Camal Mustafayevin yeni kitabı təqdim olunub
Dünən AMEA-nın Nizami
adına Ədəbiyyat
İnstitunda
fəlsəfi elmlər
doktoru, professor Camal Mustafayevin "Borçalı"
İctimai Birliyinin dəstəyi ilə nəşr olunan "Fəlsəfi-tarixi araşdırmalar"
kitabının təqdimat
mərasimi keçirilib.
Tədbirdə "Borçalı"
İctimai Birliyinin sədri Zəlimxan Məmmədli, AMEA-nın
Ədəbiyyat İnstitunun
elmi işçisi Bədirxan Hüseynov, akademik Telman Əliyev, şair Elbəyi Cəlaloğlu, fəlsəfə doktorları
Faiq Ələkbərli,
Rövşən Hacıyev,
professor Sara Osmanlı iştirak
ediblər.
Tədbiri AMEA-nın Ədəbiyyat
İnstitunun elmi işçisi Bədirxan Hüseynov açaraq bildirib ki, Camal
Mustafayev
"Azərbaycan fəlsəfi-ictimai
fikir tarixinin oçerkləri", "SSRİ xalqlarının fəlsəfi
tarixi", "İdrakın
şeiriyyəti" kitablarının
müəllifidir. "Nizaminin dünyagörüşü",
"Yaxın Şərqdə
sosial utopiyanın səciyyəsi" adlı
araşdırmaları rus
dilində yazıldığından,
müxtəlif xalqların
diqqətini çəkmiş
və yeri gəldikcə bir qaynaq kimi istifadə
edilib. Camal Mustafayev folklorumuza,
aşıq poeziyasına,
müasir şeirimizin
durumuna diqqət yetirir, bədii və fəlsəfi ümumiləşdirmələr edir, fikrini həmişə
oxucularla bölüşür.
"Borçalı" İctimai
Birliyinin sədri Zəlimxan Məmmədli çıxışı zamanı
bildirib ki, Camal Mustafayev səhhəti ilə əlaqədar tədbirdə
iştirak etmir. O, təşəkkürünü tədbir
iştirakçılarına öz məktubu vasitəsilə bildirib. Məktubu şair Elbəyi Cəlaloğlu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Zəlimxan Məmmədli bildirib ki, "Fəlsəfi-tarix
araşdırmalar" kitabı
C.Mustafayevin son illərdə
tamamladığı araşdırmaları
ehtiva edir. Bu əsərlərdən "Fəzlullah
Nəiminin izi ilə", "Nəsiminin
açılmamış sirləri" "Xəzər-xəbər"
jurnalında nəşr
edilib. Müəllif orta əsrlərin
nadir türk qaynaqları
əsasında Nəiminin,
Nəsiminin fəaliyyəti,
taleyi haqqında tarixi həqiqətləri
ilk dəfə üzə
çıxarıb.
Bundan başqa,
Nəsiminin şeirlərində
sirli nöqtələri
daşıdığı mənalara
müvafiq olaraq sistemli açıb. Kitabda təqdim edilən " Zərdüştlük
Avropa fəlsəfəsində"
araşdırması daha
zəngin mövzuya həsr edilib. Yunanların Zoroastr adı ilə tanıdıqları
Zərdüştün işıq,
xeyir idealı yayan təlimi onların fəlsəfi inkişafında gerçəkdən
tarixi rol oynayıb. Sonralar xüsusən alman
fəlsəfəsinə həqiqətən
faydalı təsir edib. Müəllif bütün bu
tarixi xeyli müddət davamlı izləyib. Bu əsər Şərq-Qərb
fəlsəfi təmaslarının
başlanğıc mərhələsini
öyrənmək baxımından
əhəmiyyət daşıyır.
Müəllif digər
bir tədqiqatında " Aşıq Ələsgər irsində
sufilik" mövzusunu
incələyib. İlk dəfə
yazılan bu araşdırma Aşıq
Ələsgərin dünyagörüşü
haqqında təsəvvürləri
dəyişir, zənginləşdirir.
Vəfa MƏMMƏDLİ
525-ci qəzet.- 2014.- 13 noyabr.- S.2.