“İrəvan
xalçaları” rus və ingilis dillərində
Bu günlərdə “Azər-İlmə”nin “Azərbaycan xalçaları bütün qrupları ilə” adlı layihəsinin davamı olaraq nəfis tərtibatlı “İrəvan xalçaları" broşürü rus və ingilis dillərində işıq üzü görüb. Lent.az-ın məlumatına görə, layihənin rəhbəri əməkdar incəsənət xadimi, professor Vidadi Muradov bildirib ki, “Azər-İlmə”də Azərbaycan xalçalarının bütün qrupları üzrə tarixi-etnoqrafik, sənətşünaslıq tədqiqatları uğurla davam etdirilir.
İndiyədək tədqiqatların nəticələri kitablar, bröşürlər, televiziya verilişləri, tele-filmlər, jurnallar vasitəsilə ictimaiyyətə çatdırılıb. Yeni "İrəvan xalçaları" bröşürü oxucuları Qərbi Azərbaycan bölgəsinin tarixi, əhalisinin məşğuliyyəti, təsərrüfat sahələri, həmçinin bu torpaqların əzəli sakinləri olan Azərbaycan türklərinin əsas sənət sahələrindən biri olan xalçaçılığın ənənələri, burada toxunan xalçaların sənətkarlıq xüsusiyyətləri, onların Azərbaycanın digər xalça qruplarına aid nümunələrlə oxşar və fərqli cəhətləri ilə tanış edir.
Broşürə Qərbi Azərbaycan
tarixinə dair müxtəsər məlumat,
xəritələr, eyni zamanda
XVIII əsrin II yarısı - XX əsrin I yarısına aid müxtəlif kompozisiyalı xovlu, kilim, zili
kimi xovsuz xalçalar, xurcun, məfrəş,
duzqabı, yəhərüstü kimi məişət
əşyalarının fotoşəkilləri də əlavə
edilib. Broşürün ingilis dilində olan variantı Nyu-Yorkun "Hudson Publishing" Nəşriyyat evində çap olunub.
Onun rus və ingilis dillərində işıq
üzü görməsi
Azərbaycan həqiqətlərinin
dünyada təbliği
işinə böyük
töhfədir. Bröşürün xarici ölkə
səfirliklərinə, dünya
kitabxanalarına, universitetlərinə,
muzeylərinə, nüfuzlu
elmi tədqiqat mərkəzlərinə paylanması
nəzərdə tutulur.
S.Abdullayeva
525-ci qəzet.- 2014.- 12 noyabr.- S.7.