“Ermənistan qoşunları işğal
olunmuş ərazilərdən
çıxarılmalıdır”
“AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜN POZULDUĞUNU TƏSDİQLƏYİRIK”
Müsahibimiz
İsveçin Krallığının Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli
səfiri Mikael Erikssondur.
– Cənab
səfir Azərbaycanda
çalışdığınız müddətdə əsas
prioritetləriniz nədən ibarət olacaq?
–
Bakıda səfirliyin açılması qərarı verilərkən
qarşıya iki prioritet məsələ qoyulmuşdu.
Birincisi, İsveçlə Azərbaycan arasında
bütün sahələrdə əlaqələrin genişləndirilməsi,
xüsusilə də, ticarət, investisiya və kommersiya sahələrində.
İkinci mühüm prioritet isə qarşılıqlı
inam və etibar prinsipinə söykənən siyasi əlaqələrin
qurulması və bu sahədə əməkdaşlığın
genişləndirilməsi. Daha əhatəli desək, təhlükəsizlik
məsələsindən tutmuş, insan haqları, demokratiya
sahəsində dialoqa qədər bir çox sahələrdə
əməkdaşlıq nəzərdə tutulur.
–
İsveç və Azərbaycan arasında əməkdaşlığı
necə dəyərləndirirsiniz və sizin fikrinizcə, iki
ölkənin hansı sahələrdə daha çox əməkdaşlıq
imkanları mövcuddur?
– Hesab
edirəm ki, biz hələ tərəflər arasında
münasibətlərin genişləndirilməsinin ilkin mərhələsindəyik.
Xüsusilə, kommersiya sahəsində əlaqələr
inkişaf etməkdədir. Biz bilirik ki, hər iki tərəf
davamlı və bərpa olunan enerji sahəsində əməkdaşlıq
etməkdə maraqlıdır. Bundan başqa, İsveç
telekommunikasiya sahəsində Azərbaycanda böyük
üstünlüyə malikdir və biz bu sahədə də əməkdaşlığın
inkişaf etdirilməsi üçün perspektiv
görürük. Həmçinin, təhsil və kənd təsərrüfatı
sahəsində əməkdaşlıq etmək istərdik.
Ümumiyyətlə, qarşılıqlı marağın
olduğu istənilən sahədə əməkdaşlıq
edə bilərik.
–
İqtisadi əməkdaşlığın səviyyəsi
barədə nə deyə bilərsiniz, İsveç şirkətləri
Azərbaycana sərmayə yatırmaqda nə dərəcədə
maraqlıdırlar?
–
İsveç şirkətlərinin Azərbaycana olan
marağı günü-gündən artır. Onlar Azərbaycan
bazarlarına daxil olmaq və eyni zamanda bura sərmayə
qoymaqda maraqlıdırlar. Etiraf etməliyəm ki, iki ölkə
arasında ticarət dövriyyəsinin həcmi olduqca
aşağıdır. Bizim əsas məqsədimiz həmin
dövriyyənin həcmini artırmaqdır.
– Qeyd edilən
sahələrdə inkişafa nail olmaq üçün
hansısa yeni layihələr, proqramlar nəzərdə
tutulub?
– Bu
istiqamətdə atılan ilk addım məhz Bakıda səfirliyin
açılması olub. Eyni zamanda İsveçin Ticarət və
İnvestisiya Şurası olan “Business Sweden” tərəfindən
müvafiq layihə və proqramların hazırlanması
gözlənilir. Həmçinin qeyd etmək istəyirəm
ki, bu ilin iyun ayında İsveç ticarət nazirinin rəhbərliyi
altında geniş tərkibli biznes nümayəndə heyəti
Azərbaycana səfər edib. Səfər çərçivəsində
bir sıra yerli dövlət qurumları və özəl
şirkətlərlə görüşlər keçirilib.
– Cənab
səfir, bildiyiniz kimi
Dağlıq Qarabağ münaqişəsi 20 ildən
artıqdır ki, davam edir. Son üç ayda Azərbaycan və
Ermənistan prezidentləri arasında üç dəfə
görüş keçirilib. İsveçin münaqişə ilə
bağlı mövqeyi necədir və nizamlanma prosesinə hansı
dəstəyi verə bilər?
– Bəli,
doğru qeyd edirsiniz ki, bu münaqişə uzun müddətdir
davam edir və biz ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə
tərəflər arasında danışıqlar prosesini dəstəkləyirik.
