Qaspralının nəsihəti və vəsiyyəti: "Dildə, fikirdə, əməldə birlik!"

 

 

 

30 oktyabr-1 noyabr tarixlərində YUNESCO tərəfindən elan olunan  "İsmayıl Qaspıralı ili" çərçivəsində  Türkiyənin Qara dəniz bölgəsində - Bartında keçirilən İsmayıl bəy Qaspıralının ölümünün 100-cü anım günü birlik günü kimi yadda qaldı.

XIX əsr türk- müsəlman dünyasının böyük düşüncə sahiblərindən biri, "Tərcüman" qəzetinin naşiri, pedaqoq, ictimai xadim İsmayıl bəy Qaspıralı ölümünün yüzüncü ilində türkdilli xalqların aydınlarını "Dildə, fikirdə, əməldə birlik!" hikməti ilə  Bartında bir araya gətirdi....

Fikir yolu gedəcəyimiz yoldan daha uzundu.  Aydın, azad, sağlam fikir zaman tanımır, tükənməyən sərvətə çevrilib nəsilləri işığa, birliyə, tərəqqiyə aparır.

Yollar bizi Türkiyənin qədim diyarlarından birinə - Bartına - türk dünyasının oyanışı, birliyi, tərəqqisi  yolunda  mücadilələr, fədakarlıqlar, çarpışmalarla dolu  ömür yaşamış İsmayıl bəy Qaspıralının ölümünün yüzüncü anım gününə aparır. İstanbuldan Bartına 8 saatlıq yolçuluğumuz başlayır. Gedəcəyimiz yeri internetin imkanlarından istifadə edib tanımağa çalışıram.  Bartın sözü "Parthenia"dan Bartına dönən çayın qədim adıdır. Parthenios Yunan mifologiyasında tanrıların babası Okeanosun yüzlərlə övladlarından biridir. Mənası "Sular tanrısı", "Sular ilahəsi", "Möhtəşəm axan su" deməkdir. İnancımıza görə su aydınlıqdır. Biz su pərisinin yaşadığı yerə gedirik...

...Hələ ki, yoldayıq.  Türkiyənin göz oxşayan gözəllikləri könlümüzü oxşayır, qardaş ölkənin  qüdrəti bizə qol-qanad verir. Obaların, qəsəbələrin, şəhərlərin içindən keçdikcə yaşayış yerlərinin, məkanların adları sıralanır - yolumuz Boludan, "Koroğlu" parkından keçir. Nə zamansa Bolu bəylə Koroğlunun məhz bu məkanda qarşılaşdığına heç bir şübhəmiz qalmır.

Bartındayıq.  Türkdilli ölkələrin nümayəndələri bir-birini ürəklə, sevgiylə, yüz ilin həsrətlisi kimi salamlayır.

Tarixdəki Qaspıralı və ya Qaspıralının tarixi

Oktyabrın 30-da Bartın Universitetinin konfrans salonunda  YUNESKO, Bartın Valiliyi, Bartın Universiteti, Türkcə danışan Ölkələr Uluslararası Qəzetçilər Dərnəyi tərəfindən təşkil edilən tədbirdə türk dövlətlərindən, toplumlarından çoxlu sayda dövlət adamları, millət vəkilləri, siyasətçilər, QHT-lər, mətbuat, media qurumları, alimlər iştirakı ilə konfrans başlayır.

Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyinin (TÖBJD) rəhbəri, tanınmış jurnalist Güngör Yavuzaslan qonaqları salamlayır, Qaspıralının türk dünyasındakı xidmətlərindən danışır.

Tarix ona görə ədalətlidir ki, haqqı olanları unutmur. İsmayıl bəy Qaspıralının həyatı, fəaliyyəti, yaradıcılığı fərqli baxış bucağından, fərqli yanaşmalardan, fərqli düşüncələrdən süzülüb təhlil olunur. 1883-cü il, "Tərcüman" qəzetinin fəaliyyətə başlaması, İsmayıl bəyin ortaq türk ədəbi dilinin yaradılması yolunda yeni tipli məktəblər açması, müsəlmanların tərəqqisi, təhsili, təkamülü üçün fədakarlığı, bir türk aydınının 63 ilə sığan və əslində sığmayan əfsanəvi həyatı...

