Mən hələ 40-cı qapını belə yaxından görməmişdim...

 

 

 

Azərbaycan Tərcümə Mərkəzinin təzə nəşrə başlayan “Aydın yol” qəzetində akademik, görkəmli tənqidçi-ədəbiyyatşunas Nizami Cəfərovla geniş bir müsahibə də yer alıb. Müsahibədə “Nizami Cəfərov bir tənqidçi kimi müasir ədəbi prosesi izləyirmi?” sualı belə cavablandırılıb: “Bizdə ədəbiyyatın səviyyəsi var, axtarışlar gedir. Amma maraqlıdır ki, bu gün yenə ciddi, böyük və ağıllı əsərləri ədəbiyyata XXI əsrin əvvəllərində gələnlər yox, 60-70-80-ci illərdə gələnlər yaradırlar”. Bu, kifayət qədər əsaslandırılmış düzgün fikrə bircə onu əlavə etmək qalır ki, həmin ciddi ədəbiyyatın ən görkəmli nümayələrindən biri də yazıçı Qərib Mehdidir.

 

O Qərib Mehdi ki, “Uzun yol boyu” adlı çox gözəl və məzmunlu novestlərlə, hekayə,esselərlə dolu, eləcə də onun haqda məqalələr, şeirlərdən və öz şeirlərindən, onunla aparılmış müsahibələrindən və s.ibarət 40-cı kitabıyla bir daha oxucularının görüşünə gəlib. O Qərib Mehdi ki, Əməkdar jurnalistdir, yazıçı kimi prezident mükafatına layiq görülüb, BMT-nin “Şərəf və vicdan” ordeninə, Türk dünyası Araşdırmaları Uluslararası Akademiyasının “Altun Ulduz” medalı ilə təltif olunub, həmin Akademiyanın fəxri doktoru seçilib.

Yazıçı yeni kitabına yazdığı çox lakonik və mənalı giriş sözündə təvazökarlıqla qeyd edir ki, folklorda 40-cı qapı 40-cı otaq müəmmalar, sirlər məskəni sayılır. Qəhrəman 39 qapını açır, 39 otağın içini ələk-vələk edir, bir şey tapa bilmir. Ali məqsədlərinə səcdə edilən nədirsə-işıq, sevgi və həqiqət-ancaq 40-cı otaqda aşkarlanır.

 

...40-cı kitabımla sənətin 40-cı otağın qapısını açdım. Hər otağın həqiqətini deyə bildinmi? Cavabını verin, kitablarım!”

 

40 kitab yəqin ki, bir səslə belə deyərdi:

 

– Əlbəttə ki, hər otağın öz həqiqətini deyə bildin ey bizi yazan, yaradan sənətkar! Əgər deyə bilməsəydin

 

40 qapını aça bilərdinmi?!

 

40-cı qapını aça bilərdinmi?!

 

40 qapını və 40-cı qapını açmağınsa sirri sən demə, elə-belə yox, Günəbaxana oxşayan bir qələmin olmasındaymış!

 

“Bütün bitkilərin (o cümlədən başqa canlıların) anası Günəşdir. Onlar analarından süd əvəzinə İşıq əmib Günəşə oxşamaq istəyirlər. Ancaq hərəsinin bir adı var.Onlardan yalnız birinə Günəşə oxşadığına görə Günəbaxan deyirlər.Yazıçının qələmi də bir başqa Günəbaxandır.

 

Həqiqət Günəşi hara fırlanırsa,əsl yazıçının qələmi də həqiqəti demək üçün o səmtə boylanır!

 

...Çoxdur Günəbaxan qələmli söz adamlarımız. Mənim də Günəbaxanım-həqiqətsevər qələmim onların arasında olsaydı,özümü necə də xoşbəxt hiss edərdim”.

 

Göründüyü kimi, Qərib Mehdi qələmi Günəbaxana oxşadır.

 

Və Qərib Mehdi özünü xoşbəxt hiss edə bilər.

 

Çünki o, bu gün həm Azərbaycanda, həm Türk Dünyasında, həm də dünyada (18 dilə tərcümə olunmuş əsərləriylə, aldığı ödüllərlə və mükafatlarla) ən öndə gedən görkəmli bir yazıçıdır, qələm və söz adamıdır.

