“Şöhrət və ya unudulan adam

 

 

“Dünya sənin, dünya mənim, dünya heç kimin”.

(Allah sənə rəhmət eləsin Məmməd Araz)

Yox, indi yazacağım bu xatirə sənədli hekayənin Nazim Hikmətlə heç bir əlaqəsi yoxdur, ola da bilməz. Sadəcə olaraq bu xatirə sənədi hekayənin adı onun məşhur pyesindən götürülüb. Və bu yazının da heç bir yazılı sənədi-zadı yoxdur. Bu yazının, xatirə sənədli hekayənin sənədi ancaq mənin göz önümə gələn xatirələrim və bir də atamdan eşitdiklərimdir, vəssalam.

Amma vaxtilə, hələ çox cavan yaşlarından, şöhrətə çatıb, sevilib, adı dillər əzbəri olub və indi çox-çox təəssüflər ki tədricən unudulmaqda olan, haqqında danışacağım o adamı isə görmüşəm, özü də çox görmüşəm. Nəinki görmüşəm, hətta uzun illər onunla söhbət də etmişəm. Onunla fəxr etmişəm. Vaxtilə ailəmizin ən yaxın adamlarından biri olub. Ailəmizin pərəstarı olub. Evimizdə çox nadir hallarda məclislər onsuz keçərdi, evlərində çox nadir məclislər, yığıncaqlar atamsız olardı. O məclislərin, yığıncaqların səs-küyləri elə indi də hərdən qulağıma gəlir. O toqquşan badələrin cingiltisini, o səsləri, qəhqəhələri, elə indi də hərdən eşidirəm. Amma get-gedə mən yaşa dolduqca, nədənsə o səs-küylər qulağımdan uzaqlaşır, uzaqdan eşidilməyə başlayır. Göz önümə gələn o keçmiş xatirələr isə, saralmağa, rəngini itirməyə başlayır. Sanki sarı rəngli, bozumtul bir şeyə çevrilir. O məclislər, o görüşlər qulağıma xəfif bir meh kimi gəlincə, əski bir türk şeiri yadıma düşür:                                   

“Ağlaram, xatirə gəldikcə gülüşdüklərimiz”

Ona əmi deyərdim. Çünki göz açıb, həmişə, Hüsü Hacıyev küçəsindəki o müqəddəs evimizdə onu görmüşəm. Məclisin yuxarı başında oturan görmüşəm. Hətta bir dəfə tələbə ikən, təsadüfən, məni küçədə bir qızla uzaqdan görmüşdü. İşarə edib, məni yanına çağırıb, cibimə pul da qoymuşdu. Əlini çəkib etiraz etdim. “Lazım deyil” – dedim. Sırf Bakı ləhcəsi ilə:

– Alə, mənim pulumu özümə qaytarırsan? Götür, götür deyirəm sənə. Heç səndən gözləməzdim.

– Yox, vallah, varımdır axı, atam verib.

– Atan ayrı, mən ayrı.

Sonra gülə-gülə, zarafatla:

– Mən də qocalarda, məni başqa bir qadınla küçədə görəndə, onda pulumu özümə qaytararsan. İndi isə götür. Belə bir qızı gəzməyə çıxaran oğlanın cibində gərək çoxlu pulu olsun. Götür, amma aton bilməsin (atan yox, məhz aton).

Və mən də qızın yanında fəxr edirdim ki, gör mən kiminlə tanışam, gör bir kiminlə söhbət edirəm.

