Sənətdə iz
qoyan sənətkar - professor Oqtay Babazadə
(Əvvəli
ötən sayımızda)
Rejissor Oqtay Babazadəni başqa həmkarlarından fərqləndirən
önəmli bir cəhət var. O, yaradıcı kollektivlə
birlikdə işləməyə, daha çox filmin ssenarisinə
üstünlük verib onun əsasında çəkiliş
aparmağı xoşlayır. Bununla yanaşı, yaradıcı qrupun
bütün adamlarının fikir və
düşüncülərinə hörmətlə
yanaşır. Onların yaradıcılıqla
bağlı bu və ya digər təkliflərini
saf-çürük edib, gərəkli olanlarını dəstəkləyir.
Bu və ya digər məqamlarda həmin fikir və
təkliflərdən istifadə etməyə
çalışır.
Biz onunla birlikdə xeyli sayda sənədli film üzərində
işləmişik. İlk böyük
işimiz professor Lütfi Zadənin həyat və elmi yaradıcılığına həsr edilmiş dörd
seriyalı "Uzaq və yaxın Lütfi Zadə" sənədli
filmidir. Çəkilişləri Azərbaycandan
başqa bir neçə xarici ölkələrdə -
ABŞ-da, İranda, Almaniyada mürəkkəb mövzulu filmi
reallaşdırmaq çətindən-çətin idi.
Hər şeydən əvvəl nəzərdə tutulmuş
ölkələrə getmək üçün xeyli maliyyə
vəsaiti tələb olunurdu. Digər tərəfdən
qarşıda Lütfi Zadənin elmi nəzəriyyəsi olan
qeyri-səlis məntiq nəzəriyyəsinin praktik tətbiqini
ekranda ustalıqla canlandırıb anlaşıqlı formada
tamaşaçıya çatdırmaq məsələsi
dururdu. Bundan əlavə min illərlə
insan cəmiyyəti arasında mövcud olmuş Aristotelin
binar məntiqinin müasir zamanda gərəksizliyi elmi arqumentlərlə
sübuta yetirilib. Lütfi Zadənin qeyri-səlis
məntiqinin çağdaş əsrimizdə nəinki texnika
və texnologiya sahəsində, eləcə də insan cəmiyyətində
daha önəmli rol oynadığı vizual formada göstərilməli
idi.
Əlbəttə, bu mürəkkəb məsələ
ssenari müəllifi ilə rejissorun birgə
yaradıcılıq səyini bir-birini dərindən
anlaması tələb edirdi. Oqtay Babazadə
bunları əvvəlcədən bildiyi üçün filmi
bütünlüklə ssenari üzərində qurdu. Nəticədə sözlə vizual
görüntülər həmahəng səslənib bir-birini
tamamladı və baxımlı film yarandı. Elə
buna görə də həmin sənədli film 1998-ci ildə
Almaniyada ilk təqdimatı zamanı (professor Lütfi Zadənin
iştirakı ilə), həm də bundan bir az sonra Azərbaycan
televiziyasında ilk təqdimatı və nümayişi olanda
böyük əks-səda yaratdı.Sanki bu filmdə hər
şey zərrəbinlə seçilmişdi. Ssenari
mətnindən tutmuş rejissor işinə qədər,
operator işindən başlanmış aparıcı və bəstəkar
musiqisinə qədər hər şey harmonik vəhdətdə
verilmişdi. Elə bu səbəbdən də
film tamaşıçını yormurdu. Mövzunun yeri
və mürəkkəb olması hiss edilmirdi. Əksinə,
tamaşaçı bu filmdə istədiyi qədər elmi
bilgi və estetik zövq alırdı. Professor
Lütfi Zadənin dünya elmində Aristotellə, Albert
Eynşteynlə və digər dünya elm nəhəngləri
ilə yanaşı durduğunun əyani şahidi olurduq.
