“Zaman keçdikcə, bizimlə bərabər
izləyicilərimiz, oxucularımız da peşəkarlaşır”
VÜSALƏ MAHİRQIZI: “VAXT GƏLƏCƏK, İNSANLAR BAŞA DÜŞƏCƏKLƏR Kİ, MEDİA MƏKANINDA ANCAQ PEŞƏKAR OLMAQLA QALMAQ MÜMKÜNDÜR”
Feyziyyə
ilə Xəzərin sahilində
“Nəsrimiz
və rəsmimiz olsa, başqa bir millət olardıq”. Yəhya
Kamalın bu fikrini yazıya başlayar-başlamaz niyə
xatırladım, bilmirəm. Məsələ
burasındadır ki, məmləkətlə bağlı
bütün uğurları və alqışları, təəssüfləri
və uğursuzluqları düşünəndə
gözümün qarşısında gözəl, iri bir əsər,
əldən yerə düşməyən kitab dayanır. Fəqət
bu əsər olmaz deyib etdiklərimizdi, etmək istəyib edə bilmədiklərimizdi,
ittihamlarımızdı – çərçivəyə
salıb otağımızdan asırıq, dəftərlərə
yazıb... yazıb kitab kimi qoltuğumuzda gəzdirirk. Dəyişdirmək
istəyirik, amma dəyişə bilmirik, başlamaq istəyirik,
nədən başlayacağımızı da bilirik çox
zaman, amma başlamırıq ki, başlamırıq. Boya desən
boyaların ən gözəlini almağa pulumuz, kətan desən,
pamdıqdan pambığımız, mənzərə desən,
bağdan bağımız, çaydan çayımız, sünbüllü
tarlalarımız, kitab yazmaq istəsən, qələm desən,
yüzü tapılar, yazan desən mini. Amma di gəl ki...
“Xəzərin
sahilində” bugünlərdə on yaşı qeyd olunan “APA
Holdinq”in rəhbəri Vüsalə Mahirqızı ilə
danışdıq.
Söhbətimiz
qəfil alındı, ad günlərinə gülsüz-çiçəksiz
getdiyimə təəssüf edirəm. İşini
yaxşı bildiyinə, peşəkarlığına,
davranışına, savadına, gördüyü işlərin
keyfiyyətinə, eyni zamanda insanlığına-səmimiliyinə,
sadəliyinə görə ortaq ətrafımızdan
haqqında həmişə xoş sözlər eşitdim.
Onunla iş yerində görüşdük.
Yubileyqabağı hazırlıq, təbrik çələnglərinin
qəbulu, ara vermədən edilən zənglər və
qapı arxasında dayananların içəri keçmək
istəkləri. Və biz bu qaçhaqaçda
qaça-qaça söhbətləşməli idik.
Zamanımız isə çox az idi. İstədim, əvvəlcə
uzun müddətdi külüng vurduğu bu sahəyə elə
bir televizor monitoruna baxan kimi birlikdə baxaq, görək nə
var, nə yox?
– Bu mətbəxin,
proseslərin içində olan insanın müəyyən məsələlərə
münasibəti peşəkar alınmaya bilər. Bizim peşəkar
olaraq gördüklərimizlə oxucunun kənardan
gördükləri arasında çox ciddi fərqlər
olur. Biz məsələlərin alt yapısını
bildiyimizə görə, bəzən çox xırda
şeyləri problem edə bilirik. Amma yaxın ətrafımızın
rəyini alandan sonra anlayırıq ki, bunlar o qədər
ciddiyə alınacaq şeylər deyil. Bu gün Azərbaycan
oxucusu üçün də, tamaşaçısı
üçün də, vizual olaraq necə təqdim olunmaqdan
daha çox, nə təqdim olunması önəmlidir. Bir
çox problemlər var ki, bunun ümumiyyətlə, oxucu ilə
heç bir əlaqəsi yoxdur. Burda söhbət kadr
potensialından tutmuş reklam bazarına qədər, yeni
texnologiyalara adaptasiya məsələsinə, eyni zamanda, Azərbaycan
mediasının dünya mediasına inteqrasiyasına qədər
hər şeydən gedir. Oxucu informasiyanı dəqiq və
vaxtında almaq istəyir. Oxucu istəyir ki, aldığı
informasiyada sual yeri qalmasın.
