Moskva jurnalı Azərbaycan alimindən yazıb
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, Əməkdar
incəsənət xadimi,
Əməkdar elm xadimi,
sənətşünaslıq doktoru, professor Zemfira Səfərova haqlı olaraq Azərbaycanda musiqi mənbəşünaslığının banisi sayılır. Orta əsr alimləri Urməvinin, Maragainin, F.Şirvaninin risalələrini,
eləcə də XIX
əsrin ensiklopedist alimi Nəvvabın "Vüzühul ərqam"
əsərini ilk dəfə
məhz o təhlil, şərh və nəşr etdirib. Z.Səfərova Üzeyir Hacıbəylinin
musiqi əsərlərinin
nəşrini hazırlayıb.
O, böyük bəstəkarın
yaradıcılığının və estetik görüşlərinin ən
görkəmli tədqiqatçısıdır.
Xalqımızın musiqi və
musiqişünaslıq irsini
dərindən öyrənməsi
nəticəsində Z.Səfərova
"Azərbaycanın musiqi
elmi" (XIII-XX əsrlər)
adlı monumental əsər
yaradıb.
Musiqişünas Raya Abbasovanın bu
kitaba həsr olunmuş geniş məqaləsi "Azərbaycan
Milli Elmlər Akademiyasının Xəbərlər
məcmuəsi"nin
2014-cü il oktyabr sayında və Moskvanın mötəbər
"Muzıkalnaya Akademiya"
(N3 2014) jurnalında dərc
olunub. Z.Səfərovanın
araşdırmasını ətraflı
təhlil edərək
və yüksək dəyərləndirərək R.Abbasova müəllifin milli musiqi mədəniyyətimizin
beşiyi olan Şuşa haqqında
yazdıqlarını xüsusi
vurğulayır:
"Şuşada doğulan və bütün ömrünü Azərbaycanın
bu sənət məbədində keçirən
Nəvvab Şuşanı
şöhrətləndirən musiqi məclislərinin ənənəvi qanunlarına
yaxşı bələd
idi"; "Z.Səfərova
Cabbar Qaryağdıoğlunun
Şuşa dövrünü
təsvir edərkən
parlaq tarixi fona daha çox
üstünlük verir"...
Şuşanı Azərbaycan musiqi sənətinin mərkəzi
kimi səciyyələndirən
bu ifadələrin mötəbər Moskva jurnalının səhifələrində
yer alması xüsusi önəm daşıyır.
Yeri gəlmişkən, onu da xatırlamaq olar ki, bir
neçə il bundan qabaq həmin jurnalın səhifələrində
Z.Səfərovanın daha
iki məqaləsi dərc edilib. Qarabağın və onun paytaxtı Şuşanın
musiqi həyatına həsr olunmuş məqalədə bu məkanın bəstəkarlarımızın,
ifaçılarımızın, xanəndələrimizin yetirməsində
rolundan danışılırdı.
Müəllifin bu jurnalda dərc edilmiş başqa bir məqaləsi isə
"Kitabi-Dədə Qorqud"
dastanının musiqi
dünyası" adlanırdı.
525-ci qəzet.-
2014.- 18 noyabr.- S.7.