Vaxtilə onun bizə gəlməyilə, mənim atamla birgə onlara getməyimlə, onunla ən adi söhbət etməyimlə həmişə fəxr etmişəm. İndi həmin o adamın çəkildiyi filmləri televizorda çox nadir hallarda göstərirlər. Nə bilim, ildə bir dəfə, iki dəfə, ola ya olmaya. Tədricən unudulur, şöhrəti yaddan çıxır. Əlbəttə, nə zamansa unudulmaq, yaddan çıxmaq, bu faciə deyil, əlbəttə bu təbii bir haldır. Bəlkə də həyatın bir qanunudur. Elədiklərinə görə şöhrət qazanmaq, sonradan isə unudulmaq, xatırlanmamaq isə... böyük faciədir. Axı o adi adam deyildi. Amma, Allah bizə xatirələr, yaddaş verdiyi kimi, unutqanlıq da verib. İndi hərdən bir Azərbaycan filmin istehsalı olan, o ağ-qara, səsləri xırıltılı filmləri nümayiş etdirəndə, bu qərib kimsəsiz, soyuq şimal ölkəsində ona baxıb, göz yaşlarımı saxlaya bilmirəm. İlahi pərvərdigara, bu əsl Azərbaycan kişisinə məxsus yaraşıq, görkəm, kişi gözəlliyi, ötkəmlik, sərt, sərt olduğu qədər də mehriban baxışlar, mənə nə qədər də doğmadır, əzizdir. Bəzən də onun səsi ilə dublyaj olunan filmlərə baxanda, az qalır qəhərdən boğuluram. Ay Allah, sən səsdəki məlahətə, cingiltili şirinliyə bir bax. Sən bu kişidən heç nəyi əsirgəməmişdin. Bəs ömrünü niyə belə qısa etdin? Uzun ömrü ondan əsirgədin. Vurğunu olduğu o səhnədən cəmisi 54 yaşında ayırdın. 59 yaşında isə dünyasını dəyişdirdin. Elə bir namərd xəstəliyə düçar etdin ki... Axı o kişi yıxılası kişi deyildi. Özü də gör bir harda. Vurğunu olduğu səhnədə. Yıxılmaq ona yaraşmırdı. Həm də belə ölməli deyildi.

Kompüter vasitəsi ilə o kol-kos basmış, əyri-üyrü o xatirələr cığırı ilə, bir daha yaşanılması mümkün olmayan, vaxtilə olduqca şöhrətli, indi isə unudulmaqda olan bu adamın çəkildiyi filmlərə, oynadığı tamaşalara baxanda, az qala kompüteri qucaqlayıb bağrıma basmaq istəyirəm. Bəzən də özümdən asılı olmayaraq, pıçıltı ilə deyirəm: – Məni bağışla. Ruhun qarşısında üzü qarayam. O zaman mən kişi kimi hərəkət etmədim, bacarmadım, gücüm çatmadı. Hətta bir dəfə, hansısa qərib ölkələrin birində, onu Azərbaycan televiziyası ilə göstərəndə, özümü saxlaya bilməyib, aşağıda yazacağım və illərdən bəri hamıdan gizli saxladığım, hamı tərəfindən unudulmuş, mənim isə hər dəfə yadıma düşdükcə cızdağımı çıxardan köhnə bir əhvalatı həyat yoldaşıma danışdım. Hətta o da məni qınadı.

Qəribədir, həmin gecə də onu yuxuda gördüm. Bəlkə də onun fikirləri ilə yatmışdım deyə yuxuma gəlmişdi. Ola bilər. Həmin o gözəl insanları əfsunlayan məlahətli səsi ilə:

– Oğul, qəmün kəm (qəmin kəm yox, məhz qəmün kəm). Fikir eləmə, indi olan olub, keçən də keçib. Həyatdır da... “İndi artıq kövrəlməyin yeri yox”. Həyatda belə işlər çox olur. Mənim də başıma o qədər belə şeylər gəlib ki, eh... Səni and verirəm aton (yenə də atan yox, məhz aton) Bəxtiyarın ruhuna. Heç kefini pozma. Sən hələ uşaqsan, belə-belə şeyləri sən hələ bilməzsən.

– Nə, uşaq?... Siz nə danışırsız? Axı siz dünyanızı dəyişəndə, məndən də bir yaş cavan idiniz. Gülə-gülə (səsi qədər də gözəl, əsl kişi gülüşü var idi).

– Yox, ay oğul, bizim dövrümüz başqa, sizin dövrünüz başqa. Bizim dövrün kişiləri ayrı cür olurdular, ayrı cür hərəkət edirdilər, qabaqdan qaçmırdılar. Hər bir dövrün də öz kişilik meyarları var axı. Çalış o meyarlara görə, dövrə görə hərəkət elə. Buna görə heç kim səndən inciməz. Heç kim səni qınamaz. Çünki dövran başqadır.

(Bilmirəm nədəndir. Çox qəribədir. Son vaxtlar atamın, dünyasını dəyişmiş dostlarının hamısını bir-bir yuxumda görürəm. İndi onların içində məni bəzi işlərimə görə qınayanları da var, təəssüflə başını bulayıb üzümə baxanları da var, mübahisə edənləri də. Məsud Əlioğlu, Xudu Məmmədov, Əziz Mirəhmədov, Məmməd Cəfər, Tofiq Kazımov, Mehdi Məmmədov, Aydın Məmmədov və digərləri, adi adamları belə yuxumdan çıxmırlar).

Yaxşı, bəs bu adam kimdir...?