Necə, hansı şəraitdə, hansı vasitələrlə
sualı isə artıq bizim işimizin pərdəarxası məsələləridir.
Mənim tamaşaçı, oxucu baxışım yoxdur.
Çünki mən bu işin bir parçasıyam.
– Ölkədəki
müharibə şəraiti sanki sadəcə, mətbuatımızdakı
proseslərə yansıyıb; xaos, çığır-bağır,
çal-çağır, atışma, vuruşma. Bir də
mövzuya aidiyyatı olmayan yazı başlıqları...
– Belə
dövrü bir zaman bizim yazılı mətbuatımız
yaşayırdı. Təxminən mənim mətbuata gəldiyim
illər idi – 1996-98-ci illər. Azərbaycanda çox ciddi qəzet
bumu vardı və burada hər cür qəzet tapmaq olardı;
ciddi qəzet də, qeyri-ciddi qəzet də, sarı media
da. Zaman keçdi, bir ələndilər
ki. Yolu yüyürə-yüyürə gedənlər yolu
tez başa vururlar. Hətta hədəfi belə keçirlər,
hədəf qalır geridə və onda görürlər ki,
məsələ bitib. Amma səbirlə, təmkinlə,
çox ciddi məqsədlərlə yaşayan media
seçildi və o qarışıqlığın
içindən çox sakit keçib yaşadı.
Hazırda Azərbaycanda internet media həmin dövrünü
yaşayır. Bu bir qarışıqlıq
dövrüdür və düşünürəm ki, bir
müddət bu cür də davam edəcək. Çünki
indi sayt açmaq çox cazibədardır. Çünki
indi internet media dünyada ən çox istinad edilən, daha
çox effektiv hesab olunan media sayılır. Saytın
görünüşünə baxıb
düşünürlər ki, bunu yaratmağa nə var ki?
Ölkədə iki-üç informasiya agentliyi var və
gün ərzində yüzlərlə xəbər istehsal
edir. Gündə yüz xəbər verəcəyik, bir az da ətrafımızdakı
dost-tanışın mövqeyimizə uyğun
yazılarını təqdim edəcəyik, nəticədə
olacağıq sayt rəhbəri. Bu, kənardan belə
görünür. İşin içinə girəndən
sonra isə görürlər yox, çox çətindir.
Buna görə də mən buna çox təbii
yanaşıram, çoxlu saytlar yaranacaq, çoxlu saytlar
bağlanacaq. Hətta çoxlu sayt açılıb
bağlanacaq və geniş oxucu kütləsinin ondan xəbəri
olamayacaq. Həmin o başlıqlar da daha çox cazibədar
olmaq, daha çox oxunmaq, daha çox ortada görünmək,
oxucunu daha çox yanında saxlamaq istəyindən irəli gəlir.
Son zamanlar sosial şəbəkələrdəki səhifələrlə
bağlı apardığım monitorinq zamanı bəzi qənaətlərim
oldu. Əvvəllər feysbukda marjinal səhifələr var
idi. Hər şey verirdilər səhifədə, xəbərlər
də, müxtəlif videolar da, hansısa məşhurun
paylaşdığı fikirləri və şərhləri də.
Və o səhifələr iki yüz min, üç yüz
min izləyici toplayırdı. Son zamanlar isə həmin səhifələrin
məşhurluğu itib. Artıq
ixtisaslaşdırılmış səhifələr
başlayır önə çıxmağa. Bunun da səbəbi
ondan ibarətdir ki, bizim internet media yeni sahə olduğu
üçün, oxucuya da, izləyiciyə də yeni idi. Və
tanımadığın bir şey cazibədar olduğundan
onun təqdim etdiyi hər nə varsa maraqlı idi. Zaman
keçdikcə, bizimlə bərabər izləyicilərimiz,
oxucularımız da peşəkarlaşır. Artıq o
özü üçün müəyyənləşdirir
ki, internetdə ona nə lazımdır. Oxucunu hansısa
informasiya başlığı ilə aldadıb sayta
baxmağa bir dəfə gətirə bilərsən, ikinci dəfə
gəlməyəcək. Bununla insanları daimi oxucuya
çevirmək olmaz. Ümumiyyətlə, media qurumunu iki
formada sevirlər. Biri var nifrət olunan, sevilməyən, amma
yenə də baxılan media, biri də var sevilən, həm də
qəbul edilən media. Hər ikisi medianı tanıtmaq
üçündür. Mən ikincini üstün sayıram.
