Milli şeir ənənələrinə
söykənən təkrarsız poeziya
Nəriman
Həsənzadə elə anadan şair doğulub. Onun səsində
bir şeiriyyət, danışığında,
söz-söhbətində, duruşunda, oturuşunda,
davranışında bir nəzm, ahəng var. Bu mənada, Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü,
görkəmli ədəbiyyatşünas-alim, ictimai xadim
Nizami Cəfərovla razılaşıram:
“Nəriman
Həsənzadə böyük Səməd Vurğundan
sonrakı dövrün ən gözəl şairlərindəndir,
şeirində də, nəsrində də, dramaturgiyasında
da, hətta publisistikasında da o məhz şairdir...
Şairlik N.Həsənzadənin stixiyasıdır – o təkcə
şeirində, nəsrində, dramaturgiyasında,
publisistikasında deyil, adi məişətdə də
şairdir, yazanda da yazmayanda da şairdir...”
O, 60 ildən
çoxdur ki, öz yaradıcılığı ilə
neçə-neçə nəsillərin ədəbi
zövqünün formalaşmasında, insanlıq,
xeyirxahlıq, halallıq, düzlük, səmimilik, vətənsevərlik,
cəsarət, qeyrət və məhəbbət,qadına
sevgi hisslərinin aşılanmasında mühüm rol
oynayır.
Nəriman
Həsənzadə milli şeirimizin ənənələrinə
söykənərək, təkrarsız və özünəməxsus
bir poeziya məktəbi yaratmış ustad sənətkardır.
O dünən də, bu gün də, ən çox oxunan
şairlərimizdəndir və bir oxucu kimi əminəm ki,
sabah da belə olacaq. Özünün dediyi kimi:
Əl-əl
gəzir,
El-el gəzir
şeirlərim
bu kəm-kəsir
şeirlərim,
pul-parasız
şeirlərim,
Bu
anasız,
Bu
Sarasız şeirlərim.
Uşaqlıqdan
ata qayğısının nə olduğunu bilməyən Nəriman
anasının himayəsində böyüdü.
Uşaqlıq əziyyətləri onun xatirində,
yaddaşında dərin izlər saldı, sonradan bu acı
xatirələr onun yaradıcılığına hopmuş,
“Nabat xalanın çörəyi”nin ətrinə
qarışmışdı. “Kimin sualı var?” poemasında o
acı günləri belə xatırlayır:
Mənim
fəhlə atam yox idi, bəli,
Məni
atalılar yetim sayırdı,
Dünyada
qabarlı bir qadın əli,
Mənim
saçlarımı sığallayırdı.
Bəzən
qəlb ağrımı duymadı heç kim,
Sandım
taleyimdi hər parlaq ulduz.
Uşaqlıq
qazancım, siz, heç bilmədim,
Hansı
köynəyimə yamaq oldunuz?
İtkilərlə
yaşamaq şairin tale yazısı oldu. Bir yaşında
atasını, 23 yaşında anasını, 55 yaşında
isə ömür-gün yoldaşını-Sarasını
itirdi. Bütün bu itkilər, iztirablar, bu ayrılıqlar
onun könül dünyasını yandırıb yaxdı,
sevdalı ürəyini ağlatdı:
Mən
öz taleyimlə döyüşməliyəm,
Taleyim namərddi
vurur arxadan,
Məni bərk
izləyir hər addımbaşı
Sızlayıb,
inləsəm qəfildən vurur.
Lakin
böyük şairimiz “namərd taleyinə” baş əymədi
və indi Sara xanımın yoxluğundan 30 ilə yaxın bir
müddət keçsə də qəlbinin başında
yaşadır, ona dualar ünvanlayır:
Tabutunu
qucaqlayıb,
Ağlayırdıq
gecədən,
Sən
doğmalar içindəydin,
Mən
yad səslər içində,
Sən
bilirdin mən çıxmışdım,
Kimsəsizlər
içindən.