Bu adam romantik məktəbə mənsub olan, bir vaxtlar adı dillərdə gəzən böyük aktyorumuz Həsənağa Salayevdir. Həsənağa Salayev böyük aktyor idi, çox böyük aktyor idi. Sözün əsl mənasında böyük idi. Nəhəng adam idi. Xasiyyəti də nəhəng idi. Həsənağa Salayev bizim səhnəmizin Oqtay Eloğlusu, Şekspirin “Otello”sundakı Montanosu, “Antonio və Kleopatra”sındakı Sezarı, Bəxtiyar Vahabzadənin “İkinci səs”indəki Rəşadı, Nazim Hikmətin “Şöhrət və ya unudulan adam”ındakı doktoru və digər – yox... yox. Saxla! ... Hə... Bu onun səhnədə oynadığı axırıncı rolu olub. Elə səhnədəcə onu iflic vurub. Yıxılıb. Qalxa bilməyib. Rolunu tamamlaya bilməyib. Onu səhnədən çox çətinliklə çıxarıblar. Sanki bilirmiş kimi əli ilə teatrın səhnə dekorasiyalarından tutub, səhnədən ayrılmaq istəməyib. Rolunu tamamlamaq istəyib. Bu isə mümkün olmayıb. Tamaşa yarımçıq qalıb. Və... Özü də istəmədən səhnə ilə vidalaşıb, şöhrəti ilə xudahafizləşib. Unudulub və unudula-unudula da gedir.

İndi bilmirəm, bu taleyin hökmümü, yoxsa bir alın yazısımı, yoxsa bilmirəm nədirsə... “Şöhrət və yaxud unudulan adam”. Həsənağa Salayev birinci dəfə bu rolu oynayanda heç ağlına gətirə bilərdimi, ki bu rolu ilə də səhnədən vidalaşacaq. Və ağlına gətirə bilərdimi ki bu ağır söz, elə onun özünə aiddir... Güman etmirəm. O belə gözləmirdi. Çünki o Həsənağa idi, özünə arxayın idi.

Bir zamanlar, əgər səhv etmirəmsə, Azərbaycan Dövlət Dram Teatrı indiki Musiqili Teatrın yerində yerləşirdi. Bu təxminən 50-ci illərin sonu olardı. Dəqiq bilmirəm. Həsənağa Salayevin də oynadığı bütün tamaşalar da anşlaqla, gurultulu alqışlarla keçərdi. Atam o vaxtlar Həsənağa Salayevlə tanış deyildi. Amma onun oynadığı heç bir tamaşanı da qaçırmazdı, həmişə də çalışıb ön sıralarda oturardı ki ona diqqətlə baxsın.

Atamla Həsənağanın tanışlığı da çox qəribə olmuşdu. Bir dəfə hansısa tamaşadan sonra Həsənağa öz rolunu bitirib teatrdan çıxır. Atam da ondan əvvəl teatr zalından çıxıb, onu küçədə gözləyir. Həsənağa Salayev küçəyə çıxan kimi atam ona yaxınlaşıb, salamlaşıb və deyir ki:

– Həsənağa sənin apardığın rollar məni dəli edib... Mən çoxdan sənin bütün tamaşalarını izləyirəm, sən məni dəli etmisən. Hm... Heç bilmirəm nə deyim. Bir sözlə səninlə tanış olmaq, dost olmaq istəyərdim. Adım Bəxtiyardır, özüm də şairəm. Həsənağa atama diqqətlə baxıb:

– Pahooo... Bəxtiyar Vahabzadə?

Atam da gülə-gülə: – Bəli, Bəxtiyar Vahabzadə.

– A kişi, elə burda deyiblər, igidin adını eşit... sonra da üzünü gör. A kişi, sənin də şeirlərin, cəsarətli sözlərin məni dəli edib. Mən səhnədən həmişə fikir verib görürdüm ki, sən ön sıralarda oturursan. Amma bilmirdim ki, bu həmişə tanış olmaq istədiyim Bəxtiyardır. Ə... bu boyda millətin dərdini, ağrısını- acısını, bu arıq vücudda gəzdirən yəni sənsən?... Dost deyirsən, dost olaq, qardaş deyirsən, qardaş olaq.

Əl uzadıb qucaqlaşırlar...

Atamla Həsənağa, gecə saat 12-yə qədər restoranda oturub, tanışlığı qeyd edir, o ki var dərdləşirlər, içirlər, ürəklərini boşaldırlar. Axırda... atam əllərini yumaq bəhanəsi ilə ayağa durub xidmətçiyə yaxınlaşanda Həsənağa gülür:

– Bəxtiyar otur yerində, stolun haqqı çoxdan çatıb.

