Ayı əhvalatı
(hekayə)
Vaxt var idi, kəndə çatanda kəndin səs-küyü,
mənzərəsi, sacda bişən çörəyin ətri,
qoyun-quzu axtaran insanların həyəcanlı səsləri,
təsərrüfata dolan qazların, hinduşkaların
quqqultuları istər-istəməz insanın fikrini
özünə cəlb edərdi. Kəndimizin camaatı
naşükür deyildi. Hərənin
öz təsərrüfatı özünə
çatırdı. Kolxozda da iş olurdu. Tanrıya
çox şükür! Bizim kəndimizdə
böyük-kiçik yeri həmişə gözlənilirdi.
Bir sözlə, hamı bir-birinə qohum-əqrəba
kimi müraciət edirdi. İnsan
düşünəndə həyatın, yaşamağın
mənasını səmimi həyat tərzində
görür. Biz bu kiçik hekayəyə başlayarkən
çalışdıq ki, söz yükümüz oxucunu
yormasın, az da olsa, ona mənəvi cəhətdən
nəsə versin.
İnsanların
çoxu doğulduğu eli, obanı
özünün müqəddəs ocağı hesab edir. Əgər bu belədirsə, o, heç vaxt yanılmır.
Ulularımız qeyd edir ki, insan xəlq olub dünyaya gələndən
çox nəsillər dəyişmiş,
formalaşa-formalaşa gəlib bu günə
çıxmışdır. Təbii haldır ki,
şəhərlə kənd arasında müəyyən fərqlər
də özünü göstərməyə
başlamışdı. Oxumaq həvəsində
olanlar şəhərə üz tuturdular. O vaxt şəhərə
gedənlər indiki kimi rahatlıq tapa bilmirdilər. Qohum-əqrəbası olanlar onlara üz tuturdular,
qohum-əqrəbası olmayanlar isə yataqxanalara gedərlərmiş.
Belə çətinliklərə baxmayaraq, ali
məktəbdə təhsil alanlarımızın sayı
çox idi.
Kəndimizdə orta məktəb yeddinci sinfə qədər
idi. Burada təhsil alanlar məktəbin bütün tələblərinə
əməl edirdilər. Qayda-qanun son dərəcə
ciddi idi. Dərsə gecikmək, gəlməmək
çox ciddi yoxlanılırdı. Özünü
xəstəliyə vuranları evlərində də
yoxlayırdılar. Məktəbdə dərs
deyən müəllimlər də dərsə ciddi
yanaşırdılar. Bu səbəbdən
də məktəbin göstəriciləri həmişə
yüksək olarmış.
Biz təhsilimizi davam etdirmək üçün
Çay-Rəsullu kənd orta məktəbinə getməli
idik. Başqa çarəmiz yox idi. Yolumuz
çox uzaq idi. Valideynlərimiz bizim bu vəziyyətimizi
yaxşı başa düşürdülər. Çalışırdılar ki, çox işlətməsinlər.
Təsərrüfat bizsiz də keçinmirdi.
Mütləq valideynlərə əl-ayaq verməli
idik. Bizim valideynlərimiz övlada
münasibətdə əvəzsiz idilər. Böyüklərimizin bir sözü bizim
üçün qanun idi. Biz
çalışırdıq ki, gördüyümüz
işlərlə bərabər onları
aldığımız təhsillə də sevindirək.
Məşədi Rüstəmli nəslində
qardaşlar müxtəlif xarakterdə olsalar da, öz
vüqarlarını qoruyan kişilər olub. Biri
qoçu Talıb, biri tacir Mehdi, biri aşbaz İsgəndər
və s. Bu qardaşlar içərisində Əşrəf
kişinin xüsusi çəkisi vardı. Əşrəf
kişinin elmə, tarixi hadisələrə çox
marağı vardı. Əşrəf
kişidə olan yumora hamı həsəd aparırdı.
