III Bakı Beynəlxalq Teatr
Konfransı və yaxud müasir
insanın teatr axtarışı
Konfransın varolma prinsipi
Tarixi mədəni olaylar müstəvisində Bakı
Beynəlxalq Teatr Konfransının mövcudluğu
2+2+2 prinsipi ilə təkrarlanan silsilə üzrə aktivləşdirilib:
konfrans iki ildən bir Mədəniyyət və
Turizm Nazirliyinin patronajlığı ilə
keçirilir və cəmi iki günlük
bir kəpənək ömrü yaşayır.
Bu konfransın milli mədəniyyətin hadisəsi
kimi təsdiqlənməsini,
ildən-ilə daha geniş bir masştabda gerçəkləşməsini
şərtləndirən faktor
isə Azərbaycan Prezidentinin teatr sənəti haqqında imzaladığı son dərəcə
mühüm iki sənəddir ki, onlar da milli
teatrın, teatr düşüncəsinin perspektivini
və inkişafını
hədəfləyir, bu
sənətin maddi bazasının qarantı olur.
Noyabrın 5-6-sı tarixində reallaşan bu dəfəki III Bakı Beynəlxalq Teatr Konfransı əvvəlkilərdən
bir qədər fərqlənirdi: öz miqyasına və coğrafiyasına görə,
məzmuna münasibətdə
fikir müxtəlifliyinə
görə, kontekstinə
görə...
Konfransın mövzusu
"Teatr sənətinin
multikulturalizm - universal dəyərlər
sistemində yeri" mövzusu III Bakı Beynəlxalq Teatr Konfransında dinləniləcək
məruzələrin elmi-nəzəri
platformasını müəyyənləşdirirdi. Qeyd edim
ki, bu dəfə
teatr problemləri müasir Azərbaycan üçün yetərincə
aktual olan düşüncə modusunda
konfransın gündəminə
gətirilmişdi.
Mövzunun adında bir tərəfdən multikulturalizmin
özünəxas elmi
definisiyası (təyini)
verilirdi və söylənilirdi ki, multikulturalizm universal dəyərlər
sistemidir. Digər yöndən isə
təklif edilirdi ki, bu sistem
içrə teatrın
rolu və funksional əhəmiyyəti
barədə müzakirələr
aparılsın. Nə
bir artıq, nə bir əskik...
olduğu kimi...
... və bu
da gerçəkləşdi: konfrans fikirlər bolluğuna çıxa bildi.
Konfrans və dahi
Konfransa
45 məmləkətdən - dünya ölkələrinin
təqribən dörddə
birindən - 150 teatr mütəxəssisi qatılmışdı:
razılaşaq ki, qədərincə təsirləndirici
bir rəqəmdir. Noyabrın 5-i Teatr Konfransının açılış
günü Musiqili Teatrın, yəni köhnə Tağıyev
Teatrının müasir
Avropa standartlarına uyğun təmir edilmiş binası ağzınacan adamla dolu idi: boş
yer gözə dəymirdi, amma fotoqraflar, teleoperatorlar, jurnalistlər, işıqçılar
dəyirdi bir-birinə...
Çox, lap çox adam vardı
teatrın tamaşaçı
salonunda... və cəmi bircə nəfər dahi - Kşiştof Zanussi: kimin ki bir
kinorejissor qismində dahiliyi dünya çapında təsdiqlənib.
Hərçənd, qəribədir,
əksər kinorejissorlar
digər dahi polyak kinorejissoru Ancey Vayda kimi
gec-tez bir gün teatra qayıdırlar... Kşiştof
da istisna deyil...
Təbii
ki, ilk plenar iclasda əsas söz sahibi odur: hamı ona orakulu (qeybdən
xəbər gətirəni)
dinləyən kimi qulaq asır. Çıxışında bir
az pessimizm
var: deyir ki, teatrın gələcəyini dumanlı
görür. Ancaq ümidini tam itirməyib: söyləyir ki, əgər teatr öz ilkəlliyinə qayıtsa, bəlkə onda...
