Mirzə Cəlilin "Ölülər"i
gürcü teatrında
Qədim
Tiflisin, adı əfsanələrlə bağlı olan,
Mtasminda dağının (Müqəddəs dağ)
döşündə, Gürcüstanın
yazıçı, şair və ictimai xadimləri dəfn
olunmuş Panteondan başlanan Besiki (keçmiş Davitovskaya)
küçəsində yerləşən 24 saylı ev hər
bir azərbaycanlı, xüsusən mətbuat işçisi
üçün sevimli yerdir. Keçən əsrin 6-cı
ilində "Sizi deyib gəlmişəm, ey mənim müsəlman
qardaşlarım!.." müraciəti ilə başlanan
"Molla Nəsrəddin" jurnalı bu evdə dünyaya
göz açıb. Bəli, məhz burada göz
açıb, sonra da bütün Yaxın və Orta Şərqin
gözünü açıb, onlara "Dostu düşməndən
seçmək" yolunu göstərib. Cəlil Məmmədquluzadə
burada bu ikimərtəbəli evin ikinci mərtəbəsindən
Mollanın öz sadə dili ilə haqqın yolunu göstərib.
Odur ki, müsəlman dünyasında Mirzə Cəlilin
dostu,onun nəsihətlərinin eşidənlərin sayı
artdıqca, düşmənləri də yağışdan
sonrakı göbələk kimi çoxalıb. Onun
ünvanına yağan hədələr də. Molla əmi
belə hədələrdən qorxmurdu, bilirdi ki, haqq yolu
tutub. Elə Q.Semyonov da Mirzə Cəlilin o böyük cəsarətini
xüsusi rəğbətlə, sovet satirasına xas olan incə
və duzlu bir yumorla qeyd edib.
1967-ci
ildə Bakıda Cəlil Məmmədquluzadənin anadan
olmasının 100 illiyi yubileyi gecəsində
"Krokodil" jurnalının baş redaktoru Q. Semyonov
yazırdı ki, 1905-1907-ci illər Stolıpin irticası
dövründə çar Rusiyasının Qafqaz kimi, dinin,
zorakılığın, hərc-mərcliyin hökm
sürdüyü ucqarında satirik jurnal buraxmaq müstəsna
cəsarət idi. Mirzə Cəlil sözün əsl mənasında
mərd və qorxmaz adam olub. Əsl mətbuat fədaisi! Bu
böyük həqiqətdir!
Görkəmli
demokrat yazıçı Mirzə Cəlilin əsərləri
hələ yazıçının sağlığında
başqa dillərə, o cümlədən gürcü dilinə
tərcümə edilərək tamaşaya qoyulub.
Gürcüstanda
bu işi ilk dəfə gürcü yazıçısı və
jurnalisti, inqilabçı mübariz Məmməd bəy
Abaşidze həyata keçirib. O, 1927-ci ildə M.Cəlilin
"Ölülər" komediyasını gürcü dilinə
çevirib, onun Batumi (Acarıstan) Dövlət Dram
Teatrında tamaşaya qoyulmasında iştirak edib. Batumi
sünni məscidinin müftisi Şavş əfəndi
Xaşim oğlunun etirazlarına baxmayaraq komediya Batumi, Kobuleti,
Çakva və Xulo rayonlarında gürcü dram dərnəkləri
tərəfindən tamaşaya qoyulub. Maraqlı
burasıdır ki, bu əsərin nəinki gürcü dilində,
habelə acara tamaşaçıları qarşısında
Azərbaycan dilində də nümayiş etdirilməsinə
nail olub. Batumidəki S.Ağamalıoğlu adına Azərbaycan
natamam orta məktəbin direktoru Əyyub Bağırov
M.Abaşidzenin göstərişi ilə "Ölülər"
komediyasını 1930-cu ildə Azərbaycan dilində
tamaşaya qoyub. Müəllimlərin iştirakı ilə
göstərilən bu tamaşadan əvvəl M.Abaşidze
çıxış edərək komediya və onun müəllifi,
öz qələm dostu M.Cəlilin
yaradıcılığı və Bakıda nəşr olunan
"Molla Nəsrəddin" jurnalının qoca Şərqin
oyanması işində göstərdiyi böyük xidmətlərdən
danışıb.
Həmin
gün Bakıya M.Cəlilə təbrik teleqramı göndərən
M.Abaşidze "Ölülər" komediyasının
müəllifini alqışlayıb, ona Acarıstan
xalqının salamını yetirib. Sonralar M.Cəlilin
"Ölülər" komediyası Acarıstanın bir
çox şəhər və kəndlərində hər iki
dildə səhnəyə qoyulub.
Acarıstanın
şəhər və kəndlərində komediyanı
tamaşaya qoyan Əyyub Bağırov səhnədə
Şeyx Nəsrullah, müəllim Cahangir Bağırov isə
Kefli İsgəndər rollarını ifa ediblər.
"Ölülər"
komediyasının gürcücəyə tərcüməsinin
nəşri nədənsə 1972-ci ilə qədər
gerçəkləşməyib. Yalnız həmin il
M.Abaşidzenin 100 illiyi münasibətilə onun
seçilmiş əsərləri gürcü dilində
"Sabcota Acara"nəşriyyatında "Mitsvalebuli"
("Ölülər") adı ilə
tamaşaçılara təqdim olunub.
Azərbaycan
dilinə incəliklərinə qədər bələd olan
M.Abaşidze həmin tərcümədə M.Cəlilə xas
üslubi cəhətləri olduğu kimi gürcü oxucusuna
çatdıra bilib.
Almaz YURDSEVƏR
525-ci qəzet.- 2014.- 19 noyabr.- S.7.