Sənətdə iz
qoyan sənətkar - professor Oqtay Babazadə
Hər bir tarixi hadisənin özünəməxsus
tarixçəsi olduğu kimi hər bir görüşün
də özünəxas tarixçəsi olur. Bunu mən həyatımın
bütün dönəmlərində əyani surətdə
görüb, şahidi olmuşam. İndi uzaq zaman kəsiyində
baxıb hiss edirəm ki, Qara Qarayevlə, Niyazi ilə, Fikrət
Əmirovla, Rəşid Behbudovla, Toğrul Nərimanbəyovla,
Səttar Bəhlulzadə ilə, Lütfi Zadə ilə,
Əli Cavanla, Eyvaz Babayevlə, Ronald Jagerlə, Dmitri
Şostakoviçlə, Mstislav Rostropoviçlə ilk
görüşümüz, tanışlığımız
hansı çətinliklərdən keçib. Bu gün bu görüşlərin,
tanışlıqların tarixçəsinin necə
yaranmasını yada salıb xatırlasaq hər birindən
qalın kitab yaranar. Amma çox təəssüflər
ki, belə kitablar, xatirələr çox az-az yazılır.
Belə yazılardan ən çox xoşuma gələni
Dmitri Şostakoviçin ölümündən çox sonra
Nyu-York jurnallarından birində dərc edilmiş, sonralar
Rusiya mətbuatında işıq üzü görmüş
xatirələridir. Bu yazı ona görə
qiymətlidir ki, hər sətrində tarix yaşayır.
Bu gün mən sizə öncə adlarını
sadaladığım sənət nəhənglərindən
deyil, onların obrazlarını lentdə və ekranda əbədiləşdirən
çox maraqlı və həyatsevən bir rejissordan -
Respublikanın əməkdar incəsənət xadimi, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin professoru Oqtay Babazadədən söhbət
açacağam. Açığı deyim, 1991-ci ilə qədər
heç bir dəfə də olsa, onunla görüşməmişəm
və şəxsi tanışlığımız da
olmayıb. Hətta mədəni tədbirlərdə
belə yolumuz çarpazlaşmayıb. Sadəcə
olaraq 1981-ci ildə onun Xalq rəssamı Toğrul Nərimanbəyovun
yaradıcılığına həsr etdiyi və lentə
aldığı "Rənglərin ahəngi" sənədli
filmi ilə ekranda görüşmüşük. Elə imzası da elə həmin vaxtdan
yaddaşıma həkk olunub.
Yeri gəlmişkən bir həqiqəti deyim ki, ekranda
20 dəqiqə davam edən bu sənədli film həm
ustalıqla, həm də sevgi ilə lentə
alınmışdı. Filmin coğrafiyası da geniş idi.
O həm Azərbaycanda, həm Rusiyada, həm Özbəkistanda,
həm də Baltikyanı ölkədə çəkilmişdi.
Sənədli filmlərə o qədər də
üstünlük verilmədiyi bir dövrdə belə
geniş coğrafiyalı film çəkmək, Toğrul Nərimanbəyovun
çoxçalarlı yaradıcılığını
qısa vaxt çərçivəsində əhatə etmək
olduqca çətin bir işdir. Amma iş
orasındadır ki, Oqtay Babazadə bu çətin işin
öhdəsindən ustalıqla gəlmişdi. Rəngkarın
həm boyakarlıq, həm qrafika, həm teatr-dekorasiya rəssamlığı,
həm də ilk vokal yaradıcılığı bu qısa həcmli
filmdə öz parlaq əksini tapmışdı. Ona görə həmin dövrdə bu sənədli
filmə geniş bir resenziya yazıb,
çalışdığım "Kommunist" qəzetində
çap etdirdim.