 

Gəncliyində yazdığı məşhur bir hekayədə anasının “Qərib, hey!” deyə çağırdığı oğlanı indi oxucuları “Dədə Qərib” deyə öyürlər, sevirlər, ona yüzlərlə şeirlər həsr edirlər.”Qərib Mehdi zirvəsi” silsiləsindən məqalələr yazırlar, “Qızıl Medal” ödülü qızıl söz yaradan Qərib Mehdiyə çox-çox layiqdir” deyirlər. Yetirmələrindən biri Gülafət xanımın dediyi kimi bu “hər yazıçıya qismət olmur”.

 

Maraqlıdır ki, Qərib Mehdinin layiq görüldüyü “Altun Yıldız Medalı”yla Türkiyədə, Belçikada, Almaniya, Rumıniyada,Suriyada, İraqda, Bolqarıstanda, Kosovada, Qırğızıstanda, Rusiyada, İranda,  Ukraynada, Qazaxıstanda yaşayıb-yaradan ədəbiyyat və mədəniyyət adamlarıyla yanaşı Azərbaycanda Bəxtiyar Vahabzadə, Anar, Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu, İbrahim İbrahimov, Məmməd Məmmədov təltif olunmuşdur.

 

Gəncəli  şair dostum Aydın Murovdağlı bu böyük hadisəni yazdığı öyünc və qürur dolu bir məqaləsində ”Ulduzların ödül marşı” adlandırıb.

 

İstedadlı şairə bacım Gülayə xanım da Qərib Mehdiyə həsr etdiyi “Gül əvəzinə söz” məqaləsində haqlı olaraq çox düzgün bir qənaətə gəlib, Amerika ədəbiyyatşünası Alfred Ortisin “ Poeziya haqqında elm” əsərində həmyerlisi Mistral haqda dediyi qiymətli sözləri Qərib Mehdiyə də şamil edib.”Onun kimi söz ustalarının sənətə gəlişi əsrin hadisəsidir, çünki əsərlərində əbədiyyətin izləri var...”

 

Sənətə gəliş məsələsindən söz düşmüşkən, bir misal da mən çəkmək istəyirəm.

 

Fransız yazıçısı Mopassan ədəbiyyata qədəm basan kimi məşhurlaşdı. Bunun sirrini dərhal axtarıb tapdılar.Sirr nədəymiş? Sən demə, Mopassan özüylə birgə ədəbiyyata fransız ürəyi gətiribmiş!

 

Qərib Mehdinin də belə bir taleyi, belə bir ürəyi var. O da ədəbiyyata gələn gündən məhşurlaşmışdı.Amma bir fərqlə! O, ədəbiyyata türk ürəyi gətirmişdi!

 

Və o, həmin ürəklə yazıçılığın nə olduğunu oxuculara xatırladan yazıçıdır.O, yazıçılığı ölməyə qoymayan yazıçıdır.

 

Çünki özü dediyi kimi, “ atası-Göy ildırım, anası Yer ocaqdır! Qibləsi Azərbaycan, allahı Haqqdır!”

 

Qərib Mehdi sənət ordusunun komandiri, onun ən böyük, xeyirxah tələbərindən biri, tanınmış şair Elçin İskəndərzadənin   bir fikrinə şərik olmamaq mümkün deyil:

 

“Tanrıma böyük Şükran hissilə bildirirəm ki, hər bir yaradıcı adam kimi mənim də ömür yolumu həmişə ehtiramla andığım çox dəyərli müəllimlərim nurlandırıblar. Ömrün bu çağında ötənləri saf-çürük etdikdə o işıq selinin ən parlaq ulduzunun məhz Qərib Mehdi olması qənaətindəyəm.

 

“Qərib, hey!” biz şagirdlərin hər birinin bitirdikləri ən ali Universitet və Akademiyadır!”

 

Bu qiymətli ürək sözlərinə Xalq şairi Nəriman Həsənzadənin “Siz öz mürüdlərinizi yetişdirmiş sənət fədaisisiniz” fikrini əlavə etdikdən sonra özümə borc bildim ki, Türkiyənin “Yüzüncü il Universteti”nin ədəbiyyat fakultəsinin doktoru Saleh Mərcanın və Tuncay Ögünün Qərib Mehdinin ədəbiyyatdakı yerini çox düzgün əks etdirən mülahizələrini də əlavə etdim: “Qərib Mehdinin əsərləri bütövlükdə türk dünyasının malı olmalıdır. Çünki artıq onun yaradıcılığı dünyada tanınmışdır. Qərib Mehdi dedikdə türk dünyasının qabaqcıl yazıçıları ilə bir sırada duran yazıçımız göz önünə gəlir”.