Simpoziumda tez-tez Azərbaycanın, azərbaycanlı aydınların adı çəkilir,  xatırlanır, yad edilir. Həsən bəy Zərdabinin "Əkinçi"sindən 8 il sonra İsmayıl bəy Qaspıralı türkdilli ölkələrin ən nüfuzlu qəzetini "Tərcüman"ı yaratdı. "Tərcüman" 34 il türk dünyasının oyanışı, tərəqqisi, birliyi üçün yorulmadan şüurlarda, düşüncələrdə, fikirlərdə eynən "Əkinçi" kimi yenilik toxumu əkdi. Sözün əsl mənasında, türk uluslarının tərcümanına çevrildi. Türk uşaqlarının yeni tipli məktəblərdə oxumasında, dünyəvi elmləri öyrənməsində İsmayıl bəyin əvəzsiz xidmətləri oldu. İsmayıl bəyin ən böyük arzularından biri türkdilli xalqları ortaq dil ideyası ətrafında birləşdirmək idi. Nə yazıq ki, ölümündən yüz il sonra belə bu ideya hələ də gerçəkləşməyib.

Krımdan, Suriyadan,  Bolqarıstandan, Qazaxıstandan, Türkmənistandan bir sözlə 10 türkdilli ölkədən gələnlər  üç gün boyu  Qaspıralının fikir dünyasını günümüzə daşıdılar. Professor Ramazan Kaplan, professorlar İlyas Doğan, Ersin Nazif Gurdoğan, Sübhi Saatçı, Əli Arslan, qəzet yazarları Mehmet Doğan, Lütfü Şahsuvaroğlu, yazıçı Mehmet Kamil Berse, Kərkük Türkmən Qardaşlıq Ocağının rəhbəri Əbdülxaliq Hürmüzlü, Bolqar tüklərinin nümayəndəsi Nurtən Rəmzi Həmid, jurnalist Nihal Özergan, Türkmənli İnsan Haqları Dərnəyinin rəhbəri Savaş Avcı, araşdırmaçı yazar Ataalp Pınarer, yazıçı Fəxrəddin Çelik və onlarca aydınlar Qaspıralı dünyasına müxtəlif yöndən güzgü tutdular.

Konfransda "Qaspralı və Anadolu", "Dildə, fikirdə, işdə birlik", "Türk dünyası və Qaspralı" adlı sessiyalar keçirildi. Türk dünyasında yeni medianın problemlərinə və roluna toxunuldu. İsmayıl bəy Qaspıralının Krımdan gələn dördüncü nəslinin nümayəndəsi - nəvəsi Gülnar Seitvaniyeva "İsmayıl bəy Qaspıralının həyatı və Krım" mövzusunda məruzə etdi. "Türk dünyası - yeni media" mövzusunda Azərbaycan media təmsilçiləri adından Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rza məruzə ilə çıxış etdi.

Oktyabrın 31-də Bartın Universitetində türk dünyasında kifayət qədər tanınan və sevilən Azərbaycanın millət vəkili Qənirə Paşayeva çıxış etdi. O, türk dövlət və toplumlarından gəlmiş ziyalılara və ictimai-siyasi xadimlərə səslənərək "bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib, önəmli olduğunu daha çox anlatmalıyıq" deyə sözə başladı: "Bunun üçün isə ilk növbədə biz bir-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmişimizi və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq". Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, problemlərdən danışan millət vəkili bildirdi ki, güc birlikdədir   bizə qarşı ədalətsizliklərə qarşı birlikdə  mübarizə aparmalıyıq. 

 

Qənirə Paşayeva "İnsan haqları mükafatı"na layiq görüldü

Noyabrın 1-də Bartın Mədəniyyət Mərkəzində "İsmayı Qaspralı bəy: qəzetçilik və insan haqları mükafatları"nın təqdimat mərasimi keçirildi. Müxtəlif nominasiyalarda İsmayıl Qaspralı mükafatları təqdim olundu.

"İnsan haqları özəl şərəf mükafatı" Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Eroğluna təqdim olundu. Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Krım türklərinin lideri Mustafa Əbdülcəmil Krımoğlu, Krım Tatar Milli Məclisi başqanı Refat Çubarov, İraq Türkmən Cəbhəsi lideri və Kərkük millət vəkili Erşat Salihi, Suriya Türkmən Məclisi başqanı Əbdürrəhman Mustafa "İnsan haqları mükafatı"na layiq görüldü.

