Açıq sözlü, həyat nəfəsli müəllim

 

 

 

Azərbaycan jurnalistlərinin ağsaqqalı, mətbuatımızın yorulmaz tədqiqatçısı, zəhmətkeşliyi ilə çoxlarına nümunə olan Şirməmməd müəllimin dekabrın 17-  90 yaşı tamam olur.

Düzü, Şirməmməd müəllimlə uzun illər birgə işlədiyimdən onun haqqında söz demək mənim üçün qədər xoşdursa, bir o qədər çətindir. Çətindir ona görə ki, haqqında çox deyilib, çox yazılıb. İndi gərək mən deyilənləri təkrarlamadan ustad müəllimin çoxlarına məlum olmayan digər keyfiyyətlərindən söz açam.

Qədim yunan filosofu Sokrat deyirdi ki, "dünyada hər şeyə qiymət qoymaq olar, lakin müəllimin əsərinə qiymət qoymaq olmaz". Bu deyimin doğruluğunu biz hamımız aydın hiss edirik. Ustad müəllimin, tədqiqatçı alimin yuxusuz gecələrinin bəhrəsi olan M.Ə.Rəsulzadə  irsinin nəşri sözün həqiqi mənasında heç bir qiymətlə ölcülə bilməz.

Bu yazını başlayanda, Şirməmməd müəllimin dekan, mənimsə müavin olduğum günləri xatırladım.

... Əvvəla qeyd edim ki, Jurnalistika fakültəsində müəllim kimi fəaliyyətim Şirməmməd müəllimlə bağlıdır. Bir gün mənə dedi ki, kafedraya müəllim yeri almışam, al bu pulu elanı taksi ilə get nəşriyyata (o vaxt fakültəmiz aşağı binada yerləşirdi) ver qəzetə. Elan dərc olunandan 3-4 gün sonra "Bakı" axşam qəzetinin əməkdaşı, Bakı Dövlət Universitetinin tədris işləri üzrə o vaxtkı prorektoru Əlövsət Abdullayevin qardaşı Şakir Abdullayev fakültəyə gəldi. O, Şirməmməd müəllimlə ikilikdə görüşəndən sonra mənə yaxınlaşıb "səni təbrik edirəm" dedi. Başa düşmədim o niyə məni təbrik edir. Sən demə, Şakir Abdullayev elanla bağlı gəlmişdi, sənəd vermək istəyirdi. Öyrəndim ki, Şirməmməd müəllim ona "bu sənin hüququndur, amma nəzərə al ki, kollektiv Akifə səs verəcək" demişdi. Niyə bunu xatırladım. Görəsən prorektorun elmlər namizədi olan qardaşına üstünlük verməyib, baş laboranta üstünlük verən indi belə bir dekan varmı?  Çətin sualdır.

Mən həmişə özümü Şirməmməd müəllimin tələbəsi sayıram. Onun bu xeyirxahlığını heç vaxt unutmaram. Amerika yazıçısı filosofu Henri Devid Teqonun təbirincə desək yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir. Bəli, ustad müəllimin yaxşılıq libası heç vaxt köhnəlməyəcək, çünki bu libas vicdan, ləyaqət xeyirxahlıqdan biçilib.

Şirməmməd müəllim sözündə bütöv adamdır. Onun ən çox nifrət etdiyi şey yalan danışmaqdır. Həmişə deyir ki, yalanın ən böyük düşməni var, o da həqiqətdir. Bir gün dərsə davamiyyəti yoxlayırdıq. Məlum oldu ki, bir tələbə xeyli vaxt dərsə gəlməyib. Səbəbini soruşanda dedi ki, xəstə olmuşam, arayış da təqdim etmişəm. Şirməmməd müəllim nəsə şübhələndi, heç demədi. Səhiyyə Nazirliyi vasitəsilə arayışı yoxlatdı. Məlum oldu ki, tələbə yalan danışır. Dərsə gəlmədiyi günlər Moskvada qarpız satıb milis tərəfindən yaxalanıb. Bu barədə universitetə məktub da göndəriblər. Təkrar auditoriyaya gəldik. Şirməmməd müəllim tələbəni sorğu-suala tutdu. dedi ki, gəlmədiyinin səbəbini düz desən səni bağışlayacam, yalan desən universitetdən xaric edəcəm. Tələbə dediyinin üstündə durdu. Səhiyyə Nazirliyindən sorğuya aldığımız cavabı Moskvadan gələn məktubu auditoriyada oxuyanda tələbəni sanki ildırım vurdu, donub qaldı,  deməyə söz tapmadı. Tələbə universitetdən xaric olundu. Bərpa üçün xahişlərin heç birinin köməyi olmadı. Hətta, Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənovanın da xahişi yerinə yetirilmədi. Onu da deyim ki, tələbə bir il istehsalatda çalışdıqdan sonra bərpa olundu.