 

Daha maraqlı və ən önəmli bir fakt! Sən demə, Qərib Mehdini “başa” salıblar ki, sən Bakıya getsən yaxşıdır.

Nəşriyyatlar, radio və televiziyaların geniş imkanları ordadır. Tale elə gətirb ki, hətta Bakıya getmək üçün qatara bilet də alıbmış. Ancaq özü etiraf etdiyi kimi Allahın nəzəri üstündə olduğu üçün fikrindən vağzaldaca daşınıb,Gəncədə qalıb.

 

“525-ci qəzet”də mərhum Tofiq Abdinə verdiyi müsahibədə bu məsələyə Qərib Mehdi belə aydınlıq gətirib:

– İsmayıllıda Musa Yaqub, Gəncədə Qərib Mehdi – mən (siyahını uzatmaq da olar) əyalətdə qaldıq ki,  ədəbi coğrafiyamızın əhatəliliyinə mümkün xidməti göstərə bilək.

 

Yazıçının  bu fikrinə tənqidçi Rəhim Əliyevin dedikləri daha yaxşı güzgü tutur:

 

“Sizdən xahiş edirəm, qəzeti uşaqlara tapşırıb, var qüvvənizlə işləyin, hər saatınızın qədrini bilin, Cəsarətlə Gəncənin iç dünyasını açıb tökün!!! Bunu siz etməsəniz, bəlkə 100 ildə heç kəsə nəsib olmayacaq”.

 

Tənqidçinin arzuları çin çıxdı.

 

Qərib Mehdi o dediyini etdi. Allahın lütfüylə ondan gözlənilən işi görmək ona nəsib oldu. ”Mən təltiflərin uğrunda yox, yazıların uğrunda çalışan yazıçılardanam” – deyə bildi. Uzun illər rəhbərlik etdiyi ”Yüksəliş” qəzetinin cəsarətli baş redaktoru kimi “XXI əsrin ziyalısı”da seçildi.

 

Bir sözlə, Qərib Mehdi ədəbi aləmdə uzun yol keçdi. Çox-çox çətinliklərlə, maneələrlə, məmur diqqətsizliyi ilə üzləşdi. Sınmadı. Yoluna davam etdi.

 

Milli ədəbiyyatımızı irəli aparanlardan biri kimi anladı və anlatdı ki, “Zəlzələ-Kəpəz dağa pislik eyləyib onu parçaladı, əvəzində füsunkar Göy göl yaratdı”.

 

...Etiraf etməliyəm ki, mən də bu “Göy Göl”ü, 40-cı qapını belə yaxından görməmişdim.

 

Mən də başqalarıtək 40-cı qapını əfsanə sayırdım. Sanırdım ki, nağıllarda olur belə qapılar. Və nağıllarda da qalıb...

 

Lakin böyük sənətkarın 40-cı kitabı nəşr olunmaqla üzümüzə (və öz üzünə!) az qala bütün 40-cı qapıları açdı.

 

Və mənə elə gəlir ki, Qəribin adı gələndə Söz yumşalır, Söz adama yaxınlıq verir, yaxın gəlir, Söz Adamın olur, Adam Sözün! Və Adam Qəribdən yazmaq və yenə də yazmaq istəyir!

 

Hətta demək istəyir, deməyi özünə borc bilir:

 

– Qərib Mehdi Nizamidən sonra Gəncənin söz paytaxtı statusunu özünə qaytardı!

 

...Bir gün xəbər çıxır ki, Məmməd Araza “Həsən Əliyev” mükafatı verilib. Bunu eşidən Mikayıl Mirzə belə deyir: “Bəzi şairlər “Məmməd Araz vardır” deyə biz ölməliyikmi?” deyə deyinirmiş”.

 

Deyinməksə istedadsızların, gözü darların, paxılların, cılızların köhnə adətidir.

 

Məmməd Araz deyərmiş: ”Deyirlər ki, böyük istedad verilibsə, böyük təhlükələrdən özünü qoru. Qəfil badalaqlar hələ pusqudadır. Cılızların pusqusunda dayanan olmur, amma cılızlar pusquda dayanırlar”.