İş elə gətirdi ki, mən 1991-ci ilin
axırlarında "Kommunist" qəzetindən Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə
keçdim. Mən televiziyanın "Ədəbi-dram"
verilişləri redaksiyasında publisistika və xalq
yaradıcılığı şöbəsinin müdiri
idim. Uzun müddət qəzetlərdə
işlədiyimə görə yəqin etmişdim ki,
artıq qəzet erası öz ömrünü başa vurub,
yerini elektron mətbuata vermişdir. Və ən
dəyərli şeyləri ancaq televiziya vasitəsi ilə
xalqa çatdırmaq olar. Ona görə
ürəyimdən keçən mövzular barədə layihələr
hazırlamışdım. Amma həmin
dövrlərdə bu layihələri reallaşdırmaq
çətindən çətin idi. Televiziyada
texnika - xüsusilə kamera və maliyyə
çatışmazlığı vardı.
Günlərin
bir günü oturduğum otağın qapısı
açıldı və gülərüz bir adam
məni soruşdu. Özümü təqdim edib onun kim olduğu ilə maraqlandım. Rejissor Oqtay Babazadə olduğunu söylədi və
bununla da şəxsi tanışlığımızın
bünövrəsi qoyuldu. Bundan sonra gah iş
otağında, gah da televiziyanın çayxanasında
görüşlərimiz davam etdi. Söhbətimiz
əsasən elmdən, mədəniyyətdən, incəsənətdən
və bu sahədə çalışan adamlardan olurdu. Bir dəfə çay süfrəsi arxasında
söhbətimiz professor Tofiq İsmayılovdan
düşdü. Qarabağ səmasında
vertalyotla uçarkən Azərbaycanın digər dövlət
xadimləri kimi o da düşmən gülləsinə
tuş gəlmişdi. Mən onu
yaxşı tanıyırdım və elə buna görə
də onun barəsində bir sənədli film ssenarisi
yazmışdım. Hansı rejissora
müraciət edirdim ssenarini oxuyub bəh-bəhlə bəyənirdilər.
Amma filmi reallaşdırmaq məqamı ortaya
çıxanda hərə bir bəhanə gətirirdi. Biri maliyyə məsələsinin olmamasını,
digəri kamera və başqa çəkiliş ləvazimatlarının
çatışmamasını bəhanə gətirib aradan
çıxırdılar. Söhbətimiz
zamanı bu barədə ona da müraciət etdim. Təklifim ürəyincə oldu və sevindi. Çünki Tofiq İsmayılovu o da yaxşı
tanıyırmış. Beləliklə
işə başladıq. Amma ilk
addımları atarkən böyük çətinliklərlə
üzləşdik. Əvvəl müraciət
etdiyim rejissorlar kimi yenə hər şey gəlib maliyyə və
aparatura məsələsinə dirəndi. Doğrudan da o zamanlar televiziyanın maliyyə vəziyyəti
çox gərgin idi. Heç
işçilərin aylıq maaşlarını
vaxtlı-vaxtında verə bilmirdilər. Çəkilişlər
üçün kameralar çatışmırdı. Nə isə ilk addımımız uğursuzluqla nəticələndi.
Amma çox qəribədir ki, bu məni kədərləndirsə
də Oqtay Babazadəni ruhdan salmadı. Əvvəlki
nikbinliklə dedi ki, "İnşallah, vaxt gələr, hər
şey öz ritminə düşər, film çəkmək
üçün pul da olar, kamera da. Əsas odur
ki, əldə yaxşı ssenari və kamera olsun".
O, bu
sözləri elə-belə məni sakitləşdirmək,
könlümü almaq üçün yox, rejissorluq sahəsində
uzun illər ərzində əldə etdiyi praktik təcrübəyə
söykənib deyirdi. Çünki o bu və ya
başqa dönəmlərdə belə məqamlarla çox
rastlaşmışdı. Bilirdi ki, bu dəfə
reallaşmayan hər hansı bir məsələ, zamanı
çatanda həyata vəsiqə alacaq. Axı,
rejissorluğa başladığı ilk gündən indiyə
kimi həyatında buna bənzər hadisələrlə
çox üz-üzə gəlmişdi.