Mənim ssenarim, Oqtay Babazadənin rejissorluğu ilə
lentə alınmış "Toğrul" səhədli
filmi də bu kontekstdəndir. XX əsrin sonundan mərhələ-mərhələ,
hissə-hissə Vilnüsdə, Bakıda, Şuşada, Səmərqənddə,
Lahıcda, Parisdə, Gəncədə, Baloniyada lentə
alınmış bu film həm çəkiliş
coğrafiyasının genişliyinə, həm də
Toğrul Nərimanbəyovun çoxçalarlı
yaradıcılığını yetərincə əhatə
etdiyinə görə qiymətlidir. Bu sənədli
filmdə rəssamla yaradıcılıq,
yaradıcılıqla zaman, zamanla sənətkar sıx vəhdətdə
verilmişdir. Filmdə dünya şöhrətli rəssam
dünyaya yalnız Azərbaycan məkanından deyil, həm də
Şərq və Qərb parametrlərindən baxır. Ona görə onun dünya incəsənəti ilə
əlaqədar söylədiyi fikirlər çox maraqlı və
çox qiymətlidir. Dünya təsviri sənətinin
keçmiş və çağdaş vəziyyətinə
iki nöqtədən - Şərq və Qərb nöqtələrindən
baxan rəssam tamaşaçını elmi-məntiqi arqumentlərlə
inandırmağa çalışır ki, bu sahədə gedən
deqradasiyaya, tənəzzülə səbəb onların gedib banklara dirənməsi,
maliyə məsələsi ilə əlaqədardır. Elə
bunun nəticəsidir ki, indi Leonardo da Vinçilər,
Rafaellər, Tissianlar, Renuarlar, Van Qoqlar, Sezanlar yaranmır.
Rəssamın bu və digər səmimi etirafları
filmdə çox ustalıqla traktovka edilmişdir. Məhz həmin
rejissor ustalığının nəticəsidir ki, bir saat
davam edən bu film tamaşaçı auditoriyası tərəfindən
böyük maraqla qarşılaşmışdır. Hətta tammetrajlı "Toğrul" filmi 2011-ci
ildə Ukraynanın paytaxtı Kiyev şəhərində
keçirilmiş birinci Televiziya filmləri festivalının
"TEFİ" - "Birlik" diplomuna layıq
görülmüşdir.
Biz ayrı-ayrı vaxtlarda birlikdə
"Ömür", "Alim",
"Körpülü", "Luvr" sənədli filmlərini
reallaşdırmışıq. Onun ssenari müəllifliyi
və rejissorluğu ilə "Gədəbəyin alban abidələri"
sənədli filmi də həyata vəsiqə alıb.
Müxtəlif mövzulu, müxtəlif ovqatlı bu filmlər həm tarixilik, həm
rejissor - müəllif fikrinin üst-üstə düşməsi,
həm də vizual görüntülərlə kadrarxası mətnin
harmonik vəhdət təşkil edib bir-birini tamamlaması ilə
diqqəti çəkir.
Oqtay Babazadənin bir rejissor kimi bir neçə önəmli
cəhəti var. Ozü təcrübəli rejissor olmasına
baxmayaraq, daim öyrənməyi xoşlayır. Klassik
rejissorlara da, cavan həmkarlarına da eyni sevgi ilə
yanaşır. Klassiklərdən söz düşəndə
deyir: "Mən sənədli filmlər ustası Mixail Rommun
və Roman Karmenin yaradıcılığını çox
xoşlayıram. Mixail Rommun rejissorluğu ilə
araya-ərsəyə gəlmiş "Adi faşizm" filmi
günü bu gün də mənim üçün
şedevrdir. Bu filmdə sonradan çəkilmiş
çox az kadrlar var. Əsasən,
müharibə dövründə alman və sovet cəbhə
operatorlarının lentə aldıqları kadrlardan istifadə
olunub. Amma film o qədər qözəl montaj
edilib ki, filmin nümayişi başa çatdıqdan sonra bu
filmin sənədli olduğu yox, bədii olduğu təəssüratı
yaradır.
