Elektron hökumət: cəmiyyətdə
tərəqqiyə təkan verən müasir
xidmət
Elektron hökumət
dövlət idarəetməsində
keyfiyyətin və səmərəliliyin gücləndirilməsi
və yaxşılaşdırılması
məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarının
tətbiqi deməkdir. “E-hökumət” – vətəndaşlara
dövlət tərəfindən
verilən xidmətlərin
elektron mühitdə təqdim edilməsidir.
Burada dövlət xidmətlərinin
vətəndaşa ən
asan və ən təsirli yolla, həm də keyfiyyətli, sürətli, fasiləsiz
və etibarlı bir şəkildə çatdırılması əsasdır.
Bürokratik və klassik
dövlət anlayışlarının
yerini almağa başlayan “E-hökumət”
anlayışı ilə
hər təşkilatın
və fərdin məlumat və kommunikasiya texnologiyaları
ilə dövlət təşkilatlarına, təşkilatlar
tərəfindən təqdim
edilən xidmətlərə
asanlıqla əli çatması nəzərdə
tutulur. Ölkəmizdə “Elektron hökumət”in
inkişaf etdirilməsi
beynəlxalq təcrübəyə
əsaslanır. Eyni
zamanda Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan
Respublikasında rabitə
və informasiya texnologiyalarının inkişafı
üzrə 2010-2012-ci illər
üçün Dövlət
Proqramının (Elektron
Azərbaycan)” təsdiq
edilməsi haqqında
Sərəncamı, “Dövlət
orqanlarının elektron
xidmətlər göstərməsinin
təşkili sahəsində
bəzi tədbirlər
haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ-hüquqi aktlar əsasında davamlı fəaliyyət üçün hüquqi
baza yaradılıb.
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görülən işlərin
əlaqələndiricisi olaraq
“elektron hökumət”in
formalaşması üzrə
digər dövlət
orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə
işlər həyata
keçirir. Artıq elektron imzaların istifadəsi üçün
Milli Sertifikasiya Xidmətləri Mərkəzi
yaradılaraq, dövlət
qurumlarının informasiya
sistemləri arasında
informasiya mübadiləsini
təmin edən infrastruktur qurulub və “Elektron hökumət” portalı hazırlanaraq istifadəyə
verilib. Bütün dövlət qurumları
bunlardan bəhrələnərək
vətəndaşlara elektron
xidmətlərin göstərilməsini
təmin edə bilirlər.
Üstünlükləri və faydaları
Elektron hökumət
dövlət idarəetmə
orqanları və cəmiyyət arasında əlaqələrin İnformasiya
Kommunikasiya Texnologiyaları
(İKT) vasitəsilə qurulması
anlamına gəlir. Məhz İKT sayəsində dövlət
və cəmiyyət arasında qarşılıqlı
əlaqələr təmin
edilir. Bunun sayəsində vətəndaşlar
və biznes üçün rabitə
imkanları asanlaşır,
xərclər azalır,
proseslər xeyli sürətlənir. Bütün cəmiyyətin
xeyrinə olan ictimai xidmətlərin keyfiyyəti və şəffaflığı əhəmiyyətli
dərəcədə artır.
Hazırda e-hökumət ifadəsi
müasir dövlət
sözünə sinonim
kimi başa düşülür. Elektron hökumət
strategiyasının əsas
prinsiplərindən biri
cəmiyyətdə vətəndaş,
dövlət, əyalət
və yerli səviyyələrdə e-hökumətin
bütün formalarından
istifadə edilməsinə
imkanlar yaratmaqdır.
Danılmaz faktdır ki, dövlət idarəetməsində
elektron proseduraların
davamlı genişlənməsi
və vətəndaşlar
arasında etimadın
yüksəlməsi müntəzəm
olaraq e-hökumət xidmətlərindən istifadənin
artmasına gətirib
çıxarır.
Çünki bu xidmət informasiya texnologiyalarından
istifadə etməklə
dövlət orqanları
tərəfindən Azərbaycan
ərazisində yaşayan
bütün vətəndaşlara,
hüquqi və fiziki şəxslərə,
eləcə də xarici vətəndaşlara,
vətəndaşlığı olmayan şəxslərə
informasiya xidmətlərinin
və e-xidmətlərin
göstərilməsi kimi
üstünlüklər qazandırır. Həmçinin vətəndaşın sorğusuna
əsasən məlumatların
axtarılmasına və
əldə edilməsinə
sərf olunan vaxtın minimuma endirilməsində bu xidmət böyük rol oynayır. İstifadəçinin yerləşdiyi coğrafi
məkandan asılı
olmayaraq, təqdim olunan elektron xidmətlərdən ölkənin
bütün ərazisində
istifadənin mümkünlüyü
də e-hökumətin
üstünlükləri sırasındadır.
