"Ermənilər deputat
seçilməyimi istəmirdilər"
HÜSEYN ƏLİYEV: "ARXANGELSKLƏ AZƏRBAYCAN ARASINDA DOSTLUQ MÜNASİBƏTLƏRİNİ DAHA DA İNKİŞAF ETDİRMƏK LAZIMDIR"
Dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımız
tədricən həmin
ölkələrin cəmiyyətlərinə
inteqrasiya edərək
onun ictimai-siyasi həyatında fəal rol oynayırlar. Bu gün bir çox
ölkələr var ki, həmin ölkələrin qanunverici
və icraedici orqanlarında məhz azərbaycanlılar təmsil
olunur. Bu mənada Rusiya Federasiyası da xüsusi qeyd edilməlidir. Təkcə paytaxt
Moskva deyil, eləcə də onun digər subyektlərində yaşayan
azərbaycanlılar ictimai-siyasi
fəallıqları ilə
seçilərək müəyyən
postlara sahib olurlar.
Arxangelskdə yaşayan
həmyerlimiz, şəhər
Dumasının üzvü,
tanınmış iş
adamı Hüseyn Əliyevi də bu kateqoriyaya aid etmək olar. Onunla söhbətimiz zamanı Arxangelskdə yaşayan azərbaycanlıların ictimai-siyasi
fəallığı, soydaşlarımızın
üzləşdiyi problemlər,
eləcə də Azərbaycanla Arxangelsk arasında münasibətlərin
inkişaf etdirilməsi
istiqamətində nəzərdə
tutulan tədbirlər
barədə danışdıq.
-Azərbaycandan Arxangelskə
üz tutmağınızın
səbəbi nə idi?
- Əvvəla onu
qeyd edim ki, artıq 26 ildir ki, Arxangelsk
şəhərində yaşayıram. Əsas fəaliyyətim,
məşğuliyyətim ticarətlə
bağlıdır. Arxangelskdə topdan satış bazarı açmışam,
həmçinin ticarət
mərkəzimiz, restoranımız
fəaliyyət göstərir.
1988-1989-cu illərdə baş verən proseslər, Sovet İttifaqının dağılması,
ölkənin idarəçiliyində
yaranan problemlər səbəbindən Arxangelskə
üz tutdum. 1993-cü ilə qədər ümumiyyətlə, Azərbaycan
bərbad vəziyyətdə
idi. Baxmayaraq ki, Arxangelskə
getdim, ancaq müntəzəm olaraq Azərbaycana gəlirdim.
Hətta
1995-ci ildə Yeni Azərbaycan Partiyasının
üzvü oldum.
Həmin
dövrə qədər
mən Rusiya vətəndaşı deyildim.
Ondan əvvəl, daha dəqiq desək,
1993-cü ilin prezident
seçkisində öz
səsimi Ümummilli Liderimiz Heydər Əliyevə vermişəm.
Həmin
seçkilərdə Heydər
Əliyev xalqın böyük əksəriyyətin
etimadını qazandı.
Xalq çətin durumda idi və onu
bu bəladan xilas edə biləcək şəxsiyyət
qismində məhz Ulu Öndəri görürdü.
- Arxangelsk şəhər Dumasının üzvü
kimi Arxangelsklə Azərbaycan arasında münasibətlərin daha
da inkişaf etdirilməsi məqsədilə
hansı addımlar atmağı düşünürsünüz.
Duma üzvləri və ya vilayət rəhbərliyinin Azərbaycana
səfərinin təşkilini
həyata keçirməyi
nəzərdə tutursunuzmu?
