Savadsızlıq
inkişafımızın bəlasıdır
Elmi,
biliyi, mədəniyyəti, görkəmli şəxsiyyətləri,
ziyalıları olmayan xalq məhvə məkumdur.Savadlı,
uzaqgörən, qabiliyyətii insan yalnız öz
ömrünü mənalandırmır, o, yüksək
intellekti, insani-mənəvi keyfiyyətləri ilə həm də
cəmiyyəti yaşadır, ucaldır və irəliyə
aparır.
Ulu öndərimiz Heydər Əliyevin "Xalq həmişə
öz ziyalıları, öz mədəniyyəti, öz elmi
ilə tanınır" sözləri xalqımızı
uzun illər ziyalılığa, elmə, mədəniyyətə
sahib olmaq, yiyələnmək üçün səfərbər
etmiş və bu arzuların, fikirlərin həyata
keçirilməsi bu günkü inkişafımıza əsaslı
zəmin yaratmışdır.
Bu təbiidir. Çünki elm, bilik sirli
qarıların, yüksəlişin açarı olduğu
halda savadsızlıq cahillikdir, nadanlıqdır, mənəvi
yoxsulluqdur, sağalmaz bəladır.Dünyada baş verən
bütün faciələr, müharibələr,
qırğınlar, xəstəliklər məhz cahillikdən,
cəhalətdən, mənəviyyatsızlıqdan
qaynaqlanır.
Cəmiyyət
insanı yetişdirdiyinə, yaşatdığına, tərbiyə
etdiyinə görə mənalı olduğu kimi insan da cəmiyyətə
verdiyi faydaya-öz ləyaqətinə, elminə,
xeyirxahlığına, əməlinə görə qürur
hissi keçirməlidir.Buna görə də insan öz həyatı,
gələcəyi, həm də xalqının və vətəninin
tərəqqisi naminə daim savadlanmağa, oxumağa-öyrənməyə,
dünyada baş verən hadisələri izləməyə,
qiymətləndirməyə, yaxşını pisdən
seçməyə borcludur.
Cəmiyyətin intellekt səviyyəsi ayrı-ayrı fərdlərin
səviyyəsi ilə ölçüldüyünə
görə hər bir kəsin elmli,
dünyagörüşlü olması ölkənin taleyi və
inkişafı üçün əsasdır.Çünki məhz
ağıllı, savadlı insanlar ən çətin anda vəziyyətdən
çıxmağa, hadisələrin gedişini
yaxşılığa, əmin-amanlığa, tərəqqiyə
doğru istiqamətləndirməyə qadirdirlər.
Əgər Azərbaycan cəmiyyəti, ziyalılar, elm
xadimləri 1993-cü ilin iyun ayında uzaqgörənlik edib
ümummilli Liderimiz Heydər Əliyevi yenidən hakimiyyətə
dəvət etməsəydilər və gələcəyi
görən insanlar buna dəstək verməsəydilər biz
bu gün də cahillərin, vəzifəpərəstlərin
girovuna çevrilib zülm altında inləyərdik.
Əgər
Heydər Əliyev dərin elmi, aydın düşüncəsi,
geniş dünyagörüşü ilə bu günkü
inkişafımızın əsasını qoymasaydı və
Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasətinə,
xalqa, vətənə sonsuz sədaqət nümayiş etdirib
öz yüksək intellekti, təşkilatçılığı,
mənəvi kamilliyi sayəsində inkişafımıza dəstək
verməsəydi mövcud uğurlarımızdan
danışmaq mümkün deyildi.
Azərbaycan zəngin təbii ehtiyatlara və maddi sərvətlərə
malik, iqtisadi inkişafa nail olan bir ölkədir.Ancaq ölkəmizin
ən böyük və qiymətli sərvəti onun vətənpərvər,
elmli, bilikli insanlarıdır.