Ondan sonra mən dəvət olunuram məruzəmi oxumağa...
O, sinədəftər danışırdı...
Mənsə yazdığımı kağız üzündən
səsləndirməliyəm...
Odur ki, öz mətnimi
heç oxumaq istəmirəm artıq, başqa bir məsələdən danışmağı,
fikirlərimi Kşiştofla
paylaşmağı düşünürəm...
Bu dahi kinorejissora demək istəyirəm ki, bu il teatrşünaslığa
qəbul olunmuş tələbələrin kurs
rəhbəri mənəm.
Onların hamısının
17 yaşı var: hamısı test imtahanlarından
sonra özləri də arzulamadan, sadəcə, topladıqları
balların miqdarına
görə gəlib düşüblər teatrşünaslığa
və bizim universitetin kandarından içəri addımlayana
qədər bilməyiblər
teatr nədir; nəinki bilməyiblər,
heç vədə tamaşaya getməyiblər
belə. Unikal bir hadisədir.
Onları ilk dəfə mən
təkidlə göndərdim
teatra. Və möcüzə baş verdi: indi
mənim tələbələrim
ucdantutma vurulublar teatra; gördükləri
tamaşalar, teatrın
atmosferi onları heyran eləyib; heyran eləyib İnternet səhifələrində
xırda balıqlar kimi üzən gəncləri. Hələ ki, mən onların rəylərinə,
fikirlərinə qarışmıram,
amma faktın özü məni optimist bir ovqata kökləyir.
Deməli, teatrın özü
haradasa tükənə
bilər; teatrın sirri, sehri, cazibəsi
isə tükənmir.
Bu teatral sirr, sehr, cazibə sanki fitrətən, yaranışından bağışlanıb
teatra və insanları apriori çəkir özünə...
Bəlkə, həqiqətən
də, elə bir zaman yetişib
ki, teatrı teatra qaytarmaq lazımdır...
Di gəl ki, bunların
heç birini dilimə gətirib söyləmirəm: səhnəyə
qoyulmuş ağappaq kürsüdə başımı
aşağı salıb
"Teatr kollayder kimi" adlı məqaləmi konfrans iştirakçılarına təqdim
edirəm...
Konfransın sonuncu plenar iclasında Beynəlxalq Teatr Tənqidçiləri
Assosiasiyasının baş
katibi Mişel Vais də özünün
"İtirilmiş teatrallıq"
adlı çıxışında
məsələnin məhz
bu aspektinə toxunur və sanki dairəni qapadır...
Konfransın konteksti
III Bakı Beynəlxalq Teatr Konfransı özünü təkcə Musiqili Teatr binasının divarları arasındakı məkanla məhdudlaşdırmırdı: konfrans şəhərə və Azərbaycanın mədəni həyatına açıq idi və onun konteksti haradasa konfransın özündən daha maraqlı, daha canlı təəssürat oyadırdı, ilk növbədə, müxtəlif mühazirələrin, ünsiyyətin və “work-shop”ların hesabına.
Məsələn, elə tutalım, Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının İspaniya üzrə katibi professor Boris Daussa-Pastorun hind Kathakali teatrının xoreoqrafik özəlliyi ilə bağlı Mədəniyyət və İncəsənət Universitetində keçirdiyi “work-shop”: onun xoreoqraf tələbələrlə məşqi bir performansa çevrildi, onlara da, Borisin özünə də çox-çox xoş oldu. Elə bu dəm bizə paralel qonşu otaqda Beynəlxalq Teatr İnstitunun ABŞ təmsilçisi, Treninq və Təhsil Komitəsinin vitse-prezidenti Piter Qoldfarb aktyor və rejissor sənətindən iki saatlıq mühazirə oxuyurdu: sonradan tələbələr mənə çatdırdılar ki, onun mühazirəsində hər şey əməli surətdə gerçəkləşdiyindən heç bir cıqqılı da darıxmayıblar.
