Bir musiqi festivalından - sənət bayramından təəssüratlar

 

Noyabrın 1-dən 5-dək noyabr tarixində Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş musiqi festivalı keçirildi. Bəstəkarları və musiqişünasları birləşdirən, respublikanın ictimai və mədəni həyatında mühüm əhəmiyyət daşıyan, zəngin ənənəli 80 illik tarixə malik olan, bir dövlət qurumu kimi yubileyi qeyd olunan Azərbaycan Bəstəkarlar İttifaqının bu musiqi festivalı bir növ professional musiqiçilərin bayramına çevrildi.

Ümumiyyətlə, bu festival çərçivəsində keçirilən konsertlərdə professional musiqimizin klassiklərindən tutmuş, orta və ən gənc bəstəkarlar nəslinin nümayəndələrinin də əsərləri səsləndirildi. Yəni 5 gün davam edən bu festival çərçivəsində bəstəkarların müxtəlif janrlarda yazdıqları əsərləri fərqli kollektivlər ifa etdilər. Fərqli musiqi məkanlarında baş tutan konsertlərdə bəstəkarların müxtəlif təmayülləri əks etdirən əsərlərini dinləmək və tamaşa etmək, eləcə də primyeralarla tanış ola bilmək imkanı əldə etdilər. Xalq Çalğı Alətləri Orkestri üçün Ceyhun Allahverdiyevin "İlmələr" adlı əsərinin ilk ifası, Simfonik Orkestr üçün Sərdar Fərəcovun Türk şöləni" (Bakıda ilk ifa), Lalə Cəfərovanın "Marş", "Daimi hərəkət" adlı iki pyesi, Rauf Əliyevin ümummilli lider Heydər Əliyevə ithaf olunmuş "Ballada" (Bakıda ilk ifa), Məmmədağa Umudovun Balet süitası, İlham Azmanlının "Azerbaijani colors", Ədviyyə Rəhmətovanın Kamança, qanun və simfonik orkestr üçün ikili Konserti, Azər Dadaşovun "Dəstgah" Süitası Mobil Babayevin viola ilə simfonik orkestr üçün Konserti, Rəna Qədimovanın xor və simfonik orkestr üçün "Sarı gəlin" Balladası (sözləri Şahruh Süleymanovundur), Həsən Adıgözəlzadənin xor və simli orkestr üçün "Bursa" Kantatası, kamera əsərlərdən Samir Əliyevin Q.Qarayevə həsr olunmuş simli kvarteti, Eldar Dadaşovun piano üçün "Pensieroso", İlham Azmanlının "Bakı küləyi" adlandırdığı 2 piano üçün konserti ilk ifaları təqdim olundu. Həmçinin sevindirici haldır ki, festivalda Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan təşkilatının nümayəndələrinin - Azərbaycan Dövlət Kamera Orkestrinin təqdimatında səslənən Yaşar Xəlilovun "Əshabi-kəhf" baletindən üç fraqment, Kamal Əhmədovun violin və piano üçün "Kapriççio" və "Mən səni sevmişəm" romansı (sözləri Xanəli Kərimlinindir) və Şəmsəddin Qasımovun xor və piano üçün "Mirzə Cəlil" Kantatası (sözləri Hüseyn Razinindir) da primyera səciyyəli əsərlər sırasında idi.