Ölkə
rəhbəri İlham Əliyev qazanılan yüksək
iqtisadi göstəricilərdən, təbii sərvətlərimizin
zənginliyindən söz açarkən xalqımızın və
dövlətimizin gələcəyi üçün çox
vacib olan bir məsələni
ön plana çəkərək deyir:"Biz maddi dəyərlərimizi,
iqtisadi potensialımızı insan kapitalına çevirməliyik,
çünki insanın savadı, biliyi onun gələcək
həyatını müəyyənləşdirir, ölkənin
hərtərəfli inkişafına xidmət edir".
Bu bir həqiqətdir ki, Azərbaycan hazırda
dünyanın sürətlə inkişaf edən, beynəlxalq
aləmdə tanınan, söz sahibinə çevrilən,
ictimai-siyasi sabitliyi, tolirantlığı ilə bir çox
ölkələrə nümünə olan, müstəqil,
balaslandırılmış siyasəti ilə qiymətləndirilən
respublikalarından biridir.
Ölkə vətəndaşlarının həyat
şəraiti normaldır. İşsizliyin, yoxsulluğun aradan
qaldırılması, əhalinin güzaranının
yaxşılaşdırılması, sosial-iqtisadi
inkişafın sürətləndirilməsi, dilimizin, mədəniyyətimizin,
tariximizin, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində
mühüm tədbirlər həyata keçirilmişdir və
keçirilir.
Əlbətdə
bütün müvəffəqiyyətlər Azərbaycan
Respublikasının Prezidenti başda olmaqla fədakar, bilikli,
vətənpərvər insanların zəhmətinin nəticəsidir.
Ancaq bizim elmimiz, təhsilimiz, düşüncələrimiz
bu günki sürətli inkişafımızla, dünyada
baş verən elmi tərəqqi, digər xalqların
mütaliəsi, bilik səviyyəsi, informasiyalara sahib olmaq və
onu düzgün istiqamətə yönəltmək qabiliyyəti
ilə hərtərəfli ayaqlaşa bilirmi?
İntellektual səviyyəmizi artırmağın,
sağlamlığımızın qorunması, insani
münasibətlərimizin sağlamlaşdırılması,
balalarımızın, gənclərimizin hərtərəfli
formalaşdırılması qeydinə qalırıqmı və
bunun məsuliyyətini lazımınca qiymətləndiririkmi?
Təhsil həyatımızın mənası, müvəffəqiyyətlərimizin
əsası, gələcəyimizin bünövrəsi, həm
də nöqsanlarımızın göstəricisidir. Çünki biz elmə, savada
sahib olmadan, oxuyub öyrənmədən və düzgün
öyrətmədən irəliyə gedə bilmərik.
Ulu
öndərimiz Heydər Əliyev deyirdi:"Cəmiyyətin
gələcək tərəqqisi bir çox cəhətdən
indi gənclərimizə nəyi və necə öyrətməyimizdən
asılı olacaqdır". Bu fikirlər Azərbaycanın
milli mənafeyinə hesablanıb və nəinki bu
günümüz, gələcəyimiz üçün təxirəsalınmaz
vəzifə, müqəddəs borcdur.
İnkarolunmaz
faktdır ki, bu gün Azərbaycan ailəsi və məktəbi cəmiyyətimiz
üçün layiqli, hərtərəfli vətəndaş
yetişdirmək sahəsində qarşıya qoyulan vəzifəni
lazımınca yerinə yetirə bilmir. Hazırkı şəraitdə
ailələrin maddi vəziyyəti, yaşayış səviyyəsi
xeyli yaxşılaşsa da, Heydər Əliyev Fondunun"
Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi
əsasında respublikamızda çoxsaylı müasir tipli,
hər bir avadanlıqla təchiz olunmuş məktəblər
tikilib istifadəyə verilsə də, ancaq ailə ilə məktəbin
əlaqələri çox zəifdir, tədrisin keyfiyyəti
aşağıdır, bilikli şagirdlərin sayı
azdır.
Orta məktəbləri
"əla" qiymətlərlə bitirib test
imtahanlarından aşağı qiymətlər alan, yaxud imtahan verib qəbul olduqdan sonra ali məktəblərdə
çox zəif oxuyan gənclərin nümunəsi göstərir
ki, hər iki təhsil ocağında ciddi nöqsanlar
mövcuddur.
