Desna sahilində
Azərbaycan ədəbiyyatı və
publisistikasının korifey nümayəndəsi, dəyərli
ədibimiz Əli İldırımoğlunun noyabrın 17-də
87 yaşı tamam olur. Əli İldırımoğlu
ömrünün ixtiyar çağında da qələmini
yerə qoymur, gənclik ehtirası ilə
yaşayıb-yaradır, yeni nəsillər üçün
örnək olan əsərlərə imza atır. Ağsaqqal yazıçımızın tükənməz
həyat və yaradıcılıq eşqinə qəlbən
sevinən həmkarları olaraq, doğum günü
münasibəti ilə Əli müəllimi ürəkdən
təbrik edir, ona möhkəm cansağlığı, yeni
yaradıcılıq uğurları arzulayırıq.
Bahar idi.
Xoruzlar səhərin açılmasını xəbər
verirmiş kimi cığalı boyunlarını şax tutub əlvan
qanadlarını şappıldadır və səs-səsə
verərək hey banlaşırdılar. Sübh
tezdən əkin sahələrinə doğru baş alıb
gedən traktorların nərəsi qalın meşələrin
Desna çayına uzanan ətəyində sakitcə uyuyan
Qremyaçye kəndini yuxudan oyadırdı. Yelinləri, yenicə boşalan inək naxırı
yuxarıdakı örüşlərə
yayılırdı. Dərin dərələrə
seyrək duman ağır-ağır sürünüb uzaqlara
çəkilir, kəndin mavi səması
açıldıqca Bryanskın göz işlədikcə
uzanan düzləri apaçıq görünürdü.
Üfüqdən boylanan günəşin
qızılı şəfəqləri çayın
aynasında bərq vururdu. Arabir əsən
xəfif meh Desnanın sahillərinə zinət verən
yaşıl çəmənliklərə səpələnmiş
çiçəklərin xoş rayihəsini Qremyaçye kəndinə
yayırdı. Bağ-bağçanın
dövrəyə aldığı aynabəndli evlərdən
süzülən musiqi sədaları budaqdan-budağa qonan
quşların cəh-cəhinə qarışıb meşənin
tənhalığında əks-səda verirdi. Boynu qırmızı qalstuklu qayğısız
uşaqlar kəndin geniş küçələrində gah
yüyürür, gah dayanıb arxadan gələn sinif
yoldaşını gözləyir, qol-boyun olub dəstə-dəstə
məktəbə doğru axışırdılar.
Məktəb direktorunun tədris işləri üzrə
müavini Vyaçeslav Qorbaçov kənd Sovetinin binası
qarşısındakı abidənin önündən
keçəndə yenə də bir anlığa ayaq
saxladı. Valideynlərinin əziz xatirəsini gül dəstəsi
ilə yad etdi. Qremyaçye kəndinin azad edilməsi
uğrunda vuruşmalarda qəhrəmancasına həlak
olanların mərmər lövhə üzərində
yazılmış adlarına qəmgin bir nəzər
saldı... Anatoli Qorbaçov, Lyusya Qorbaçova. Biri atası, biri anası. Bu
gün onun təlim-tərbiyə verdiyi məktəbin
keçmiş müəllimləri. Vyaçeslav
Qorbaçov onları görməmişdi. Yalnız eşitmişdi. Atasının
asıldığını, partizan dəstəsi ilə əlaqə
saxladığı üçün anasının güllələndiyini.
Onda Vyaçeslavın hələ bir
yaşı tamam olmamışdı. Cəmi
yeddi ay idi ki, dünyaya gəlmişdi. O, uşaq evində
boya-başa çatmış, Moskvada ali təhsilini
tamamladıqdan sonra yenə də doğma kəndinə
qayıtmışdı. Atası Anatoli, anası Lyusyanın dərs
dediyi məktəbə.
Vyaçeslav Qorbaçovun qaşları düyünləndi,
xəyalı dolandı. Sanki yenə də bir anda Qremyaçye
mühasirəyə alındı, faşist quldurlarının
anlaşılmaz yad səsi eşidildi, kəndi acı
tüstü bürüdü, evlərdən qalxan məşum
alovun qırmızı dili onun al yanağını qarsdı,
sifəti pörtdü. Vyaçeslavın
geniş alnında soyuq tər puçurlandı.