Mərasimə tanınmış modelyer Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan milli geyimi ilə qatılan millət vəkili Qənirə Paşayeva "Dildə, fikirdə, işdə birlik" deyərək bu gün də bütün türk dünyasını birlik və bərabərliyə səsləyən İsmayıl bəy Qaspralı mükafatını aldığı üçün çox duyğulandığını və bu mükafatın onun üçün çox böyük mənəvi önəm daşıdığını vurğuladı.

"Mən bu mükafatı bu gün mənim burada ola bilməm üçün Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz, fədakarcasına çalışan böyük dövlət adamlarımız və aydınlar adına, gözəl ölkəm Azərbaycan və gözəl insanlarımız azərbaycanlılar adına, Ermənistanın işğalı zamanı şəhid olan dostlarım, bütün şəhidlərimiz, qazilərimiz adına, Ermənistanın işğalı nəticəsində 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməyən və haqları tapdalanmaqda davam edən bütün qaçqın və köçkünlərimiz adına alıram və Allahdan mənə bu cür şərəfli mükafata bütün ömrüm boyu layiq ola bilməyi nəsib etməsini diləyirəm", - deyən millət vəkili çıxışında Azərbaycanın ən böyük dərdi Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, ermənilərin törətdikləri vandalizm aktlarından, Xocalı soyqırımından danışdı. Qənirə Paşayeva bildirdi ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk insanı Xocalı soyqırımını, Qarabağ həqiqətlərini, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını dünyaya çatdırmalıdır.

Tədbirin təşkilatçılarından tanınmış jurnalist və yazar Güngör Yavuzarslana isə tanınmış modelyer Gülnarə Xəlilova tərəfindən hazırlanmış Azərbaycan  milli kişi  geyimi hədiyyə olundu. Tədbirdə türk dünyasının bir sıra media qurumları, o cümlədən Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Dövlət Televiziyası İsmayıl bəy Qaspralı adına mətbuat mükafatı ilə təltif olundu. Azərbaycan Yazıçılar Birliyinin mükafatı qurumun mətbuat katibi, şair Xəyal Rzaya,  AzTV-nin mükafatı isə Azərbaycan Televiziyasının Ankara bürosunun Türkiyə və Quzey Kıbrıs təmsilçisi Yalçın Tahiroğluna təqdim olundu.

Mükafatçılar arasında özəl bir mükafat babasının adını daşıyan mükafat İsmayıl bəy Qaspıralının Krımdan gəlmiş nəvəsi Gülnar Seitvaniyevaya təqdim olundu.

Mərasim bir sıra maraqlı məqamlarla da yadda qaldı.  Dünya Köçəri Oyunları ilə bağlı filmin nümayişi, Şimali Türküstandan gələn 7 yaşlı Mücahit Kaşqarlının söylədiyi şeir gecəyə xüsusi rəng qatdı.

... Türk dünyasının ürəyi üç gün Bartında döyündü, İsmayıl bər Qaspralının işıqlı arzuları hər kəsin qəlbində yeni məşəllər yandırdı, Bartından hər kəs zəngin təəssüratlarla ayrıldı...

 Bartından yeni yollar başlayır. Yol boyu yaddaşımı Kərkük Türkmən Qardaşlıq Ocağının rəhbəri Əbdülxaliq Hürmüzlünün dediyi bayatı döyəcləyir:

Qara bax,

Dağ üstündə qara bax,

Qəlbimdə iki həsrət var,

Bir Kərkük, bir Qarabağ.

Həsrətlərə son qoymaq, babalarımızın bizə miras qoyduqları torpaqları qoruyub saxlamaq, ruhumuzu oyatmaq, ayağa qalxmaq, qüdrətli olduğumuzu bütün dünyaya sübut etmək üçün birləşməliyik. Dildə, fikirdə, əməldə birliyin sonu böyük Türk Dünyasının birliyi olacaq, böyük Türk Dünyası birləşəndə göy qübbəsinin altında ədalət bərqərar olacaq, XXI əsr Türk Əsri olacaq!

Bakı-Bartın-Bakı

 

Təranə VAHİD

525-ci qəzet.- 2014.- 13 noyabr.- S.4.