həmişə ağrıdacaq”.

AYB-nin sədri, Xalq yazıçısı Anarın çıxışı səmimi və kövrək notlar üzərində qurulub: “Kaş Arif özü sağ olaydı, haqqında deyilən bu sözləri özü eşidəydi. Bəzən biz lazım olan sözləri insanın sağlığında demirik, gözləyirik, o olmayanda deyirik. Arif doğrudan da ən yüksək sözlərə layiq olan bir insan idi. Bir insanı səfərdə daha yaxşı tanıyırsan. Mən bir dəfə Kayseridə Azərbaycanla bağlı konqresə Ariflə birgə getmişdim. Həmin səfər zamanı mən onu daha yaxından tanıdım. Onun səviyyəli davranışına, mərifətinə bir daha şahid oldum. Arif Prezident Aparatında çalışanda biz onu Yazıçılar Birliyində işləmək üçün dəvət etdik. Məmnuniyyətlə razılıq verdi. Bəlkə orada qalsaydı, onun karyerası ayrı cür ola bilərdi, daha yüksək vəzifəyə gedə bilərdi. Amma mənə elə gəlir ki, düz seçim elədi, çünki Arif ədəbiyyat adamı idi. Yazıçılar Birliyində onun ədəbiyyat adamı kimi özünü daha da parlaq şəkildə göstərməsi təbii bir haldı. Onun haqqında yazanda bir dəfə demişdim ki, o Yazıçılar Birliyinə o müasir texniki vasitələr gətirdi. Amma mən həmin yazıda qeyd etmişdim ki, o bundan da vacibyeni ruh, öz nəslinin ruhunu gətirdi. Gənclərlə dil tapa bildi, onları Yazıçılar Birliyinə cəlb eləyə bildi. bunu da  onun çox qiymətli fəaliyyəti hesab edirəm. Arifin bütün həyatı ancaq ədəbiyyatla bağlı idi. Ədəbiyyat haqqında iti müşahidələri vardı. Onun belə erkən getməsi hamımıza ağır təsir eləyib. Təsəllimiz odur ki, Arif dostlarının xatirələrində qalacaq, əsərləri ilə yaşayacaq”.

Sonda yubilyarın ailəsi adından alimin övladı Günel Arifqızı çıxış edərək tədbirin təşkilatçılarına qonaqlara minnətdarlığını  bildirib.

 

Sevinc  MÜRVƏTQIZI

525-ci qəzet.- 2014.- 8 noyabr.- S.18.