Boris
İqnatyeviç ona yaxınlaşanda atının cilovunu
çəkdi və:
– Salam,
Vyaçeslav Anatolyeviç, sabahınız xeyir, –dedi.
– Salam,
Boris İqnatyeviç, yəqin işə gedirsiniz?
– Bəli,
kartof əkininin vaxtı keçir, bəs biz qazanmasaq, siz nə
yeyərsiniz?
Boris İqnatyeviçin zarafatyana dediyi bu söz onu
düşüncələrindən ayırdı. Vyaçeslav
Qorbaçov mütəəssir hisslərini gizlədərək
sifətinə xoş bir ifadə verib
gülümsündü. Boris
İqnatyeviç yoluna davam etdi. Vyaçeslav
müəllim məktəbə tərəf yönəldi.
Boris İqnatyeviç Desnanın qumlu sahili ilə irəlilədikcə
ləpələr sakit-sakit onun atının səkil
ayaqlarını yuyur və geri çəkilirdi. İri və
dəyirmi nalın saldığı dərin izdə qalan bir
ovuc su yumşaq quma hopub yox olurdu. Boris
İqnatyeviç atın üstündə
yırğalana-yırğalana zümzümə edirdi.
O, cilovu təkqanad edib atın başını sağa tərəf
burdu. İrəlidəki əkinçilərə
yaxınlaşaraq:
– Bərəkətli
olsun, yorulmayasınız, – deyib atdan endi.
– Qədəminiz
yüngül olsun, Boris İqnatyeviç, – deyə əkinçi
həmkarları onu həvəslə qarşıladılar.
Meşə
ilə çayın arasındakı geniş düzdə
iş yenicə qızışırdı. Yaxınlıqdakı
bataqlıqların, balaca gölməçələrin kəsif
qoxusu gəlirdi. Günorta fasiləsi
yaxınlaşanda Boris İqnatyeviç dayanıb tərini
sildi. Sonra kotanın istiqamətini dəyişib
işinə davam etdi. Sahənin
ortasında kotan ilişdi. Boris İqnatyeviç
gavahının ucu dirənən yerdə torpağı eşələdi.
Gözünə paslı dəmir
sataşdı. O, narazı halda başını
bulayıb, deyinə-deyinə iri bir lom götürdü və
dəmirin altına salıb gücü gəldikcə
qaldırdı. Yoldaşları da köməyə
gəldi. Gözlənilmədən yer silkələndi.
Bir neçə metr aralıda partlayan
güclü mina yenicə salınmış kartof toxumunu
buğlanan tər torpaqla birlikdə göyə sovurdu. Havada vıyıldayan iri kəsəklər,
sanballı dəmir qəlpələr nəvazişlə axan
sakit Desnanın mavi aynasını sındırıb
parçaladı. Çay bu müdhiş mənzərəyə
qarşı etiraz edirmiş kimi qəzəblə
çalxalandı, coşdu, hücum çəkib ağ ləpələri ilə sahilini döyəclədi.
Sonra məcrasına çəkildi, əvvəlki
kimi burula-burula yoluna rəvan oldu. Sahilində
qana bulaşanlara həzin və kədərli layla
çaldı. Matəm laylası.
Premyaçyelilərin dərdi təzələndi. Otuz il
bundan əvvəlki dərdi. Partlayış olan
ərazi tədqiq olundu, yoxlamalar getdi. Pas
atmış top lüləsi, çürümüş
tanklar. Böyük Vətən müharibəsinin
acı xatirələri. Torpağın
altında uyuyan neçə-neçə günahsız insan.
Çoxu adsız, çoxu ünvansız.
Vətən fədailəri. İnsanlara şəfa verən həkim, binalar
ucaldan inşaatçı, təlim-tərbiyə verən
müəllim, yollar salan mühəndis, övlad böyüdən
ata, anasının gözlərini intizarda qoyan mərd
oğullar. Sadə peşə adamları,
bəlkə də fəhlə, bəlkə də kəndli.
İndi bir ovuc torpaq... Sakit Desna onların xatirəsini
əziz tutaraq buradan necə də sükutla keçir. Qalın meşələrlə
örtülmüş təpələr də sanki onun hər
qarışı uğrunda canından keçən bu naməlum
əsgərlərin məzarı önündə baş əyir.