Qoyub
getdin qaldım yenə,
Kimsəsizlər
içində.
Və ya
Kimsə
deyirdi ki, kişi ağlamaz,
Hanı
gülə-gülə ölən kişilər?
Arvadı
itirən kişini duymaz,
Arvadı
yanında olan kişilər.
Nəriman
Həsənzadə geniş diapozonlu nadir sənətkarlarımızdandır.
O, lirik
şeirdən tutmuş epik siqlətli poemalara,mənzum dramdan
tutmuş nəsr əsərlərinə,publisistikaya qədər
müxtəlif ədəbi janrlarda və formalarda gözəl
sənət əsərləri yazıb, yaradıb. Bu əsərlərin
hər biri ayrıca və bir yerdə sistemli tədqiqatın
mövzusudur.
Bununla
yanaşı, N.Həsənzadənin
yaradıcılığında, xüsusilə
dramaturgiyasında mühüm cəhət onun Azərbaycan
tarixinə müraciət etməsidir. Sözsüz ki, tarixi əsər
yaratmaq,özu də nəzmlə yaratmaq sənətkardan cəsarət və
istedadla yanaşı dərin analitik təhlil, tarixi-coğrafi
bilgi, həmin dövrün ictimai-siyasi problemlərinin mahiyyəti
barədə, habelə həmin dövrün şəxsiyyətlərinin
ruhu və mövqeyi barədə aydın təsəvvür tələb
edir.
Lakin
bunların hamısının mayasında vətəndaşlıq,
vətənpərvərlik, vətənə məhəbbət
və kökə bağlılıq durmalıdır.
Təbii
ki, yaranan tarixi əsərin ən mühüm məqsədi həm
də tərbiyəvi mahiyyət daşımalıdır. Həmin
dövrün hadisələrinə müasirlik prizmasından
baxmaq tələb edir. Nəriman Həsənzadənin pyeslərinin
dəyəri onun müasirliyindədir,tarixilik və müasirliyin
vəhdət təşkil etməsindədir. “Atabəylər”də,
“Pompeyin yürüşü”ndə,
“Zümrüd
quşu”nda neçə-neçə şeir və
poemalarında olduğu kimi...
Şair
bu tarixi əsərlərə yüksək bədiilik
verir.Yaratdığı bədii obrazlar bu günün oxucusuna
siraət edə bilir, onun milli-mənəvi dəyərlər,
vətənpərvərlik ruhunda tərbiyələnməsinə
təsir göstərir.
Nəriman
Həsənzadə xalqın, başına gətirilən bəlaları,faciələri
qələmə almaqla və onu öz süzgəcindən
keçirərək, əsl mahiyyətini bu günkü nəsillərə
çatdırmaqla həm də xalqın gerçək tarixini
yenidən yazır.
Oğlanlar,
qızlara hörmət eyləyin,
Ya sevin
qızları, ya da rədd edin.
Aldadıb
atmayın, günahdı qızlar,
Sabahkı
ən əziz anadı qızlar.
N.Həsənzadə
müstəqil bir dövlətin şairi olduğunu, onun şərəfini,
məsuliyyətini və ağır yükünü dərk edir.
Həmişə
millətin, dövlətin bugünkü və gələcək
taleyindən narahatlığını bildirir. Bu baxımdan
onun “Səfirə məktub” poemasından bir neçə
misranı oxucuların diqqətinə çatdırmaq istərdim:
Mən qədim
bir məmləkətin şairiyəm,
Kirpiyilə
od götürən bir millətin şairiyəm.
Təbriz
orda, Şuşa burda,
“Döz,
bağrı daş olan könlüm” –
yaşa
burda?!
Mən
bir Vətən, iki torpaq şairiyəm.
Xalq
adından danışıram,
mən
axı xalq şairiyəm.
Bir də
millət vəkiliyəm,
mən
bir millət şairiyəm,
Bir də
bir el ağsaqqalı,
bir də
bu dərd şairiyəm.