Festivalın 4-cü günü Beynəlxalq Muğam Mərkəzində keçirilən kamera konserti haqqında təəssüratlarını oxucularla bölüşmək istəyirəm. Konsertin ilk nömrəsində görkəmli dirijor və bəstəkar Niyazinin 1949-cu ildə yazdığı "Rast" simfonik muğamının violin və piano instrumental dueti üçün (G.Z.Burşteynin işləməsində) köçürülmüş variantı violin ifaçısı Süleyman Əyyubovun və Beynəlxalq müsabiqələr laureatı pianoçu Fəqan Həsənlinin ifasında səsləndirildi. Niyazinin "Əlində sazın qurbanı" xalq mahnısını daxil etdiyi, "Rast" muğamının ənənəvi improvizasiya üslubunda yazdığı bu əsəri sanki möhtəşəm orkestr ifası təəssüratı yaratdı. Klarnet və piano üçün "Ayın qarşısından keçən buludlar" (Əziz Qarayusifli - klarnet, Leyla Əliyeva - piano) adlı əsərin müəllifi gənc bəstəkar Fərid Fətullayev idi. Azərbaycan Milli Konservatoriyasının məzunu və bəstəkar C.Abbasovun yetişdirməsi olan F.Fətullayev, ABİ nəzdindəki gənclər birliyinin üzvü, Gənclər və İdman Nazirliyinin mükafatı laureatıdır. "Qədim torpaq" kantatasının, simfonik orkestr üçün süitanın, kamera-instrumental və vokal əsərlərin müəllifi olan gənc, müstəqil yaradıcılıqda ilk addımlarını atan bəstəkarın bu proqram səciyyəli əsərinin yaranma səbəbi isə məhz onun bu səma hadisəsini müşahidə etməsidir. Əsərin adı daha çox impressionizm səciyyəsi daşısa da, mürəkkəb 3 hissəsi formaya yaxın olan modern üslubda yazılmış bu əsərdə klasterlərdən geniş şəkildə istifadə olunması, klarnetin qırıq-qırıq səslənən dissonans sekunda intonasiyaları müəllifin təəssüratının ifadəsi kimi səslənsə də, əsərin həddən artıq uzunluğu bir qədər yorucu təsir bağışladı.

