İnam, sevgi və ümid aşılayan əbədi
sənət
Bu müsahibənin ilk variantı ötən əsrin
80-ci illərində yazılmışdı. Onda mən necə
deyərlər "çiçəyi burnunda" çox
cavan bir jurnalist idim və Azərbaycan mətbuatında məhsuldar
bir qələm əhli sayılırdım. O zamanın ən
populyar qəzet və jurnallarında yazılarımı böyük
məmnuniyyətlə çap edirdilər, yenicə işə
başladığım AzTV-də daha çox mədəniyyətdən
yazırdım. Tez-tez rayonlara, o cümlədən
də Naxçıvana ezamiyyətə gedirdim və bu səfərlərdə
mütləq yerli teatrların tamaşalarına, bədii
özfəaliyyət kolletivlərinin çıxışlarına
baxıb süjetlər hazırlayır, qəzetlər
üçün məqalələr yazırdım.
İlk dəfə Əliqismət Lalayevlə də orada - yəni
Naxçıvan Musiqili Dövlət Dram Teatrında tanış olduq. Onda o da
çox gənc idi. Amma
yaradıcılıq ilhamı ilə dolu, həddindən
artıq özünəgüvənli və inamlı bu
cavanı həmyaşıdlarından fərqləndirən, həm
də onun bir qədər çılğın və
iddalı olmasıydı. Əliqismət
Lalayevi Naxçıvanın teatr mühitində yaxşı
tanıyırdılar, o dahi Hüseyn Cavidin həyat və
yaradıcılığından bəhs edən "Mənim
Tanrım gözəlllikdir, sevgidir" tamaşasında
baş rolun ifaçısı idi. Bir
sıra tamaşalara verdiyi quruluşlar bu teatrın tarixində
hadisə sayılırdı. Biz o vaxt
Əliqismətlə Azərbaycan teatrının problemləri
və perspektivləri barədə bir xeyli söhbət etdik.
Bilmədiyim səbəblər üzündən
məqalə çapa getmədi və mən o əlyazmaları
düz 30 ildən sonar yenidən xatırladım. Əməkdar
incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət
Musiqili Teatrının direktoru, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin dosenti Əliqismət
Lalayevlə görüşlərimizin birində ötən
günlərə və o məqalədə
qaldırdığımız problemlərə bu günün
tələbləri ilə yanaşmağı qərara
aldıq.
- Salam, Əliqismət müəllim!
- Salam,
xoş gəlmisiniz!
- Sağ
olun! Bu gün sizinlə illər öncə
başladığımız bir söhbəti davam etdirmək
istəyirəm. Yadınızdadırmı,
o vaxt çap olunmayan söhbətimiz?
- Əlbəttə, unutmamışam, o dövr
üçün bu cavan yazarlar üçün çox ciddi
bir addım idi.
- O vaxt
söhbətimiz teatr və tamaşaçı, teatr və
repertuar, teatr və həyat problemlərinə həsr
olunmuşdu və siz iddia edirdiniz ki, insanın
yaşamasını şərtləndirən 3 mənəvi
amilin üçünü də özündə etiva edən
məhz teatrdır. Teatr bizə İNAM,
SEVGİ VƏ ÜMİD aşılayır. Və əsaslandırdınız
da qənaətinizi: tamaşaçı səhnədə
baş verənlərin yazıçının, dramaturqun,
liberetto müəllifinin, bəstəkarın təxəyyülünün
məhsulu olduğunu bilsə də, onu real həyat hadisəsi
kimi qəbul edərək, səhnədə gördüklərinə
İNANIR, oradakı obrazları, qəhrəmanları öz
kumiri kimi SEVMƏK istəyir və teatrın o sehirli pərdəsi
onu xəyal dünyasından real aləmin gerçəkliyinə
qaytaranda belə, o ÜMİDLƏ tamaşa salonunu tərk
edir! Əmin olur ki, həyat gözəldir, hələ
İNANMAĞA, SEVMƏYƏ və ÜMİDLƏ
yaşamağa dəyər!
- Əlbəttə,
söhbət teatra, bədii sözə, sənətə qiymət
verən insanlardan gedir! Yoxsa illər boyu şəhərin bir
teatr, konsert müəssisəsinin yerini belə bilməyən,
amma təəssüf ki, teatrlar haqqında fikir söyləyənlər,
baxmadığı tamaşaya tənqidi münasibət bildirənlər
var! Təbii ki, belələri hər vaxt olub.