Qonum-qonşunun təəssübünü çəkən,
hamıya əl uzadan kişi idi. Bir
sözlə, Əşrəf kişi kənd
camaatının sevimli insanlarından biri idi. Hamı
ilə dil tapırdı. Çox mehriban
insan idi. Hər kəs onun zarafatlarından
zövq alırdı.
Bir
gün Əşrəf kişi xəbər
vermədən Çay-Rəsullu kəndinə gedir. Çay-Rəsulluda qardaşı oğlu Mənsur
olurdu. O, xəbər göndəribmiş ki, Əşrəf
əmiyə deyin, bir bizə gəlsin. Əşrəf kişi də atını yəhərləyib
Mənsurgilə gedir.
Mənsur
kişi əmisini görən kimi boynuna
sarılır, əmi, çox xoş gəlmisən, deyib
atın qantarğasını ondan alıb atı məhlənin
bir tərəfinə bağlayır. Balkonun
altındakı taxtın üstünə otururlar.
- Hə,
qardaşoğlu, xeyirdimi? Mənimlə nə
vacib işin var?
Mənsur
sözə başladı:
- Əşrəf əmi, sən Məşədi
Rüstəmli nəslinin nurusan. Hamı sizin nurlu qədəminizdən
danışır. Mən çox fikirləşəndən
sonra belə qərara gəldim ki, mən də sizin kimi
arı saxlayım.
Bu
sözü eşidər-eşitməz Əşrəf
kişinin yanaqlarına xoş təbəssüm gəldi:
- Bərəkallah,
oğlum! Sənin ağıllı
qardaşoğlu olduğunu bilirdim. İndi
bunu sübut etdin. Hələ qalx bir
çay tədarükü gör. Evinizə
əmin gəlib. Nəslin-nəcabətinin
adı-sanı var, qonaq qarşılamağı, yola
salmağı hər kəs bilmir. Camaat sənin
atanın qonaqpərvərliyindən danışır.
Mənsur
kişi səhvini başa düşüb,
qonşudan həyat yoldaşını
çağırdı. Çox keçmədi
ki, süfrədə hər şey var idi.
Əslinə baxanda Əşrəf kişinin nə
çaya, nə də yeməyə ehtiyacı yox idi. Bu da onun
zarafatlarından biri idi. Mənsur kişi
gördü ki, Əşrəf əmisi çox zəif yeyir.
- Ay əmi,
sənin şərəfinə beçə kəsdirdim, niyə
belə zəif yeyirsən?
- Ay
oğul, mənim dediklərim bir zarafat idi. Həm
də günorta yeməyinin vaxtıdır. Dur, uşaqları da çağır gəlib yemək
yesinlər. Babaları bu sifarişi onlar
üçün vermişdi.
Mənsur
kişi yerindən qalxıb Əşrəf
əmisini öpdü.
- Sağ
ol, ay əmi! Sənin hər bir kəlamın,
gördüyün işlər bir məktəbdir, biz sizdən
çox şey öyrənməliyik. Həm
də mənə yaxşı dərs verdiniz.
- Həəə...,
oğlum, indi dur arılarını mənə göstər.
O,
arıları, təcrübəsiz olduğuna görə, hara
gəldi ora da qoymuşdu.
Əşrəf
kişi sözə başladı:
-
Oğlum, arı mənim həyatımdır. Əgər
mənim dediklərimi qulağında tana etsən, səndən
yaxşı arıçı olacaq. Birincisi,
arı təmizliyi sevir, ikincisi, arının
karobkalarını (arı yeşiklərini) üzü
gündoğan tərəfə qoy. Üçüncüsü,
arıdan qorxma, çalış onlar sənə öz mehrini
salsın. Bəziləri soruşanda deyirsən
arı səni tanımalıdır. Arı
natəmiz insanları sevmir. Gülürlər.
Əşrəf
kişi tələsmədən təmkin
nümayiş etdirərək arıları bir-bir yoxladı, məsləhətlərini
verdi.
