Elçin İsgəndərzadənin Türkiyədə çıxan kitablarının təqdimatı olub

 

 

Ötən gün Azərbaycanda Atatürk Mərkəzində professor, şair Elçin İsgəndərzadənin 50 illik yubileyi münasibətilə Türkiyədə nəşr edilmiş kitablarının təqdimat mərasimi keçirilib.

 

Tədbiri yubilyar özü açıb, mərasimdə iştirak edən hər kəsi salamlayıb və çıxışını yumorlu notlara kökləyib: “Bu tədbiri kutsal məkan hesab elədiyim Atatürk Mərkəzinin rəhbəri, millət vəkili  Nizami Cəfərov aparmalı idi. Lakin dəyərli professorumuzun son məqamda işi çıxdığı üçün iştirakı mümkün olmadı və o, ərklə “mən aparıcılıq səlahiyyətimi sənə verirəm” dedi. Mən də bu ərkə sığınaraq bu tədbiri özüm aparmağa razılıq verdim. Tale elə gətirib ki, mənə indiyədək bir çox ilklərə imza atmaq nəsib olub. Bu da bir ilk olsun ki, təqdimat mərasimini müəllif özü aparır”.

 

E.İsgəndərzadə indiyədək 50 illik yubileyi münasibətilə həm özünün, həm də bir çox tanınmış müəlliflərin 25-ə yaxın kitabının yayımlandığını və ilin sonunacan yayımlanacağını bildirib.

 

Müəllif bugünlərdə Türkiyədə yubileyi münasibətilə daha iki kitabının türkcə nəşr olunduğunu bildirib və kitablar haqqında məlumat verib: “Bu gün burada mərhum dostumuz, dəyərli şair, rəssam Adil Mirseyidin türkcəyə tərcümə olunmuş, haqqımda qələmə aldığı “Hardan baxsan görünən adam” və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının Ankara bürosunun rəhbəri Hayrettin İvginin redaktorluğu ilə nəşr olunan “Mavi Mərmərə” şeirlər kitabım təqdim edilir. Haqqımda yazılan hər bir kitab kimi bu nəşrlər də mənə olduqca əzizdir və mənim üçün dəyəri yüksəkdir”.

 

Yubilyarın çıxışından sonra Çağla Çankayanın hazırladığı, E.İsgəndərzadənin həyat və yaradıcılığını əks etdirən videosüjet nümayiş etdirilib.

 

Təqdimat mərasimində Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhməd Arslan, millət vəkili, şair Musa Urud, Xalq rəssamı Əşrəf Heybətov, professor Nizaməddin Şəmsizadə, yazıçı Firuz Mustafa, şairlər Qəşəm Nəcəfzadə, Əlisəmid Kür, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli çıxışında yubilyarın həm elm, həm ədəbiyyat sahəsindəki uğurlarından bəhs ediblər: “Elçin İsgəndərzadə dünyanın bir çox nüfuzlu akademiyalarının həqiqi üzvüdür.  Yubilyar 200-dən çox elmi əsərin, 47 ixtiranın, 14 monoqrafiya və dərs vəsaitinin, 85 bədii kitabın müəllifidir. Kitabları dünyanın 20-dən çox ölkəsində yerli xalqların dillərinə tərcümə olunaraq nəşr edilib. Avrasiyanın bir sıra ölkələrinin yaradıcı birliklərinin üzvüdür”.

 

Təqdim olunan “Mavi Mərmərə” kitabına Hayrettin İvgin “Elçin İsgəndərzadənin dünya mədəniyyətində yeri” adlı önsöz yazıb: “Elçin İsgəndərzadə yarım əsrlik ömrünə ancaq əsrlər ərzində görülə biləcək xidmətləri sığışdırmağı bacarıb. Elçin bəyin bundan sonra da necə böyük xidmətlərə imza atacağını bilirəm. Dünyada Elçin İsgəndərzadə kimi elm və sənət adamları nə qədər çox olarsa, bəşəriyyət sülhə, rifaha və əmin-amanlığa o qədər tez yetişər”.

 

“Hardan baxsan görünən adam” kitabına professor Nizami Cəfərov yazdığı önsözdə isə E.İsgəndərzadənin maraqlı portret cizgiləri yer alıb.

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2014.- 15 noyabr.- S.17.