Amma mən bu insanlarda günah görmürəm, sadəcə
onların zövqü bir qədər başqa cür
formala-şır... Son illər televiziya
kanallarının sayının artması, peyk vasitəsi ilə
ölkəmizdə də yayımlanması mümkün olan
yüzlərlə kanalı evindən kənara
çıxmadan izləmək imkanı çoxlarını
canlı teatrın, aktyorla birbaşa təmasın ləzzətini
dərk etmək hissindən məhrum edib. İndi
insanların düşünmək imkanını məhdudlaşdıran,
tamaşaçını primitiv məişət söhbətləri,
dedi-qodu, qiybət qalmaqalları ilə ekran önündə
kilidləməyə israrlı olan qruplar var ki, onların dərdi-səri
yalnız reytinqdir! Məhz bu reytinq sindromuna
yoluxanlar teatr, konsert, sərgi salonlarının
tamaşaçıya aşılaya biləcəyi yüksək
estetik duyğu və hisslərin yerini ucuz və bayağı
şou proqramlarla doldurmağa çalışırlar.
Teatra böyük önəm verən görkəmli rus
yazıçısı N.Qoqol yazırdi: "Teatr elə bir
tribunadır ki, bu tribunadan adamlara çoxlu yaxşılıq
etmək olar".
-
Razılaşın ki, ötən əsrin 70-80-ci illərinin
"teatral Bakı"sı bu gün yoxdur.
- Bunun səbəbini
araşdırmalı olsaq, kökü yenə ailələrə,
məktəblərə, cəmiyyətin aparıcı
qüvvəsi sayılan ziyalıların bu məsələyə
biganə yanaşmasına, barmaqarası baxmasına gedib
çıxır. Özü ildə bir tamaşaya baxmayan
valideyn, məncə, övladının bu sahəyə
marağını önəmsəməyəcək, həmçinin,
məktəblilərin bədii zövqünün
formalaşmasını axırıncı plana çəkib məktəblə
teatr arasında bir vaxtlar mövcud olan sıx əlaqələrin
üstündən bir əmrlə qələm çəkənlər
gələcəyin tamaşaçısını yetişdirmək
fikrindən çox uzaqdırlar. İndi hər
kəs ancaq maddiyyat barədə düşünür - deyəcəksiniz.
Lakin gəlin unutmayaq ki, insanın dolğun bir
ömür yaşaması, həyatın ləzzətini
doya-doya yaşaması üçün mənəvi qida
çox vacibdir.
- Bəlkə, biz
teatrlarımızda tamaşaya qoyulan hər hansı bir əsəri
hadisəyə çevirməyi, onu lazımınca təbliğ
və təqdim etməyi bacarmırıq! Məncə,
bazar iqtisadiyyatı dövründə hər kəs öz məhsulunu
reklam etməyin, necə dəyərlər, ona
"müştəri" tapmağın yollarını da
günün tələbləri səviyyəsində
qurmağa qadir olmalıdır.
- Bizim
teatrın tamaşaçı sarıdan korluq çəkmədiyini
vurğulayaraq, sizin fikirlərinizlə şərik olduğumu
bildirmək istəyirəm! Lakin teatr haqqında
peşəkar söz, fikir deyənlərimiz, insanları teatra
cəlb etmək üçün bizimlə birlikdə
çalışmalı olan teatr tənqidi də sanki bu
gün öz yerini çox böyük səxavətlə
jurnalistikaya verib. Yəni, peşəkar tənqiddən
çox, jurnalist təqdimatı baş alıb gedir. Bəli,
bu gün Azərbaycanda peşəkar və sistemli teatr tənqidi
yoxdur! İmzası teatr ictimaiyyətinə yaxşı tanış olan 2-3 nəfər peşəkar
teatr tənqidçimiz var, onlar da indi daha çox elmi-pedaqoji
fəaliyyətlə məşğuldurlar! Bəziləri
də açıq-aşkar deyir ki, bu qəzet bolluğunda
bizim qeydlərimizi oxuyan və onlara dəyər verən
kimdir? Tamaşa haqqında informasiya
xarakterli yazılar yazan qeyri-peşəkar jurnalistlər də
çox vaxt əsərin məzmunu özlərinin dərk
etdikləri kimi şərh edir və əsas ifaçıların
adını çəkməklə missiyalarını yerinə
yetirirlər. İnanın, bəzən
teatra elə "jurnalistlər" gəlir ki, onların teatr
haqında, ümumiyyətlə, anlayışları yoxdur.
Ötən mövsümlərin birində dahi bəstəkarımız
Üzeyir Hacıbəylinin "Arşın mal alan"
operettası oynanılacaqdı. Foyedə
güllə kimi üstümə şığıyıb
özünü hansısa saytın müxbiri kimi təqdim edən
birisi mənə nə sual versə yaxşıdır? "Müəllim, əsərin mövzusu nədən
bəhs edir (elə beləcə də deyir ha!), ssenarist kimdir,
musiqisi kimindir?" İnanın ki, bu həqiqətdir.