-
Qardaşoğlu, hər şey qaydasındadır,
vaxtlı-vaxtında onların şərbətini verməyi
yadından çıxartma. Mənim
atımı gətir, gələndə evdəkilərə gəldiyimi
deməmişəm. Yoxsa qarı məndən
küsər.
Gülüşdülər. Mənsur kişi
əmisini doqqaza qədər yola salıb, evə
qayıtdı.
Çox yeyimcil olduğuna görə təkrar süfrəyə
oturub yaxşıca qarnını doyuzdurdu. Əmisinin
verdiyi təklifləri qeyd etdi.
Əşrəf
kişi yol boyu Çay-Rəsulluda orta məktəbdə
oxuyan şagirdlər, onların gedib- gələrkən necə
əziyyət çəkdiklərini götür-qoy etdi. Öz-özünə, biz bir valideyn kimi o uşaqlara
çox güzəşt etməliyik. Yoxsa
dərsdən sonra onları işlədirik. Əşrəf kişinin ürəyi yumşaq idi,
onlara acıyırdı. Uşaqlar da,
sağ olsunlar, üstünlüyü ən çox
oxumağa verirdilər. Belə desək,
daha doğru olardı. Onlar həyat tərzlərindən
çox razı idilər. Uzaq yolu gedib-gəlməyin
öz ləzzəti var idi. Bir sözlə,
səhər-səhər idman edirdilər.
Əşrəf
kişi başını qaldıranda
gördü ki, artıq kəndə çatıb. Kəndin başında Mirzə kişiyə rast gəldi.
Salamlaşdılar, hal-əhval tutdular. Kəndimizdə bəzi yaşlı insanlar var idi ki,
onlar camaat arasında çox görünməzdilər.
Çox yaşlı kişilər kolxoz idarəsinin
qabağına toplaşırdılar, ordan-burdan çox
şirin söhbətlər edərdilər. Bir-birinin xeyrində-şərində başda
olardılar. Amma Mirzə kişi belə
yığıncaqlardan, məzəli söz-söhbətlərdən
uzaq durardı. Arada bir Əşrəf kişi
ilə zarafatlaşardı. Əşrəf kişi
Mirzə kişinin xətrini çox istəyirdi, öz
yumorundan da qalmırdı. Mirzə kişi
çox çalışırdı, fürsət
axtarırdı ki, o da Əşrəf kişiyə
sataşsın.
Əşrəf
kişi ilə bir xeyli söhbət etdi.
- Hardan gəlirsən,
ay Əşrəf kişi?
Əşrəf
kişi Mirzə kişiyə geniş məlumat
verdi. Qardaşı oğlunun
çağırdığını dedi. Mirzə kişi Əşrəf kişinin
qoyunlarını yaxşı tanıyırdı.
-
Yaxşı, sən Çay-Rəsulluya gedərkən
davarları kimə tapşırmışdın?
- Bunu niyə
soruşursan, ay Mirzə?
-
Heç, bizim oğlan İdris dedi ki, Əşrəf əmimgilin
qoyunu Duzdağ təpəsindən göyəbaxan tərəfə
gedirdi.
- A Mirzə
kişi, İdris indi hardadır, bir
yaxşı soruşaq? O da heyvanların arxasınca getdi.
Əşrəf
kişi atın başını döndərib
Duzdağ təpəsinə getdi. Təpənin sağ tərəfində
İdrisə rast gəldi.
- Ay
oğul, bir yanıma gəl görüm.
- Baş
üstə, Əşrəf əmi.
-
Oğlum, bizim qoyunlar hansı tərəfə getdilər?
- Mən
görmədim, Əşrəf əmi.
- Bəs
atan dedi ki, sən ona demisən Əşrəf əmimin
qoyunları göyəbaxan tərəfə gedirdi.
Balaca İdrisi gülmək tutdu.
- Niyə
gülürsən, oğlum?
- Əşrəf əmi, atam sizinlə zarafat edib.