Biri də var yaranmağı ilə məhv olmağı
arasında fərq olmayan media. Bu proses o zamana qədər davam
edəcək ki, internetdə insanlar ixtisaslaşacaq və
qurumlar da buna görə ixtisaslaşmalı olacaqlar, beləcə,
ixtisaslaşmış qurum bazarı tamamilə tutacaq, insanlar
başa düşəcəklər ki, bu məkanda ancaq
peşəkar olmaqla qalmaq mümkündür. Buna qədər
isə biz o başlıqlara da, o videolara da, o şəkillərə
də dözməli olacağıq.
– Mənsə
qorxuram, qorxuram ki, bütün bunların axırı
yaxşı olmaya. Axı, uşaqlar böyüyür...
– Mən
bunun oxucu kütləsi üçün o qədər də fəsadını
görmürəm. Çünki oxucu üçün
seçim var. Ciddi saytlarda şou xəbərlər vermək
təxminən “Samsung” mağazasında çimərlik
paltarı satmaq kimi bir şeydir. Düzdür, hipermarketlər
var, amma onlar portallardır. Bu isə ayrı-ayrı
saytların bir yerdə verilməsidir, bir saytda hər şeyin
verilməsi deyil. Biz öz şirkətimizdə hansı
saytı niyə yaratdığımızı bilirik. Oxucu da
bunu bilir. Lent.az-la APA-nın tamamilə fərqli profili var, fərqli
xəbər siyasəti var. Eyni fərq ailəm.az-la kulis.az-a
da aiddir. Mənə elə gəlir ki, ziyan nə istədiyini
bilməyən media qurumuna olacaq. Cəmiyyətin itirəcəyi
bir şey yoxdur. Bizim şirkətin digər saytlarına
girişin göstəricilərində bəzən ziqzaqlar
müşahidə edilsə də, bu, APA-da hər zaman düz
xətt üzrə olub. Nə qədər sayt yaranır-yaransın,
onun öz oxucusu var. Məni heç vaxt ip
maraqlandırmayıb. Mən reklam şirkətləri ilə
danışanda da onları ip ilə cəlb etməmişəm.
Mən heç kimin qarşısında şərt qoymuram ki,
saytın bir milyon izləyicisi olmalıdır. Mənim
qarşıma qoyduğum məqsəd odur ki, adamlar bu sayta
birbaşa gəlsin, hansısa axtarış sistemindən yox.
Telefon zəngi
söhbətimizi yarımçıq qoyur yenə. Söhbətə
ara verməyimizdən istifadə edən Vüsalə xanım
qarşı divardakı monitordan bir nəfərin əlində
gül çələngi qapı arxasında
dayandığını görər-görməz,
qarşılamağa qərar verir. Qonaq “Təbrik edirəm, o
gün olsun yüz illiyini qeyd edəsiniz” deyib tələsik
qapıdan çıxandan sonra, qayıdıram ki, “O
günü siz də görəsiniz”. Vüsalə xanım,
“Mən o günü görməyəcəm” deyib söz
altında qalmır. Hərçənd bundan sonra daha doxsan il
yaşamaq o qədər də çox deyil. Tale qəza-qədəri
uzaq, təbiət sağlamlığı rəva bilsə, nə
var ki? Yenə hansısa zəngə cavab verib nəyisə dəqiqləşdirənə
qədər mən arxadakı monitora sarı çevrilirəm. APA.TV-nin verilişi gedir. Yadıma ədəbiyyat
yönümlü jurnal və qəzetlərin ətrafındakı
qalmaqallar düşür. Hamı rəhbər olmağa
iddialıydı, bunlar rəhbər olanda nəsə dəyişəcəkmiş,
formatda, keyfiyyətdə fərq olacaqmış. Hər
şey dəyişir, zaman gəlir rəhbərlər də dəyişir
bir gün. Elə yenə həmin şeirlər, həmin
şəkillər... Vüsalə xanım telefonu yerə qoyan
kimi tez-tələsik soruşacam görüm televiziyalardan
şikayətçi olduğu zamanlar arzuladıqlarını
edə bildimi, görmək istədiyi verilişləri
aça bildimi?