Ümumiyyətlə,
Nəriman Həsənzadənin “Səfirə məktub”
,“Xarı bülbül”, “Rəsul Həmzətova məktub”,
“Qafqaz”ı, “Cavid”, “Qaçaq Kərəm”, “Nuru paşa”,
“Nizami” poemaları və dram əsərləri yüksək vətəndaşlıq
mövqeyindən yazılmış əsərlərdir.
Nəriman
Həsənzadə həm də müdrik şairdir. Onun əsərlərindən
müdrik kəlamları saymaqla qurtarmır. Həmin kəlamlar
istər onun şeirlərində, istər poemalarında, istərsə
də dram əsərlərində o qədər yerli yerində
işlənir ki, həmin kəlamlar dilimizin gözəlliklərini
və imkanlarını nümayiş etdirməklə dərin
fəlsəfi mənalar verir. Güman edirik Nəriman Həsənzadənin
müdriklik dünyası xüsusi olaraqar
araşdırılacaq. Fikrimcə, buna ehtiyacı vardır.
Bir
neçə örnək:
* Hər
torpaq dünyada məmləkət olmur
Parça var – yaşayır bayraq
olanda.
*
İnsan dahi olar insan yanında,
Dahi adiləşər nadan
yanında.
* Dərinə
bənzəyir bulanlıq sular,
Duru su dərindi, dayaz
görünür.
* Mən
sənsiz ölərəm demişdim sənə,
Hamısı yalanmış,
yaşadım sənsiz.
* Səngər
nəyə gərək – döyüş olmasa.
* Həyatda
imtahan götürənlərin,
Vaxt gəlir özü də
imtahan verir.
* Dünya elədir ki, biri
tapırsa,
O biri, təbii, itirməlidir.
* Çöllərdə qanqal da
yazda gül açır
Amma nə
ruh verir, nə könül açır.
* Göz nəyi görürsə
onu da deyir,
Qulağa
inanma eşitdiyidir.
* Şöhrətin sevinci,
yaşın kədəri,
Tərs
kimi ikisi bir vaxta düşür.
Nəriman
Həsənzadənin yaradıcılığında baş qəhrəmanlardan
biri şairlərdir.
Məhz
şairlər yaşadıqları cəmiyyətdə həmişə
haqq-ədalət axtarışında olub, əksər hallarda
zamanın, dövrün haqsızlıqlarını qəbul
etməyib, bu ədalətsizliklərə qarşı
sözü, şeiri ilə mübarizə aparıblar.
Cəmiyyətdə
üşüyüb şairlər,
Həyatda
yox.
Sürgün
siyahısında,
Başqa
siyahıda yox.
Ariflər
duya bilər,
Şairləri,
gəda yox.
Millətin
döyüş günü,
Öndədir,
arxada yox.
Nəriman
Həsənzadə həm də şairlərə əsərlər
həsr etməklə, onların düşüncələrini,
həyat və yaradıcılıqlarını bugünkü
nəsilə çatdırır. Səməd Vurğun Vaqifi,
Qabil Nəsimini, Hüseyn Arif Səməd
Vurğunu müasir Azərbaycan oxucusuna tanıtdırdısa,
Nəriman Həsənzadə də bu ənənəni davam
etdirərək Nizaminin, Füzulinin, Xəqaninin, Cavidin,
Müşfiqin taleyini yenidən oxudu.
Xaqani,
Nizami, Füzuli babam!
Siz tutun əlimdən
haraylayıram.
İndi...
Sizdən sonra qələm götürmək,
Şairlik
sözünü dilə gətirmək,
Bilirəm
çətindir, əsl hünərdir,
Çətindir
sənətin şöhrəti, şərti,
Lakin dilə
gəlib əlimdə qələm
Mən
Sizi sonsuz da qoya bilmərəm.
