Yazıçılar Birliyində Telman Qarayevin 80 illiyi qeyd olunub

 

 

Ötən gün Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış jurnalist Telman Qarayevin anadan olmasının 80 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Tədbiri Yazıçılar Birliyinin katibi  Rəşad Məcid açıb, yubilyarın jurnalistika sahəsindəki xidmətlərindən danışıb.

Vaqif Əlixanlı çıxışında Telman Qarayevi radionun yetişdirdiyi müqtədir jurnalist, radio jurnalistikasının son mogikanı  kimi dəyərləndirib: "80 illik ömrünün 50 ilini jurnalistikaya həsr edən Telman Qarayev "Azərbaycan pioneri" "Azərbaycan gəncləri" qəzetlərində müxbir, "Ədəbiyyat incəsənət" qəzetində şöbə müdiri işləyib. 1975-ci ildən isə həyatını Azərbaycan Dövlət Televiziya Radiosuna bağlayıb. Əvvəlcə televiziyanın musiqi redaksiyasında baş redaktor, sonradan isə radionun musiqi redaksiyasında şöbə müdiri, Xalq yaradıcılığı redaksiyasında redaktor müavini, məktublar, müxbirlər, yerli radio canlı yayım birləşmiş qurumların rəhbəri kimi fəaliyyət göstərib".

Xalq artisti Ramiz Quliyev çıxışında Telman Qarayevlə birgə olduqları səfər təəssüratlarını iştirakçılarla bölüşüb, onu milli musiqinin, sənətin, mədəniyyətin arxiv keşikçisi kimi səciyyələndirib. Yubiley mərasimində Telman Qarayevin "Sənətin keçdiyi yollar" kitabı iştirakçılara təqdim olunub. Kitabın redaktoru Bəxtiyar Sadıqov, məsləhətçisi xalq yazıçısı Anar, bədii redaktoru Sarvan Ağayevdir.

Tədbirdə qələm dostları Ramiz Məmmədzadə, Mustafa Çəmənli, Zümrüd Məmmədova başqaları Telman Qarayevi 80 illik yubileyi münasibətilə təbrik ediblər, ona cansağlığı, yaradıcılıq uğurları arzulayıblar.

Sonda çıxış edən Telman Qarayev yubileyin təşkilatçılarına qonaqlara təşəkkür edib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 13 noyabr.- S.7.