Bu məqamda Oqtay Babazadənin rejissorluq aləminə gəlməsi
ilə əlaqədar bir həqiqəti söyləmək
yerinə düşərdi. Etiraf edək ki, o bu
sehirli aləmə birbaşa yox, dolayısı ilə gəlibdir.
"Dolayısı ilə gəlibdir" ifadəsi
sizi diksindirib qorxuya salmasın.
...Oqtay
Babazadə orta məktəbi qurtaranda ali təhsil
sistemində gözlənilmədən qəribə bir
situasiya yarandı. Yeni qanuna əsasən orta məktəb məzunu
məktəbi qurtaran kimi yaradıcılıq üzrə ali məktəblərə sənəd verə
bilməzdi. Bunun üçün iki il
istehsalatda çalışmalı, iş stajı
yığmalı idi. Elə buna görə o,
Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində
işə düzəlmək məcburiyyətində
qaldı. O, əvvəlcə burada rejissor köməkçisi
işlədi və axşamlar da Azərbaycan Dövlət
Universitetinin "Kimya fakültəsi"ndə təhsilini
davam etdirməyə başladı.
Sonralar öz peşəkarlığını
artırmaq və ixtisas təhsili almaq üçün
1974-cü ildə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və
Kinematoqrafiya İnstitutuna daxil olmuş və 1979-cu ildə
institutu əla qiymətlərlə başa vurmuşdur. O, bir rejissor kimi bu institutda
çox şeyə nail olmuşdur. Tanınmış
məhşur rejissorların rejissorluğa aid mühazirələri,
təcrübü söhbətləri ona bir daha dopinq verib sənət
axtarışlarına ruhlandırmışdır.
Öncə qeyd etdik ki, Oqtay Babazadə peşəkar rejissordur. O, hələ sovetlər dönəmində onlarla kino filmlərin rejissoru olmuşdur. Bu baxımdan onun rejissorluğu "Hakim" (Tofiq Bəhramov), "Forvard həmişə irəlidədir" (Ələkbər Məmmədov), "Leyla və onun dostları" (Leyla Zülfüqarova) sənədli filmləri həm tarixilik baxımından, həm də rejissor yozumunun bədii-estetik traktovkası baxımından olduqca diqqətəlayiqdır. Elə bu məziyyətlərinə görədir ki, zamanında "Hakim" Tiflisdə "Qran-Pri" və "Yaradıcılıq axtarışlarına görə" priz və diploma, "Leyla və onun dostları" Moskvada keçirilən Beynəlxalq Gənclər forumunun kinofestivalında 2-ci dərəcəli prizə və diploma layiq görülmüşdür.
Biz rejissor, "peşəkar" ifadəsini tez-tez işlədirik. Oxucularımız müxtəlif təbəqələri təmsil etdikləri üçün bu sehirli ifadənin arxasında nə dayandığını, onun nə olduğunu, nəyə xidmət etdiyini açıqlamaq istəyirik. Bu səbəbdən də elmi mənbələrə müraciət etmək zorundayıq. Öncə diqqətinizi S.Ojeqovun "Rus dilinin lüğəti" (1949) nəşrinə yönəldirik. O, Daldan sonra bir daha təsdiq edir ki, rejissor "bədii təşkilatçı, teatr və kino tamaşalarının rəhbəridir", "Sovet ensiklopediya lüğəti" (1980) bu anlayışı hiss ediləcək qədər genişləndirərək qeyd edir ki: "Rejissor öz şəxsi fikri, fantaziyası əsasında teatr tamaşalarının, filmlərin, estrada və sirk proqramlarının quruluşçusudur. O, bu və başqa tamaşaya hazırlanan əsərdə bütün iştirakçıların - aktyorların, rəssamların, bəstəkarların, kinoda isə operatorların işlərini səfərbər edib bir məcrada birləşdirəndir".