- Ayə,
ay bala, bu boyda da zarafat olarmı?
Əşrəf
kişi gülümsünərək
atın başını döndərdi. Evə
çatanda artıq hava qaralmışdı. Tavat ana eyvana çıxdı.
- Xoş
gəlmisən, ay kişi! Haralardasan?
Ürəyimizin yağını yedik, getdiyin
yeri xəbər versən, qılıncının
daşımı düşərdi?
- Ay arvad,
nə desən haqlısan, günah məndədi. De görüm, heyvanlar gəldimi?
-
Heyvanları çoxdan yerbəyer etmişəm. Sənə görə çox narahat olduq.
Əşrəf
kişi həmişə olduğu kimi,
atını rahatlayıb, dəstəmaz alıb
namazını qıldı. Təkrar yuyunub
süfrəyə oturdu, əməlli-başlı
acımışdı. Həmişə
olduğu kimi Tavat ana yaxşı süfrə
açmışdı. Əşrəf kişi
doyunca yedi.
- Əllərin
var olsun, ay arvad, süfrən bol olsun!
- Nuş
olsun, ay kişi! De
görüm, hara getmişdin?
- Bizim o
qardaş oğlu Mənsur çağırmışdı,
bir-iki arısı var, məndən onları
yoxlamağımı xahiş etdi. Mən də
sözündən çıxa bilmədim.
Əşrəf
kişi Mirzə kişinin bu hərəkətini
götür-qoy etdi, planlar cızdı.
Aradan on-on
beş gün keçdi, bəlkə də
çox. Mirzə kişinin etdiyi hərəkət,
demək olar ki, unudulurdu.
Günlərin bir günü göyəbaxan tərəfdən
bir qaraçı ayısının qaçdığı
barədə xəbər yayıldı. Doğrusu, kənd
camaatının canına bir qorxu düşmüşdü.
Hamı axşamları qapı-bacasını bərk-bərk
bağlayırdı. Uşaqlar, demək
olar ki, tək gəzmirdilər. Bir sözlə,
hamı təşviş içərisində idi.
Əşrəf
kişi səhər tezdən durmuşdu. Heyvanları yerbəyer etdikdən sonra
namazını qıldı. Bayıra çıxıb ətrafa
göz gəzdirdi, hava bir az çiskəli
idi. Yağış yağma ehtimalı hiss olunurdu. Çox böyük təsadüf nəticəsində
dağların başında duman da var idi. Əşrəf
kişi çox sevincək bir şəkildə
öz-özünə, hə Mirzə kişi, qisas
günü gəlib çatıb.
Günortaya
doğru Əşrəf kişi Duzdağ
təpəsi tərəfə getdi. Duman-çən
aşağılara tərəf gəlirdi. Cibindən özü ilə götürdüyü əlcəyi
çıxartdı, tələsmədən ayı ləpirinə
bənzər ləpirlər düzəltməyə
başladı. Bir xeyli məsafəni
ayı ləpiri düzəldə-düzəldə otlaq tərəfə
gəldi. Başını qaldıranda
gözlərinə inanmadı. Bir az
aralıda Mirzə kişinin oğlu öz qoyunlarının
yanında xəndəyin sazaq tutmayan tərəfində
mürgüləyirdi. Əşrəf kişi
çox sevindi, ovunu əldə etmişdi. Ləpirləri
başladığı tərəfə getdi. İdris isə öz aləmində mürgüləyirdi.
Əşrəf kişi uca səslə:
- A bala,
kimsən?
İdris titrəyə-titrəyə yatdığı yerdən
sıçradı.
- Mənəm,
Əşrəf əmi, İdris.
- A bala,
bir mənim yanıma gəl.
İdris qaça-qaça Əşrəf kişinin
yanına gəldi. Soyuqdan titrəyirdi. Əşrəf
kişi onun bu vəziyyətini
görüb yazığı gəldi.
- Ay
oğul, belə vaxtda da çöldə yatarlarmı? Görmürsən, hər tərəfi duman-çən
bürüyür?