"Əqidəsi yolunda qələmi ilə çarpışan" (Bəxtiyar Vahabzadə) müəllimim həmişə haqq yolunu tutub, düzü-düz, əyrini-əyrini deyib. Onu tutduğu yoldan çəkindirmək mümkün deyil. Hər hansı işlə bağlı fikirləşərək qərar qəbul edir verdiyi qərarın üstündə möhkəm durur. Bir misal çəkim. Rus bölməsində, dəqiq yadımda deyil, 3 yoxsa 4 tələbə xarici ölkələrin jurnalistikası fənnindən qeyri-kafi qiymət almışdı. Onların arasında "yuxarıların" da övladı vardı. Məsələ bir qədər qəliz xarakter almışdı. İşə o vaxtkı rektor da qarışdı. Şirməmməd müəllim rektorun təkidinə baxmayaraq, verdiyi qiymətin üstündə axıra kimi dayandı, tərəfkeşlik etmədi.

Amerika psixoloqu Deyl Karneginin bir fikrini yada salmaq istəyirəm: "İnsanlar üç cürdür: pulun köləsi olanlar, pulun dostu olanlar pulun ağası olanlar". Psixoloqun bu fikrini sözgəlişi demədim. Şirməmməd müəllim sözün əsl mənasında pulun ağasıdır. Olmuş bir hadisəni yada salım. Bir tələbənin kəsiri vardı, xaric olunmaq üzrə idi. Atası Şirməmməd müəllimə pul təklif edir, rədd cavabı alır, qızıl təklif edir, rədd cavabı alır deyir ki, qiymət almağın bir yolu var, o da qatlaşıb hazırlaşmaqdır. Bir gün həmin valideyn fakültəyə, Şirməmməd müəllimə səliqə ilə bükülmüş bağlama göndərir. Bağlama açılanda görsək yaxşıdır. Taxtanın üstündə əl ilə səliqəli işlənmiş Leninin baryelifi. 90-cı illərin əvvəllərinə kimi "proletariatın rəhbərini" kafedrada saxladıq,  sonralar yadımda deyil, hara yoxa çıxdı.

Elə başa düşməyin ki, Şirməmməd müəllim tələbələrə qarşı amansızdır. Əsla belə deyil. Müəllim var tələbələrə həqiqəti çatdırır, müəllim də var həqiqətlə yanaşı onu tapmağı da öyrədir. Üstad müəllimim həmişə sevimli tələbələrinə vicdanlı, obyektiv, qərəzsiz olmağı tövsiyə edir. Öz üzərində çalışan tələbə onun gözünün işığıdır. Nə lazımdırsa kömək göstərməyə hazırdır, çalışqan tələbənin heç vaxt ümidini üzmür. Tələbəyə etdiyi yardımı da heç vaxt dilinə gətirmir. Onun bir neçə tələbəyə maddi köməyi mənim vasitəmlə olub. Belə yardımlardan biri haqqında. Bir gün fakültəyə bir qadın gəldi, onunla görüşdü və 3-cü kursun tələbəsindən şikayət elədi. Dedi ki, evimi tələbəyə kirayə vermişəm, kirə pulumu ala bilmirəm. Həmin tələbə dünyasını dəyişib, Allah rəmət eləsin, məlum səbəbə görə adını çəkmirəm. Müəllim tələbənin kirə haqqını ödədi. Mən sonra tələbəyə bu barədə məlumat verdim.

