İnam, sevgiümid aşılayan əbədi sənət

 

ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ ƏLİQİSMƏT LALAYEVLƏ 30 İL ƏVVƏL BAŞLANMIŞ TEATR SÖHBƏTİ

 

(Əvvəli ötən sayımızda) 

- Bu fikri də bir vaxt siz söyləmişdiniz: "Bugün özünü ziyalı adlandıranların 90 faizinin yolu nadir hallarda teatra düşür. "Sizcə bunun səbəbi nədir: primitiv rejissor yozumu, zəif tamaşa, mövzusu "müasir tələblərə cavab verməyən" əsərlər, istedadsız aktyor oyunu, solğun səhnə tərtibatı... yoxsa dəyişən, korşalan, öləziyən tamaşaçı zövqü, mənəvi dəyərlərə etinasızlıq vərdişi...

- Mən bütün günahı tamaşaçının üstünə atmaq niyyəti ilə söyləməmişəm o fikri. Bu gün də o qənaətdəyəm ki, ziyalılarımız, tanınmış simalarımız teatrda tamaşaya hazırlanmış hər hansı bir əsəri hadisəyə çevirmək üçün mütləq ona baxmalı, müsbət və ya mənfi, fərq etməz, fikrini söyləməli, iradlarını bildirməlidir. İş olan yerdə səhv də ola bilər, uğur da, uğursuzluq da! Ancaq əsas məsələ bu səhvləri islah etməyi bacarmaq və inamla irəli addımlamaqdır. Yaradıcı insan o vaxt güclü və əzmkar olur ki, əhatəsində olanların dəstəyini, köməyini hər addımda hiss edir. Bu halda həm sənət qazanır, həm də cəmiyyət! Biz istəsək də, istəməsək də mənəvi dünyamızın "aclığını" dəf etmək üçün mütləq konsertə də getməliyik, tamaşaya da, sərgi salonuna da... Qaldı ki, bilavasitə teatrla bağlı dediklərinizə, bu fikirlə qismən razılaşıram. Bəli, son vaxtlar teatr üçün, xüsusilə də musiqili (əvvəllər musiqili komediya) teatr üçün məxsusi olaraq əsər yazan bəstəkar və dramaturq tapmaq müşkül məsələdir. Az-çox üzdə olan bəstəkarlara əməkdaşlıq təklif edəndə də, qarşımıza elə şərt qoyurlar ki...

 - Amma bu teatrın beşiyi başında dayananlar, onun ayaq tutub yeriməsi üçün həm varından-dövlətindən, həm əsəbindən, həm canından, sağlamlığından keçən insanlar olub! Onların umacağı ancaq Azərbaycanda teatr yaradıb, millətin mədəni səviyyəsini yüksəltmək olub, onlar gördükləri işə əvəz, qarşılıq istəməyib.

- İndi dövr başqadır. Hər kəs varlı olmaq istəyir, sözdə vətənpərvər olanlar, işə gələndə maskalarını çıxarırlar.

- Rəhbərlik etdiyiniz teatr tamaşaçı sarıdan korluq çəkmir. Son illər şəxsi müşahidələrim bunu deməyə imkan verir. Siz vaxtaşırı eksperimentlər aparır, kollektivlə işləmək üçün özgə teatrlardan aktyorlar, xarici ölkələrdən rejissor və rəssamlar dəvət edirsiniz, özünüzünküləri təcrübə mübadiləsi aparmaq üçün ölkədən kənara yollayırsınız...