Kənddəki “Mayak” kolxozu ilk partiya təşkilatının
katibi, Sovet İttifaqı Qəhrəmanı, istefada olan
podpolkovnik İvan Struçkovun rəhbərlik etdiyi
qırmızı ləpirçilər dəstəsi
partlayış yerində cəmi bir neçə giliz
tapdılar. İçərisində ünvan olan giliz. Solğun kağızlara tələsik
yazılmış qırıq-qırıq sözlər
güclə oxunurdu. Rus, ukraynalı, tacik, özbək,
qırğız... Şəfahət
Şükürov. Azərbaycan. Ağdam rayonunun Muğanlı kəndi. Camal
Poladov, Ömər Qasımov, Fərqanə vilayəti.
lll
Şəfahət Şükürov. Onun adı
çəkiləndə Natalya xalanın gözləri bahar
buludu kimi doldu. Ağbirçək
ananın qırışmış çöhrəsindən
yaş süzüldü.
1942-ci il. Bryansk vilayətinin Navlinski
rayonundakı Qremyaçye kəndinin ağır günləri.
Doğma kəndin cəmi bir neçə sakini
qalmışdır. Alman zabitləri kənd
müəlliməsi Lyusya Qorbaçovanı özlərinin
qulluqçuları kimi saxlayırdılar. O, günlərini
sinif otaqlarında, şagird partası qarşısında
deyil, mətbəxdə keçirirdi. Qab-qacaq
yuyurdu. Natalya Merquşina dükanda işləyirdi.
Qremyaçye kəndinin müdafiəsi
uğrunda vuruşmada sağ qalanlardan biri də 27-ci atıcı
polkunun 11-ci birləşmiş dəstəsinin komandiri Şəfahət
Şükürov idi. O, bir neçə əsgərlə
meşənin balta dəyməyən tənhalığına
çəkilmişdi. Gecələr yatmır,
gündüzlər dincəlmirdi. Partizan dəstələri
ilə əlaqə saxlayır, fürsət tapdıqca
düşmən qüvvələrinə sarsıdıcı
zərbələr endirirdi. Qələbə
ümidi ona ruh yüksəkliyi verirdi. Solğun
üzü duyduğu ağır iztirabı büruzə versə
də, o, bunu əsgər yoldaşlarına əsla hiss
etdirmirdi. Hər axşam gizlicə Natalya
xala ilə görüşür, ondan lazımi məlumatlar
alırdı. Lyusya Qorbaçova onların
fəal köməkçisi idi.
lll
Payız gecəsi. Şəfahət qatı qaranlıqda
Qremyaçyeyə tərəf sürünürdü. Düşmən keşikçilərinin təlim
almış itlərinin quduz zingiltisi kəndin
yandırılmış xarabalıqlarında zəhmli əks-səda
verirdi. Arabir anlaşılmaz boğuq səslər
eşidilirdi. Birdən qadın fəryadı
qopdu. Sonra tüfəng açıldı.
Kəndə matəm sükutu
çökdü. Şəfahət
özünəməxsus çevikliklə doqqazdan aşıb
Natalya xalanın həyətinə daxil oldu. Natalya nigarançılıqla gözlədiyi əziz
qonağı xəlvət bir yerə apardı. Natalya xala həyəcanlı idi. O, hisli
çırağın zəif işığında
qırıq-qırıq, rabitəsiz danışırdı:
– Elə
indicə! İndicə Lyusya müəlliməni
öldürdülər! Son günlər yaman
incidirdilər. Şübhələnmişdilər.
Keçən həftə sizin silah
anbarını partlatmağınızı ondan
görürdülər. Axı, ciyəriyanmışlar
bunu haradan biliblər?! Yəqin yenə də
o satqın əclaf İqnat xəbər verib. Ay məlun!
Çırağın titrəyən
işığında güclə şölələnən
darısqal komaya qəmgin bir sükut hakim oldu. Şəfahətin
iri qara gözlərində elə bil şimşək
çaxdı. O, qəlbində baş qaldıran nifrəti
arzu etdiyi intiqam hissi ilə ovudub bir qədər sakitləşdi.
Natalya xalaya ürək-dirək verdi. Natalya Şəfahətin qabağına bir stəkan
çay qoydu və qayğı dolu nəzərlərini onun
silaha sarılmış məğrur görkəminə dikdi.
