Xalq yazıçısı
Anarın yeni povesti
"Azərbaycan"da
Bugünlərdə "Azərbaycan"
jurnalının yeni 11-ci sayı
işıq üzü
görüb. Bu dəfə dərgi Xalq yazıçısı
Anarın yeni yazdığı "Göz
muncuğu" povesti ilə açılır.
Son illərdə əsasən esselər, memuarlar, tarixi-kulturoloji traktat, kino-ssenarilər, satirik hekayələr yazan Anar ciddi
bir nəsr əsəri ilə oxucularının görüşünə
gəlir. Povest haqqında
gənc yazıçı,
esseist, Anar yaradıcılığının tədqiqatçısı Pərvinin
"Anar nəsrinin göz muncuğu" adlı geniş essesi də yer alıb. Pərvin Anarın yeni əsəri haqda yazır: "Əsərin əsas uğuru onun oxunaqlı olmasıdı.
Povesti birnəfəsə oxuyursan
və elə ilk cümlədən əsər
səni öz sehrinə salır, buraxmır. "Ağrı... dəhşətli,
dözülməz ağrı..."
- bu ilk cümlədən
maraq bürüyür
adamı. Nə ağrı,
nədi səbəb bu ağrıya, nə baş verib? Və oxuduqca hər şey aydın olur... Əsərin qəhrəmanı Əhlimanı
diri-diri dəfn ediblər...
... Anar qısa və uzun cümlələrlə,
rabitəsiz fikirlərlə
qəbirdə dirilmiş
əli-qolu bağlı
insanın dəhşətini,
ağrısını, təlaşını,
qorxularını son dərəcə
dəqiq, canlı ifadə edir. Oxuduqca soyuq, nəm, üstübağlı bir
məkanda hiss edirsən
özünü və
qəhrəmanın halını
daha yaxşı anlayırsan. Yazıçının da əsas istəyi
budur, deyəsən.
Əhlimanı oxucusu ilə
doğmalaşdırmaq, bəlkə
də eyniləşdirmək.
Axı doğrudan da Əhlimanın daxilindəki
xeyir və şər toxumları hər birimizin içində var, zamanla cücərir, bəzən də biri digərini vurub keçir. Amma xeyirin, yaxud da şərin cücərməsi, boy atması
üçün münbit
şəraiti yaradan nədir? Bax bu sualın
cavabını yazıçı
müxtəlif fəsillərdə
verir".
Dərginin poeziya bölümündə
Qəşəm Nəcəfzadənin,
Yusif Həsənbəyin,
Əlizadə Nurinin, Anar Aminin, Xosrov
Natilin, Səfər Səfərlinin şeirləri
yer alıb.
Dramaturgiya bölməsində isə
İlqar Fəhminin
"Zümrüd parıltısı"
adlı birpərdəli
psixoloji dramı oxuculara təqdim olunub.
Jurnal ötən
sayından etibarən,
Azərbaycanın görkəmli
yazıçısı, XX əsrin 30 - cu illərindən
ta sonuna kimi ölkəmizin ictimai siyasi həyatının fəal
üzvlərindən biri
olmuş Mirzə İbrahimovun tanınmış
alim, yazıçı,
Moskva Dövlət Universiteti-nin professoru Əziz Şəriflə məktublaşmasını oxucularına
təqdim edir. Bu dəfə də məktublarda o dövrün
ümumi ab-havasını
duyacaqsınız.
Məhsuldar tənqidçi, Azərbaycan
ədəbiyyatını sistemli,
ardıcıl araşdıran
Vaqif Yusiflinin Müasir Azərbaycan romanı haqqında silsilə tənqidi-publisistik
məqalələri davam
edir.
Jurnalın redaksiya heyəti Teyyub Qurbanı 80 illik yubileyi münasibətiylə təbrik
eləyərək şairin
şeirlərini oxuculara
təqdim ediblər.
Dərginin "İsti-isti" rubrikasında
gənc tənqidçi
Aygün Bağırlının
"Yeni səs" adlı yazısı yer alıb.
Jurnalın sonunda ənənəvi
"Kitab rəfi"
rubrikasında yeni kitablar haqda məlumat dərc olunub.
NƏZRİN
525-ci qəzet.-
2014.- 19 noyabr.- S.7.