Mirzə Yusifin 60-ı
Bu
yaxınlarda onun 60 yaşının tamam olacağını
eşidəndə ilk əvvəl "doğrudanmı?" -
deyə bir az da təəccüblə soruşdum. Sualım səmimi
idi və mən azından, nəyə görəsə, demək
olar ki, hər gün gördüyüm Mirzə Yusifi 60
yaşında təsəvvür edə bilməzdim. Lakin təsəvvürə
sığıb-sığmamağından asılı
olmayaraq fakt, faktlığında qalırdı: kişi 60
yaşına gəlib çatıb.
Və nə
qədər qəribə də olsa, haradansa uzaq tələbəlik
illərimi xatırladım. Müəllimimiz Sərdar Quliyevin
18-19 yaşındakı gənclərə, yəni bizlərə
o vaxt dediyi sözlər yadıma düşdü: ləyaqətini
qoruyaraq 60 yaşına gəlib çatmaq da bir qəhrəmanlıqdır.
Və onu da xatırladım ki, həmin cümlədəki məntiqi
vurğu "ləyaqətini qoruyaraq" ifadəsini vururdu. O
vaxt yox, sonralar bəzilərimizə məlum olacaq ki, bu,
pedaqogika müəllimimizin gedəcəyimiz yol ilə
bağlı xəbərdarlığı imiş. Mirzə
Yusifin 60 yaş xəbəri hörmətli müəllimimi
minnətdarlıqla xatırlatdı və qəhrəmanımın
şəxsində o fikrin hikmətini bir daha yaşadım.
Mirzə
Yusifin 60-ı xəbəri istər-istəməz məni
tarixi Vətənimizə, ağır ellərimizə
apardı. Bir ucu Qəmərli-Vedi, Zəngibasardan başlayaraq
Ağbabaya, Loru-Pəmbəyə qədər uzanan, Dağ
Borçalıya qovuşan o Vətənimiz ki, orada
"İrəvanda xal qalmadı. . . " zümzüməsi
Arpaçayın qıjıltısına qovuşaraq heyrətamiz
musiqi yaradırdı. Və biz o musiqi ilə
böyüdük.
İrəvan ədəbi mühiti haqqında bu gün ara-sıra danışılır. Yox, ona görə yox ki, o mühit, həmin mühiti yaradan adamlar unudulur, unudulub. Sadəcə ona görə ki, həmin mühitin akademik tədqiqi və təqdimatı bu günəcən olmayıb. Təqdimatda isə o mühitin müasir Azərbaycan ədəbiyyatı, incəsənəti, rəngkarlığı, bir sözlə, mənəviyyatımızın formalaşmasındakı heyrətamiz rolu qabarıq görünər. Həmin mühitin dağıdılması istiqamətində birinci addım 1828-ci ildə - İrəvan xanlığının işğalından sonra o ərazidə İrəvan Erməni Vilayətinin yaradılması ilə bağlı Rusiya imperatorunun imzaladığı fərmanla atıldı. İkinci addım isə 1918-ci ilin mayında İrəvanın elan olunacaq Ermənistan Respublikasına güzəşti ilə yadda qaldı. Bununla da aborigen əhalinin- azərbaycanlıların əsrlər boyu yaşadığı böyük bir ərazinin girovluq tarixi başladı. Həmin vaxtdan məşhur gürcü mütəfəkkiri İlya Çavçavadzenin dili ilə desək, İrəvanda "erməni alimləri və ağlayan daşlar" erası boy verdi, onun toponimlərinə qarşı etnosid kompaniyası start götürdü. Nəfəslik üçün saxlanılan isə İrəvan Dövlət Teatrı və "Sovet Ermənistanı" qəzeti oldu. Mirzə Yusifi o mənada xoş taleli insan hesab etmək olar ki, həmin nəfəslikdən verilən havada pay sahibinə çevrildi. Qəzetdə, nəinki İrəvan ədəbi mühitinin, ümumilikdə Azərbaycan jurnalistikasının sifəti sayıla biləcək imzalar gedirdi: Teymur Əhmədov, İsrafil Məmmədov, Rza Əsgərov, Nüsrət Sadıqov, Tofiq Məmmədov, Bəxtiyar Səttaroğlu, Allahyar Rəhimov, Kazım Qaraçanta və başqaları. 1970-ci illərin sonunda onların cərgəsinə Mirzə Yusifin də imzası qoşuldu. Dünyanın ağlagəlməz sürprizləri olur. 1954-cü ildə İrəvanın 5-6 metrliyində, Zəngibasar rayonunun Qaraqışlaq kəndində doğulan, sonralar indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən Mirzə Yusif həmin sürprizlərdən birini yaşadı. Universiteti teleradio jurnalisti ixtisası ilə bitirsə də qəzetdə- "Sovet Ermənistanı"nda jurnalist karyerasına korrektor kimi başladı. Korrektor. . . bu ştat vahidini müasir çap, eləcə də elektron kütləvi informasiya vasitələrində çoxları artıq ştat kimi çoxdan ləğv edib. Bu, sözün inflyasiyası gedən məkanlar üçün təəccüblü deyil. Amma indi bəlkə də çoxları üçün təəccüblü səslənəcək gerçəklik odur ki, həmin vaxtlarda bircə orfoqrofik səhvə görə sözün birbaşa mənasında mərəkə qopurdu. Ona görə idi ki, korrektor ştatına götürülənlərin ilk növbədə savadına və məsuliyyətinə xüsusi əhəmiyyət verilirdi. Əvvəllər korrektor kimi çalışarkən belə Mirzə Yusif İrəvan Dövlət Teatrının təqdimatındakı tamaşalar barədə peşəkarcasına yazırdı. Onun "Ədəbi Ermənistan" almanaxındakı yazılar, müxtəlif titullu-titulsuz yazıçıların əsərləri barədəki resenziyaları Bakıda belə diqqətlə izlənilirdi. Yonulan daş yerdə qalmır- məsəlimiz var və həmin məsəli tərəddüd etmədən Mirzə Yusifə şamil etmək olar. Ən azından ona görə o, ancaq istedadına və zəhmətinə görə "Sovet Ermənistanı" qəzetinin şöbə müdirliyinə qədər qalxa bildi. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi, Nazirlər Soveti və Ali Sovetinin orqanı olan qəzetdəki o vəzifə həm də partiya nomenklaturası demək idi.