–
Yalnız bir hissəsini edə bildim. Hamsını tətbiq
eləmək mümkün deyil. Yenə eyni məsələyə
qayıdıram. Məsələnin bir tamaşaçı tərəfi
var, bir peşəkar tərəfi. Onları etmək
üçün kadr potensialı, cəmiyyətin
özünün hazırlığı olmalıdır.
Söhbət təkcə televiziyanın kadr potensialından
getmir. Xəbər saytından fərqli olaraq televiziya cəmiyyətlə
işləyir. İstədiyin verilişi almaq
üçün müğənnisindən tutmuş psixoloquna
qədər insanların hadisələrə münasibəti
yüksək olmalıdır. Bu cür insanlar isə azdır.
Həftənin əvvəlində verilişə ekspert
çağırmısansa həftənin sonuna verilişi təkrarlamalısan.
Sosioloq və psixoloqların hamısının danışmaq
imkanları yoxdur, televiziyanın tələbləri
başqadır. Burada vizual görüntüdən tutmuş
danışıq qabiliyyətinə qədər hər
şey əsasdır, kamera ilə təmas bacarığı
buna imkan verməlidir. Deyək ki, beynəlxalq mövzuda bir
veriliş açdıq. İnan ki, ora ekspert
çağırmağa çox çətinlik çəkərik.
Televiziyanın özünün kadr yetişdirmək
imkanları olsa belə, bu, aparıcı deyilən
vizuallıqla bitmir, axı. Burada onlarla ixtisaslar var. Bizim
televiziyaçıların əksəriyyəti sovetlər dövründə
ixtisaslaşmış mütəxəsislərlə
çalışırlar və həmin mütəxəssislərin
yeni texnologiyalara adaptasiya prosesi var. Bu ikinci faktordur.
Üçüncü faktor isə hər ikisindən önəmlidir.
Biz hamımız deyirik ki, Azərbaycan televiziyalarına
baxmırıq. Bunu onunla əlaqələndiririk ki, şou
göstərirlər, vaxtımızı ona sərf etmək
istəmirik və s. Lakin necə deyərlər,
gözümüzün gördüyü reallıq da var. Mən
müxtəlif məsələlərlə bağlı sosial
şəbəkələrdə monitorinq aparmağı sevirəm.
Sosial şəbəkədə bir verilişdə iki
müğənninin davasını paylaşırlar. Həmin
günlər ərzində Azərbaycanda çox ciddi qanun qəbul
olunur, Qarabağla bağlı danışıqlar gedir,
çox ciddi hadisələr baş verir, bunların heç
biri müzakirə mövzusu olmur, amma günlərlə iki
müğənninin davasının müzakirəsi gedir. Bu o
deməkdir ki, özümüzü aldatmayaq, Azərbaycan
tamaşaçısı məhz buna baxır. Bizim media olaraq
funksiyalarımızdan biri əyləndirmək, biri məlumatlandırmaq,
biri də maarifləndirməkdir. İndi arqument gətirəcəklər
ki, iki müğənninin davasını verməsinlər,
baxmayaq. Axı, Azərbaycan televiziyasının heç biri
yalnız iki müğənninin davasını vermir. Bu, bir
verilişdir, iki verilişdir. Bu kanallar iyirimi dörd saat
veriliş yayımlayır və orta səviyyədə, lap
aşağı səviyyədə olsa belə, bir ictimai
veriliş, bir sosial veriliş verirlər. Oxuyan, yazan
adamların həmin verilişlərə baxıb onları tənqid
etmələrini, ekspert rəylərini müzakirəyə
çıxarmalarını görmürük.
–
Vaxtın tapılmayan vaxtında söhbət yaman
qızışır. İstəyirəm deyəm ki, bu hələ
də mübahisəli məsələdir, günahkar tamaşaçıdırmı,
televiziya kanallarıdırmı? Axı, bircə dövlət
kanalına möhtac olduğumuz zamanlarda hamı otururdu
baxırdı, dinləyirdi, həm də eşidirdi. Beş dəqiqə
bir yerdə dayanmayan uşaqlar uzun-uzadı muğam dinləyirdi.
Uşaq demişkən, tamaşaçı da elə uşaq
kimidir, axı, onların hər istədiyini eləmək
olmaz. Bunu o vaxt bilirdilər. Məncə, indi də bilirlər...