A.Məlikov məktəbinin nümayəndəsi Kəmalə Əlizadənin simli triosu isə məhz səbəbkara - Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunduğu üçün onu proqram xarakterli bir əsər adlandırıla bilərik. K.Əlizadənin Kamal Abdullanın "Yarımçıq əlyazma" romanının təsiri altında 3 simli alət üçün yazılmış "bu əsər qısa şəkildə azərbaycanlı düşüncəsini əks etdirir və onların həqiqi rənglərini nümayiş etdirir". "Yarımçıq əlyazma" romanı dünyanın oxucu auditoriyasının böyük marağına səbəb olan, bir çox - fransız, türk, rus, polyak, ərəb, portuqal, alman, ingilis, italyan, qazax və qırğız dillərində nəşr olunan yazıçı-alim, tanınmış ədəbiyyatşünas, tənqidçi, ictimai xadim, dilşünas və mədəniyyətşünas alim kimi səciyyələndirilən K.Abdullanın növbəti uğurlarından biri hesab oluna bilər. Kamal Abdullanın "Yarımçıq əlyazma" tarixi romanı qədim köklərə malik, lakin müasir mədəniyyət elementləri ilə zəngin olan morernizm nümunəsi olsa da, bir çox tənqidçilər onu postmodernist roman kimi səciyyələndirirlər. K.Əlizadə də məhz öz musiqisi vasitəsilə K.Abdullanın istər Azərbaycanda, istərsə də xarici ölkələrin mətbuat səhifələrində geniş müzakirələrə və polemikalara yol açmış məşhur "Yarımçıq əlyazma" romanında baş varən hadisələrin atmosferini verməyə çalışır. Kitab, Dədə Qorqud adlı bir Ozan tərəfindən Oğuz elindəki xainlərin iç üzünün ifşa olunması ilə bağlı aparılan tədqiqatın hesabatı xarakterini daşıyır. Bu isə, öz növbəsində, XVI əsrdə mövcud olan Səfəvilər dövlətinin banisi və hökmdar-şair Şah İsmayıl Xətaiyə aid başqa bir hekayə ilə sıx əlaqədardır. Bu istiqamətləri özündə birləşdirən "Yarımçıq əlyazma" əsərini 3 şəkildə - detektiv roman, Azərbaycan dastanlarına fərqli yanaşma tərzi və insanın özünü dərk etməsinə doğru bir başlanğıc kimi dəyərləndirmək olar. Bəbii əsəri musiqidə təcəssüm etdirən simli trio (Beynəlxalq müsabiqə laureatları Nəzrin Mustafayeva-violin, Ziba Rəcəbli-viola, Asim Xəlilov-violonçel) 3 nəfərin tərəddüd dolu dialoqundaki fərqli yolları, versiyarı, addım səslərini xatırladır. Nadir hallarda həmahənglik yaradan 3 alətdəki danışıq xüsusiyyəti daşıyan intonasiyalar, skripkanın partiyasındakı melodiyada "Bayatı-şiraz"ın sədalarına yaxınlıq və s. səciyyəvi cəhətlər kamera əsərinin orijinallığını göstərir. İnstrumental ifadəlik sferasının yaranmasında vacib hesab olunan simli alətlərin ştrix texnikasından bacarıqla istifadə edən müəllif, viola və violonçelin davamlı martele ştrixi ilə - pauzalı kəskin səslə ifa etmələrini - cəsarət, iradə, hökm, qəhrəmanlıq və s. bədii ifadə vasitələri kimi vurğulayır. Bu gün Azərbaycanı xaricdə ləyaqətlə təmsil edən K.Əlizadə Gənclər və İdman Nazirliyinin mükafatı laureatı adına layiq görülüb, bir çox xarici ölkələrdə keçirilən Beynəlxalq fesvalların iştirakçısı olub. Onun kamera ansamblı üçün "Depressive illusions" əsərinin primyerası 2002-ci ildə Tokioda keçirilən Beynəlxalq Asiya Musiqi Festivalında, Kamera orkesti üçün Şuşaya həsr olunmuş "İtirilmiş cənnət" süitası Amsterdamda Geodemuzek orkestrinin ifasında, piano üçün "Prelüdlər və skertso" əsəri 2004-cü ildə ABŞ-da Printson Universitetində səsləndirilib. 2006-cı ildə italyan səfirliyinin keçirdiyi müsabiqədə qalib olan K.Əlizadə, Moden şəhərinə dəvət alıb və professor Antonio Cakomettinin sinfində təkmilləşdirmə kursu keçmək şansı qazanıb. Onun orkestr üçün yazdığı "Passakaliya" əsəri müəlliminin (Antonio Giacometti) dərsliyinə daxil edilib, premyerası 2008-ci ildə İtaliyada L.Pavorotti adına teatrda olub. Kəmalənin "Streghe" ("Cadugərlər") uşaq operasının, üç aktyor və elektron musiqisi üçün yazılmış "Magnituda 5,9" operasının, elektrogitara və piano üçün "momento jazz", xor üçün "Hallowen"mahnıları və "Piano üçün musiqi" əsərlərinin ilk ifasının sədaları da məhz yaşadığı Apenin yarımadasından gəlib. Bəstəkar və pianoçu K.Əlizadə italyan fleytaçısı Luiza Cellonu Bakıda keçirilən konsertində onu fortepianoda müşayiət edib, 2007-ci ildə İtaliya-Azərbaycan əməkdaşlığının 15 illiyinə həsr olunmuş konsertdə kamera orkestri və solistlər üçün "40-cı paralel" (İtaliya və Azərbaycanı birləşdirən paralel) əsərinin premyerası olub. 2006-cı ildən italiyan dinləyicilərini öz əsərləri ilə yanaşı Azərbaycanın bəstəkarlarının əsərləri ilə tanış edən Kəmalə Azərbaycan musiqisini uğurla təbliğ edir.

F.Əmirovun skripka üçün yazılmış "Muğam-poema" əsərini kamançada Beynəlxalq müsabiqə laureatı Mədinə Şahgəldiyeva və pianoda Sevinc Kərimova böyük ustalıqla ifa etdi, kamança ifaçısı yüksək texniki bacarıq nümayiş etdirərək əsərin mürəkkəb akkord srtukturunu təmiz şəkildə çatdırmağı bacardı. Konsertin növbəti nömrəsində Fəqan Həsənli tərəfindən ifa olunan Q.Qarayevin "3 fuqa"sından birincisi onun 1939-cu ildə Moskvada oxuduğu dövrdə yazdığı polifonik səciyyəli əsər, növbəti 2 fuqa isə onun 1981-ci ildə seriya texnikası əsasında yazdığı "12 fuqa"dan idi.