Xüsusi
imkanlar
E-hökumətin istifadəçilərinə
təqdim etdiyi yeni imkanların əsas məqsədində
– xidmətlərin göstərilməsi
üçün dövlət
qulluqçuları və
vətəndaşlar arasında
olan “məsafəni” minimuma endirmək, bu münasibətləri inkişafına nail olmaq və düzgün bir siyasi xətlə
aparmaq, şəffaflaşdırmaq
dayanır. Təbii ki, bütün
bu məqsədlərin
həyata keçməsi
üçün dövlət
orqanları tərəfindən
elektron xidmətlərin
tətbiqi, onların miqdar və keyfiyyətinin artırılması,
vətəndaşların bu
kimi xidmətlərdən
mümkün dərəcədə
daha çox istifadə etməsi və məmnunluğunun yüksəldilməsi vacibdir.
Vətəndaşlar üçün
istifadəyə verilən
xidmətlərə misal
olaraq – gəlir vergisi, iş axtarışı (müəssisələrdə
vakansiyalar), sənədlərin
verilməsi (pasport və sürücülük
vəsiqəsi), vətəndaşların
qeydiyyat aktları (doğum, ölüm, nikah), avtomobillərin
qeydiyyatı, onlayn ərizə (ali məktəbə daxil olmaq, tikinti aparmağa razılıq almaq, pensiya, müavinət və s. haqqında), yaşayış
yerində qeydiyyat, səhiyyə xidmətləri
(e-məsləhət) və
s. göstərmək olar.
“Elektron Hökumət” portalı
Bu xidmətlərin göstərilməsində
“Elektron hökumət”
portalının (www.e-gov.az) rolu xüsusi qeyd edilməlidir. Çünki vətəndaşların dövlət
orqanları ilə əlaqələrinin daha rahat və uyğun
şəkildə baş
tutması üçün
göstərilən elektron
xidmətlər məhz
bu portalda cəmlənib.
“Elektron hökumət”
portalı vətəndaşların
dövlət orqanları
ilə təmaslarını
daha münasib şəkildə qurulması
üçün “bir pəncərə” prinsipi əsasında təşkil
edilib. Portal dövlət
orqanlarının göstərdikləri
elektron xidmətləri
kompeks şəkildə
özündə cəmləşdirir.
“E-gov.az” qurumlar tərəfindən təqdim
olunan xidmətlərə
tək bir internet saytı üzərindən
daxil olma imkanının təqdim edilməsi, xidmətlərlə
əlaqədar doğru
və aktual məlumatlara çatma imkanının təmin olunmasıdır. “Elektron hökumət” portalında yerləşdirilən
bəzi elektron xidmətlər üçün
(vergi, rüsum və s.) ödəniş
edilməsi, lazım gəldikdə bu əməliyyatların portal üzərindən
təhlükəsiz şəkildə
aparılması da mümkündür.
E-hökumət və biznes sektoru
Layihənin biznes sektoru üçün də mühüm üstünlükləri
var. İş adamlarının
dövlət orqanları
ilə səmərəli
və operativ şəkildə əlaqələrinin
qurulması və xərclərin azaldılması,
iqtisadi səmərəliliyin,
rəqabət və xarici bazarlara çıxış imkanlarının
artması əldə
olunan imkanlardan bəziləridir. Bu sektor
üçün göstərilən
xidmətlərə nümumə
kimi sosial fondlara ödəmə, e-bəyannamə, e-vergi hesab-fakturası, e-imza, yeni şirkətlərin qeydiyyatı və gömrük bəyannamələri,
e-lisenziya, e-satınalma,
e-kotirovka, e-hərrac,
arayışların verilməsi
və sairəni göstərmək olar.
Bütün bunlar vətəndaşlara operativ və keyfiyyətli xidməti təmin etməklə cəmiyyətdə normallaşma, tərəqqi proseslərini sürətləndirir. Nəzərdən qaçırmaq olmaz ki, demokratiyanın gücləndirilməsi, ictimai-siyasi fəaliyyətdə vətəndaşların iştirakının artırılması üçün informasiya vasitələri, eləcə də informasiya-kommunikasiya texnologiyalarından istifadə vacibdir və bunlar elektron hökumətin mövcudluğunu şərtləndirən amillərdir. Elektron hökumətin xidmətləri sayəsində informasiya mühiti ilə bağlı qərarların qəbul edilməsinə və monitorinqinə bir növ elektron dəstək tətbiq olunur. Bu dəstək vətəndaşların dövlət orqanları ilə qarşılıqlı münasibətə cəlb olunmasından ibarətdir. Vətəndaşların bütün bu xidmətlərdən istifadəsi və üstünlüklərdən faydalanması üçün “Elektron hökumət” portalı öz işini hər gün xüsusi nəzarət və gücləndirilmiş rejimdə davam etdirir.