– Axı...

– Heç bir axısı filanı yoxdur, Həsənağanın yanında heç kim əlini cibinə sala bilməz.

lll

Həsənağa adi aktyor maaşı alardı. Amma haradan qazanırdı, nə qədər qazanırdı, necə qazanırdısa, onu heç kim bilmirdi. Bircə məlum olanı bu idi ki, Həsənağa pulları xəzəl kimi səpələyirdi. Necə deyərlər, Həsənağa daşdan da pul çıxardan kişilərdən idi. Kimə pul lazım olurmuşsa:

– Həsənağa qədeş, bir az əlim aşağıdır...

Həsənağa da əlini cibinə salıb (portmanat-zad sevməzdi) bir dəstə pul çıxardaraq:

– Götür, qədeş, ürəyin nə qədər istəyirsə, götür, Həsənağa ölməyib ki! – deyərmiş.

Gözəllər gözəli aktrisamız Nəcibə xanım Məlikova bir dəfə televizorda danışanda gözləri dolmuş halda: “Aygün” filmindəki Əmirxan obrazını heç kim Həsənağa Salayev kimi yarada bilməzdi, bu mümkün deyildi. Çünki həmin filmdə Həsənağa ancaq özünü oynayırdı” – demişdi. Əsərin bir yerində “beş kişinin qazancını qazanıram mən” deyən Əmirxan – Həsənağa həqiqətən də nəinki beş kişinin, lap belə 15 kişinin qazancını qazanardı. Amma haradan? Bunu heç kim bilmirdi.

Həsənağa çox gec evlənmişdi. Həyat yoldaşı Sərvət xanımı, necə deyərlər, ovcunun içində saxlayardı. Sərvət xanım, əgər səhv etmirəmsə, rəssam idi. Həsənağa onun üçün hər bir şərait yaratmışdı. Şəhərdə geyim qismindən, daş-qaş, zinət əşyalarından nə çıxardısa, bəlkə də birincisi Sərvət xanımda olardı. Sərvət xanım Həsənağadan çox cavan idi.

Həsənağa özü də öz geyiminə fikir verərdi. Köhnə “Zevin” küçəsində Syoma adlı bir yəhudi dərzi işləyərdi. O da hər adamı qəbul eləməzdi. Yaxşı kostyum tikdirmək istəyənlər də bir neçə ay əvvəldən növbəyə durardılar. Həsənağa üçün isə belə bir növbə-filan yox idi. İstənilən vaxt gedib Syomaya kostyum tikdirərdi. Hamısı da ən bahalı parçalardan. Bizim devrin ən dəbdə olan sözü – “privoznoy” parçalardan tikdirərdi. Üz-gözünə ən bahalı odekolonlardan vurardı. Bahalı siqaretləri isə xoşlamazdı. Çəkdiyi həmişə “Kazbek” olardı.

Amma özünün şəxsi mənzili yox idi. Musiqili Dram Teatrının binasının üçüncü mərtəbəsindəki məşq zalının arxasında müvəqqəti yaşayış üçün, ona hələ 60-cı illərdə üç otaqlı bir ev ayırmışdılar. Həsənağa həmin evdə yaşayırdı. Evlərində stolun üstündə həmişə cürbəcür bahalı çərəzlər, o dövrün ən bahalı sayılan “Göygöl” konyakı və digər ləziz təamlar olardı ki, qəfil evinə gələn qonaqlarını gözləyərdi. Fərqi yoxdur, gecə olsun və yaxud gündüz, Həsənağanın evi həmişə qonaqların üzünə açıq olardı. Bir sözlə, Həsənağa əsl məclis adamı idi və gözəl içki mədəniyyəti vardı.

– Ay Həsənağa, evdə iki balaca oğlun var, onların böyüməyi var, heç olmasa onları düşün. Bir kooperativ evə yazıl. Axı belə də olmaz. Bilək ki, bizim də öz evimiz var – həyat yoldaşı Sərvət xanım tez-tez deyərdi.

– Ay qız, evin yoxdur bəyəm? Yaşa da özün üçün. Çöldə yaşamırsan ki. Nə qədər ki mən sağam, səni fikir çəkməyə qoymayacağam. Ev də alacağam. Amma belə bir evi heç bir yerdə görə bilməzsən. Aləm sənin evinə həsəd aparır...  