Bakı Dövlət Universitetinin 95 illiyi ilə bağlı yazımda Çin atalar sözündən nümunə gətirmişdim. Yazının ruhuna uyğun gəldiyindən yenə ona müraciət etməyi lazım bildim: "Uğurun yol yoldaşı nizam-intizamdır". Deyərdim ki, Şirməmməd müəllimin dekanlığı dövründə fakültədə polad qayda-qanun vardı. Onun nəticəsi idi ki, fakültəmiz həmişə rektorluğun hesabatlarında təriflənirdi, yalançı faiz dalınca qaçmırdı. Tələbələrin dərsə davamiyyəti hər həftə müzakirə olunur, lazımi qərar çıxarılırdı, zəif oxuyanlar üçün əlavə məsləhət saatları təşkil edilirdi. Başqa fakültələrdən gəlib dərs deyən müəllimlərin tərkibinə də diqqət yetirirdi. Nə gizlədim, bəzən elə müəllimlər olurdu ki, yoxlamanı imtahana çevirib sanki ondan zövq alırdı. Bir dəfə coğrafiya müəllimi düz bir həftə tələbələrdən yoxlama qəbul edib, cəmi 3-4 tələbəyə "məqbul" yazmışdı. O vaxt Şirməmməd müəllim xəstə olduğu üçün bir müddət işə çıxmadığından dekanlığın işini mən aparırdım. Auditoriyaya girib müəllimə iradımı bildirdim. Xeyri olmadı. Dəhlizə çağırıb dedim ki, onsuz da hamını imtahana buraxacam. Müəllim acıq eləyib getdi. Tələbələrin hamısını imtahana buraxdım. Amma icimdə bir narahatlıq vardı. Məndən Şirməmməd müəllimə şikayət elədi. Haqlı olduğumu belə izah elədim. Dedim ki, dərs deyən müəllim hələ bilmir ki, fakültetiv fənn nə deməkdir. Dedi,  düz eləmisən narahat olma.

Hörmətli müəllimin 90 yaşına baxmayaraq, hər gün dünyada və ölkəmizdə baş verən hadisələrlə maraqlanır, qəzetlərə, telekanallara müsahibələr verir. Onunla 5-10 dəqiqə söhbət kifayətdir ki, çox şeydən xəbərdar olasan. Heç də təsadüfi deyil ki, digər fakültələrin tələbələri gəlib ustad müəllimin dərsində otururlar. Filologiya fakültəsinin tələbələrindən biri ilə söhbətdə dedi ki, mən müəllimin mühazirələrində bilmədiklərimi öyrəndim. Elə faktlar dedi ki, birinci dəfə eşidirdim. İcazə versəydilər Şirməmməd müəllimə görə fakültəmi jurnalistikaya dəyişərdim. Fakt sözü mənə bir hadisəni yada saldı. Şirməmməd müəllim Moskvaya ezamiyyətə getmişdi. Bir dərsini mən deyəsi oldum. Jurnalı yazdım, amma imza atmadım, dedim gəlib özü imzalayar. İmzalamadı, dedi ki, Bakıda olmamışam, məni fakt qarşısında qoyma, dərsi sən demisən, sən də imzala. Yalnız vicdanı rahat və təmiz olanlar belə edər.

Şirməmməd müəllimin dekanlığı dövründə (1970-1976), əgər belə demək mümkünsə, tədris məktəbi keçdim. Tədrisin incəliklərini məhz həmin dövrdə öyrəndim. Dekan işlədiyim vaxt öyrəndiklərimin çox böyük köməyi oldu. Həmin dövrdə fakültədə tədris olunan bütün fənlərin proqramı çar olundu, elmi əsərlərin "Jurnalistika" seriyası və "Jurnalist" tədris qəzetinin nəşri qaydaya düşdü.

Deyiləsi sözüm çoxdur, onları gələcək yubileylərə saxlayıram. Bu sətirləri yazanda fikirləşirdim, görəsən yada saldığım hadisələri necə qarşılayacaq. Hər halda olub - keçənləri bir daha xatırladım.

Əziz Şirməmməd müəllim, Siz Azərbaycan jurnalistikasının iftixarı, insanları aydınlığa çıxaran müəllimsiniz. Çünki silahınız kitabbilikdir. 90 illik yubileyinizi ürəkdən təbrik edir, Allahın bəxş etdiyi ömrü ağrısız-acısız yaşamağı arzulayıram.

Niyyətiniz qismətiniz olsun!

 

 

Akif RÜSTƏMOV

BDU-nun dosenti

525-ci qəzet.- 2014.- 18 noyabr.- S.4.