Rejissor Roman Karmenin "Dəniz fatehləri" sənədli
filmi də bu qəbildəndir. İmran Qasımovun ssenarisi, Roman
Karmenin rejissorluğu, Cavanşir Məmmədovun
operatorluğu, bəstəkar Qara Qarayevin musiqisi ilə araya-ərsəyə
gəlmiş bu film də sənədlilikdən çox bədii
film təsiri bağışlayır. Çünki
hər şey harmonik və dinamikdir. Biri
digərini süni surətdə yox, təbii şəkildə
tamamlayır.
Cağdaş günlərimizdə sənədli film
çəkməyə meyilli gənc rejissorlar da çoxdur. Onların
dünyaya və sənətə baxışları əvvəlkilərdən
xeyli fərqlidir. Bu fərq nələrdən
ibarətdir? Mən daim bu sualın
cavabını axtarıram və çox təbii ki, ürəyimə
yatanları dəstəkləyir, xoşuma gəlməyənləri
rədd edirəm. Fikrimcə həm klassiklərdən,
həm də gənclərdən öyrənməli çox
şey var. Klassiklərdən peşəkarlıq və təcrübə,
gənclərdən isə ideya və ifadə tərzi yeni
olur. Mən bunu bu gün dərs dediyim
universitet tələbələrinin həmin istiqamətdə
gördükləri işlərə əsaslanıb deyirəm".
Oqtay Babazadənin digər önəmli cəhətlərindən biri də odur ki, o mövzulardan qorxub çəkinmir. Bütün mövzularda - istər elm, istərsə də incəsənət, ədəbiyyat, musiqi və yaxud tarix, təbiət, idman mövzuları olsun, hamısına eyni məhəbbət və hörmətlə yanaşır. Heç vaxt onun dilindən: "Bu mənim mövzum deyil, bunu mən bacarmaram" ifadəsi eşitməzsən. Ancaq bu sözlərin şahidi olarsan: "Mən həmişə hazıram!"
Onun ən önəmli cəhətlərindən biri də məqsədinə çatmaq üçün inadkar olmasıdır. Oqtay müəllimlə biz Gürcüstanda, İranda, Türkiyədə, Almaniyada, Hollandiyada, Danimarkada, Belçikada, Amerikada, Fransada, İtaliyada, dəfələrlə çəkilişlər aparmışıq. Çəkilişlər zamanı çoxlu maneələr baş verib. Kimisi pul tələb edib, kimisi çəkiliş məkanına qadağa qoyulduğunu söyləyib, kimisi isə çəkilişdən yaxa qurtarmaq istəyib. Amma o, bunlara məhəl qoymadan öz işlərini görüb. Belə səhnələrlə biz Amerikada və Parisdə dəfələrlə üz-üzə gəlmişik. Amerikada "Uzaq və yaxın Lütfi Zadə" çox seriyalı sənədli filminin çəkilişlərini apararkən polis yaxınlaşıb o yerdə çəkilişlərə qadağa qoyulduğunu söylədi. Və əlavə etdi ki, bu məkanda çəkilişlər üçün filan departamentdən icazə vərəqəsi gərəkdir. Oqtay müəllim zarafata salıb tərcüməçi vasitəsi ilə ona belə dedi: "Cənab polis, sizin ölkənizi bilmirəm, amma bizim ölkədə əvvəlcə çəkib sonra icazə alırlar".
Polis əvvəlcə çaşdı, sonra deyilənlərin mahiyyətini dərk edib qəhqəhə çəkdi. Gülə-gülə ona yaxınlaşıb dedi: "Elədirsə, onda öz ölkənizdə olduğu kimi hərəkət edin". Parisdə Luvr muzeyində "Luvr"adlı sənədli filmi çəkəndə də buna oxşar bir hadisə ilə üzləşmişik. Bildiyiniz kimi bu muzeyə peşəkər çəkiliş kameraları ilə daxil olmağa qadağa qoyulub. Çəkiliş aparmaq üçün gərək xeyli miqdarda pul keçirib icazə alasan. Bizim isə buna maddi imkanımız yox idi. Amma Oqtay müəllim hansı yollasa çəkilişi reallşdırdı və biz istədiyimizə nail olduq.
