Cəmil müəllimə vida
sözü
“Düyğular” silsiləsindən
Müqtədir Azərbaycan jurnalisti, mahir söz ustası, mətbuatımızın
inkişafına gərəkli
olan ideyalar müəllifi Cəmil Əlibəyli haqqında daim söz demək,
yazmaq istəmişəm. Zaman – zaman deməyinə demişəm. Həyati söhbətlərimdə, radio-efir çıxışlarımda,
apardığım müsahibələrdə bu istedadlı qələm ustasını xüsusi cizgilərlə qeyd eləmişəm. Amma yazmaqda
çətinlik çəkirdim.
Ona görə yox ki, qələmim aciz idi, yaxud
kimi vaxtlar adını siyahılardan
silir, özünü
qapılar dalında saxlayırdılar deyə
nədənsə çəkinirdim.
Yox, sadəcə ona görə ki, söz sənəti dünyasında ilk xeyirxahım
olmuş bu geniş qəlbli insana yaraşan ürək sözlərimi
bir yerə toparlayıb ipə-sapa düzməkdə çətinlik
çəkirdim. Amma
o isə məni – gənc həmkarını
izləyir, radio dalğalarıyla
yayımlanan uğurlu
verilişlərimdən, mətbuatda
gedən yazılarımdan
sonra hər dəfə telefon açır, özünə
xas olan tərzdə (barmaqlarıyla telefon
dəstəyinə tıqqıldatmaqla)
təbriklərini yetirirdi.
Və bu susqunluğum 2009-cu ilin oktyabrınacan çəkdi. Həmin ayın
10-da “525-ci qəzet”in gözəgəlimli
səhifəsində “Cəmil
müəllimin atalığı”
adlı yazım işıq üzü gördü. Bu nağıla bənzər
xatirə yazısıydı,
jurnalist ömrümdə
başıma gələnlərin
bir dövrü barədə və təbii ki, baş qəhrəmanı
Cəmil müəllim
olan portret-oçerk idi. Həmin günün axşamı
evimizə telefon zəngi gəldi. Cəmil müəllimin Nigar qızıydı. Dedi
atam sənlə danışmaq istəyir. Təəccüb məni bürüdü-
yəni dili açılıb müəllimin.
Böyük sevinc hissiylə
dinşək kəsildim.
Az sonra
dəstəkdən tıqqıltılar
eşidildi. Tanış “səslər” idi.
Neçə illərdi Cəmil
müəllim öz sözünü, kimlərəsə
təşəkkür və
şükranlarını bu
yolla çatdırırdı.
Bundan xəbərdardım deyə
onun nə dediyini eşitdim. Sonra Nigar xanım
o tıqqıltıları mənə “tərcümə”
eləsə də artıq onlardan hali idim – “ Çox sağ ol, İntiqam!”..
Bu olayın tarixi yuxarıda qeyd etdiyim kimi 2009 – un oktyabrı idi. 2007 – ci
ildə isə Azərbaycan Yazıçılar
Birliyinin “Natəvan” adına klubunda Cəmil Əlibəylinin
80 illik yubleyi münasibətiylə təntənəli
törən təşkil
edilmişdi. O yubileyinə
Cəmil müəllim
səsi batıq – yəni bir vaxtlar
Qarabağın o gözəl,
koloritli ləhcəsilə
danışarkən hamını
heyran qoyan səsindən məhrum vəziyyətdə gəlmişdi.
Dəfələrlə demiş, həm
də yazmışam ki, haçansa bir münasibətlə vətəndən ayrılıb
qürbətə düşəndə
el-oba, yurd həsrəti üç səsin cilvəsində gəlib dolub içimə, başlayıb
orda qövr eləməyə, məni
vətənə sarı
çəkməyə. Bunlardan biri “Azərbaycan” şeirini bənzərsiz bir duyğusallıqla söylərkən “Azərbaycanım”
kəlməsini böyük
eşqlə dilə gətirən Səməndər
Rzayevin səsi, digəri “Kəhlik, kəhlik gəl ovla məni” deyib oxuyan dahi
Bülbülün avazı,
bir də çox qəribədir ki, adicə danışığıyla, tünd
qarabağlı şivəsində
ötməsiylə elə
Qarabağ bülbüllərini
xatırladan Cəmil müəllimin səsi.
İndi budur, 80 yaşın tamamında gözəl Qarabağından,
anadan olduğu Dədəli kəndindən,
doğmalarının məzarlarından
ayrı düşən,
son onilliklərdə ata-baba
məskənlərindən uzaqlarda dünyaya gələn cavan-comrula Qarabağın nə demək olduğunu anlatmalıykən səsini
itirmiş, yar-yoldaşla
lal dilində danışan Cəmil müəllim bər-bəzəkli,
çiçəklərlə dolu yubiley masasının
arxasında Yazıçılar
Birliyinin sədri Anarın yanında kirimişcə əyləşib.
Amma səhnəyə qalxanacan
daha bir məqam Cəmil müəllimi təbrikə
gələnləri ehtizaza
gətirmişdi. O klubun
qapısında görünən
ləhzədə zaldakıların
elliyinin bir nəfər kimi ayağa qalxıb onu alqışlamasından
şaşırdı. Sanki belə qarşılanacağını
gözləmirdi. Təbiətən kövrək olan Cəmil müəllimin gözləri dolmuşdu.