-Belə bir fikrimiz
var. Məlumat üçün
qeyd edim ki, elə Azərbaycana
səfərimin başlıca
məqsədi də budur. İstəyirəm ki, Arxangelsklə
Azərbaycan arasında
müxtəlif sahələrdə
əlaqələr bir
qədər də inkişaf etsin. Bu məqsədlə Bakıda bir sıra görüşlər
keçirdim və niyyətimi müvafiq qurumların diqqətinə
çatdırılmasına çalışdım. Onu da qeyd edim ki,
Ümummilli Lider Heydər Əliyev də zamanında Rusiya Federasiyasının müxtəlif subyektləri
ilə Azərbaycan arasında əlaqələrin
inkişaf etdirilməsinə
çalışırdı. Biz də Ulu
Öndərin o müqəddəs
missiyasını, uğurlu
siyasətini davam etdirməyi düşünürük.
Hələ 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyev mütəffiq respublikaların
Rusiyanın müəyyən
şəhərləri ilə
əlaqələr qurması
təşəbbüsü ilə çıxış
etmişdi. Həmin təşəbbüs
əsasında 1970-1975-ci illərdə
Arxangelsk-Azərbaycan əlaqələri
yarandı. Azərbaycanın cənub zonası, Lənkəran və Astara o zaman Arxangelski meyvə-tərəvəzlə,
Bakı və Abşeron kondisioner və soyuducularla təmin edirdi. Həmin dostluq münasibətlərinin
davamı olaraq Bakı-Arxangelsk birbaşa
təyyarə reysi açılıb. Bütün bunları
nəzərə alaraq
təklif etdim ki, Heydər Əliyev tərəfindən
əsası qoyulan ikitərəfli münasibətləri,
əlaqələri bu
gün davam etdirək. Bu məqsədlə Arxangelsk
şəhər meri ilə söhbətlərim
olub. Həmçinin Arxangelsk şəhər
Dumasının sədri
ilə məsləhətləşmələr
aparmışam və
onlar da buna razılıq veriblər. Bir sözlə Azərbaycanla
Arxangelsk arasında təkcə ticari deyil, həmçinin siyasi-iqtisadi sahələrdə
də əlaqələri
genişləndirmək olar.
- Görünür, Arxangelskdə
də Heydər Əliyevə böyük
hörmət və ehtiram var...
- Ümummilli lider Heydər Əliyev təkcə Sovetlər İttifaqında deyil, eləcə də dünya miqyaslı bir siyasətçi idi. Bu məqam
Arxangelskdə onunla bağlı düzənlənmiş
anım mərasimlərində
də vurğulanıb.
Həmin
mərasimlərdə vilayət
rəhbərliyinin ən
yüksək səviyyəli
rəsmiləri, qubernator,
şəhər meri, hüquq-mühafizə orqanlarının
rəhbərləri iştirak
ediblər, Ulu Öndərlə bağlı
fikirlərini bölüşüblər.
Qarşıda müəyyən planlarımız da var. Arxangelskdə Ulu Öndərin adına parkın salınmasını, büstünün qoyulmasını, adını daşıyacaq küçənin müəyyənləşdirilməsini nəzərdə tuturuq. Təbii ki, bütün bunlara nail olmaq üçün Arxangelsklə Azərbaycan arasında dostluq münasibətlərini daha da inkişaf etdirmək lazımdır.
-Siz həm şəhər Dumasının üzvü, həm də orada kifayət qədər tanınmış iş adamısınız. Bütün bu nailiyyətləri Arxangelskdə yaşayan ermənilər necə qarşılayır?
