Hekayəvarı olaylar
Atama toymu edirəm?
Toy və yaş mərasimlərində yer
alan yersiz
israfçılıq, bədxərclik
barədə qəzet
və televiziya kanallarında gedən müzakirələr yadıma
35 il bundan əvvəl olmuş hadisəni saldı. Tanınmış şair
Rasim Kərimlinin (təəssüf ki, qloballaşma dağıdıcı
fəsadları ilə
həyatımıza daxil
olduğu zəmanəmizdə
bir çox gözəl şairlər
kimi, o da unudulmağa üz tutmuşdur) atası Ədil kişi
dünyasını dəyişmişdi
(1980). Yay tətili vaxtına
düşdüyündən "həm ticarət, həm ziyarət" - deyərək iki-üç
nəfər Bakıdan
kəndimizə - Tovuz
rayonunun Düzqırıqlı
kəndinə getdik.
Rasim müəllimgilin həyətində
tut ağacının kölgəsində
oturub çay içirdik. Şair bağayarpağından
dəmlənmiş çay
içirdi. Sən demə,
bağayarpağı qəbizin
dərmanı imiş.
Bu əsnada iki
nəfər əlində
siyahı yanımıza
gəldi. Üzlərini Rasim müəllimə tutaraq dedilər ki, üç gündən sonra Ədil qağanın yeddisidir. Son borcumuzu urvatla yerinə yetirməliyik.
Ona görə də indidən tədarük görməliyik.
- Allah atanıza rəhmət eləsin, düz deyirsiniz - deyə Rasim müəllim razılığını bildirdi.
- Nə etməliyik?
- Bir sistern bulaq
suyu gətirilməlidir.
Filan qədər edir. Sistern suyu buz
kimi saxlayır, həm
əldə-ayaqda işlənər,
həm də camaat içib Ədil qağaya rəhmət oxuyar.
- Aydındır. Qiymətini
yox, nə lazımdır, onu deyin - Rasim müəllim
sözə qarışdı.
- Adam çox gələcək.
Odur ki, bazardan yağlı
qoyun pendiri, göy-göyərti, pomidor,
xiyar, mer-meyvə alınmalıdır.
- Pendir və göy-göyərti üçün
yuxa alınmalıdır.
Rasim müəllim təəccüblə
dilləndi:
- Pendir və göy-göyərtini zavod
çörəyilə yemək
olmazmı?
- Adət belədir. Yeri gəlmişkən, xeyli zavod çörəyi də almalıyıq.
Bozartma, yarpaq və kələm dolması, plov (aş) verəcəyik.
Plov üçün yağ
və düyü almalıyıq. Bozartma, dolma və aşqaraya bir cöngə, 5-6 erkək bəs edər. Dolma üçün tənək yarpağı
və kələm almalıyıq. Adətən dovğa veririk. Dovğa üçün bazardan ispanaq alınmalıdır.
Dovğa
və yarpaq dolması üçün
üç-dörd bidon
qatıq almalıyıq.
Yas yerində gərək şərbət olsun,
halva olsun. Halva və
şərbət üçün
un, yağ və pesok (şəkər tozu) olmalıdır. Yay vaxtıdır, çay
çox işlənəcək.
Bazardan üstündə
fil şəkli olan hind çayı, limon, qənd
və Moskva konfeti almalıyıq.
Mənə belə gəldi ki, onlar Rasim
Kərimlinin yaxınlarda
kitabı çıxdığını
və pulu olduğunu güman edirdilər. Doğrudan da Sovet dönəmində
onun kitabları çap olunur və az-çox qonorar alırdı. Ailəsi də böyük
deyildi. Oğlanları İlqarla Eldar
hələ məktəbdə
oxuyurdular. BDU-nun Filologiya
fakültəsində beş il bir yerdə oxuduğu həyat yoldaşı Zəminə
Cavanşir adlı-sanlı
"Gənclik" nəşriyyatında
redaktor işləyirdi.
Kənddə çoxları Rasim
müəllimi varlı
hesab edirdi. Həm Elmlər Akademiyasında işləyir, həm Dillər İnstitutunda dərs deyir, həm də kitabları çap olunanda qonorar alır. Deməli imkanlıdır. Fikirləşmirdilər
ki, bir ayağı
şikəst olan şairin imkanı olsaydı, niyə iki yerdə işləyirdi...
Əslində şəkər və
başqa xəstəliklərdən
əziyyət çəkən
Rasim müəllimin pulu dava-dərmana, xeyrə-şərə,
pal-paltara və dolanışığa
ancaq çatırdı.
Onlar siyahını oxuduqca Rasim müəllim bir yana, biz də narahatlıq keçirirdik. Rasim müəllim
sanki fikrə getmişdi. Birdən özünə gələrək narazılıqla
dedi:
- Azərbaycan çayı
olmazmı?
Biz Bakıda Azərbaycan çayı
içirik.
- Məclisdə Azərbaycan
çayını yaxşı
tutmurlar. Bir də ki, axı biz
dedik: gərək Ədil qağanın yeddisini urvatla verək.
- Ay qurban olum, qağam ömründə belə şeylər görməyib.
Üstündə fil şəkli
olan hind çayının
və Moskva konfetinin nə olduğunu bilməyib.
Əlinin zəhməti
ilə dolanışığını
torpaqdan, əkin-biçindən
zorla çıxarıb.
Xeyir ola,
indi kişi belə böyük urvata mindi...
- Rasim müəllim, biz kəndimizin adəti ilə hərəkət edirik.