Düşünürəm ki, Dağlıq Qarabağ
münaqişəsi yalnız sülh yolu ilə həll
olunmalıdır. Bu bizim əsas prioritetimizdir. İsveç
individual şəkildə Minsk qrupunun apardığı
danışıqlar prosesi çərçivəsində
sülh istiqamətdə istənilən əməkdaşlıqda
iştirak edə bilər. Təbii ki, bu məsələdə
Azərbaycan hökumətinin köməyinə də
ehtiyacımız var. Onlar bizə hansı sahələrdə
İsveçin yardım edə biləcəyini deyə və
ya istiqamət göstərə bilərlər. Məsələn,
hər iki ölkənin xalqları arasında
qarşılıqlı inam və etibar hisslərinin
formalaşdırılması, yaxud münaqişənin ən
acı nəticələrindən olan məcburi
köçkünlər məsələsində köməklik
göstərilməsi və s. Yəni Azərbaycan hökuməti
İsveçin hansı sahələrdə yardım edə
bilməsini müəyyənləşdirməkdə bizə kömək edə bilər.
– Rəsmi
Bakı dəfərlə bəyan edib ki, münaqişənin
həlli üçün ilk növbədə Ermənistan
silahlı qüvvələrini işğal olunmuş Azərbaycan
ərazilərindən çıxarılmalıdır. Eyni
zamanda Azərbaycan böyük sülh sazişi üzərində
işə başlamağa hazır olduğunu dəfələrlə
bildirib. Sizin bu məsələdə yanaşmanız necədir?
– Təbii
ki, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən
çıxarılması mübahisə mövzusu deyil. Biz
bununla razıyıq. Eyni zamanda hesab edirik ki, problemin həlli
daha çox iki ölkənin rəhbərlərindən
asılıdır. Biz inanırıq ki, onlar hansı qaydada
razılığa gəlməyi daha yaxşı bilirlər.
Ona görə də biz məsələyə müdaxilə
edib, tərəflərdən hər hansı birini narahat edə
bilmərik. Bir daha təkrar edirəm, Azərbaycanın ərazi
bütövlüyünün pozulduğunu təsdiqləyirik,
Ermənistan qoşunları işğal olunmuş ərazilərdən
çıxarılmalıdır.
– Beynəlxalq
birliyin, xüsusilə Avropa İttifaqının Ukrayna məsələsində
daha konkret mövqeyini və addımlarını
müşahidə etdik. Sizcə Qarabağ münaqişəsinə
yanaşmada eyni mövqeyin göstərilməməsinə səbəb
nədir?
–
Ümumiyyətlə, münaqişələri bir-biri ilə
müqayisə etmək olduqca çətindir. Yəni hər
bir münaqişənin özünün xarakterik cəhətləri
olur. Amma bir daha xatırlatmaq istəyirəm ki, Azərbaycanın
ərazi bütövlüyünün pozulduğu rəsmi
olaraq hər kəs tərəfindən bəyan edilib. Buna
başqa tərəfdən baxsaq, görərsiniz ki,
İsveç hökuməti bu günə kimi Dağlıq
Qarabağda qurulmuş “hökuməti” tanımayıb. Bu bir
daha onu sübut edir ki, İsveç hökuməti Azərbaycanın
ərazi bütövlüyünə hörmətlə
yanaşır.
– Azərbaycanın
Avropa İttifaqı ilə əməkdaşlığı
barədə nə deyə bilərsiniz və iki ölkənin
bu çərçivədə əlaqələrini necə
xarakterizə edərdiniz?
– Azərbaycanla
Avropa İttifaqı arasında əməkdaşlıq olduqca
genişdir və bu yalnız enerji sahəsində əməkdaşlıq
deyil. Əlaqələr geniş müstəvini əhatə
edir. Bura təhlükəsizlik, təhsil sahəsində əməkdaşlıq
daxildir. Bu yaxınlarda Azərbaycanla Avropa İttifaqı arasında
viza prosesinin sadələşdirilməsinə dair saziş də
qüvvəyə minib. Avropa İttifaqı Azərbaycanla
Şərq Tərəfdaşlığı proqramı
çərçivəsində də daha geniş miqyaslı
əməkdaşlıq edir. İsveçlə bu çərçivədə
əməkdaşlığa gəlincə, qeyd etmək istəyərdim
ki, bizim üçün ən böyük önəm
daşıyan məsələ Şərq Tərəfdaşlığı
proqramıdır. Biz bu proqram çərçivəsində
əməkdaşlıq edirik.
– Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin təminində
rolunu necə dəyərləndirirsiniz?
– Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin təminində rolu
Avropa tərəfindən başa düşülür. Cənub
Dəhlizi vasitəsilə Azərbaycan enerji
resurslarının Avropaya çatdırılmasına dair
saziş olduqca böyük önəm daşıyır.
Düşünürük ki, Avropanın enerji
qaynaqlarının çoxşaxəli olmasında Azərbaycan
olduqca mühüm rol oynaya bilər.
