Bir serial haqqında düşüncələr

 

 

Yazıçı Tahir Kazımovun detektiv janrında qələmə aldığı "Qisas" romanı hələ  1990-cı ildə böyük tirajla (40000 nüsxə) "Yazıçı" nəşriyyatında, 2011-ci ildə isə 5000 nüsxə tirajla "İnam"  nəşriyyatında çap olunub, dəfələrlə kinematoqrafların, kino rejissorlarının diqqətini cəlb edib. Nəhayət, bu il  Asif Abramovun  rejissorluğu ilə "Qisas" romanı əsasında 31 serialdan ibarət film çəkilib. Hazırda "Lider" televiziya kanalında nümayiş etdirilən bu filmin çəkilişi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin teleseriallar üçün ayırdığı vəsait hesabına  maliyyələşdirilib.

"Qisas" romanının fəlsəfəsi ondan ibarətdir ki, heç bir cinayət cəzasız qalmır. Cinayətkarlar ya qanun qarşısında cavab verirlər ya da  Allah onların bəlasını verir. Bu anlam, bu düşüncə, bu fəlsəfə ssenarinin əsas qayəsini təşkil edir.

Əsəri oxuyarkən bu qənaətə gəlirsən ki, eşqin verdiyi güc dünyanı gözəlləşdirirsə, nifrətin gücü pis, iyrənc əməllərə yol açır . Filmə baxanda isə bir daha əmin olursan ki, zəif insanların qisası daha amansız dəhşətli olur. Bir vaxtlar Bernard Şou bu barədə belə yazmışdı: "Nifrət qorxaq insanın keçirdiyi qorxu hissinə görə aldığı qisasdır".

Romanın, eyni zamanda serialın bir özəlliyi odur ki, burada bütün hadisələr sanki bir hadisədən törəyir, səbəb nəticə əlaqəsi əsər boyu müşahidə olunur. Əsər, film şər qüvvələrin məhvi məğlubiyyəti ilə yekunlaşır.

Serialda diqqəti cəlb edən bir ümumdünya qanunauyğunluğu da özünü aydın göstərir: Pisliyin törətdiyi pisliklər tükənmir. Pisliyin sonu cinayətlə bitir, cinayət cinayət törədir.

"Qisas" teleserialına  tamaşa edərkən ilk baxışdan elə təəssürat yaranır ki, bütün həyat qisas üzərində qurulub, həyatda bütün hadisələri törədən səbəb insanların qisas almaq ehtirasıdır. Həqiqət isə budur ki, eqaizm, təkəbbür özünümüdafiə instinkti insanı qəddara, vəhşiyə çevirir. Serialda Kərimov kimi vicdanlı xeyirxah polis işçiləri vardır ki, bu insanlar öz əməlləri ilə bir tərəfdən tamaşaçını qanunlara hörmət etməyə, eyni zamanda , xeyirxahlığa sövq edirlər.

Yazıçı Tahir Kazımov uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb. Onun romanda təsvir etdiyi hadisələrin bir çoxu real həyatdan götürülüb. Müəllif keçmiş polis işçisi olduğu üçün təsvir etdiyi istintaq axtarış prosesi, cinayət hadisələri daha təbii inandırıcı görünür.

Çoxları belə hesab edirlər ki, qisas almaq şərqlilərə məxsus xüsusiyyətdir. Demokratik Avropa ölkələrində, qanunun aliliyi təmin olunmuş ölkələrdə qisasçılığa ehtiyac yoxdur. Doğrudanmı bu belədir? Əlbəttə, yox! Ona görə ki, qisasçılıq ictimai quruluşun deyil, fərdlərin, daha doğrusu canlıların, bioloji varlıqların  xüsusiyyətidir. Tahir Kazımovun "Qisas"ı almanya fransız qisasından yalnız forma və məzmununa görə fərqlənə bilər.

Əsərdə-senaridə azadlığa çıxdıqdan sonra Rəhmanın (Rafiqin) türmədə onu rüsvay etmiş Xanlardan aldığı qisas dünyanın çox ölkəsində dərk olunmaya bilər. Məsələn, İngiltərədə anasının, bacısının və ya qızının namussuzluğunu kişilər əksər hallarda özlərinin şəxsi problemləri kimi qəbul etmirlər. Onlar üçün "yalançı" adlandırılmaq bundan qat-qat rüsvayçılıqdır. Lakin azərbaycanlı mentalitetində bu, dəhşətli bir hadisədir.