– Cəmiyyət
bunu niyə istəyir? Bu çox ciddi sosial
araşdırmanın, bəlkə də, bir elmi işin
mövzusudur. İndiki cəmiyyət də o cəmiyyət
deyil, axı. Bəli, bunu Azərbaycan mediası, Azərbaycan
televiziyaları formalaşdırdı. İndi əlimizdə
18-25 yaşında olan kütlə ki var – mənim hədəfim
onlar olub, çünki sabah onlar cəmiyyətin idarə
olunmasında xüsusi yer tutacaqlar – artıq bu cür
formalaşıb: feysbuk uşaqları, tvitter nəsli, sosial
şəbəkə nəsli. Bəlkə
tamaşaçımızın bir hissəsi peşəkarlaşdı,
amma televiziyalarımız, mediamız uyğunlaşa bilmədi
və tirajımızı itirdik. Bunun son dərəcə
müxtəlif səbəbləri var. Burada müxtəlif
xarici dövlətlərin apardığı işlərdən
tutmuş medianın daxilində gedən proseslərə qədər
çox işlər var. Ola bilsin, bir milli reytinq şirkəti
yaransın. Mən özümüzü aldatmağın tərəfdarı
deyiləm. Sosial şəbəkələrdə
paylaşılan verilişləri misal gətirdim. Bu ki reytinq məsələsi
deyil. Bunun çox ciddi əsasları təhsillə, ailə
institutu, dost çevrəsi, eyni zamanda, gənclərlə
aparılan işlə bağlıdır. Və bu gün desək
ki, sabahdan bütün televiziyalarda çox ciddi verilişlər
veriləcək, çox ciddi konseptlə
çıxış edəcək və bayağı məsələlər
olmayacaq, bu, yanlış yanaşmadır. Bunlar çox ciddi
zaman alan, təhsildən tutmuş gənclər siyasətinə,
informasiya siyasətinə qədər bütövlükdə
konsepsiya halında həll olunmalı məsələlərdir.
Bütün hallarda cəmiyyət bu stereotiplərdən
çıxmalıdır. Bütün dünyada şou biznes
və kriminal xəbərlər öndə gedir. Amma bu,
oxucuların, tamaşaçıların alt şüuruna təsir
səviyyəsində olmamalıdır. Amma bu, bizdə bu alt
şüura təsir göstərəcək səviyyədədir.
Artıq
qalxmalı idik. Razılaşdığımız kimi,
söhbətin davamını maşında, sonra getdiyimiz tədbirdə
bir köşəyə çəkilib etməliydik. Sonra da
düz Xəzərin sahilinə. Vüsalə xanımın
maraqla tələm-tələsik hazırlanma prosesinə
baxa-baxa qapıdan çıxıb qaçmağa hazır
dayanmışdım. Ona baxıb həm də klassik şairlərin
uyğun şeirlərini yadıma salmaq istəyirəm. Amma
onun nə sürməsi vardı, nə ənlik-kirşanı,
di gəl, bu vaxtsızlıqda, qaçhaqovda saçları səliqə
ilə daranmışdı. Əynində də qəşəng
donu. Bu qədər işim olmasa da, bir az tələsiyə
düşəndə təsadüfən bir maşının
şüşəsində özümü görəndə,
“ilahi, bu tökülüb itən pırpızbaş kimdi?”
deyib səksənirəm . Bəs,
o necə çatdırır görən? :)
–
Çox az makiyaj edirəm. Sevmirəm makiyajı. Bunun bir səbəbi
odur ki, hər gün makiyaj edəndə səni hər gün
eyni formada görürlər, bir tədbirə gedəndə
bir dəyişik görünüşün olmur. Başqa bir
səbəbi də odur ki, uzun müddət makiyajda qala bilmirəm.
Əvvəl makiyaj elə, sonra da onu sil – mən bu prosesi sevmirəm.
Salonda vaxt keçirməyi xoşlamıram. Amma nə iş
görür-görsün, qadın baxımlı və səliqəli
olmalıdır. Məndə yeganə kompleks yaradan
saçımın formada olmasıdır.