Mənim dünyaya qöz açdığım, indi qürbətdə qalan kəndimiz Körpülü ilə əlaqədar 2000-ci ildə çəkməyə başladığımiz "Körpülü" tammetrajlı sənədli filminin lentə alınması zamanı da bir neçə` qorxunc vəziyyətlə üzləşməli olduq. Ermənistan ərazisində yerləşən kəndimiz üç respublikanın - Ermənistanın, Gürcüstanın və Azərbaycanın sərhəddində qərarlaşıb. Bu sərhəd erməni əsgərləri tərəfindən ciddi nəzarətdə saxlanılır. Biz belə qərara gəldik ki, kəndimizlə bağlı çəkilişləri Gürcüstana məxsus ərazidən, Burma deyilən kəndin yaxınlığındakı nöqtədən lentə alaq. Belə də etdik. Gün qüruba enəndə kameramızı quraşdırıb Körpülü istiqamətinə yönəltdik. Sən demə, Debet çayının o tərəfində lövbər salmış polis-buraxılış məntəqəsinin erməni əsgərləri - snayperləri silahlarını bizə tuşlayıb bizi hədəfdə saxlayırmışlar. Birdən hiss etdik ki, 200 metr aralıda Debetin o tayında silahlar şaqqıldadı. Oqtay müəllim tez özünü operator dayanan tərəfə atıb həm onu, həm də kameranı yerə yıxıb hər ikisini real təhlükədən sovuşdurdu. Düzdür, həmin gün heç nəyə nail ola bilməyib suyu süzülə-süzülə qonşu Sadaxlı kəndinə - mənim qohumum Zemfiranın evinə qayıtdıq. Oturub çəkiliş aparmaq üçün yeni yollar axtardıq. Axırda belə qərara gəldik ki, çəkilişi sübh tezdən, erməni keşikçiləri yuxusuzluqdan əldən düşdükləri məqamda aparaq. Elə də etdik. Və axır ki, istədiyimizə nail olduq.
Bir müddət Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində rejissor köməkçisi işləmiş, sonralar ali dərəcəli rejissor vəzifəsinə qədər yüksələn Oqtay Babazadə bir çox nüfuzlu mükafatların sahibidir. O, 2000-ci ildən respublikanın əməkdar incəsənət xadimi fəxri adını daşıyır. Hələ televiziyada işlədiyi dövrlərdən rejissorluq işi ilə pedaqoji fəaliyyətini paralelləşdirib. 1991-ci ilin sentyabrından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent və professor vəzifəsinə qədər yüksəlib. Bununla yanaşı, o, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, akademikidir. Özü də bir neçə dərs vəsaitinin müəllifidir. Onun imzası ilə işıq üzü görmüş "Ekranda təsvir və səs", "Kinoda və televiziyada montaj", "Ekranda söz" dərs vəsaitləri sözun həqiqi mənasında bu sahədə illərdən bəri davam edən boşluğu aradan qaldırıblar.
O,
publisistika ilə məşğul olmağı da
xoşlayır. Arada bir yaxından
tanıdığı, dostluq etdiyi elm və sənət
adamları barədə bir-birindən maraqlı oçerklər,
xatirələr yazır. Onun professor
Lütfı Zadə, Xalq rəssamı Toğrul Hərimanbəyov
haqqında yazdığı yazılar böyük
elmi-publisistik dəyərə layiqdir.
...Müdriklərdən
biri deyir: "Xoşbəxt o sənətkardır ki,
yaşlaşanda geri dönüb arxaya baxanda özünü və
yaradıcılıqlarının izlərini
görür". Respublikanın əməkdar incəsənət
xadimi, rejissor, professor Oqtay Babazadə məhz belə xoşbəxtlərdəndir.
Möhbəddin Səməd
525-ci qəzet.-
2014.- 13 noyabr.- S.6.