- Ay
Əşrəf əmi, yatdığımdan heş xəbərim
olmayıb. Yaxşı ki, heyvanlar başqa yerə
getməyib.
- Oğlum, indi buralarda tək gəzmək, heyvan otarmaq çox təhlükəlidir.
Əşrəf kişi əynindəki gödəkçəni
çıxarıb ona vermişdi. İdris də, az da olsa bir az isinmişdi.
İdris
qoyunlara baxarkən, Əşrəf kişi
dizini yerə qoyub İdrisi yanına çağırdı.
- Nə
var, ay Əşrəf əmi?
- A bala,
ayının qaçdığı barədə bir şey
eşitmisənmi?
- Əlbəttə, Əşrəf əmi.
Əşrəf
kişi ayının ləpirlərini ona
göstərməyə başladı. İdrisi
qorxudan qan-tər basmışdı.
- Dur
qaçaq, Əşrəf əmi!
Əşrəf
kişi bir xeyli ayının ləpirlərini
süzdü.
-
Oğlum, görürsən? Ayı siz tərəfə
gedib. Sən tez qaç atangilə xəbər
ver, qapı-bacanı bərk-bərk bağlasınlar. Bu çox xatalı məsələdir.
İdris əynindən gödəkçəni
çıxarıb Əşrəf kişiyə uzatdı.
- Əşrəf əmi, sənə qurban, bizim qoyunlar
amanatı, - deyib, qaçmağa başladı.
İdris təngənəfəs özünü evlərinə
çatdırdı. Rəngi qızarmışdı, qan-tər
işərisində idi. Əvvəl
atasını çağırdı, sonra "ana" deyə-deyə
qışqırmağa başladı. Mirzə kişi bərk qorxmuşdu.
- Nə
olub, ay oğul?
-Ata,
qapını bərk bağla, Göyəbaxandan qaçan
ayı bizim məhləmizə girib. Ayının
ləpirlərini özüm gözlərimlə
gördüm.
Anası
da gəlib çıxdı:
-
Başıma xeyir, nə olub, ay oğul? Bir
başdan danış, görək nə olub. Anası ərini
çağırdı:
- Ay Mirzə,
ay Mirzə, tez bura gəl, gör bu uşağa nə oldu? Uşağı qorxudan titrətmə tutmuşdu.
Allah mənə ölüm ver deyib, dizlərinə
döyürdü. Durub su dalınca getdi.
Anası suyun
içərisinə kömür salıb oğluna verdi.
- İç, oğlum, bütün qorxuluğun bununla
gedəcək.
İdris başına gələnləri olduğu kimi
atasına danışdı.
- Ay
qağa, Əşrəf əmim dedi ki, ayının boynunda zəncir
var, deyirlər. Bizim çəpərə
soxularkən çəpərə də ilişibmiş.
İdrisi ata- anası sakitləşdirə bilmirdi. Birdən Mirzə
kişini gülmək tutdu.
- Niyə
gülürsən, ay qağa?
-
Oğlum, bu tərəflərdə ayı-zad yoxdur. Bunlar hamısı Əşrəf kişinin
uydurmalarıdır. O, ayı deyəndə məni nəzərdə
tutub. Bizim aramızda bir az belə zarafatlar
olur. Sən də lap çox qorxmusan.
İdris
çəpərdən çıxıb qoyunlarını gətirməyə
gedəndə gördü ki, Əşrəf kişi
onların qoyunlarını qabağına qatıb gətirir.
- İdris, oğlum, ayını görə bildinmi?
- Əşrəf əmi, sən mənim atamı
deyirmişsən, onu ayıya oxşatmısan, - deyib,
başını yelləyə-yelləyə qoyunları
tövləyə doldurdu. Sonra bir tərəfə
oturub öz-özünə gülməyə başladı.
Rüfət RÜSTƏMOV
525-ci qəzet.- 2014.-
18 noyabr.- S.8.