Söz və sənət kəhkəşanında
parlayan imza - Hüseyn Cavid
Hər qulun cahanda bir
pənahı var,
Hər əhli - halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim
Tanrım gözəllikdir,
sevgidir...
- deyərək öz estetik idealını ifadə edirdi böyük şairimiz. Qüdrətli
qələm sahibi, böyük mütəfəkkir,
görkəmli şair
və dramaturq, eyni zamanda, alovlu
vətənpərvər, gerçək
millətsevər olan Hüseyn Cavid haqqında neçə-neçə
əsərlər yazılıb,
kitablar nəşr olunub, məqalələr dərc edilib, xatirələr qələmə
alınıb. Zaman keçdikcə
tarixin süzgəcindən
çıxmış qiymətlər
daha da dəqiqləşdirilib,
onun böyük şəxsiyyəti, faciəli
həyatı, zəngin
yaradıcılığı, xalqı qarşısındakı
misilsiz xidmətləri
daha dərindən dərk edilib.
Xalqımız dövlət müstəqilliyini
əldə etdikdən
sonra mədəni-mənəvi
dəyərlərə yeni
baxışla nəzər
salmaq, keçmiş sovet rejimi və
ideologiyasının təsiri
altında tamamilə yanlış qiymətləndirilən
mənəvi sərvətlərin
həqiqi, obyektiv qiymətini vermək zərurəti meydana çıxdı. Hüseyn Cavid yaradıcılığı
isə məhz bu cür süni
qadağalar, məhdudiyyətlər
üzündən xalqın
mənəvi xəzinəsindən
uzaqlaşdırılmış dəyərlərdən biri,
bəlkə də elə birincisi idi.
Adına
"düşmən damğası"
vurmaqla Hüseyn Cavidi tarixdən silməyə can atanlar nəinki bunu bacarmadılar, hətta onun qələminin nəyə sahib olduğunu
ağıllarına belə
gətirə bilməzdilər.
Aramızda olmadığı vaxtda, hətta əsərləri qadağa
edildikdə belə hər insanın qəlbində bir "Cavid" yaşayırdı.
Həmin
müddətdə Cavidi
silməyə tarix icazə vermədi. Axı Cavid ədəbiyyatı bəsit
ədəbiyyat deyildi
ki, bir gündə
silinə...
İnsanın həyatda qalma şansı namərdə arxa çevirib yalnız öz mərdliyi ilə irəli getmək, lazım gəldikdə susmaq, lazım gəldikdə isə haqq yolunda səni alçaldanlar yanında öz səsini daha da yüksəklərə hayqırmaqdır. Cavid də haqsızlığa uğrayan, amma buna baxmayaraq insanları, ümumiyyətlə bəşəriyyəti öz əsərləri ilə həqiqətə səsləyən biri idi. Vaxtilə Cavid əfəndini tanıyanlar, onun yaxınları daima öz xatirələrində onun necə insan olduğundan ürək dolusu danışmışlar: Mərdliyi ilə, sadəliyi ilə hər zaman diqqət mərkəzində olan Cavid əfəndinin getdiyi yolda hər kəs ayaq saxlayar, onun davranışını, yerişini diqqətlə izləyərdilər. Ümumiyyətlə, onun dözümünə, iradəsinə, hövsələsinə heyran qalmamaq olmur.
Azərbaycan ədəbiyyatına, mədəniyyətinə xüsusi diqqət ayıran ümummilli liderimiz Heydər Əliyev Hüseyn Cavid irsini hər zaman yüksək qiymətləndirib, bu qiyməti əsas tutaraq, onun nəşinin Sibirin İrkutsk vilayəti, Tayşet rayonu, Şevçenko kəndindən Bakıya gətirilməsinə nail olub. Eyni zamanda 29 oktyabr 1996-cı ildə Naxçıvandakı Hüseyn Cavid məqbərəsinin, 24 oktyabr 2002-ci ildə isə Bakıdakı Hüseyn Cavid Ev Muzeyinin açılması ulu öndərimiz Heydər Əliyevin diqqəti, qayğısı nəticəsində həyata keçirilib. Heydər Əliyevin Hüseyn Cavid haqqında söylədiyi hər bir mülahizə kimi, bu fikir də olduqca diqqətəlayiqdir: "Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərs kitabıdır".
Həqiqətən də, türk dünyasının nəhəng simalarından olan Hüseyn Cavid bir məktəb idi. Ümumiyyətlə, öz dövründə də, sonralar da gənclərin həyatında, gənc nəslin dünyagörüşündə Cavidin əsərləri xüsusi rol oynayıb. Cavid əfəndi nəinki öz dövrünün gənc nəsli üçün, eyni zamanda gələcəyin insanları üçün də tarixdən qaynaqlanaraq böyük sənət məktəbi qoyub getdi. O yalnız gələcək nəsillərə, gənclərə öyüd, nəsihət vermirdi, eyni zamanda onların ruhunu, düşüncələrini riqqətə gətirən bir səslə onlara müraciət edirdi. Onun əsərlərindəki parlaq obrazlar əslində Cavidin sözlərini insanlara çatdırmaq üçün bir vasitə idi.