Bütün
bunlara o, 1988-ci ilin dekabrına qədər nail oldu. Həmin
nailiyyətlərin siyahısı genişlənə bilərdi.
Dağlıq Qarabağdakı erməni separatizminə Ermənistandakı
250 mindən çox azərbaycanlını ölüm təhdidi
ilə qaçqına çevirməklə dəstək verən
rəsmi İrəvan buna imkan vermədi. 250 min azərbaycanlı
kimi o da qaçqına çevrildi.
Soyuq
Bakı havasında çoxları kimi, onu da hərarətlə
qarşılamadılar. Və elə çoxları kimi Mirzə
Yusif də həmin soyuqluğa heyrətlənmədi. Buna
baxmayaraq, tələbəlik illərindən onu fərqləndirən
istedadı kara gəldi və o dostlarının təqdimatı
ilə Azərbaycan Televiziyasında iş tapdı. Həmin
istedad və bacarıq onu burada da təkcə şöbə
müdirliyinə qədər qaldırmadı, həm də
"Yeniyetmələr", "Məktəb kamera
qarşısında" kimi verilişlərin müəllifinə
çevirdi. "Dəli şeytan" ifadəsini işlətməyən
və yaxud eşitməyən azərbaycanlı "Ginnesin
rekordlar kitabı"na düşə bilər. Mirzə Yusif
arada həmin "dəli şeytan"ın feilinə
düşdüyünü deyir. Qısa da olsa, bir müddət
televiziyadan aralanıb Nazirlər Kabineti, Dövlət
Gömrük Komitəsinin mətbuat xidmətlərində
işə getməyini o, indi belə ifadə edir. Oralara getməyinə
getdi, lakin tez də başa düşdü ki, o, peşəkar
jurnalistikadan kənarda, sadəcə, qala bilməz. Mirzə
Yusif "Ziyanın yarısından qayıtmaq xeyiri"ni də
doğma televiziyasına qayıdanda gördü. Bu dəfə
"Ekran-efir" qəzeti onun ikinci evinə çevrildi.
İndi o, yenə də həmin ikinci evində həm qəzetin,
həm də "Tv plyus" jurnalının baş redaktor
müavini kimi çalışır.
Mirzə
Yusif ədəbiyyatda yerini "Şirin bir xatirə tək",
"Çarmıxa çəkildi Alı haqq
üçün", "Hər könüldə yerin
var", "Könül söhbətləri" kitabları
ilə qazanıb. Yeri gəlmişkən, həmin
kitabların əksəriyyətində o, tələbəlik
dostu, Azərbaycanın Milli Qəhrəmanı Alı
Mustafayevin portretini yaratmağa çalışıb və
hesab edirik ki, buna nail olub.
Bəlkə
də yazının adını "60 ilin hesabatı"
adlandırmaq olardı. . . lakin hesabat rəqəmlər və
faizlərlə ehtiva olunur. Jurnalist, yazıçı
ömrünü isə o rəqəmlərlə ifadə etmək
mümkün olmamaqla bərabər, düzgün də deyil. Bəzən
bircə səhifəlik yazı belə o rəqəmlərin
hamısını əvəzləyə bilir. Bir də, hesab
edirəm ki, hər kəsin daxili hesabatı var və insan o
hesabatı başqalarına deyil, müəyyən məqamlarda
özünə verir. O, hansı məqamlardır?-
sualının da birmənalı cavabı yoxdur. Məsələn,
mən əminəm ki, 60 yaşlı Mirzə Yusif bəlkə
də özündən çox sevdiyi nəvələri ilə
oynayanda belə o hesabatı yaddan çıxartmır. Onunla
söhbətdə bir daha əmin olursan ki, 60 yaş dayanmaq
yox, yola davam- deməkdir. Ona da inanıram ki,
qarşıdakı yollarda Mirzə Yusifin deyəcəyi
sözlər çoxdur, kifayət qədər çox.
Ona bu yolda uğurlar arzulayan
Firuz
KAZIMOĞLU
525-ci
qəzet.- 2014.- 12 noyabr.- S.8.