 

Hər yerdə!Yerdə də, Göydə də!

 

Allah iraq eləsin,40-cı qapının ağzında da!

 

Ömrün 80-ninə doğru üz tutub gedən Qərib Mehdi 40-cı qapıda “Uzun yol boyu”ndadır.  Və mən deyərdim ki, bu kitabdakı eyni adlı povest məni heyrətə saldı. Hesab edirəm ki, bu əsərdən gözəl bir bədii film də alınar. Oxuduqca istər-istəməz deyirsən ki, bax, budur yazıçı sözü, yazıçı sözünün qüdrəti! Yeni kitabdakı “Axırıncı tel” povesti, 2 hekayə,2 esse böyük sənətkarın son dövr yaradıcılıq nailiyyətləridir. “Ölmə” essesi saz haqda mifdir. Bu kitabdakı əsərlər bir daha göstərir ki, Qərib Mehdinin qoşa qanadları var. Bir qanadı işıq selidir, bir qanadı saz telidir bu fəlsəfi yüklü, əsərlərin. Hələlik “Xalq yazıçısı” titulunu öz azman sənət nümunələriylə, oxucu və xalq məhəbbətiylə qazanan bu nəhəng qələm sahibi “Uzun yol boyu” povestiylə “Quş dilli” sənət nümunəsi yaratmağa qadir olduğunu göstərib. “Quş dilli” əsər yaratmaqsa sənətkardan dərin köklərlə klassik Azərbaycan və dünya ədəbiyyatı nümunələrinə dərin bağlılıq və bələdlik tələb edir. Bir də görürsən ki, deyirlər, filan yazıçı deyəsən nəsə yazır. Qərib Mehdi nəsə yazmır, Qərib Mehdi əsər yazır!

 

Romanlar, povestlər, hekayələr, şeirlər, esselər yazanda da,məqalələr, xatirələr, resenziyalar yazanda da!

 

 “Quş dilli” nasirimizə, “Uzun yol boyu” uzun yolla qol-boyun olan dəyərli yazıçımıza demək istəyirəm:

 

Əziz Qərib Mehdi!

 

Sən getdiyin yolla biz də qol-boyunuq!

 

Sən getdiyin yolun uzunluğu xalqa, millətə, Vətənə olan məhəbbət yolunun uzunluğu qədərdir!

 

Sən getdiyin yolun uzunluğu milli və bəşəri əxlaqın uzunluğu qədərdir!

 

Sən getdiyin yolun uzunluğu əziz qələm dostumuz və bütün Türk dünyasının xehirxahı şair Elçin İsgəndərzadənin çoxlarına və sənə etdiyi yaxşılıqlara ehtiram hissinin uzunluğu qədərdir. Elçin İsgəndərzadə son illərdə öz müəllimi kimi sənin 12 kitabını təmannasız olaraq çap edib. Və bu xeyirxahlıq missiyyası davam etməkdədir. Bu missiyyaya mən də sənə hədiyyə  etdiyim bir şeirlə qoşulmaq qərarına gəldim:

 

İnanıram,olub bir vaxt,

Öncədə yaşayan Qərib!

Səncə də yaşayan Qərib,

Məncə də yaşayan Qərib!

  

Bir gör nə gözəl dil açıb,

Bir gör nə gözəl yol açıb:

Bir gör nə gözəl gül açıb,

Qönçədə yaşayan Qərib!

  

Quş quşlayır, ov eyləyir,

Dostlarıyla kef eyləyir.

Gözəllərə toy eyləyir,

Xonçada yaşayan Qərib!

  

Qeybət etmə, qeybət ummur,

Minnət  etmə, minnət ummur.

Qiyməti var, qiymət ummur,

Xəmsədə yaşayan Qərib!

  

Onun üçün vaxt ayrıdır,

Vaxt ayrı gün, vaxt ayrı nur!

Qocaya da vaxt ayırır,

Gəncə də... yaşayan Qərib!

  

Bu Qərib əcəb Qəribdir,

İlham Qərib, təb Qəribdir.

Bir təzə məktəb Qəribdir,

Necə də... yaşayan Qərib!

  

Bənzəri torpaq, daşadır,

Torpaq eşqiylə qoşadır.

Sanki dünyanı yaşadır,

Gəncədə yaşayan Qərib!

 

 

Barat VÜSAL

525-ci qəzet.- 2014.- 15 noyabr.- S.18