Xalq yazıçısı Anarla Moskvada görüş keçirilib
Noyabrın
10-da Moskvadakı Mərkəzi Ədiblər Evində Azərbaycanın
Xalq yazıçısı Anarla görüş
keçirilib. Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik
Mərkəzi ilə "NORD və
KO" Mədəni Layihələr Mərkəzinin birgə təşkil
etdiyi tədbirə Azərbaycanın Rusiyadakı səfirliyinin
və diaspor təşkilatlarının, Ümumrusiya Azərbaycanlılar
Konqresinin nümayəndələri qatılıblar.
Əvvəlcə
Anarın həyat və fəaliyyəti haqqında sənədli
film nümayiş etdirilib.
Mərasimi
Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin
icraçı direktoru Mehman Şükürov açıb:
"Bu ilin yayında bizim qurum rusiyalı musiqiçilər,
şairlər, ali məktəb müəllimləri və
ictimai xadimlərindən ibarət nümayəndə heyətinin
Azərbaycana səfərini təşkil edib. Həmin səfər
çərçivəsində Azərbaycan
Yazıçılar Birliyini ziyarət etmək şərəfinə
nail olduq, Birliyin sədri Anar
müəllim bizi çox mehriban qarşıladı. O zaman qərara
aldıq ki, növbəti görüşümüz Moskvada
olsun. Bu görüşdə iştirakına görə Anar
müəllimə dərin minnətdarlığımızı
bildiririk".
"NORD
və KO" Mədəni Layihələr Mərkəzinin rəhbəri
Qennadi Nord qonaqları salamlayıb və o da Anara tədbirdə
iştirakına görə təşəkkür edib, fikirlərini
bölüşüb.
AYB-nin
Moskva bölməsinin üzvü, şair İlham Bədəlbəyli
çıxışında bildirib ki, Azərbaycan ədəbiyyatında xüsusi bir dövr Anarın
adı ilə bağlıdır: "Anarın ilk əsərləri
işıq üzü görəndə artıq aydın idi
ki, onun yaradıcılığında yeni ruh var. Ancaq bu yeni
ruh əyləncəli xarakter daşımırdı. Bu,
özündə Azərbaycanın yeni ədəbiyyat səviyyəsini
müəyyənləşdirməyi ehtiva edirdi".
Xalq
yazıçısı Anar tədbirin təşkilatçılarına
və qonaqlara minnətdarlığını
bildirib, mərasimin keçirildiyi məkanla bağlı xatirələrini
danışıb: "Bu tədbirin Mərkəzi Ədiblər
Evində keçirilməsi mənim üçün
xüsusilə əlamətdardır. Məsələ
burasındadır ki, bu binanın, əvvəllər Vorovski adlandırılan,
indiki Povarski küçəsinə açılan digər
bir çıxışı var. Məhz həmin küçədə
mənim vaxtilə ssenari və rejissorluq kurslarında
oxuduğum Dövlət Kinoaktyor Teatrı, Mərkəzi
Ədiblər Evinin qarşısında isə tez-tez baş
çəkdiyim "Drujba narodov" jurnalının
redaksiyası yerləşirdi. Bu zalda, əvvəllər
olduğu kimi, indi də istər Rusiya, istərsə də
keçmiş sovet respublikalarından olan
yazıçıların görüşləri
keçirilir. Burada əvvəlcə atam Rəsul Rzanın,
sonra isə mənim yubileyimin keçirilməsindən hədsiz
dərəcədə məmnunam".
Xalq
yazıçısı yaradıcılığı barədə
danışarkən qeyd edib ki, bu yaxınlarda "Azərbaycan"
jurnalında onun "Gözmuncuğu" povesti, sonra isə
daha bir kitabı nəşr olunacaq.
Tədbirdə
bir il öncə "Azərbaycanfilm" kinostudiyasında
çəkilən, Anarın
ssenari müəllifi olduğu "Sübhün səfiri"
filmindən fraqmentlər nümayiş etdirilib.
Tədbir
Azərbaycanın Əməkdar artisti Qorxmaz Axundovun, Türkmənistanın
Əməkdar artisti Validə Saçakovanın,
Qaraçay-Çərkəz Respublikasının Xalq artsiti
Marina Sobolevanın, Kərim Kərimov adına 157 saylı
etnomədəni təmayüllü məktəbin rəqs
qrupunun çıxışlarından ibarət konsert
proqramı ilə yekunlaşıb.
Ülkər MEHDİYEVA
Moskva
525-ci qəzet.- 2014.- 12 noyabr.- S.7.