Natalya ərinin cəbhədə həlak olduğunu
bilirdi. Hələ Qremyaçye alınmamışdan qabaq
qara kağızı gəlmişdi. Gözünün
ağı-qarası olan Paveldən xəbər-ətər yox
idi. Onun indi yeganə təsəlli aldığı adam Şəfahət idi. Natalya o biri otağa
keçib damarları çıxmış əlləri əsə-əsə
köhnə sandığın ağzını açdı:
– Bu,
Pavelin nişan paltarıdır, –dedi. –Toy tədarükü
görmüşdük, qismət olmadı. Kim
bilir... hələ ümidimi üzməmişəm. Bəlkə qayıtdı, bəlkə
görüşdük. Sənin kimi
enlikürək, şux qədd-qaməti var idi.
Ərköyün böyütmüşdüm...
Natalya sözünü tamamlayıb, dərindən
köksünü ötürdü. Sonra Şəfahətdən
soruşdu:
– Sən
də evlənməmisən?
Şəfahətin abırlı çöhrəsinə
qızartı çökdü. O, “yox” demək mənasında
ehtiramla başını buladı və:
Bakıda
universiteti yenicə bitirmişdim, – dedi. – Mirbəşir
rayonunun Əskipara kəndində müəllim işləyirdim.
Onda müəllimlərə möhlət
verirdilər. Əsgər
aparmırdılar. Mən
könüllü olaraq ərizə yazdım. Döyüş meydanına getmək
üçün. Hərbi komissarlıq
icazə vermirdi. Mən təkid etdim.
Axı, qardaşlarımın ikisi cəbhədədir.
Dedim, yaman günün ömrü az olar.
Qoy dar ayaqda qardaşlarımın dadına çatım...
Şəfahət bunu deyib ağır-ağır və
ehtiyatla pəncərəyə yaxınlaşdı. Hər yan
sükut içərisində idi. Arabir əsən
meh ağacların yarpaqlarını titrədirdi. Desna yaslı gecənin sakitliyini pozmadan axır və
ayın sönük şəfəqləri altında
işıldayırdı. Şəfahət
dəli Kürü, xan Arazı yadına saldı. Fikri Ağdamın səmasında dolaşdı.
Qarqarın qıjıltısını dinlədi,
bağ-bağçaların yaşıllığına qərq
olan doğma Muğanlı kəndinin seyrinə daldı.
Evlərinə çatanda anası Aftabla,
bacısı Ülkərlə, balaca qardaşı Sovetlə
qucaqlaşdı. Qohum-qonşu onun
görüşünə gəldi. Hamı
gözaydınlığı verdi. Sinəsində
parlayan orden və medalları təbrik etdi...
– Xörəyin
soyudu, Şəfahət. Natalyanın qayğılı səsi
onu qərq olduğu xəyal dünyasından ayırdı:
– Eh,
Natalya xala, sevimli şairimiz Səməd Vurğun demişkən:
Könlüm
keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan.
Axşamüstü
qoy uzaqdan
Havalansın
Xanın səsi,
Qarabağın şikəstəsi.
Şəfahət dediyi şeirin mənasını Natalya xalaya izah etdi. Natalya xalanın xoşu gəldi. Onlar qabaq-qənşər əyləşdilər. Ana-bala kimi. İndi Natalya oğulsuz, Şəfahət anasız olduğunu unutmuşdu. Natalya simasına nikbin bir ifadə verərək:
– Darıxma, oğlum, Şəfahət, – dedi. – Vətənimiz övladlarının qəlbi kimi genişdir. Belə məşəqqətləri çox görüb. Yenə də qələbə bizim olacaq. Pavel də sağ-salamat qayıdacaq. Toyunuzu birlikdə edəcəyəm.
Hənirti eşidildi. Natalya Şəfahəti o biri otaqda gizlədib özü həyətə çıxdı. Səs gələn səmtə boylandı. Hərəkətlərində amansız vəhşi bir ifadə duyulan faşist əsgəri zəncirli köpəyin arxasınca sürünərək kəndin xarabalıqları arasında dolaşırdı. Şəfahət gizlənməmişdi. O, bir hadisə baş verə biləcəyi ehtimalı ilə barmağını tətiyə keçirib atəşə hazır vəziyyətdə Natalya xalanın arxasında dayanmışdı. Natalya Şəfahətin qulağına pıçıldadı:
– Tanıdım, özüdür, – dedi. – Lyusya müəlliməni qana bulayan məlun bax, odur! O!