Nəriman
Həsənzadə daha neçə-neçə şairə
şeirlər və poemalar həsr edib. Şair
yaradıcılığı boyu dönə-dönə,
Cavid-Müşfiq
adını çəkir , cəmiyyətin diqqətini Cavid,
Müşfiq faciəsinə yönəltməklə,
şairlərin belə talelərinin bir daha təkrar
olunmaması üçün çağırış edir.
Nəriman Həsənzadə böyuk şairləri əfsanələşdirməklə,
elə özü də əfsanələşir.
Onun Xalq
şairi Məmməd Araza xitabən yazdığı
şeirin bir bəndi dediklərimizin təsdiqi olar:
Mənim
dualarım şeirlərimdi,
Sənə
həsr edirəm behişt duamı.
Yerdə
yerim yoxdur, göylər yerimdi,
Tanrının
yanında eşit duamı.
Nəriman
Həsənzadənin özü də zaman-zaman
saysız-hesabsız tənqidlərə, haqsızlıqlara məruz
qaldı. Lakin sınmadı, əyilmədi, sarsılmadı.
Mübarizələrlə dolu bir yaradıcılıq
ömrü yaşadı və mətinliklə
yaradıcılıq zirvələrinə ucaldı.Şair
özünə həsr etdiyi “Tərcümeyi-hal” şeirində
bu keşməkeşli ömrünü qısa, lakin lakonik
formada belə səciyyələndirir:
Döyüldüm
dəmir kimi,
Döyüşdə
gərək oldum.
Yoğruldum
xəmir kimi,
Gördülər
çörək oldum.
Əkildim
torpaq kimi,
Göyərdim
çiçək oldum.
O qədər
dandılar ki,
Axırda
gerçək oldum.
Nəriman
Həsənzadə yaradıcılığının
mühüm məqamlarından biri bədii təsvirlərdən
məharətlə istifadə etməsidir. Onun qeyri-adi
istedadı, peşəkarlığı, duyumu, Azərbaycan
dilinin gözəlliklərini dərindən bilməsi və məharətlə
istifadə etməsi mənalı poetik incilərin yaranması
ilə nəticələnir.
Bir neçə misal:
Axır Gəncə çayı... orda elə bil,
Xəmsədən bir misra çöllərə düşüb.
Və ya
Göy-göl güzdü tutub göyün üzünə,
Elə bil o boyda göl yerə düşüb.
Yaxud
Qurşayın Arazı mənim belimə,
Tomrisin açılmış kəməridir o.
Tanrı, Nəriman Həsənzadəyə böyük şair olmaqla bərabər, həm də qeyri-adi yaddaş bəxş edib. O, az-az şairlərimizdəndir ki, öz şeirlərini, hətta bəzi poemalarını yadında saxlaya bilib. Yəqin, Nərimansevərlər yaxşı bilirlər ki, indi oxucular arasında populyar olan şeirlərin hamısını Nəriman Həsənzadə bu gün də əzbərdən deyə bilir. Onun öz dilindən “Nuru paşa”, “Qaçaq Kərəm” və digər poemalarını dinləməkdən doymaq olmur.
Ümumiyyətlə, Nəriman Həsənzadənin öz səsində, öz ifasında şeir çox gözəl səslənir, onun səsində bir həlimlik, bir həzinlik, bir sığal var. Şeir onun ifasında daha canlı, daha təsirli, daha anlaşılandır və oxucunu dərhal ovsunlayır.
Nəriman Həsənzadə bütün xüsusiyyətləri ilə yanaşı, həm də büllur kimi tər-təmiz, son dərəcə səmimi, xeyirxah, sadə, incə qəlbli, kövrək, hətta bir az da sadəlövh bir insandır.
Şeirlərinin mayası da burdan gəlir.Öz xarakterini,təbiətini özündən yaxşı kim bilərki!?
Şeir yazdığım gün məğrur oluram,
İlham ki xəfifcə sinəmə dolur,
Bir şeh damlasıtək büllur oluram,
Dünya dünyada yox, məndə əks olur.
Ramiz
GÖYÜŞOV
525-ci qəzet.-
2014.- 15 noyabr.- S.30.