"Qarabağ:
folklor da bir tarixdir"
Folklor İnstitutunun əməkdaşlarının
başlatdıqları Qarabağ
layihəsi çərçivəsində
"Qarabağ: folklor
da bir tarixdir"
çoxcildliyinin VIII cildi
işıq üzü
görüb. "Zərdabi" nəşriyyatında
çapdan çıxmış
kitabda Bakı və Gəncə şəhərləri, Goranboy,
Tərtər, Yevlax, Şamaxı, Bərdə
və Xızı rayonlarında məskunlaşan
Kəlbəcər sakinlərindən
toplanmış folklor
örnəkləri yer
alıb.
İnstitutdan "525"ə
bildiriblər ki, kitabda nəsil-tayfa, əcdadlar, eləcə də ayrı-ayrı kəndlərin təməlini
qoyan şəxslər
haqqında maraqlı nümunələr verilib. Kitabda yer alan "Qulf haqqında" təsəvvür, "Yeddi
qardaş ilan" haqqında rəvayət,
"Üç qardaş"
nağılı, "Səməd
Vurğunun Kəlbəcər
səfəri" ilk dəfə
çap olunan nümunələrdir. Bundan
əlavə, "Lövhi-məhfuz",
"Adam şeytan", "Musa peyğəmbər və Qara qul", "Aşıq Alının Türkiyə səfəri"
kimi bir çox mətnlərin ənənəvi variantlardan
fərqlənən yeni
variantları da yazıya alınıb. Bölgədən yeni süjetlərlə
yanaşı, Şıx
Səyad kimi yeni personaj da
qeydə alınıbr.
Şıx Səyad, Şıx Sədi, Şıx Sədin kimi müxtəlif adlarla təqdim edilən bu personaja nağıl qəhrəmanı kimi ilk
dəfə bu bölgədə rast gəlinir. Toplanmış bəzi nümunələr
həm də bir çox janrların inkişafı
haqqında müəyyən
təsəvvür əldə
etməyə imkan verir. Əsrik kəndindən qeydə alınan "Əsl
dost" nağılı belə
nümunələrdən biridir.
Mətn ənənəvi nağıl
süjeti əsasında
qurulsa da, məlum nağıllardan xeyli fərqlənir. Ənənəvi epik məkanlar burada real məkanla əvəz olunur (Yəmən, Misir kimi coğrafi adlar əvəzinə, Azərbaycan, Amerika kimi müasir coğrafi məkanlar işlədilir), hadisələr
yaxın keçmişdə
cərəyan etdiyindən
müasir məişət
elementləri, müasir
dövrlə səsləşən
bir çox sənət və peşə adlarına burada tez-tez rast gəlinir. Arxaik nağıllarda qəhrəmanın
milliyyəti olmadığı
halda, burada onun milli mənsubiyyəti
önə çıxarılır.
"Əsl dost" nağılında
müşahidə olunan
bu cür dəyişikliklər, yəni
nağılın fantastik
donunu çıxararaq
real məzmun kəsb etməsi, əslində, onu müasir dövrlə əlaqələndirmək
ehtiyacından irəli
gəlir.
Layihənin rəhbəri filologiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), materialların toplayıcısı və
tərtibçisi filologiya
üzrə fəlsəfə
doktoru İlkin Rüstəmzadədir.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 13 noyabr.- S.7.