Əli bəy Hüseynzadə İdarəçilik
Akademiyasında elmi-praktik konfransda
anılıb
Prezident yanında Dövlət İdarəçilik Akademiyasında
(DİA) Əli bəy
Hüseynzadənin anadan
olmasının 150 illik
yubileyinə həsr edilən elmi-praktik konfrans keçirilib.
Akademiyadan "525"ə bildiriblər ki, DİA-nın rektoru, akademik Urxan Ələkbərov çıxışında Azərbaycan
Prezidenti İlham Əliyevin Əli bəy Hüseynzadənin
150 illik yubileyinin keçirilməsi haqqında
sərəncamını xatırladıb.
O, Əli bəy Hüseynzadənin xalqımızın
tarixi şəxsiyyətlərinin
xatirəsinin uca tutulmasına xüsusi diqqət göstərdiyini
bildirib. Rektor qeyd edib ki,
türk xalqlarının
mədəni inteqrasiyasının
məfkurə kimi təşəkkül tapmasında
mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda
demokratik prinsiplərin
ənənəvi dəyərlər
zəminində bərqərar
olmasının vacibliyini
irəli sürən və müstəqil milli dövlətçiliyin
nəzəri əsaslarının
işlənib hazırlanmasında
yaxından iştirak edən, eləcə də çoxşaxəli
fəaliyyəti boyunca
yaratdığı zəngin
fəlsəfi-publisistik, ədəbi-elmi
irsi sayəsində Azərbaycan maarifçiliyi
tarixinə qiymətli
töhfələr verən
görkəmli ictimai xadim Əli bəy Hüseynzadə dövlətçilik tariximizin
ən şanlı səhifələrindən birini
yazıb.
Elmi-praktik konfransda çıxış
edən Dövlət İdarəçilik Akademiyasının
müəllimləri - tarix
kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru Rəna Bayramova Əli bəy Hüseynzadənin həyat
və fəaliyyəti
haqqında, fəlsəfə
kafedrasının müdiri,
fəlsəfə elmləri
doktoru, professor Etibar Nəcəfov "Əli bəy Hüseynzadə siyasi türkçülüyün
görkəmli xadimidir"
mövzusunda, tarix kafedrasının müdiri,
tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova Əli bəy Hüseynzadənin
"Siyasəti-fürusət" əsəri barədə məruzələrlə çıxış
ediblər.
Digər çıxış edənlər
zaman keçdikcə tariximizin səhifələrinin
yad edilməsinin, gələcək nəsillərə
çatdırılmasının vacibliyini bildiriblər. Çıxışlarda Əli bəy Hüseynzadənin bütün
ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi
dəyərlərini tədqiq
və təbliğ etdiyi bildirilib, onun dövrünün ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya
mühitinin, milli mətbuat nümunələrinin
formalaşmasında əhəmiyyətli
rol oynadığı
diqqətə çatdırılıb.
Sonda Akademiyanın birinci kurs tələbəsi Nigar Osmanova Əli bəy Hüseynzadənin şeirini
söyləyib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 12 noyabr.- S.7.