Həsənağagilin evi mənim üçün o dövrdə sanki bir imarət idi. O vaxtın ən bahalı çilçıraqları, qiymətli qab-qacaqları, ipək yay xalçaları, yun qış xalçaları ilə həmin ev mənim üçün gizli bir aləmə oxşayardı.

– Axı dünyanın pulunu qazanırsan. Nə olar, bir kooperativ evə yazıl da. Axı bu ev bizim öz evimiz deyil, teatrındır.

– Eh, nə fərqi var ki... Yaşa. Sabahı düşünmə. Hər şeyi yoluna qoyacağam. Amma... Sən saydığını say, gör bir fələk nə sayır.

1977-ci ildə axırıncı dəfə Nazim Hikmətin “Şöhrət və ya unudulan adam” tamaşasını oynayan zaman, elə səhnədəcə Həsənağanı iflic vurur. O zaman Həsənağanın cəmi 54 yaşı vardı və hər şey bununla da bitdi

lll

Həsənağa əvvəl-əvvəl evdən çölə çıxmadı. Bir müddət evdə müalicə olundu. Amma əvvəlki yaraşıqlı görkəmi özünə qayıtmadı. Ayağı sözünə baxmırdı, əli əsirdi, əsa tuta bilmirdi, dili söz tutmurdu. Sonra isə yavaş-yavaş ayağını sürüyə-sürüyə evdən çölə çıxmağa başladı. 10-15 dəqiqə gəzib çətinliklə evə qayıdırdı.

Bir müddət də ötdü, daha evdən də çölə çıxa bilmirdi. Sözləri uzada-uzada danışırdı, dili topuq vururdu. Heç kimi də yanına gəlməyə, onu görməyə qoymazdı. Heç telefona da cavab verməzdi. Bircə atamdan başqa. İstəmirdi ki, onu bu görkəmdə, yataqda bir kimsə görsün. Qüruruna sığışdıra bilmirdi. Atam tez-tez yanına gedərdi.

– Bbəəəxxtiiiiyaar, məni görməyə tək gəl, heç kimlə gəlmə. İstəmirəm məni belə görsünlər.

O gözəllikdə, o şirinlikdə səsdən əsər-əlamət qalmamışdı. Tez-tez deyərdi: “Sən bir işə bax eee.... ölüm də məndən qaçaq düşüb, məni bəyənmir.

Atam:

– Ay Həsənağa, bəsdi sən Allah! Sağalacaqsan da, ayağa duracaqsan da...

Oktyabrın 21-də atam Həsənağagildən çox gec gəldi. Gözləri nəmli idi:

– Ax namərd dünya, o cür kişini gör bir nə hala saldın. Axı Həsənağa, Həsənağadır. O belə olmalı deyildi. Hm... yəqin, Həsənağa 2-3 gündən artıq yaşamaz.

Oktyabrın 22-də səhər tezdən Sərvət xanım zəng edib, ağlaya-ağlaya dedi ki, Həsənağa keçindi.

Telefonun dəstəyi atamın əlində qaldı. Atam hönkürtüsünü saxlaya bilmirdi. Ürəkdən ağlayırdı.

Bütün hadisələr bir göz qırpımında gözlərimiz önündən gəlib keçməyə başladı. Atamın universitetdən xaric olunması, işsizlik, şeirlərinin çap olunmaması, atam Həsənağaya bir dəfə zəng edəndə Həsənağanın bizə 5 dəfə zəng etməsi. Bir çoxları atamdan gen durmağa başlamışdılar onda. Atamdan qaçırdılar. Həsənağa isə...

– Ay Həsənağa, vallah, bilmirəm kimdirsə, tez-tez bizə ərzaq göndərir. Ərzağın da altında, zərfdə pul. Bu kim ola?

– Bəxtiyar, mən hardan bilim. Nə çoxdur yaxşı oğlanlara əl tutmaq istəyən yaxşı oğlanlar. Nə olsun ki... Nə var ki axı burda? Müvəqqəti çətinlikdir də.

– Bəlkə bu sənsən?... Hə... ay Həsənağa...

– Yox, Bəxtiyar, mən eləsəm, deyərəm mənəm də...

Tez də söhbəti dəyişərdi. Həsənağa boynuna almazdı. Bizə köməklik edən o özü idi. Boynuna almırdı ki, atam onun yanında utanar. Çox sonralar bildik bunu. Bu barədə çox yazmışıq:  atam da, mən də. Həsənağa Salayev düz iki il bizi heç nədən korluq çəkməyə qoymamışdı.