- Əlbəttə, düşmən hər an bizim üçün düşməndir və onun hər hansı addımına qarşı tədbirli olmalıyıq. Heç şübhəsiz ki, ermənilər mənim Dumanın deputatı seçilməyimdən kifayət qədər narahat oldular. Seçkilər zamanı namizədlər arasında erməni də vardı. Namizədliyim Rodina Partiyasından irəli sürüldüyü halda, erməni nümayəndə Yedina Rossiya Partiyasından namizəd olaraq seçkilərə qatılmışdı. Nəticələrə əsasən mən Dumanın deputatı seçilsəm də, həmin erməni etimad qazana bilmədi. Bu hadisə ermənilərə böyük təsir etdi. Deputat seçilməyimi qətiyyən istəmirdilər. Onu da qeyd edim ki, Arxangelskdəki ermənilərin daxilində də müəyyən parçalanma müşahidə edilir. Elə son Duma seçkilərində də bunun şahidi olduq. Belə ki, Dumaya namizəd olan erməni Yedina Rossiya Partiyasından seçkilərə qatılsa da, lakin Arxangelskdə yaşayan ermənilərin müəyyən bir qismi məhz mənim namizəd olduğum Rodina Partiyasına səs verdi. Məlumat üçün qeyd edim ki, Dumaya namizədlər arasında Rodina Partiyasının siyahısında mənim adım ilk yerdə idi. Ümumiyyətlə, Arxangelsk tarixində heç vaxt şəhər Dumasında azərbaycanlı deputat olmayıb. İndiyə qədər də Arxangelsk şəhər Dumasında erməni deputata rast gəlinməyib. Yalnız bir gürcü deputat olub.
-Arxangelskdə yaşayan azərbaycanlıların və ermənilərin sayı nə qədərdir?
-Arxangelskdə 10 minə yaxın azərbaycanlı, 2-3 minə qədər erməni yaşayır. Onlardan təxminən 500-ə yaxını Rusiya vətəndaşıdır. Ancaq ermənilər diasporun hesabına müəyyən qurumlara təsir göstərir, Ermənistana kömək əli uzadır. Ancaq bizdə bu sahə bir qədər zəifdir. Birlik təmin ediləndə, yumruq möhkəm olanda yaxşı səs çıxır. Yoxsa parçala, böl, dağıt, bunlar hamısı dövləti, milləti inkişafdan saxlayan proseslərdir. Bu kimi mənfi halları biz 1988-1993-cü illərdə gördük.
-Sizcə 10 min nəfər azərbaycanlıya qarşı Dumada bir nəfərin təmsil olunması aşağı göstərici deyilmi?
- On min nəfər azərbaycanlının hamısı Rusiya vətəndaşı deyil. Təxminən 3 minə yaxın azərbaycanlı Rusiya vətəndaşıdır. Yerdə qalanlar isə müntəzəm olaraq Arxangelskə gedib-gələnlər, müvəqqəti qeydiyyata düşənlərdir.
-Bəs Arxangelskdə yaşayan azərbaycanlıların üzləşdiyi əsas problemlər hansılardır və soydaşlarımız həmin problemlərin həlli üçün şəhər Dumasının deputatı kimi sizə müraciət edirlərmi?
-Arxangelsk Rusiyanın şimal bölgəsidir və orada yaşayan ruslar Moskva, Sankt-Peterburq, Krasnodar, Rostov ruslarından seçilirlər və təbiətcə çox sakit insanlardır. Onlar heç bir millətə qarşı problem yaratmaz, onu alçaltmazlar. Əgər millət özü-özünə problem yaratmasa heç kim ona problem yaratmaz.
-Arxangelskdə yaşayan azərbaycanlıların övladlarının Azərbaycan dilini unutmaması üçün hansı tədbirlər görülür? Bazar günü məktəblərin təşkili nəzərdə tutulurmu?
- Çox vacib məqama toxundunuz. Hazırda bazar günü məktəblərinin təşkili üzərində iş aparırıq. Bu məqsədlə bir neçə məktəb direktoru ilə görüşmüşük ki, hansısa bir zamanda, bazar günü və ya axşam saatlarında uşaqlar üçün belə bir dərslər təşkil edək. Düzdür, elə uşaqlar var ki, Azərbaycan dilində danışarkən çətinlik çəkirlər. Ancaq bu az bir qism təşkil edir. Həmin uşaqların ailələri ilə söhbətlər aparır, evdə övladları ilə öz dillərində danışmalarını tövsiyə edirik.
Ə.RÜSTƏMOV
525-ci qəzet.- 2014.- 12 noyabr.-S.5.