Şəfahətin gözlərində çılğın bir qəzəb alovlandı. Ancaq Natalyanın təhlükəsizliyi naminə hərəkət etməyin məqamı deyildi. Onlar evə daxil oldular. Şəfahət tələsirdi. O, getməyə hazırlaşırdı. Natalya ona dəstərxan bağladı. Lyusya müəllimənin üç gün əvvəl gizlicə ona verdiyi əl qumbaralarını, bir neçə patronu da dəstərxana bükdü. Şəfahət qumbaranın birini götürüb əlində möhkəmcə sıxdı. Lyusyanın verdiyi qumbaranı.
– Bunu onun
qatilinin başında partladacağam, – dedi. – Zavallı Lyusya!
Onun qisasını yerdə qoymaram, əvəzini
çıxmasam...
Şəfahət
evi tərk edəndə Natalya onun meşədə gizlənən
əsgər yoldaşlarına çatdırmaq
üçün oğlunun olub-qalan paltarlarını, ərinin
turşumuş tər qoxusu gələn nimdaş paltosunu da
Şəfahətə verdi.
– Məndən
Ömərə, Matveyə, Maxaradzeyə, Camala salam
yetir, – dedi.
–
Xudahafiz, Natalya xala, görüşənə kimi. Amma unutma ki, elə bu gecə Lyusyanın
intiqamını almamış Qremyaçyeni tərk etməyəcəyəm.
–
Ehtiyatlı ol, ay bala, düşmən amansızdır. Get,
tanrı sənə yar olsun.
Natalya xaç çəkdi. Onların səksəkəli
baxışları ayrıldı.
Bir neçə saatdan sonra kənddə qumbara
partladı. İt zingiltisi eşidildi, bir də ki,
Qremyaçyenin çağırılmamış yad
qonağının vəhşi bağırtısı.
Düşmənin kəndin ayağında yerləşən
qərargahına çaxnaşma düşdü...
Şəfahətlə Natalya xala neçə dəfə
beləcə görüşdülər. Qaranlıq gecədə,
darısqal daxmada, çıraq işığında. Natalya xala neçə dəfə Şəfahətin
göstərdiyi şücaətin şahidi oldu. Sonra... Sonra nə Pavel qayıtdı, nə də ki, Şəfahətdən
bir səs-səda çıxdı. İllər
keçdi, yel qanadlı illər. Otuz bahar,
otuz qış. Bir gəncin ömrü... Otuz ildən
sonra partlayan minanın müdhiş uğultusu Şəfahətin
və onun döyüş yoldaşlarının son və əbədi
ünvanını büruzə verdi. Bu, Natalya xalaya bir təsəlli oldu. Bir də ki, qremyaçyelilərin xoş və
firavan günləri.
1972-ci il. 9 may. Qremyaçyeyə qonaq gəlib.
Qarabağdan. Ağdamın
Muğanlı kəndindən Şəfahətin
qardaşı Sovet müəllim. Onlar Qələbə
bayramını birlikdə qeyd edirdilər. Şəfahət burada özünə iki abidə
qoyub getmişdir. Biri qremyaçyelilərin
qəlbində, ikincisi hələ qələmə
alınmamış roman, bəstələnməmiş
mahnı, müxtəlif millətlərin qəhrəmanlıq
tarixi. 117 nəfərin mərmər
lövhə üzərində həkk edilmiş birlik,
qardaşlıq salnaməsi. Abidəyə hər gün
tər gül-çiçək qoyan qramyaçyelilər bu
salnaməni oxuduqca onların həmyerliləri ilə birlikdə
bir ad da çəkilir:
– Şəfahət Şükürov.
Onun qardaşı Sovet Şükürov azadlıq,
intiqam və qalibiyyət irsini bugünkü nəslə
yadigar qoyub gedənlərin qranit abidəsi önündə
dayanıb fəxr və sükutla baş əyirdi. Sağında
və solunda Natalya Marquşina ilə Vyaçeslav
Qorbaçov dayanmışdı. Çiyin-çiyinə.
Desna onların çöhrəsindəki həzin kədəri
qələbə sevinci ilə yuyur və öz coşğun ləpələrinə
qataraq Qremyaçyedən uzaqlara axıdır, hey
axıdırdı...
Əli İldırımoğlu
525-ci qəzet.-
2014.- 15 noyabr.- S.26-27.