Cavid öz əsərlərində həqiqətləri, düzgünlüyü, azadlığını, cəsarəti, sədaqəti, nəcibliyi, mərdliyi ön plana çəkirdi. Mənəvi dünyasının zənginliyi onun əxlaqi keyfiyyətlərinin, fəlsəfi düşüncələrinin yüksək səviyyəsindən xəbər verir. Elə bu səbəbdəndir ki, Cavidin yazdığı əsərlərin hər bir cümləsi dərin məna kəsb edir. Hər kəs öz əqidə və düşüncə tərzi ilə həmin əsərlərdən özünə mütləq nəsə götürə bilir.
Hüseyn Cavidin dramaturgiyamıza verdiyi töhfələr Azərbaycan teatrında silinməz izlər qoyub. Cavid dramaturgiyası səhnəyə qoyulub, tamaşaçıların qarşısına çıxarılan zaman cəmiyyətin həyatında böyük hadisəyə çevrilir, qəzetlərin ən aktual mövzusu kimi işıqlandırılır. Bu gün öz ikinci və əbədi həyatını yaşayan Hüseyn Cavid əsərləri ədəbiyyatşünaslıq elmimizin öyrənməli olduğu birinci dərəcəli problemlər sırasında özünə xüsusi yer tutmaqdadır. Ən çox da gənclər Hüseyn Cavidin həyat və yaradıcılığının müxtəlif çalarlarını yenidən, yüksək vətəndaşlıq ruhu ilə daha dəqiq tədqiq etməli, əsərlərinə Cavid ölçüləri ilə qiymət verməlidirlər. Bu tədqiqatlarda Cavid həyatının bütün mürəkkəbliyi, taleyinin çətin sınaqları, yaradıcılığının ən müxtəlif problemləri, sənətkarlıq və vətəndaşlıq xüsusiyyətləri, bədii-estetik dəyəri əks olunmalıdır.
Qeyd etdiyimiz kimi, yeni nəslin əxlaqi cəhətdən yüksək səviyyədə yetişməsində, tərbiyəsində, onların maarifpərvər, insanpərvər, cəmiyyətə yararlı bir şəxsiyyət kimi böyüməsində Hüseyn Cavid irsinin xüsusi rolu var. Təsadüfi deyil ki, XX əsrdə Azərbaycan uşaq ədəbiyyatına da mühüm əsərlər bəxş edən Cavid bu sahədə də müstəsna dəyərə malik bədii nümunələr yaradıb. Pedaqoji fəaliyyətlə məşğul olduğundan, o, uşaq, yeniyetmə və gənclərin psixologiyasını incəliklərinə qədər bilib, onların yaşına uyğun yazdığı əsərlərlə böyük bir ədəbi xəzinə yaradıb. Onun "Qız məktəbində" bu baxımdan misilsiz örnəkdir.
Hüseyn Cavidin taleyi keşməkeşli olsa da, fiziki ömrü sürgündə bitsə də, onun qismətinə xalqına həqiqi xidmət missiyası, millətinin mənəvi inkişafı, xoşbəxtliyi uğrunda canını fəda etməkdən çəkinməyəcək qədər cəsarətli olmaq düşmüşdü. Buna görədir ki, başı çox müsibətlər çəkmiş ölməz Cavidin heykəlləri ucaldılıb, adına parklar, küçələr salınıb. Cavid sənətini əbədiləşdirmək adına 2007-ci ildə "Cavid ömrü" filmi çəkilib. Ssenari müəllifi Xalq yazıçısı Anar, quruluşçu rejissoru Ramiz Həsənoğlu olan bu film Cavidin xatirəsinə sonsuz ehtiram nümunəsidir.
Hüseyn Cavid həyatının kamillik və müdriklik zirvəsində olduğu bir vaxtda, qürbətdə, doğmalarından - həyat yoldaşı Müşkünazdan, oğlu Ərtoğruldan, qızı Turandan çox uzaq bir yerdə həyata gözlərini yumaraq əbədiyyətə qovuşdu. Onun cismani ömür kitabı bağlansa da, mənəvi ömrü başlandı. Ulular cərgəsində yer tutan Cavidin işıqlı ruhu daima bizimlədir və onun sözü, sənəti bizi paklığa, mənəvi ucalıqlara səsləyir.
Aytən HEYDƏROVA
525-ci qəzet.- 2014.- 14 noyabr.- S.6.