Axı
son illərin gərgin
olayları bir sıra insanları, hətta dostları belə Cəmil müəllimin həndəvərindən
perik salmışdı.
Səsi çıxmasa
da yalnız özünün eşitdiyi
sözlərin ahəngiylə
dodaqları tərpənən
Cəmil müəllimin
o dəqiqələrdə bircə
əlacı qalmışdı-
zalın bu başından o başınacan
onu sayıb təbrikə gələn
pərəstişkarlarına birəm-birəm
yaxınlaşmaq, onları
qucaqlayıb öpmək,
heç olmasa özünə bəlli təşəkkür dolu
sözlərini dodaqlarının
tərpənişiylə izah
etmək. Beləcə tamaşaçı zalını o baş bu baş dolaşdı,
heç kimi yaddan çıxarmadı,
hamıya səssiz – sözsüz təşəkkürlərini,
isti öpüşləriylə
minnətdarlığını bildirdi. Və o dəqiqələrdə beynimə çox axmaq, qəddar bir fikir gəlmişdi,
düşünmüşdüm deyəsən axı Cəmil müəllim bu dünya, cəmiyyət, həyatla vidalaşır. Amma çox şükür ki, o hələ 7 il də yaşayacaq,
jurnalist missiyasının,
yazıçı təxəyyülünün
son yadigarı kimi dünyaya “Zəmanəyələ
üz-üzə” adlı
möhtəşəm xatirələr
toplusunu gətirəcək
və mənə də bir nüsxəsini
yadigar verəcəyi
o kitabın titul səhifəsində yazacaqdı:
“Çox hörmətli
İntiqam!
Səni
Yazıçılar Birliyində
təntənə zamanı
zalda görəndə
elə təəssüratlandım
ki ...sanki milyon-milyon “Bulaq” ( radio verilişini nəzərdə tutur
İ.M.) sevənlər buradadır!
Sən “Bulağ”ı
hər cəhətdən
təmsil edirsən: onun yaradıcılarından
və indiyədək
yaşadanlardan, həm
də bu nadir söz xəzinəsini danışıqdan yazıya
köçürənlərdən yeganəsisən!
Bunun üçün minnətdarlığımı
qəbul et!
Ömürnaməmi vərəqləsən
görəcəksən ki,
biz təbiətimiz etibarilə
eyni kökdən, xislətdənik: yamanlıqdan
yaxşılıqla intiqam
alan duyğulu
insanlardan!
Var ol!
Sizin Cəmil Əlibəyov
2008”.
Siz sağ olun Cəmil
müəllim. Sağ
olun ki, sizə həsr etdiyim “Cəmil müəllimin atalığı”
adlı yazımda da qeyd etdiyim
kimi ötən əsrin 70 – ci ilində, həyatımın
ən ağır günlərində, hamının
qapısından qaytarıldığım
vaxtlarda riskə gedib redaktoru olduğunuz “Azərbaycan gəncləri” qəzeti redaksiyasında məni işə götürməyiniz
o çağlar Azərbaycandan
uzaqlarda məhkumluq həyatı yaşayan, bir zamanlar Hüseyn Cavidin, Hacağa Abbasovun, Rza Darablının tələbəsi
olmuş atam Alının başını
ərşə ucaltmış,
bəlkə də onu vaxtsız əcəlin əlindən
almışdınız. Ömrünün sonuna kimi atam
sizinlə görüşüb
şükranlarını yetirmək
istəyirdi. Ancaq son anda
ölüm macal vermədi. Neyləmək olar, qismətimiz
beləymiş. İndi
siz də 37 il əvvəl
dünyasını dəyişmiş
atam kimi əbədiyyət diyarına
yollanırsınız. Yolunuz
nurlu, torpağınız
yüngül olsun, Cəmil müəllim! Atam oradasa sizi tapacaq,
dualar haləsində öz “sağ ol”larını sizə yetirəcək. Mən
isə bu dünyadan sizə əlvida yox, çox sağ olun deyirəm! Çün ki, mənim aləmimdə həmişə
sağsınız. Atam və
siz.
Sözümün sonunda bir ricamı
bildirmək istərdim. Qoy bu günlərimizdə yaşayıb-yaradan, yaxud kirimişcə pensiyaçı
ömrü sürən,
amma vaxtilə Cəmil müəllimin əlindən su içmiş jurnalistlərimiz
onu unutmasınlar, daim qapılarını onların
üzünə açmış
bu xeyirxah insan haqqında ürək sözlərini,
xatirələrini söyləməkdə,
yazmaqda xəsislik etməsinlər. Bu, mətbuat tarixində daha bir boşluğun
doldurulmasına bərabər
olardı. Nə olsun
ki, böyük mətbuat araşdırıcımız
Qulam Məmmədli aramızda yoxdur, bəs bizə nə gəlib.
6 noyabr 2014.
İntiqam Mehdizadə
525-ci qəzet.-
2014.- 15 noyabr.- S.27.