Nağıl
dili yüyrək olar, onda görürəm ki,
maşındayıq. Sevimli (fotoqraf xanım əfəndi) Firəngiz
qabaqda, sürücünün yanında oturub Vüsalə
xanımın bu cür qaçhaqovla yaşadığına
“şokdayam” ehmalını edərək bizi çəkmək
istəyir. Gülüşürük. Və bu kişi zəhmətkeşliyi,
kişi yorulmazlığı, möhkəmliyi ilə çox
sərt görünən xanım əfəndi, təpədən-dırnağa,
gülüşü, yerişi, danışığı, rəftarı
ilə özü boyda bir qadındır, anadır. Onun bu
arxayınlığının arxasında yəqin ki, bir
qoruyan, qayğısına qalan və qoruduğu,
qayğısına qaldığı kimsə var.
–
İnternetdə tanış olmuşuq Ediplə. İyirmi
altı yaş mənim idi, otuz iki yaş onun. Hər ikimizin
yaşımızın elə çağı idi ki, artıq
məntiqlə qərar verə bilərdik. Mən
düşünürəm ki, iki insanın bir-biri ilə
münasibəti o zaman uğurlu alınır ki, onların ailələri
bir-birinə yaxın olur. Söhbət qohumluqdan getmir,
düşüncə etibarı ilə yaxınlıqdan gedir.
Biz də bir-birimizin ailələrinə qonaq getdik, ailələrimiz
gördü ki, biz bir-birimizə uyğunuq;
böyük-kiçik subardinasiyaları, hadisələrə
münasibət və s. Onunla mənə çox rahatdır.
Mənim prinsipim ondan ibarətdir ki, insanlar bir-biri
üçün rahat olmalıdır. Yeni evlənən
xanım əməkdaşlar hərdən aşırı
qısqanclıq edəndə deyirəm, qan olmayıb ki, səni
alıb, qoy adam həyatını yaşasın da. Eyni şey
kişilərə də aiddir. Birimiz od olanda, birimiz su ola
bilirdik. Qərarı verməyimə də həmin faktor
çox önəmli rol oynadı.
Bu da çox maraqlı faktdı. Heç də kiçik olmayan ölkə, öz sahəsində kifayət qədər fəal xanım, ətrafda eyni peşə və bu peşəyə yaxın sahələrdə çalışan əks cinsin nümayəndələri, bir az uzaq Türkiyə və internet tanışlığı. Fikrim, bayaqdan tez-tez yemək yeyən adamlar kimi cavablarımı tələsik cavablandıran müsahibimi duruxdurur. Düşünür.
– Hə...
Mən bir az qismətə inanan adamam. Ətrafımdan bu
cür təkliflər alırdım daim. Münasibətimiz təxminən
bir il çəkdi. Hər ikimiz gəldik Ankaraya. O məni evlərinə
dəvət etdi və mən ailəmizdən icazə alıb
getdim evlərinə. O məni ailəsi ilə tanış elədi.
Bir neçə gün evlərində qonaq qaldım. Sonra
atası, anası ilə bizə gəldi...
– Virtualda
aldığınız enerjini həyatda
tapmayacağınızdan qorxmurdunuz ki? Yəni bu ehtimal var, həm
də bir xeyli...
– Bir dəfə
onunla yazışanda dalaşdıq. Mövzu Azərbaycan-Türkiyə
münasibətləri idi. Ondan telefon nömrəsini istədim,
o da yazdı. Zəng edəndə gördüm səsi
görünüşündən daha cazibədardır. Mən
ilk aldığım o təəsüratdan qorxurdum deyə
görüşü altı ay uzatdım. Amma görüşəndə
gördüm yox, mən nə qədər
emosional idimsə, o da bir o qədər səbrli idi. Adamlarla
dava etməyi sevmir. Məsələlərə çox
aydın baxır. Məsələn, uşaqla
davranışında həddindən artıq
tolerantlığına səbrsizlənirdim. Sonra gördüm
yox, bu elə mənim adamımdır və bu adam məni yola
verəcək.
Rəhbər
xanım bir xeyli işçisi olan iş yerindən evə gedəndə
hökmlə danışar yəqin evdə. Amma hərçənd
Vüsalə xanımı həyatda ilk dəfə görsəm
də, bu bizim ilk söhbətimiz olsa da, bu haqda sualı ona elə
sual xatirinə verdim. Çünki o heç evdə hökm
edənə oxşamırdı. Əksinə, ailədəki
qadın qayğısını, qadın
mehribanlığını, qadın istiliyini,
anlayışını, güzəştə getmələrini
göstərənə daha çox oxşayırdı. Bu hər
halda mənim təəssüratım idi əlbəttə ki.