Bu
günkü test imtahanları məzunların ümumi
dünyagörüşünü, bilik səviyyəsini tam əks
etdirməsə də, qəbul zamanı neqativ halların
qarşısını almaq baxımından əhəmiyyətlidir.
Test imtahan məzunun biliyini məhdud çərçivədə müəyyən edirki, bu da gəncləri
elmin dərinliklərinə yiyələnməkdən
yayındırır, onlarda arxayınçılıq
yaradır.
Orta məktəb
məzunu Nizami Gəncəvini Azərbaycan şairi və
"Xəmsə" müəllifi kimi tanıyır, ancaq
şairin yaradıcılıq xüsusiyyətləri, onun
poemalarında əks olunan bəşəri ideyalar, mənəvi
dəyərlər haqqında biliklərə malik deyil.Belə
olan halda məzun şairi necə dəyərləndirə bilər?
Yaxud, ali məktəbləri bitirən gənclərin
əksəriyyəti seçdiyi ixtisasa kafi səviyyədə
yiyələnirsə və bəzi ali təhsilli insanlar ərizə
yazmaqda belə çətinlik çəkirsə buna nə
ad vermək olar? Bu gün ali məktəblərdə
yaxşı və əla oxuyan tələbələrə
rişxənd edən müəllim və tələbələr
az deyil. Pis oxuyanlar əlaçıları
öz təsirləri altına sala bilirlər, çünki
onlar çoxluq təşkil edirlər.
Ailədə
və məktəbdə düzgün istiqamətləndirilməyən,
lazımi biliklərə və əmək vərdişlərinə
yiyələnməyən gənclərin ali
məktəbləri müvəffəqiyyətlə bitirməsi
və seçdiyi ixtisasa mükəmməl sahib olması real
görünmür. Bu gün ali məktəblərə
əksər gənclər hərtərəfli təhsil almaq,
elmin sirlərinə yiyələnmək üçün yox,
diplom xatirinə gedib-gəlir. Təhsil almayan, əməyi
qiymətləndirməyən gənclərin həyatda
yanlış mövqe tutacaqları isə şübhəsizdir.
Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev
çıxışlarının birində təəssüflə
qeyd edir:" Heç bir sosioloji sorğu aparmadan qətiyyətlə
demək olar ki, orta statistik Azərbaycan gənci bu gün
arzusundadır ki, onun gözəl evi, bərbəzəkli
maşını və kifayət qədər pulu olsun. O, həyatın
mənasını ancaq əylənməkdə görür.
Bütün bunlara nail olmaq üçün o, min bir vasitəyə
əl atmağa, o cümlədən qanunu və əxlaq
normalarını da aşmağa hazırdır. Zəhmət çəkməyi,
çalışmağı, əziyyətə
qatlaşmağı o, ümumiyyətlə istəmir".
Söylənilənlər həqiqətdir və həm
də düşündürən, ürək ağrıdan
haldır. Bəs
bu hallara imkan yaradan kim və nədir?
Yenə də ailə və məktəb.Savadsızlıq,
dünyagörüşünə malik olmamaq və bunların
nəticəsində cahillik.
Savadsız və meşşan təbiətli ailədə
əməksevər, təvazökar, bilikli övlad
böyütmək çox çətindir.
Bu gün
əyri yollarla var-dövlətə sahib olan, vəzifə
tutan, övladlarını pul gücünə oxutduran, 15-16
yaşlı uşaqlarına bahalı maşınlar alan, təmtəraqlı
villalar tikdirən, hər ay övladlarını xarici ölkələrə
gəzməyə, yeyib-içməyə göndərən,
ailə üzvləri ilə öz dilində deyil əcnəbi
dildə danışan, özgələrin adət-ənənəsini,
dilini, tarixini, bağ-bağçasını, yeməyini tərifləyib
özününkünə dodaq büzən atadan-anadan əməksevər,
savadlı, vətənpərvər, gələcəyimiz
üçün layiqli insan tərbiyə etməyi gözləmək
yersizdir.