 - Bəli, bu yaradıcılıq əməkdaşlığı əslində hər iki tərəf üçün əhəmiyyətlidir. Gürcüstanlı rejissor Qoça Kapanadze "Xanuma" əsərinə quruluş verdi, özü ilə səhnə tərtibatı və geyim eskizləri verən rəssam dostlarını - Ketevan Titişvili, Tamuna Maçaraşvili, Lomqul Murusidzeni də Bakıya gətirdi və deyim ki, çox uğurlu bir tamaşa alındı. Xalq artisti Afaq Bəşirqızının Xanuması ürəkləri fəth etdi. Digər teatrlarda yetərincə ciddi tamaşalar müəllifi kimi tanınan Bəhram Osmanov Qoqolun "Evlənmə" əsərini tamaşaya hazırlayanda Məleykə Əsədova və Şükufə Yusubova kimi dramatik xarakterlər yaradan aktrisaları inamla bu tamaşada oynamağa dəvət etdi və gümanında da yanılmadı. "Evlənmə" "Zirvə" mükafatına layiq görüldü. Lap bu günlərdə rejissor Cənnət Səlimova "O olmasın, bu olsun" operettasında Məşədi İbad rolunu Gənc Tamaşaçılar Teatrının aktyoru, Şövqü Hüseynova həvalə etdi. Şövqü öz bənzərsiz oyunu ilə həm teatra yeni ab-hava gətirdi, həm də "bu rola filankəs möhür vurmuşdu!" anlayışını alt-üst etdi. İstedadlı aktyor dahi Üzeyir bəyin düşündüyü və səhnədə görmək istədiyi əsl Məşədi İbad obrazı yarada bildi. O bir daha sübut etdi ki, istedadlı, yaradıcı və məsuliyyətli aktyor var!

Ötən mövsümdə bizim teatrımızda Ə.B.Haqverdiyevin "Kimdir müqəssir" əsəri oynanıldı. Bu gənc rejissor İradə Gözəlovanın bizim teatrda ilk işi olsa da çox maraqla qarşılandı. Sonra M.F. Axundov 200 illik yubileyi münasibəti ilə bu dahi klassikin məşhur əsərini "Kimyagər" adı ilə tamaşaya qoymağa müvəffəq olduq. Rejissor Bəhram Osmanovla bəstəkar Səyavuş Kərimlinin yaradıcılıq əməkdaşlığı bizə daha bir "Zirvə" qazandırdı. Bu tamaşada teatr daha bir uğurlu eksperiment etdi. İllər boyu müxtəlif tamaşalarda Kimyagər rolunu kişilər oynamışdı, bizdə isə bu obrazı Afaq Bəşirqızı oynadı və bu sözün əsl mənasında yenilik idi.

- Əliqismət müəllim, bu uğurlara ancaq sevinmək olar. Bütün bu uğurlardan sonra yenədəmi sizin üçün tamaşaçı və teatr promlemi qalır?

- Teatr tamaşaçı problemi, "atalar-oğullar" problemi kimi əbədidir. qədər ki, teatr var, tamaşa var bu məsələ gündəmdə qalacaq. Çünki hər kəsin fərqli zövqü, fərqli dünyagörüşü, qaldırılan problemə, toxunulan mövzuya özünəməxsus münasibəti var. Bizim xoşumuza gələn hər hansı bir əsər - bu tamaşa da, film , bədii əsər , musiqi parçası da, şeir ola bilər, kimsə bəyənməyə bilər, ya da əksinə, bizim bir teatr bilicisi tamaşaçı kimi çox primitiv aktual bilmədiyimizi özgələri "urra" ilə qarşılayar. Bu yaxınlarda Moskvadan Bakıya qastrola gələn çox zəngin ənənələri şöhrəti olan bir sənət məbədinin tamaşaya qoyduğu Azərbaycan tamaşaçısına təqdim etdiyi dünyaca məşhur bir əsər onların gözlədiyi arzu etdiyi alqışlarla qarşılanmadı. Halbuki, illər boyu biz "teatral Bakıda" belə səfərlərə necə böyük marağın olduğuna şahidik. Bu o deməkdir ki, artıq zövqlər, fikirlər, kütləvi bəyənmələr, total zövq formalaşmaları dövrü bitib. İnsanlar bilik səviyyəsinə, savadına, dünyagörüşünə, aldığı tərbiyəyə maraq dairəsinə görə tamaşa seçir ona baxmaq istəyir.

- Deyirsiniz yəni tamaşaçılar arasında da təbəqələşmə gedir?