İndi isə Həsənağa dünyasını dəyişmişdi.

lll

İndi dəqiq yadımda deyil, 1990 və ya 1991-ci ilin payızı olardı. O zamanlar mən 26 Bakı Komissarları – indiki Səbail Rayon İcraiyyə komitəsinin sədri idim. Həftənin 5-ci günü idi. Bu gün ona görə dəqiq yadımdadır ki hər həftənin 5-ci günü mənim qəbul günlərim olardı və biz bu günə “ispolkom günü” deyərdik. Çox ağır gün olardı. Qəbul bəzən gecə 10-a, 11-ə qədər davam edərdi. Hamının dərdinə qulaq asmaq, həmin dərdlə yaşamaq, nəyin düzgün nəyin səhv olduğunu anlamaq və sair.

– Növbə kimindir, gəlsin.

– Ay İsfəndiyar, gəlmək olar?

Bu nə deməkdir? Qəbula gələnlərin hamısı yaşından asılı olmayaraq mənə İsfəndiyar müəllim deyə müraciət edir. Bu kimdir belə?...

Əvvəlcə tanımadım, birdən sanki məni tok vurdu. Ay aman...

– Sərvət xanım?

– Bəli. Gəlmək olar?

Ayağa durdum...

– Buyurun-buyurun, Sərvət xanım, bu nə sözdür. Əyləşin.

Bu həmin o Sərvət xanım idi ki (biz ona Veta xanım deyərdik) Həsənağa Salayev onu ovcunun içində saxlayardı. Bu həmin o Sərvət xanım idi ki...

Sərvət xanım yaman dəyişmişdi.

Dərdini danışmağa başladı. Sərvət xanımın da dərdi olarmış. O vaxtı ilə nə idarə qapısı tanıyarmış, nə dükan-mağaza bilərmiş. Həsənağa hər bir məsələni dərhal özü yoluna qoyardı, özü də bir telefon zəngi ilə... İndi isə Sərvət xanım özü gəlib. Özü də böyük bir məsələnin həlli üçün. Bu isə Sərvət xanımın gücündə əmələ gələn məsələ deyildi. O danışdıqca mən hiss edirdim ki, mənimlə çox ərksiz danışır. Baxmayaraq ki, otağa daxil olanda mənə İsfəndiyar deyə müraciət etmişdi, müəllim deməmişdi... Çünki gözünün qabağında böyümüşdüm. İndi isə Sərvət xanım gözünün qabağında böyüyən uşağın qarşısında çox ərksiz və xahiş formasında danışırdı. Deyirdi ki, 5 ildir ev növbəsindədir. Düzdür, başa düşür ki, 5 il ev növbəsində durmaq ev almaq üçün çox az bir müddətdir. Amma başqa əlacı da yoxdur. Yoxsa mənə əziyyət verməzdi. Çünki yaşadıqları teatr təmirə dayanıb deyə onları evdən çıxarırlar. Evi boşaltmaq üçün çox az bir müddət veriblər. Sözsüz ki, onlara ev verəcəklər. Amma harada? Bakının ən dib-dəhnə yerində. O da hələ məlum deyil ki, nə zaman olacaq. O danışdıqca Salayev dünyasını dəyişdikdən  sonra olmadığım o gözəl mənzil gözlərim önündən keçdi. Aman Allah, mən indi nələr eşidirəm, nələr görürəm. Fikrim dünəndə idi. Sanki birdən diksindim. A... bunlar nə edirlər? Salayevin ailəsini evdən çıxartmaq?! Sərvət xanım dərdini danışdıqca sanki öz acizliyimi hiss edirdim. Məsələ bunda idi ki, 21 il ev növbəsində dayanmış, iki ayağı da şikəst olmuş, yarım zirzəmidə yaşayan bir qadına, boşalmaqda olan bir erməni evini söz vermişdim. Həmin ev tam qanunla həmin qadına düşürdü. O qadın da hər gün yanıma gəlib-gedirdi. İndi isə birdən-birə Salayevin məsələsi ortaya çıxmışdı. Artıq ev isə məndə yox idi. Yox... Boşalan evlər çox idi, lap çox idi. Amma hər bir qarış sahə yuxarıların nəzarətində idi. Onlar heç nəyi nəzərdən qaçırmazdılar.

Elə bu vaxt hökumət telefonu zəng çaldı. Zəng edən Bakı şəhər partiya komitəsinin birinci katibi Rüfət Ağayev idi, məni yanına çağırırdı.