Xalq artisti, bəstəkar Musa Mirzəyevin 2 kontrast pyesdən ibarət olan skripka və piano üçün "Adajio və Vals-Skertso"su (violində Ümidə Abbasova və pianada müəllif) konsertin repertuarına parlaq bir rəng qatmış oldu. Musa müəllim söylədi ki, 60 ildir pedaqoji və konsert repertuarında yer alan bu əsərin notu hələ o zaman Moskvada çap olunub. Beynəlxalq müsabiqədə iştirakçılardan birinin ifa etdiyi bu əsər, jürinin üzvlərinin o qədər xoşuna gəlib ki, onların hər biri bu əsərin notunu öz ölkəsinə aparıb və bu gün 2 hissəli əsər artıq ölkənin hüdudlarından kənarda da populyar pyeslər sırasına daxil olub.

Konsertin övbəti nömrəsi Festivalın qonağı olan Daşkənddən gəlmiş bəstəkar Dmitri Yanov-Yanovskinin simli kvartet üçün "...al niente" kompozisiyası oldu. Bu əsər Debüssinin kvarteti ilə daxili yaxınlıq olması şərti ilə amerikan "Brooklyn Ride" kvarteti tərəfindən sifariş edilib və Ceyms Artur Kordsa həsr olunub. Əsərin premyerası 2009-cu ildə ABŞ-da Minneapolisdə keçirilib. Daşkənd Dövlət Konservatoriyasında atası Feliks Yanovskinin sinfində təhsil alan bəstəkar,1992-ci ildə Danimarkada E.Denisovun və P.Rudersin ustad siniflərində iştirak edib, 1993-cü ildə isə Parisdə Musiqi və akustikanın tədqiqi və koordinasiyası (IRCAM) institutunun yay akademiyasında oxuyub. O, 1985-ci ildə Moskvada gənc bəstəkarların müsabiqəsinin qalibi olub, 1991-ci ildə Frayburqda onun soprano və simli kvartet üçün "Lacrimosa" əsəri dəyərləndirilib, 1992-ci ildə isə Bostonda "Əvvəlcədən hiss etmək" əsərinə görə Beynəlxalq mükafata layiq görülüb. Yanovski 1988-ci ildən etibarən bir çox müasir musiqi festivallarında (Brno, "Almedia", "Eurorhonia", "Presences", "Varşava payızı", "Musiqi bu gün" və s.) iştirak edib. 1996-cı ildə Daşkənddə təşkil oluanan "İlxom- XX" Beynəlxalq müasir musiqi festivalının təşəbbüskarı, təşkilatçısı və bədii rəhbəri olub və 9 il müddətində bu festival hər il keçirilib. O, 1999-cu idə Romada, Turində və Parisdə, 2003-cü ildə Brüsseldə müəllif konsertləri ilə çıxış edib, onun Fransada 2 müəllif diski buraxılıb. 2002-ci ildə "Simens" korporasiyasının təqaüdünü alan Yanovski, 2 ay müddətinə ABŞ-da dəvət olunub və burada bəstəkar kimi çalışıb. 23 teatr tamaşasına və 43 kinofilmə musiqi bəstələyən Yanovski, "Kammi" filminin musiqisinə görə Nantsk kinofestivalının xüsusi mükafatını almış, 2008-2009-cu illərdə Harvard Universitetində "composer in residence" olmuşdur. İmpressionizm cərəyanına xas olan tipik nümunə kimi Debüssinin yeganə simli sol minor kvartetini, D.Yanovski müasir musiqi dilində çevirmişdir. İmpressionizmdə yeni uzlaşmasının fərqli cəhəti kimi səs sanki axıb gəlmir və digər səslərlə davam etmir, öz-özlüyündə mövcud olur, Yanovskinin musiqisində isə violanın ifa etdiyi kiçik motivin dəfələrlə təkrarlaması minimalizm effekti yaradırdı. Debüssinin kvartetin primyerası uğursuz olsa da, ifaçılar nəsli onun fövqəladə texnikasının və musiqi baxımdan mürəkkəbliyinın öhdəsindən gələ bilirlər. Yanovski isə avanqard musiqi tərzində təqdim etdiyi əsərinin epiqrafını belə səciyyələndirir: "Təfəkkürü varlıq deyil, mövcüd olmanın labüdlüyü müəyyən edir".

İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyan olan sufizm və ya təsəvvüf fəlsəfi - dini təlim kimi insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə edir. Ümumi bir məna daşısa da, varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi ilə meditasiya edilməsi məlum bir faktdır və hələ 80-ci illərdə bəstəkar Cəlal Abbasovun 3 alət üçün yazdığı "Meditasiya" əsəri bu qəbildəndir. Məlum olduğu kimi 70 illik Sovet ideologiyası dövründə bir çox sferalar kimi, dini mövzuya müraciət də qadağan olunmuş sahələrə aid olunurdu. Buna görə də müstəqillik dövründə bəstəkar artıq daxilindən gələn, dini mövzulu əsərlərə müraciət etməklə bu tələbatını dəyərləndirə bilmiş və 90-cı illərdə solo alətlər üçün yazdığı trilogiyanı "Minacat" adlandırmışdı. "Minacat - I " solo kontrabas, "Minacat - II" solo alt, "Minacat - III" isə solo marimba üçün yazılmış və bu janrın spesifikasından irəli gələrək kədərli dərin düşüncələri özündə cəmləşdirmişdi. Konsertin növbəti nömrəsində Əməkdar incəsənət xadimi, professor, BMT-nin mükafatı laureatı Cəlal Abbasovun 1993-cü ildə solo kontrabas üçün yazdığı, dini səciyyəli "Minacat - I" əsəri Cavad Cavadzadənin interpretasiyasında səsləndi. Minacat müsəlman dünyasında poetik və musiq incəsənətinin maraqlı janrlarından biridir, mənbəyi gündəlik səhər rükətinə daxil olan minacat-duasından irəli gəlir. Ərəb dilində oxunması vacib olan dualardan başqa, minacat-duası əsasən hər kəsin yerli dilində səsləndirilə bilər. Təbii ki, qəlb ağrılarının ifadə olunması, yalvarışları ilə günahların bağışlanması üçün Allaha müraciətin musiqi vasitəsi ilə təcəssümündə, simli musiqi alətləri arasında səslənməsinə görə qalın, bəm və ahəngdar, məlahətli səsə malik olan kontrabasdan istifadə olunması məqsədəuyğundur. Minacat (ərəb dilində "gizli söhbət" deməkdir) və ya dua hər kəsin doğma dilində ən məxfi istəkləri iə Allaha şəxsən edilən müraciət formasından yaranan musiqili-poetik janrdır. Minacat-Orta Şərq, Orta Asiya ölkələrində daha çox yayılan, ədəbiyyatda şeirlərlə, xalq yaradıcılığında isə kədər, qüssə, ayrılıq kimi motivlərin üstünlük təşkil etdiyi, dini düşüncələri əks etdirən melodik əsər kimi səciyyələndirilir. Minacat - musiqi üslubu-musiqi folkloru və Quranın ucadan oxunması arasındakı orta mövqeni ifadə edir. Dini məzmun daşıyan Minacatda Allahın Xaliq, bəndənin isə məxluq olduğu təsdiq edilir. Dua səciyyəsi daşıyan bu əsərdə kontrabasın arko və pizzicattolarının növbələşməsi, qlissandolarla aşağı və yuxarı oktavalara keçid bir növ səma musiqisi təəsssüratı yaradır. "Humayun"un intonasiyalarına uyğun olan "Allaha müraciət" teması dəfələrlə təkrarlanaraq əvvəl monodiya tipli səslənirsə, getdikcə inkişaflı şəkildə verilərək genişlənir, ikili notlarla, akkordlarla keçir. Bəstəkar sakit duanı təmkinli etiraz, tövbə və barış kimi hisslərlə ifadə etmək üçün sekunda və oktava intonasiyaları, alətin gövdəsində (korpusunda) əllə vurulması, həmçinin basso ostinato və sıçrayışlarla zəngin olan Minacatın musiqisində qrifdə çalınması kimi qeyri-adi texnikadan da istifadə edir. Məlum olduğu kimi aşağı tezliklər yalnız qısa məsafədə yayıla bilmək qabiliyyətinə malik olduğu üçün kontrabas nadir hallarda solo alət kimi istifadə olunur. Böyük ölçüsünə və yayın münasib olmayan mövqeyinə görə kontrabasda çalma texnikası da müəyyən qədər məhduddur. Buna görə də ayaq üstə dayanaraq solo partiyanı çalan ifaçının müəyyən qədər çətinlik yaşaması bəlli olurdu.