Bütün bu yazılanları, deyilənləri bir məcraya yönəldib analitik təhlil apardıqdan sonra belə bir ümumi fikrə gəlmək olar: "İstər bədii, istərsə sənədli film və yaxud teatr, sirk tamaşası olsun, rejissor onların sahibi-mütləqidir". Gəlin, etiraf edək ki, zaman-zaman bu sahibi-mütləq rejissorlar bir növ despota çevriliblər. Məhz elə bu səbəbdəndir ki, kino, teatr və digər vizual görüntülü sənətlər sintetik sənət olub biri digərini tamamlamaq əvəzinə yeganə bir yaradıcının, daha dəqiq desək, rejissorun manopoliyasına, qurbanına çevrilibdir. Sahibi-mütləqlik rejissor eqoizmini coşdurub və o yeri gələndə əlində olan ssenarini kənara qoyub yazılanları yox, öz düşüncələrini lentə alıb.
İndiyə qədər mən çox sənədli filmlər rejissorları ilə təmasda olmuşam, işləmişəm. Film çəkmək məsələsinə hər rejissorun öz münasibəti var. Biri daha çox ssenaridə yazılanlara üstünlük verir, diqəri kollektiv yaradıcılığa, başqa birisi isə yalnız öz təxəyyülünə. Elə rejissorlar da var ki, filmin çəklişində iştirak edən bütün yaradıcı adamlardan imtina edib ssenari müəllifliyini, rejissorluğu, operatorluğu, hətta işıqçılığı, musiqi tərtibatçılığını, aparacılığı, nə bilim daha nələri, nələri öz üzərinə götürmək, filmin yeganə müəllifi olmaq istəyir. Film kollektiv zəkanın məhsulu olmalıdır. Film belə olanda daha maraqlı, daha baxımlıdır. Çünki ssenari müəllifi ilə rejissorun, rejissorla operatorun, eləcə də aparıcının, rəssamın, musiqi tərtibatçısının, bəstəkarın fikirləri üst-üstə düşüb harmonik vəhdət yaradır.
Bir dəfə böyük yaradıcı-dramaturqumuz, görkəmli publisist-sənətşünasımız Anarla bu problemlə əlaqədar söhbətimiz zamanı məni həmişə narahat edən bir fakt aşkarladım. O, görkəmli bir sənətkarın həyat və yaradıcılığına həsr edilmiş qısametrajlı bir sənədli filmin ssenari müəllifidir. İnsafən film yaxşı çəkilib və uzun illərdir ki, ekrandan düşmür. Elədirsə, bəs məni narahat edən nədir? Təbii ki, ssenari məsələsi. Mən yazıçının bədii və sənədli filmlərə yazdığı ssenarilərin çap olunduğu kitabda həmin ssenarini oxumuşdum və həm də çox məmnum qalmışdım. Mənə elə gəlir ki, film həmin ssenari əsasında çəkilsəydi daha uğurlu, daha uduşlu olardı. Və həmin sənətkarın görünən və görünməyən tərəfləri, eləcə də çoxçalarlı yaradıcılığının bəzi məziyyətləri barədə daha ətraflı məlumat verərdi. Hələ də artıq dünyasını dəyişmiş bu sənətkar barədə daha çox vizual görüntülər qalardı. Amma çox təəssüflər ki, rejissor bunu etməyib, ssenarini bir kanara qoyub, ssenari müəllifinin yazdıqlarını yox, özünün təsəvvür etdiklərini çəkib. Bu yaxşıdı, ya pis? Əlbəttə pis. Çünki ancaq vizual görüntülərlə musiqinin vəhdətində çəkilmiş sənədli filmdə informasiya yoxdursa gec-tez informasiya qıtlığı tamaşaçını yorur və filmi baxımsız edir.
(Ardı var)
Möhbəddin Səməd
525-ci qəzet.-
2014.- 12 noyabr.- S.6.