Dəstəyi yerinə qoyaraq üzümü müavinlərimə tutub: – Mən gedəsi oldum, qəbulu mənsiz aparın, – dedim. – Sərvət xanım, gəlin bir yerdə gedək. Mən sizi apararam. Yolda da danışarıq.

– Yox, mən yaxında oluram. Teatr yaxınlıqdadır. Axı mənə heç nə demədiniz...

– Sərvət xanım, mən sizi evsiz qoymayacağam, arxayın olun. Bir şey fikirləşəcəyəm...

Əhvalatı olduğu kimi Rüfət Ağayevə danışdım və xahiş etdim ki, əgər mümkünsə, bu işdə mənə kömək etsin. Amma ondan müsbət cavab ala bilmədim, mövqeyini qanunla, mövcud reallıqla əsaslandırmağa çalışdı, evi bir başqa, indi adını çəkmək istəmədiyim adama verməyimi tapşırdı. Mən isə...

Ordan birbaşa Bakı şəhəri icraiyyə komitəsinə gəldim. Əgər belə demək caizsə, şəhər merinin yanına. O zamanlar komitənin sədri rəhmətlik Sənan Əlizadə idi. Əhvalatı ona da danışdım. Diqqətlə qulaq asdı, ancaq axırda başını bulayaraq:

– Mən sənə bu işdə heç bir kömək edə bilmərəm...

Anladım ki, doğru deyiblər: güc doğana düşər. Özüm nəsə etməliyəm. Oradan işə qayıtdım. İşə çatanda artıq axşam saat 10 olardı. Qəbulu saxladım. Otaqda oturub nə edəcəyimi bilmirdim. Elə siqareti siqaretə calayırdım. 21 il ev növbəsində duran qadın, gözlərimin önündən getmirdi. Həsənağa Salayev da elə bil haradansa, lap uzaqlardan üzümə baxıb istehza ilə gülürdü. Elə bu vaxt telefon zəng çaldı. Bu adi, birbaşa katibə ilə əlaqəsi olmayan telefon idi, nömrəsini isə bir atam bilirdi, bir də ki, ev camaatı. Ürəyimə damdı ki, bu, atam olacaq. Dərhal dəstəyi qaldırdım. Atam idi.

– Ay oğul, hələ işdəsən?

Dərindən nəfəs aldım. Bilmirəm, nədənsə atamın səsini eşidəndə arxayınlaşırdım.

– Hm... Hə, ay ata, işdəyəm.

– Ay qardaş (atam mənə qardaşım deyərdi), vaxtın varsa, dur gəl bizə.

(Adına qurban, ay ata, məni həmişə sən başa düşmüsən. Ən çətin, ən ağrılı vaxtlarımda mənə arxa olmusan).

Elə atam da Həsənağa Salayevin məsələsini deyirdi. Həsənağa Salayev dünyasını dəyişəndən sonra, heç kimə söz deməyən, aciz qalan Sərvət xanım atamdan da bu məsələni xahiş etmişdi.

– Bunu sənə demək artıqdır, özün də bilirsən ki, Həsənağa mənim üçün, ailəmiz üçün kim olub. İndi Sərvət xanıma kömək etmək lazımdır.

Atam həyəcanlı danışırdı:

– Həsənağanın ailəsinə ev vermirlər.... Bu bilirsən nə deməkdir?...

Mən heç nə demir, qulaq asırdım. Atam 50-ci illərdən, ta bu günə kimi Həsənağa Salayev ilə bağlı bütün olmuş hadisələri mənə xatırladırdı. Gözləri dolmuşdu. Gecə saat 12 olardı. Başımı qaldırdım. Atam siqareti siqaretə calayırdı.

lll

Məsələ onda idi ki, əgər mən həmin o mübahisəli evin orderini Sərvət xanımın adına yazdırsaydım, onsuz da yoxlatdırıb biləcəkdilər ki, 5 il mənzil növbəsinə duran adama ev düşmür, orderi ləğv etdirəcəkdilər. Amma mən başqa cür də edə, hər şeyi birtəhər qanuni şəklə sala bilərdim. Bəs onda 21 il mənzil növbəsində duran, şikəst qızın anası... “İsfəndiyar müəllim qurban olum sizə, sonra fikrinizi dəyişməzsiz ki...” Bu sözlər qulağımdan çəkilmirdi. Yox, həmin qadına da onsuz da, uzağı 1-2 aya ayrı ev verə bilərdim. Bir az yubanacaqdı. Əlbəttə, ev verəcəkdim. Amma harada? Allah bilir. Uzaqbaşı, Rüfət Ağayevin təkidli göstəriçindən çıxıb onun qəzəbinə tuş gələcəkdim. Axı o bu evin tamam başqa bir adama verilməsini tapşırmışdı...

