Azərbaycan muğamı Qüdsdə
Qüds şəhərində keçirilən
ənənəvi XV Beynəlxalq
"Ud" festivalı
çərçivəsində "Azərbaycan Muğamı"
konserti olub.
Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİz) nəzdindəki Azərbaycan
Mədəniyyəti Mərkəzinin
direktoru Yeganə Salmanın "525"ə bildirdiyinə
görə, Qüds teatrının salonu tanınmış xanəndə
Qoçaq Əsgərovun
ifasında Azərbaycan
muğamını dinləməyə
gələn insanlarla dolu olub:
"Salondakılar elə
muğamın ilk sədalarından
Q.Əsgərovun bənzərsiz
səsinin sehrinə bürünüblər. Tondan-tona keçən
ecazkar musiqi dinləyiciləri ovsunlayıb.
Salondakılar təkcə virtuoz
muğam ifası dinləməyiblər, sanki
Azərbaycan ab-havasına
köklənib, ölkəmizin
təbiətinin qoynuna
gəzintiyə çıxıblar.
Onlar musiqinin dili ilə bülbülün
nəğməsini, ağacların
kölgəsi altından
axan sərin bulaqların şırıltısını
və hətta Bakı küləyinin vıyıltısını dinləyiblər...
Dinləyicilər muğamın sehrinə elə dalıblar ki, hətta musiqiçilər səhnəni
tərk edəndə belə salonda tam sükut hökm sürüb. Lakin qəflətən qoparaq salonun divarlarını lərzəyə
gətirən gurultulu
alqışlar yalnız
Azərbaycan xalq çalğı alətlərinin
mahir ifaçılarının
ifasında ecazkar melodiya yenidən səslənəndə səngiyib.
Alqış sədaları arabir
melodiyanı kəsib,
zərb aləti isə elə bir bənzərsiz ritm yaradıb ki, bu ritmi
yalnız ürək döyüntüsünə - dünyanın
bir çox ölkələrində konsertlər
verən bu kollektivin döyünən
ürəyinə bənzətmək
olar". Konsertdən sonra
tamaşaçılar pərdə
arxasında xanəndə
ilə görüşmək
istəyiblər.
Onlar heyranlıqlarını
bildirib, təəssüratlarını
bölüşərək bu möhtəşəm konsertə görə azərbaycanlı musiqiçilərə
təşəkkür ediblər.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 12 noyabr.- S.7.