– Necə
olmuşdusa, bir dəfə Edip deyəndə qızım Sara
eşitmişdi, hərdən onu bərk danlayanda deyir ki, mama,
mən sənin işçin deyiləm. Mən
düşünürəm ki, evin kandarından içəri
girdinsə, artıq rəhbərlik bitir. Edip ailənin
başındadır, övladımın atasıdır. Müəyyən
məsələlər var ki, onunla
razılaşdırılmalıdır və belə də
olur. Elə məsələlər də var ki, mənim
hansı işdə işləməyim, hansı mövqedə
olmağım qətiyyən onun problemi deyil. Onun yeməyi
vaxtında olmalıdır, paltarı da səliqədə. Bir
tədbirə gedəndə, onunla bağlıdırsa,
yanında olmalıyam. Vaxtaşırı onun ailəsini ziyarətə
getməliyəm. Onlar bura gəlirsə, mütləq və
mütləq vaxt ayırıb qaynatama və qaynanama diqqət,
qayğı göstərməliyəm. Hesab edirəm ki, mənim
işimin bu məsələlərə heç bir
aidiyyatı yoxdur. Gün ərzində müxtəlif
pozisiyalarda oluruq. Onlardan biri də həyat yoldaşı olmaq
pozisiyasıdır.
Mənə
elə gəlir ki, Vüsalə xanımın uğur
açarının biri də elə ömür-gün
yoldaşının əlindədir. Çünki uğur
qazanmış qadının əri möhkəm biri
olmalıdır. Dəstək olmaq həm də mane olmamaq deməkdir,
sözün hər mənasında qısqanmamaq deməkdir.
– Otuz iki
il bir yerdə yaşayasan, orda doğulasan, böyüyəsən,
ailən orda, tələbə yoldaşların orda və sən
birdən hər şeyi atırsan və tamamilə yeni bir həyata
başlayırsan. Bu çox çətindir. Bütün
bunları qoyub gəlmiş adam kimin uğruna gəldiyini
bilir.
Başımla
təsdiqləyirəm. Hər halda bu asan qərar deyil. Əlbəttə,
gəlməyə də bilərdi...
– Biz
danışanda demişdim ki, mənim işim budur. Bizim
münasibətlər rəsmiləşəcəksə,
heç zaman burdan getmək fikrim yoxdur. Dedi, mən
özüm gələrəm. Bu çox ciddi addımdır.
Və bunu hər kişi eləməz. Məsələn, mən
eləməzdim, eləmədim də. Biri var ki, sənin buna
ehtiyacın olur, hansısa iş dalınca gedəsən. Onun
bir klinikada çox gözəl işi var idi, çox zəngin
çevrəsi, çox imkanlı, bir-birinə çox isti
münasibətləri olan ailəsi var. Hətta anası bir
neçə il alışa bilmirdi buna, ağlayırdı,
gündə bir neçə dəfə zəng edib məndən
oğlunun nə yediyini soruşurdu. Yəni bu qədər
şeyi qoyub gəlmək mənim boynumda çox böyük
yükdür. O adamı incidə bilmərəm. Xoşbəxtəm
və bu, işdəki uğuruma çox ciddi təsir edir.
Birdən
fikir verirəm ki, axı, müsahibimin
danışığında az da olsa, qardaş ölkənin
ləhcəsini, sözlərini eşitmədim. Bizdə adətdir,
axı...
–
Yoldaşım da Türkiyə türkcəsinin
qorunmasının tərəfdarıdır. Azərbaycanca
danışıram, o başa düşür.
– Yəni
hərə öz “dilində” danışır?(
gülüşürük).
–
Qızım mənə “mama” deyir, bu mənim məğlubiyyətimdir
əlbəttə, amma atasına “ata” demir, “baba” deyir. Türklərdə
dilə sadiqlik bizdəkindən daha çoxdur. Mən nə qədər
çalışsam da, o burda azərbaycanca
danışsın, alınmır və buna ehtiyac
görmür, deyir, onsuz da danışanda onu başa
düşürlər. Eyni zamanda, mən də göstərirəm
ki, bizim də dilimiz var və daha zəngindir (gülür).
Feyziyyə
525-ci qəzet.-
2014.- 15 noyabr.- S.22-23.