Şair özünü zorla saxlayırdı.
- Oxuyun görək kəndimizdə daha nə adətimiz var?
- Dediyimiz kimi, yay vaxtıdır, suya tələbat böyük olacaq. Əgər filan qədər mineral su da alsaq, məclisi
yaxşı yola verə biləcəyik.
- Araq da, xanəndələr də olacaqmı? Aşıqların hamısı dostlarımdır, onları da dəvət edəkmi? - deyə Rasim müəllim qışqırdı. Səsi həyəti başına götürmüşdü. Onu çətinliklə sakitləşdirdik. Özünə gələndən sonra əl dəsmalı ilə üz-gözünün tərini silərək dedi:
- Zalım uşağı, mən atama toymu edirəm?...
Ay camaat, bu toy kimindir?...
İllərlə öncə rayonumuza,
beş il
bir yerdə ali təhsil aldığım, qonşu
kənddən olan dostumun toyuna getmişdim. Toyda qəribə bir
hadisənin şahidi oldum. Toy başlayan kimi kəndin ağsaqqallarından biri ayağa qalxaraq dedi:
- Ağsaqqalsız, böyüksüz
nə ev,
nə də kənd olsun. Gəlin ilk badələrimizi kəndimizin,
yolgöstərəni, xeyirxahı
sovxoz direktorumuzun sağlığına qaldıraq.
Qoy bundan sonra bu
bir ənənəyə
çevrilsin.
Tamadamız çaşbaş qalmışdı.
Adətən toyda birinci sağlıq
bəylə-gəlinin şəninə
deyilir. Uzun illər onun
kənddə kolxoz sədri, sovxoz direktoru işlədiyindən,
həqiqətən də
böyük hörmətə,
etirama layiq olduğundan, nəinki rayonumuzda, eləcə də Respublikada yaxşı tanındığından,
adlı-sanlı təsərrüfat
rəhbəri olduğundan
etiraz edən olmadı. Belə bir adam
haqqında məqamında
xoş söz demək, yada salmaq insafdandır. Ən azından ona görə ki, özü toylara getməsə də, xeyirdə, şərdə imkansız
ailələrə yağ, düyü, bir erkək göndərirdi. Bununla belə, dostumun
toyunda müşahidə
etdiyim mənzərə
tamadamız kimi məni də çaşbaş salmışdı.
Bu toyda yaltaqlığın
son həddini gördüm.
Bilmirəm, bəlkə də içdikləri cecə arağı da öz işini görürdü. Kənd üzümçülük sovxozu olduğundan cecə arağı çəkib ucuz qiymətə toylara verən araqçəkənlər
peyda olmuşdu. Demək olar ki, əksər
toylarda cecə arağı verilirdi.
Kənddə deyirdilər ki,
cecə arağı adamı tez hallandırır, ağlını
başından alır.
Yarızarafat onu da deyirdilər ki, dağ havasının,
bulaq suyunun, bal kimi üzümün,
başqa meyvələrin,
kərə yağın,
yağlı pendirin, qaymağın, balın və sairlərin qabağında əzrail bizə yaxın düşə bilməz. Bizim axırımıza çıxsa
cecə arağı çıxacaq. Bunu özləri
etiraf etsələr də cecə arağını su kimi içirdilər.
Çoxu harada olduğunu
belə unutmuşdu.
Sovxoz direktorunun onların tərifinə heç bir ehtiyacı olmadığı halda, yerindən duran, hətta iki cümləni dalbadal düzməyi bacarmayan savadsız adamlar belə onun sağlığına badə
qaldırırdı. Sanki
yarışa girmişdilər.
Sən demə ilk sağlıq, necə deyərlər, jurnal imiş, film qabaqdaymış.
Fikrə getmişdim. Elə bil yenidən
kəşf etdim ki, dünya bina olandan bəşər
övladına xas olan təriflə yaltaqlıq əkiz doğulub.
Elə bu vaxt içkidən
turp kimi qızarmış orta yaşlı şişman bir kişi
ayağa qalxdı və kağız salfetlə üz-gözünün
tərini silərək
ucadan:
- Ay camaat, siz çörəyi
dizi üstündə
olan qədirbilməzsiniz.
Sizə çörək verəni
unudursunuz. O boyda
kişi haqqında boğazdan yuxarı danışırsınız.
Haqqında sağlıq deyəndə
yerinizdə oturub içirsiniz. Adam kişi olar. Elə bir kişinin sağlığına gərək
ayaqüstə içək.
Qoy eşitsin və agah olsun
ki, onu dünyada
canından artıq istəyən kişilər
var - dedi.
Bəylə tamadadan başqa hamı ayağa qalxdı. Şişman kişi içkini
axıra kimi başına çəkib
özündən razı
halda badəni ağzı üstə masanın üstünə
qoydu. Bu, kənd
yerlərində sağlığına
badə qaldırılana
hörmət, etiram və məhəbbət əlaməti kimi qiymətləndirilirmiş. Mənə belə gəldi ki, Böyük Yaradan onu yeyib-içmək
və yaltaqlıq üçün yaradıb.
Məclis
yerbəyer olandan sonra bəy ayağa qalxdı və üzünü məclisdəkilərə tutaraq
təmkinlə dedi:
- Ay camaat, bu toy kimindir?
Bilmirəm, məclisdəkilər onu başa düşdülər,
yoxsa yox.
Qəzənfər Paşayev
professor
525-ci qəzet.-
2014.- 14 noyabr.- S.7.