Baxın, bu qədər bəsit, gülməli
və ağlamalı hadisələrlə demək olar ki,
vaxtaşırı bütün həmkarlarım üzləşir.
Bu da bayaq sadaladığım o problemlərdən
qaynaqlanır. Əgər bu gəncin valideynləri
gündəlik qayğılardan, çox yox, ayda, iki aydan bir
silkinib çıxsaydılar, uşaqlarını teatra gətirsəydilər,
baxdıqları tamaşanı müzakirə edib,
övladlarının fikri ilə maraqlansaydılar, yaxud da təhsil
müəssisələrinin rəhbərləri şagirdlərinin
təkcə elmi yox, həm də mənəvi, bədii-estetik
tərbiyəsinə önəm versəydilər, rayonlarda qapısı
ancaq rəsmi tədbirlərə açılan müasir və
yaraşıqlı mədəniyyət sarayları yerli gənclərin
maraqlarını təmin edən dərnəklərin bərpası
və fəaliyyətini düşünsəydilər, əvvəlki
illərdə olduğu kimi paytaxt teatrlarlarının
tamaşalarının yerlərdə göstərilməsi ilə
ciddi məşğul olan tapılsaydı, sizin dediyiniz
"teatral Bakı" nostaljisi heç gündəmə gəlməzdi.
- Bu
gün teatr onsuz da əzab çəkir, o kino və televiziya
ilə rəqabət aparır - bu da sizin fikrinizdir.
- Üstəlik
indi elə kinoya da, televiziyaya da meydan oxuyan nəhəng bir
internet şəbəkəsi fəaliyyətdədir və
insanlar evində, gəzintidə, istirahətdə, nə
bilim, lap göyün yeddinci qatında uçan təyyarədə,
okean sularında üzən gəmilərdə, sürət
qatarlarında, avtomobildə, metroda, bir sözlə hər yerdə,
istədikləri an, bir düyməyə toxunmaqla
dünyanın dörd bir yanında çəkilən filmlərə,
oynanılan tamaşalara, oxunan mahnılara baxmaq imkanı
qazanıblar. Bu həyatın tələbidir,
inkişafdır, intibahdır və heç kəsi qınamaq
olmaz, heç kəsə "sən belə
yaşamalısan!" təlimatını vermək də
gülüncdür! Mən özüm də evdə
işə, işdən evə gedəndə mütləq
internetə qoşuluram. Ölkədə və
dünyada baş verən hadisələrdən xəbərdar
olmaq istəyirəm, saytlara baxıram, diqqətimi çəkən
bəzi yazıları oxuyuram. Ancaq mən
də internetlə ifrat təmasın əleyhinəyəm və
əminəm ki, bunların heç biri insanın teatrla
canlı təmasını, tamaşa salonunda
yaşadığı o hissləri, duyğuları əvəz
eləyə bilmir, insana o İnamı, o Sevgini, o Ümidi təqlin
etmir.
- Əliqismət müəllim, mən də bəzi ədəbiyyatçılar
kimi, bu söhbətimizdə sitatsız danışmaq istəmirəm. Məşhur rus tənqidçisi
Belinski yazıb ki: "Teatrda nemət və həqiqətdən
başqa, dünyada hər şeydən çox teatrı sevməyi
bacaran adamlar işləməlidir!" Sizcə,
indi teatrı bu yanğı ilə sevənlər çoxdur,
yoxsa, daha çox para qazanmaq və lüks həyat yaşamaq
hayında olanlar?
- Əlbəttə, seçdiyi peşədən
asılı olmayaraq hər kəs başqalarından daha
gözəl yaşamaq arzusundadır. Bu, hər kəsin haqqıdır!
Lakin səhnə bir başqa aləm, teatr özgə bir
dünyadır! Üzünə bir dəfə qrim dəyən,
alqışın dadını, tamaşaçı sevgisinin
sehrini yaşayanlar bütün ömürləri boyu bu
gözəl duyğuları qəlblərində qoruyub
saxlamağa çalışırlar, bəzən bu və ya
digər səbəbdən teatrdan uzaqlaşmaq məcburiyyətində
qalanlar belə, bu məhəbbəti zaman-zaman hiss edir və
etdirirlər, necə deyərlər, "teatrı
özündə sevən" bu insanlar bizim ən sadiq
tamaşaçılarımıza çevrilirlər...
(Ardı var)
Telli Pənahqızı
525-ci qəzet.-
2014.- 18 noyabr.- S.6.