Tahir Kazımovun digər əsərlərində olduğu kimi "Qisas"da da romantika ab-havası duyulur. Bu da onun xarakterindən gəlir. "Qisas"ın digər özəlliyi isə ondadır ki, müəllif obrazların əməllərini əsaslandırmaq üçün arqumentlər taparaq dramatik situasiyalar yaradır və tamaşaçını daim gərgin vəziyyətdə saxlamağa nail olur.

Nədənsə, dünyanın  hüquqçuları bir günahsızın həbsdə yatmağındansa yüz günahkarın azadlıqda gəzməsini üstün tuturlar. Tahir Kazımov isə bir nəfər də olsun cinayətkarın azadlıqda qalmasını arzulamayan hüquqşünas-yazıçıdır. Bunu romanı oxuyanda da, serialı izləyəndə də aydın  görürük. Müəllif əsərdə heç bir cinayətkara şans vermir, hamısını bir-bir "aradan götürür" və ya rəzil vəziyyətə salır. Vətəndaş mövqeyindən çıxış edən yazıçı "Qisas" əsərində ölkənin cinayətkarlardan təmizlənməsini əsas motiv kimi qoyub.

"Qisas" romanı ilə senari arasında bəzi fərqlər də vardır. Bu fərqlərdən biriodur ki, əsərdə polis işçilərinin işi önə çəkilib. Atasının pis əməllərinə görə hələ yeniyetmə çağında bütün arzuları tar-mar olan  Zülfiyyənin sevgisi və iztirabları daha böyük ustalıqla təsvir olunub.

 T.Kazımov bir çox roman və povestlərin, hekayələrin müəllifidir. "Qisas" onun detektiv janrında yazdığı romanlardan biridir. Müəllif əsərdə janrın xüsusiyyətlərinə uyğun olaraq oxucunu daim intizarda qoyur, onu çoxsaylı suallara cavab axtarmağa məcbur edir. Bu sualların çoxu isə   əsərin sonunda cavablanır. Serialda isə hər şey göz qabağındadır. Hadisələr aydın şəkildə, ardıcıllıqla təsvir olunur. Əslinə qalsa bu cür fərqlilik rejissorun üslubundan irəli gəlmir, daha çox texniki imkanlarla bağlıdır, filmin, ssenarinin xüsusiyyətlərindən doğur  zəruri, məcburi fərqlilikdir.

Serialda aktyorların çoxunu  ilk dəfə görürük. Elə bunun özü də, aktyorların rollarını ustalıqla oynamaları da, ümumiyyətlə rejissor işi, çəkiliş üçün seçilən səhnələr, dekorasiya, hadisələrin dinamikasına və  mahiyyətinə, obrazların psixoloji durumuna uyğun olaraq seçilən musiqi də diqqəti cəlb edir.

 Elə hesab edirik ki, serialda kriminal aləmə məxsus personajların ədəbi dildə deyil, jarqonla danışması onu daha da baxımlı edərdi. Əxlaqsızlıq yuvasının başında duran Rayanın zəngin, təmtəraqlı həyat tərzinin nümayişi də serialın təqdir olunmayan qüsuru sayıla bilər.

 Serialda həyatın eybəcərlikləri də , gözəllikləri də eyni dərəcədə öz əksini tapıb. Burda xeyirlə şər üz-üzə dayanır. Düşünürsən ki, həyatın başlanğıcında bir şər olub, bir xeyir. Onlardan törəyən əməllər  zəncirvari reaksiya kimi bu günümüzədək davam edir.

Azərbaycan dövlətı, dövlətimizin başçısı serialların çəkilişinə xeyli vəsait ayırır. Sözsüz ki, həmin seriallar ölkəmizin inkişafına, millətimizin, xalqımızın maariflənməsinə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və s. xidmət etməlidir. Elə hesab edirik ki, bu baxımdan "Qisas" teleserialı qarşıya qoyulan tələblərə cavab verir.

Bir neçə gündən sonra "Qisas" teleserialının nümayişi başa çatacaq. Amma xeyirin şər, xeyirxahlığın bədxahlıq üzərində qələbəsindən aldığımız mənəvi zövq  uzun müddət bizə xoş duyğular yaşadacaq.

 

Arif QULİYEV

Azərbaycan Yazıçılar Birliyinin üzvü, akademik Yusif Məmmədəliyev adına Mükafatın Laureatı

525-ci qəzet.- 2014.- 12 noyabr.- S.8.