Övladını
məktəbdən yayındırıb alverə sövq edən
və əyri yollarla ona ali məktəb
diplomu alan, sonra həmin savadsıza vəzifə qazandıran
atanın övladı valideynindən irəli gedə bilməz
və həyatda sözsüz ki, onun yolunu tutacaqdır.
Əmək tərbiyəsi düzgün qurulmayan, müəllimi
savadlı, əməksevər olmayan məktəbdən əməksevər
gənc tərbiyələndirməyi tələb etmək
özümüzü aldatmaqdır.
Etiraf etmək lazımdır ki, bu gün orta məktəblərimizdə
şagirdlərə əmək vərdişlərinin
aşılanması, praktiki olaraq əməyin insan həyatında,
cəmiyyətin inkişafında oynadığı rolun təbliğ
edilməsi yarıtmaz vəziyyətdədir. Əvvəllər orta məktəblərdə
tədris edilən əmək təlimi dərslərinin
saatları indi tamamilə azaldılıb və yuxarı siniflərdə bu
fənn tədris edilmir. Ölkənin əksər məktəbində təlim
emalatxanalar yoxdur, şagirdlərə əmək vərdişləri
yalnız nəzəriyyə şəklində
aşılanır.
Sual olunur, iynəsiz, sapsız paltar tikmək olarmı? Ya
şüşə, qayçı olmadan pənsərə
şüşəsini salmağı necə öyrətmək
olar? Lazımi ərzaq olmadan yemək
bişirməyi öyrətmək mümkündürmü?
Əyani vəsait, nümunə olmadan aşılanan əmək
vərdişlərinin xeyrindən çox ziyanı var, bu məktəbliləri
aldatmaqdır, onlarda əməyə məhəbbət yox, əksinə
ikrah hissi oyatmaqdır.
Əvvəllər
məktəblərimizdə təlim emalatxanaları, fənn
kabinələri , əmək vərdişlərini
aşılayan dərnəklər, hətta təmir-istehsalat
birlikləri fəaliyyət göstərər və
şagirdlər burada əmək vərdişlərinə yiyələnər-paltar
tikməyi, yeməklər hazırlamağı, bağ
salmağı, ağac, gül əkməyi, meyvə
yetişdirməyi, ev heyvanlarına qulluq etməyi,
şüşə salmağı, döşəmə
vurmağı, hətta kənd təsərrüfatı
maşınlarını idarə etməyi belə öyrənərdilər
Çox təəssüflər olsun ki, indi bunların əksəriyyəti
yoxdur və məktəb əmək vərdişləri
aşılamaq funksiyasını yalnız sözlə yerinə
yetirir.
Məktəblə bərabər ailədə də
uşaqlara əmək vərdişlərinin öyrədilməsi,
onlarda zəhmətə qatlaşmaq hissinin tərbiyə edilməsi
ürək açan deyil. Əksər valideynlər
övladlarına adi bir çöpü yerdən qaldırmağı
belə rəva görmürlər. Əvvəllər ev işlərində, təsərrüfatın
idarə olunmasında, həyətyanı sahələrin əkib-becərilməsində,
mal-qara saxlanılmasında valideynlərin yaxın köməkçiləri
sayılan övladlar indi bu qayğılardan kənardadılar.
Onların əmək vərdişlərinin yerini
bayağı teleseriallar, internet yazışmaları, mənasız,
boş-boşuna gəzintilər, eybəcər diskotekalar,
havayı pullar xərcləmək, lovğa hərəkətlər,
əhəmiyyətsiz tədbirlər, süni əyləncələr
əvəz edir.
Əgər
biz uşaqlara
ilk gündən əməyi sevmək, zəhmətə
qatlaşmaq hissi aşılaya bilmiriksə onun gələcək
taleyinə balta çalırıq. Çünki
əməyi sevmədən, zəhmət çəkmədən,
əziyyətə qatlaşmadan, çalışmadan
heç nəyə-elmə, biliyə, geniş
dünyagörüşünə, insanlığa sahib olmaq
mümkün deyil.