Konsertin digər nömrələrində Aliyə Məmmədovanın 2 saylı simli kvarteti səsləndirildi. I hissəsi ənənəvi sonata formasında, II hissə isə seriya texnikası kanonları ilə yazılmış (II hissə üçün həm də "Rast" muğamının inkişaf prinsipləri və lad-intonasiya əsası xasdır) bu əsər 2001-ci ildə Moskvada P.Yurqenson adına Beynəlxalq müsabiqədə II mükafata layiq görülüb.

Adilə Yusifovanın soprano, simli kvartet, piano, qoboy və balaban üçün "Xəyallarımdakı şəhər" fantaziyasının premyerasında musiqi vasitəsilə artıq mövcud olmayan bir şəhərın keçmiş həyatı canlandırıldı. Kvartetin ifa etdiyi nəqlivari, dramatik səciyyəli musiqi, fortepianonun inamlı akkordları, keçmiş günlərin acı və xoş xatirəsini əks etdirdi. I skripkada tremololardan geniş istifadə edən bəstəkar, violonçeldəki qlissandodan sonra mövzu dəyişir, simlilər əsasən müşayiət funksiyasını yerinə yetirirlər. Qoboy və balabanın milli musiqi intonasiyaları sopanonun daha təsirli "Haralara gedirəm, sən gəlirsən göz önünə, səni arzulayıram, mənim şəhərim" sədalarına gətirib çıxarır.

Konsertdə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor, "Şöhrət" ordeni, YUNESKO-nun "Dünya artisti" və s. fəxri titullarının sahibi Firəngiz Əlizadənin klarnet, vibrafon və çembalo üçün (Vəli Budaqov-klarnet, Allahyar Vəzirov-vibrafon, Nərgiz Əliyeva- çembalo) isveçrəli tanınmış klarnet ifaçısı Frantsiska Xirtzelin sifarişi ilə yazılmış "Crossinq I" əsəri də səsləndi. Bu əsər "Çarpazlaşma, kəsişmə" mənası daşıyaraq əsərin xarakterik xüsusiyyətini ifadə edir. Məlum olduğu kimi bəstəkarın bu silsiləni davam etdirərək yazdığı "Crossinq II" adlı əsəri də mövcuddur. Mahiyyət etibarilə eyni olsa da, I çarpazlaşma(3 alət) II-dən(11 alət) istifadə olunan alətlərin - onların tərkibi və sayı ilə fərqlənir. Yəni hər iki əsərdə alətlərin partiyası daima bir-birinə tabe olmasa da, onların musiqidə kəsişdiyi, ortaq anlarına da təsadüf olunur. Yəni Firəngiz xanım bir növ təqdim etdiyi çarpazlaşan musiqiyə həndəsi yer (həndəsədə İki və ya bir neçə fiqur üçün ortaq olan bütün nöqtələr çoxluğuna, həmin fiqurların kəsişməsi deyilir. F1 və F2 fiqurlarının kəsişməsi belə işarə olunur: F1 F2) anlayışını tətbiq edir. Bu da musiqinin texniki və fəlsəfi-məntiqi fənlərlə inteqrasiya prosesini göstərmiş olur. Klavişli zərb alət olan vibrafonun cingiltili tembri, klarnetin qırıq-qırıq səslənən sekunda , dissonans art4 və əsk5 intonasiyalarına, kəskin ritmik gedişlərə əsaslanan musiqisi, çembalonun boğuq səslənən klasterləri tamam fərqli armosfer yaratsa da, musiqidə ümumi bir kəsişmə nöqtəsi də eşidilir. Təsadüfi deyil ki, Qərbin dilində - yəni müasir bəstəkar texnikasının evolyusiyasından bəhrələnərək Şərq musiqisini dünyaya çatdıran F.Əlizadə kompozisiyaları bu iki müxtəlif qütbün musiqidəki qovuşma nöqtəsi hesab olunur.

Güllü İSMAYILOVA,

sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun dosenti, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü

525-ci qəzet.- 2014.- 13 noyabr.- S.8.