– Avropa
İttifaqı ilə asossiasiya danışıqları aparan
Ermənistan daha sonra Avrasiya İqtisadi İttifaqına üzv
oldu. Buna yanaşmanız necədir?
– Biz hər
zaman qeyd edirik ki, hər bir ölkənin seçim etmək, qərar
vermək hüququ var. Ermənistanın qarşısında
birdən artıq seçim imkanı var idi, lakin onlar yekunda məhz
Avrasiya İqtisadi İttifaqına qoşulmaq yolunu seçdilər.
Yenə də qeyd edirəm ki, biz bu ölkənin seçiminə,
qəraraına hörmətlə yanaşmalıyıq.
Ukraynanın seçimi də onların öz haqqı idi. Biz
Rusiyanın Ukraynanın qərarına, seçiminə
qarşı çıxmasından narahatıq. Bu Azərbaycana
da aiddir. Azərbaycan da hansı istiqamətə getməli
olduğunu və hansı dövlətlərlə əməkdaşlıq
etməli olduğunu seçmək hüququna malikdir və buz
buna hörmətlə yanaşmalıyıq.
–
İsveç rəsmi olaraq Fələstinin müstəqilliyini
tanıdı. Bu qərar qəbul edilərkən hansı
prinsiplər əsas götürüldü?
– Bu qərarın
qəbul olunmasının həm siyasi, həm də hüquqi
səbəbləri var. Siyasi aspektdən yanaşsaq, beynəlxalq
birlik iki dövlət prinsipini dəstəkləyir. Eyni
zamanda Avropa İttifaqı bəyan
edib ki, Fələstinin müstəqil dövlət kimi
tanınmasının vaxtı çatacaq. İsveç
hökuməti hesab etdi ki, həmin vaxt artıq yetişib.
İnanarıq ki, iki bərabər hüqüqlu dövlət
arasında əməkdaşlıq daha perspektivli olacaq. Eyni
zamanda məsələyə hüquqi aspektdən yanaşsaq,
qəbul etdiyimiz qərar beynəlxalq hüquq normalarına tam
cavab verir. İstər əhali, istər ərazi, istərsə
də dövlət yanaşması baxımdan verdiyimiz qərar
beynəlxalq hüququn hər hansı bir tələbinə
zidd deyil.
– Bu ilin
sonuna kimi Azərbaycan və İsveç arasında qarşılıqlı
səfərlər gözlənilirmi?
– Əminəm
ki, gələcəkdə tərəflər arasında daha
yüksək səviyyəli görüşlər, səfərlər
olacaq. Hazırda isə konkret hansı səfərlərin ola
biləcəyini deyə bilmərəm. Daha öncə qeyd
etdiyim kimi, bu ilin iyun ayında İsveç ticarət nazirinin
Bakıya səfəri olub. Biz Azərbaycan tərəfindən
də İsveçə ola biləcək rəsmi səfərləri
müsbət qiymətləndiririk.
– Mədəniyyət
və turizm sahəsində əməkdaşlıq barədə
nə deyə bilərsiniz?
– Turizm
önəmli bir sahədir. Xüsusilə isveçlilər səyahət
etməyi xoşlayır. Lakin onlar 5 ulduzlu otelləri,
böyük xərc tələb edən səfərləri
xoşlamırlar. Hesab edirəm ki, Azərbaycanda xarici turistlər üçün
az xərc tələb edən turizm sahəsinin inkişaf
etdirilməsi daha yaxşı olardı. Xüsusilə
isveçli turistlərin cəlb edilməsi məqsədilə.
Bakıda çox möhtəşəm beş ulduzlu otellər
tikilib, düşünmürəm ki, bu otellər tikilərkən
hədəf olaraq cəlb olunacaq turist qrupu kimi isveçlilər
nəzərdə tutulub. Mədəniyyət sahəsində əməkdaşlıq
da böyük önəm daşıyır. Mən indi bu sahədə
əməkdaşlığa dair konkret hansısa faktları
deyə bilməyəcəm,
amma əminəm ki, gələcəkdə mədəniyyətlərarası
mübadilə aparmaq imkanları olacaq və bu barədə
düşünməliyik.
Onu da qeyd edim ki, bu il artıq 3-cü ildir ki İsveç filmi Avropa Film Festivalı çərçivəsində Bakıda yerli tamaşaçılara nümayiş etdirilir. Noyabrın 8-də “Simon və palıd ağacı” filmi Park Cinema mərkəzində nümayiş olunub. Ümid edirik ki, tamaşaçılar bu filmi bəyənib.
PƏRVANƏ
525-ci qəzet.-
2014.- 15 noyabr.- S.15.