 - Mən belə deməzdim. Sadəcə insanlar indi ciddi, düşündürücü mövzulara o qədər maraq göstərmirlər. Bəlkə bu, vaxt qıtlığı ilə bağlıdır, insanların şəxsi zövqünün cilalanması qayğısından uzaqlaşmağı ilə bağlıdır, bəlkə başqa problemlər mövcuddur, bilmirəm, amma bildiyim odur ki, bəzən "zəifdir!" - deyib repertuardan çıxarmaq istədiyimiz tamaşalar kassaya daha çox qazanc gətirir, anşlaqla qarşılanır, nəinki hazırlanmasına daha çox güc, qüvvə, vəsait xərclədiklərimiz... Deməli, tamaşaçı zövqü deyilən anlayış o qədər mübahisəli qəliz məsələdir ki, sonda hər iki tərəfin haqlı olduğunu düşünürsən. Çünki zövq məsələsində mübahisə etməyin özü belə mübahisəlidir!

- Siz hələdəmi belə düşünürsünüz ki, (illər öncəki müsahibəmizdə israrla bu fikri vurğulayırdınız!) teatr canlı orqanizmdir, repertuar onun udduğu hava, rejissor düşünən beyni, aktyorlar onun ürəyinə qan daşıyan damarlar, ürəyinin döyüntüsü tamaşaçı sevgisinə möhtac!!! Bunlardan hər hansı birinin normal işləməməsi teatrın xəstələnməsinə öz funksiyasını yetərincə yerinə yetirməməsinə dəlalət edir!

- İllərin təcrübəsi bu canlı orqanizmin bütün vacib əzalarının hərəkətinə bilavasitə yardımçı olan digər nüansları da üzə çıxarıb. Teatr sözün həqiqi mənasında canlı bir varlıq, sağlamlığı hər kəs üçün vacib, önəmli dəyərli olan bir orqanizmdir. Bir vaxtlar müəllimlərimiz bizə Stanislavskinin təlimlərini tədris eləyəndə teatrla bağlı belə bir məşhur ifadəni tez-tez işlədirdilər: "Teatr asılqandan başlayır!" Bunu hərə bir cür yoza bilər, amma ömrünü-gününü teatrda keçirən onu bəzən evindən, ailəsindən, hətta şəxsi həyatından belə çox sevən fədailər üçün bunun tamam başqa bir anlamı var. Teatrda çalışan hər kəs onun qayğıları ilə yaşamalıdır, direktordan tutmuş ta qapıçya, baş dirijordan rejissordan ta nəzarətçiyədək.

- Ancaq son məqamda tamaşaçı teatra mənəvi ehtiyaclarını ödəmək, əsəblərini rahatlatmaq, bəzən illər boyu onu narahat edən hər hansı suala cavab tapmaq, ya da ki, sadəcə əylənmək üçün gəlir! Onu teatrın pərdəarxası qayğıları heç maraqlandırmır da! O sadəcə yaxşı tamaşaya baxmaq, 2-3 saatlıq vaxtını səmərəli keçirmək, necə deyərlər, "dünyanın dərd-sərini" unutmaq istəyir. Bayaq qeyd etdiniz ki, bu gün teatrlar dramaturq sarıdan, bədii material sarıdan əziyyət çəkir. Mən Musiqili Teatrın 100 illik yubileyi münasibəti ilə bir neçə məqalə yazdım o ərəfədə sizin teatrın arxiv sənədlərini araşdırdım. Məlum oldu ki, ölkənin ən çətin vaxtlarında, bəlkə teatr kinoya indiki qədər diqqət yetirilmədiyi, qayğı göstərilmədiyi (hər şey mərkəzin - Moskvanın mərhəmətinə bağlı idi onda. T.P.) dönəmlərdə dramaturqlar, bəstəkarlar əsərlərinin məhz bu teatrın səhnəsində tamaşaya qoyulması üçün bəzən illərlə növbə gözləyirdilər. Özü bu şəxslər o vaxt Sovetlər Birliyində yetərincə ad-san qazanmış görkəmli sənət xadimləri idi. Bəs indi dəyişib? Daha dəqiqi, bu qədər çalıb-çağıranı, oxuyub-oynayanı, təzə müasir teatr binaları olan müstəqil ölkədə niyə yaradıcılıq potensialı bu qədər zəifləyib?

- Bu əslində çox vacib məqamdır. Mən azdan-çoxdan teatrı bilən bir peşəkar kimi deyə bilərəm ki, teatrı yaşadan repertuardır, maraqlı əsər salon dolu tamaşaçı deməkdir.

 

(Ardı var)

Telli Pənahqızı

525-ci qəzet.- 2014.- 19 noyabr.- S.6.