Asanlaşan təmas
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda elektron hökumətin formalaşdırılması sahəsində görülən işlərin KİV-də geniş işıqlandırılmasını müsbət məqam kimi dəyərləndirir. Onun sözlərinə görə, elektron hökuməti istifadəçilərin qiymətləndirməsi, müəyyən təkliflərin irəli sürülməsi, olan problemlərin qabardılması müsbət haldır. Elektron hökumətin hər bir vətəndaşın istifadə edə biləcəyi mənbəyə çevrilməli olduğunu deyən nazir müavini təklif edilən elektron xidmətlər vətəndaşların dövlət orqanları ilə təmasını daha da asanlaşdırdığını diqqətə çatdırıb: “Elektron hökumət portalı iki ildir vətəndaşların ixtiyarına verilib. Hazırda elektron portalına qoşulmuş e-xidmətlərin sayı 374 ədəddir. Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya uyğun olaraq xidmətlərin sayı 291 ədəddir. Qarşıda duran məqsəd ondan ibarətdir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə müəyyənləşdirilmiş bütün elektron xidmətlər portallarımıza inteqrasiya olunsun və vətəndaşlarmızın ixtiyarına verilsin. Sevindirici hal bir də ondan ibarətdir ki, ölkəmizin hər bir nöqtəsində internet vasitəsilə elektron hökumət portalları ilə müraciət etmək mümkündür. Hazırda qanunvericilik imkan verir ki, vətəndaş özü haqqında dövlət qurumlarından informasiya sistemlərində olan məlumat əldə etsin. Arayışın elektron şəkildə verilməsi kredit alınma prosesində müsbət bir addımdır. Bu, vətəndaşların demək olar ki, heç bir quruma bilavasitə müraciət etmədən arayış ala bilməsinə köməklik göstərir”.
Qeyd edək ki, Məlumat Hesablama Mərkəzindən (MHM) verilən rəqəmlərə görə, bu günə qədər Bakı üzrə 53851 vətəndaş kod-parol əldə edib ki, onlardan 49554-ü onlayn qeydiyyatdan keçib, 4297-i qeydiyyat mərkəzlərindən kod-parol alıb. Sumqayıt şəhəri üzrə ümumilikdə 7185 vətəndaş qeydiyyatdan keçib, onlardan 6796-sı onlayn qeydiyyatdan keçərək, qalan 389-u qeydiyyat mərkəzlərindən kod-parol əldə edib. Gəncə şəhəri üzrə isə 6671 nəfər onlayn qeydiyyatdan keçib, 274 nəfər qeydiyyat mərkəzlərindən kod-parol alıb. İndiyə qədər ümumilikdə, 122701 istifadəçi qeydiyyatdan keçib, onların 114211 nəfəri onlayn qeydiyyatdan keçib, 8490 nəfəri isə qeydiyyat mərkəzlərindən kod-parol əldə edib. Bugünəcən elektron xidmətlərə 5,5 milyon dəfədən çox müraciət olunub. E-xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı vətəndaşlar tərəfindən xidmət təminatçısı ilə əlaqə yaradılması, təklif, şikayət və s. xarakterli müraciətlərin göndərilməsi üçün “Əks əlaqə” adlı xüsusi bölmə hazırlanıb.
Əldə olunan irəliləyişlər
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyir ki, Azərbaycanda e-hökumət quruculuğu sahəsində xeyli irəliləyişlər əldə olunub. Onun sözlərinə görə, vətəndaşların böyük əksəriyyəti elektron hökumətdən bəhrələnir, xidmətləri elektron formada əldə edir, hökumətlə münasibətlərini elektron müstəvidə qurur, dövlət qurumları ilə yazışmaları elektron müstəvidə aparırlar: “Azərbaycanda bir sıra dövlət qurumlarında bu sahədə vəziyyət çox yaxşıdır. 10 ildir ki, bu dövlət qurumlarında sözügedən istiqamətdə sistemli formada addımlar atılır. Bu sırada Vergilər Nazirliyini, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını, Dövlət Sosial Müdafiə Fondunu, o cümlədən son illər fəallaşan Əmlak Məsələləri Dövlət Komitəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanı da qeyd etmək olar”.
İsgəndər
HƏSƏNOV
Yazı Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi ilə Məlumat Hesablama
Mərkəzinin birgə keçirdiyi müsabiqəyə təqdim olunur.
525-ci qəzet.-
2014.- 8 noyabr.- S.10.