Otağında oturub, rəhmətlik Məmməd Araz demişkən, “özümlə oynadığım şahmata gülürdüm”. Mən həqiqətən özüm ilə şahmat oynayırdım. Vaxtı ilə yaxşı şahmatçı olmuşam. Azyaşlılar üzrə Bakı şəhər çempionluğunu qazanmışam. Amma belə çətin vəziyyətə düşməmişdim.

lll

Mətləbdən bir qədər aralı düşdüm. Mən özümü heç kimlə müqayisə etmirəm. Heç belə fikrimdə yoxdur. Məni düzgün başa düşün. Böyük Fransa inqilabı idi. Qanun keşikçisi Javer, qatı cinayətkar Jan Valjanı qarabaqara izləyirdi. Ondan əl çəkmirdi. Döyüş səhnəsi. Javer ağır yaralanır, huşunu itirir. Birdən hiss edir ki, kimsə onu çiyninə alıb, döyüş meydanından uzaqlaşdırır. Nə qədər huşu özündə olmasa da, bütün gücünü toplayıb, onu xilas edən adamı tanımaq istəyir. Başını qaldıran da görür ki, onu xilas edən adam, döyüş meydanından çəkib çıxardan, illər boyu axtardığı Jan Valjan özüdür. Jan Valjan onu çox böyük çətinliklə, öz həyatı bahasına xilas edir. Gətirib onu arxayın bir yerə qoyur. Özü isə çəkilib gedir. Javer nə qədər yaralı olsa belə, nə qədər huşu gedib-gəlsə belə, artıq bilir ki, Jan Valjan haradadır, harada gizlənir. Bir-iki günə sağalıb ayağa duran kimi Jan Valjanı həbs edəsidir. Çünki qanun keşikçisidir. O, qanuna görə ata-anasından da keçər. Bəs vicdan?... O, körpüdən əyilib Sena çayına baxırdı. Axar su sanki onu özünə doğru çəkirdi. Nə etsin? Jan Valjanı həbsmi etsin?... Bəs vicdan? O Jan Valjan ki, onu ölümdən xilas edib. Onu azadmı buraxsın?... Bəs and içdiyi qanun? Onda Javer üçüncü yolu seçir. Özünü Sena çayına atıb intihar edir. Vəssalam. Nə qanundan keçir, nə də öz vicdanından...

Mən isə bunların heç birini bacarmadım. İntihar da etmədim (yox, əlbəttə yox, bu işə görə adam özünə intihar etməz. Bu axmaq söhbətdir. Mən nə Hamletəm, nə də Ovod. Nə var-nə var, bir mənzilə görə intihar etmək?!), ərizə yazıb işdən də getmədim. Amma həmin mənzili Salayevin ailəsinə də vermədim. Həmin o adını çəkmək istəmədiyim adamdan isə heç söhbət belə gedə bilməzdi. Mən o mənzili 21 il ev növbəsində duran, yarımzirzəmidə yaşayan, qızı şikəst olan qadına verdim. Vəssalam.

Paho, aləm qarışdı, nə qarışdı. Orderi ləğv etdirmək istədilər. Amma bacarmadılar. Çünki qanunla həmin mənzil o qadına düşürdü. Mənə çox böyük təzyiqlər oldu. Amma...

lll

İndi bu hadisənin üstündən 25 ilə yaxın vaxt keçir. Doğrudur, Həsənağa Salayevin ruhu qarşısında üzü qarayam. Onun bizim ailəmiz üçün elədiklərinin heç yüzdə birini qaytara bilmədim, bacarmadım. Yeganə təskinliyim odur ki, ədalətin qarşısında düzgün hərəkət elədim. Vicdanımın qarşısında isə... Bircə atam məni başa düşdü. Dərindən başa düşdü. Bircə kəlmə dedi:

– Qardaş, sənə həyatda çox çətin olacaq. Bilmirəm, məndən sonra sən necə yaşayacaqsan...

“Ədalət var, xəyanətdən rəzildir”... Vaxtım gələndə mən də bu dünyadan gedəcəyəm. Əgər ruh deyilən varsa, bütün bunları Həsənağa Salayevin ruhuna çatdıracağam.

Minsk, 2014-cü il

 

İsfəndiyar VAHABZADƏ

525-ci qəzet.- 2014.- 8 noyabr.-S.14-15