Tərbiyə, əməyə, zəhmətə, bilik
öyrənməyə münasibət hissinin ailədə və
məktəbdə zəif aşılanmasının nəticəsidir
ki, bu gün hazırlıqlı kadrlara ehtiyac duyulur. Bir çox gənclər
ali məktəbləri diplom əldə
etmək üçün bitirir, onlar dövrün-zamanın
reallıqlarını lazımınca qiymətləndirmir,
yanlış informasiyalara, yad meyllərə uyur, müasir
texnologiyaların imkanlarından səmərəsiz istifadə
edir, əməyə xor baxır, zəhmət çəkmədən,
çalışmadan var-dövlətə sahib olmaq,
hamıdan yaxşı yaşamaq istəyir, milli-mənəvi
dəyərlərimizə arxa çevirib radikal dini meyllərə
həvəs göstərir, xurafata meyllənir, mütiliyi,
acizliyi, boş-boşuna ibadəti, sitayişi özünə
bir mənəvi borc hesab edir ki,
bu da yolverilməzdir və inkişafımız
üçün ciddi problemlər yaradan hallardır.
Ailədə və məktəbdə uşaqların, gənclərin
psixoloji durumunun öyrənilməsi,
araşdırılması, ixtisaslı psixoloq
kadrlarının hazırlanması və yerləşdirilməsi
yarıtmaz vəziyyətdədir. Son ildə onlarla məktəblinin
intihar etməsi, evdən qaçması, oğurluğa,
narkomanlığa, digər əyri yollara qurşanması, bacının bacını,
oğulun ananı, qardaşın qardaşı xüsusi
amansızlıqla qətlə yetirməsi və gənclər tərəfindən
belə halların baş verməsi ciddi psixoloji
araşdırmalar, sosioloji təhlillər
aparılmasını zərurətə çevirir.
Cəmiyyətdə
savadsızlıqdan, tənbəllikdən, cahillikdən yaranan
bütün nöqsanları, bəlaları yalnız ailənin
və məktəbin adına yazmaq ədalətsizlik
olardı. Çatışmamazlıqlar bir
neçə nəfərin və hansısa müvafiq bir
nazirliyin nöqsanı, işinə yarıtmaz münasibətin
nəticəsi deyil, bütövlükdə hər bir Azərbaycan
vətəndaşının ağrı-acısı, dərdi,
bəlasıdır.
Hər
bir vətəndaş, ailə özünə və məktəbə,
təhsilə münasibətini köklü şəkildə
dəyişdirməsə, orta və ali məktəblərimiz,
tədris bazalarımız biliksiz mütəxəssislər
yetişdirmək müəssisəsinə, alver məkanına
çevrilməkdə davam etdirilsə qara günlərimizi
ağlamağa, zaman-zaman əziyyət çəkməyə,
geri getməyə, yaxşını yox pisi qiymətləndirməyə,
düzü deyil əyrini seçməyə, aqilin yanından
keçib nadanla oturmağa, vətəndən, torpaqdan öncə
varı-dövləti dəyərləndirməyə, özgəsinin
dediyi ilə durub-oturub onu sevməyə, tərifləməyə,
bir sözlə millət kimi özümüzü inkar etməyə
məhkumuq.
Bütün bunların baş verməməsi üçün nöqsanlarımızı, çətinliklərimizi görməliyik, bəlalarımızı aradan qaldırmalıyıq, xalqımızın və vətənimizin inkişafı, xoşbəxt günlərimiz naminə bizə aydın yollar göstərən, məsləhətlər verən ağsaqqallarımızın, böyüklərimizin, ziyalı insanların çağırışlarına səs verməliyik, dəyərli fikirləri dəstəkləməliyik, Bu bizim vətəndaşlıq borcumuzdur. Xoşbəxt gələcəyimiz üçün biz öz vəzifəmizi layiqincə yerinə yetirməliyik.
Tahir RZA
525-ci qəzet.-
2014.- 18 noyabr.- S.4.