Milli Dram Teatrında konfrans öncəsi Ukrayna Milli İncəsənət Akademiyasının akademiki Nelli Korniyenko postdramatik teatr dönəmində teatrşünaslığın bir elm kimi missiyası ətrafında söhbətləşmək üçün mass-media şəbəkəsində çalışan və birbaşa elmlə, müasir teatr prosesi ilə məşğul olan teatr bilicilərilə görüşdü və aktiv fikir mübadiləsində bulundu: indi orada nə deyildi, nə deyilmədi, mən hamısından yazsam məqalə qurtarmaz.
Konfrans sonrası Fransız İnstitutunun mədəniyyət işləri üzrə koordinatoru Elza Furtado Azərbaycan teatrı nümayəndələrini kiçik bir heyətdə və tələbələrlə birgə Fransada Avropa və Şərq mədəniyyətləri evinin əməkdaşı, bizim konfransa bir rəssam kimi dəvət almış Dominik Dolmyö ilə görüşdürdü. Bu görüşün mənə və ora yığışmış başqa insanlara heç bir praktiki faydası olmasa da, hər halda Dominik Dolmyö çağdaş dramaturgiya və tərcümə problemlərinə heç də birmənalı olmayan münasibət sərgilədi.
Konfransın önəmi və mənim şəxsi qənaətim
III Bakı Beynəlxalq Teatr Konfransının dəyəri heç də o deyil ki, kimlərsə gəlib bizə nəsə öyrətdilər. Əsla! Belə yanaşma tərzinin özü heç doğru-dürüst sayılmaz və artıq yetərincə köhnəlib. Söhbət bu ki, teatr konfransının iştirakçıları Azərbaycanın düşüncə məkanına, teatr məkanına müxtəlif fikirlər dağıtdılar, öz fərqli mövqelərindən məsələyə fərqli münasibət nümayiş etdirdilər, müasir dünya teatr prosesini fraqment-fraqment sanki bir mozaikaya yığmağa çalışdılar.
Şəxsi qənaətimsə, o qədər də zəngin olmayan konfranslar təcrübəmə əsasən, budur ki, bu sayaq beynəlxalq toplantılarda passiv resipiyent, biganə dinləyici kimi qalmaq konfransı az qala itirmək anlamına gəlir. Hər bir teatr sənətçisi və ya teatrın fikir işçisi konfrans müstəvisində gözləmə mövqeyi tutmayıb öz aktiv iştirakı ilə konfransın fakturasını canlandırmalı, onun çoxmənalılığının vahidinə çevrilməlidir.
Təbii ki, mənə dil məsələsinin nə dərəcədə mühüm olduğu aydındır. Lakin bunu bəhanə gətirib bir kənarda dayanmaq da təqdir edilə bilməz. Bir də qloballaşan dünyanın dili ingilis dilidir axı!!!
Konfranslar bilgi toplamaq üçün yox, ünsiyyət zamanı bilgilərlə, təcrübəylə, peşəkar vərdişlərlə paylaşmaq və düşüncə rəngarəngliyilə tanış olmaq üçün keçirilir.
Konfransın perspektivi
Mən konfransın təşkilat komitəsinin üzvüyəm. Bundan çoxlarının xəbəri var... Konfransa da difiramb oxumaq mənə yaraşmaz. Amma onu bilirəm ki, duyuram ki, bu konfrans bizə çox lazımdır: ən azından dünya teatr aləmində havanın hərarətinin neçə dərəcə olduğunu yəqinləşdirmək üçün...
Elə məhz bundan ötrü konfransın bağlanışı məqamında dövlət rəsmisi, Mədəniyyət və turizm nazirinin müavini, konfransın təşkilat komitəsinin sədri Ədalət Vəliyev Bakı Beynəlxalq Teatr Konfransının iki ildən sonra bir daha toplanacağını öz yekun nitqində bəyan edir. Busa təşkilat komitəsi üçün yenidən iki illik iş marafonu deməkdir!!!
Hamınıza uğurlar və sənət sevgisi!!!
Aydın Talıbzadə
525-ci qəzet.-
2014.- 12 noyabr.- S.7.