"Ambisiyalı adamlara pis baxmıram, amma
gərək ambisiya da adamın boyuna uyğun olsun"
...Onun
ömür yoluna hüquqşünaslıq yazılıb. Elə arzusu da belə olub.
37 il prokurorluq orqanlarında işlədi. Onun prokurorluqda keçdiyi yol ilk növbədə həyatı
və insanları daha yaxından tanımaq baxımından
böyük məktəbə çevrildi. Prokurorluqda keçilən çətin və məsuliyyətli
yol, geniş dünyagörüşü və zəngin həyat
təcrübəsi onu yaradıcılığa gətirən
başlıca amil oldu. O, gənc yaşlarından həyatın
burulğanlarında
möhkəmləndi və mətinləşdi. O həm
də artıq yetkin qələm sahibidir. Onda cəmiyyətdə
baş verən mürəkkəb ictimai-siyasi proseslərin alt
qatlarını, dərinliklərini görə bilmək, əsas
inkişaf meyllərini düzgün dəyərləndirmək
bacarığı var. Fəal vətəndaşlıq mövqeyi,
cəmiyyət hadisələrinə aydın və cəsarətli
münasibət
onun səciyyəvi xüsusiyyətləridir.
O,
çox keşməkeşli həyat yolu keçib. Həyat onu sıxıb, sınaqlara çəkib,
ancaq o, heç vaxt sınmayıb, əyilməyib.
Bu günlərdə onun prokurorluq orqanlarından öz ərizəsi
ilə vaxtından əvvəl getməsi xəbərini
eşitdim. Dərhal onunla görüşməyə qərar
verdim. Bundan əvvəlki görüşlərdə
müsahibə təkliflərinə tərəddüdlə
yanaşmışdı.
...Mobil
İsmayılov tanınmış simadır. Maraqlı
həmsöhbətdir. Onunla
görüşüb söhbətləşmək həmişə
maraqlıdır.
Mobil İsmayılovun keçdiyi həyat yolundakı
uğurları çox sadalamaq olar. Amma biz "Mobil
İsmayılov maraqlı adamdır. Mobil
İsmayılov şəxsiyyəti" təqdimatı ilə
kifayətlənmək istəyirik. Onunla
bir dəfə həmsöhbət olmaq yetər ki, nə qədər
maraqlı insan olduğu bilinsin.
- Axır
ki, sizi müsahibə verməyə razı sala bildim. Hər halda gec də olsa - 6 aydan sonra bu baş tutdu.
- 6 aydan
sonra mən prokurorluqdan getdim (gülür). Bəzən
susmaq daha faydalıdır. Belə deyimlər
də var ki, susmaq özü də bir cavabdır. Elə şeylər var ki, cavabı elə
cavabsızlığındadır. Belə
də deyirlər, susmaq da bir növ danışmaqdır.
Amma mən düşünürəm ki,
müdriklik hər cür susmaq yox, ağıllı
susmaqdır.
- Mənim
nə soruşacağımı sanki qabaqcadan hiss etdiniz. Prokurorluqdan getmək fikriniz nə vaxtdan yarandı?
Lap əvvəldən, yəni Cəlilabad rayonunda xidməti fəaliyyətiniz
bitən kimi getmək fikirləri ağlınıza gəlirdimi?
-
Çin mütəfəkkiri Lao Tsedunun belə bir nəsihəti
var: "Heç vaxt tələsik hökm verməyə
çalışmayın. O zaman sizin də başqalarından
fərqiniz olmaz. Hətta ağıl,
düşüncə hökm verməyə məcbur etsə də,
siz təmkinli olun. Çünki "səyahət"
davam edir. Bir yol qurtaranda, başqa bir yol
başlayır. Bir qapı bağlananda,
başqa bir qapı açılır".
Prokurorluq orqanlarından getmək fikrim Bakı Şəhər
Prokurorluğuna təyin olunduqdan sonra yarandı. Həyatda hər
şey heç də həmişə sakit, rəvan getmir.
Taleyimizin elə gözlənilməz döngələri,
dolanbacları var ki, çox zaman insanlar baş aça bilmirlər,
dolaşıb qalırlar. İstəklə gerçəklik,
reallıq əzəli və əbədi bir döyüşdədir...
Seçim
insan üçün həm çox böyük rahatlıq,
həm də çox dəhşətli bir əzab ola bilər. Mən getmək
seçiminə üstünlük verdim.
- Burada
ambisiya yoxdur ki...
- (Gülümsəyir) Əsla yox. Mən
ambisiyalı adamlara pis baxmıram. Amma gərək
ambisiya da adamın boyuna uyğun olsun. Əks
halda gülünc vəziyyət yaranır.
- Niyə Bakı Şəhər Prokurorluğuna işə
çıxmadınız?
- Səhhətimdə
problemlər vardı. Müayinə və
müalicəyə kifayət qədər vaxt ayırmalı
oldum.
- 6 ay
müddətində?...
- Həyat
sınaq meydanıdır. İnsanlar son günə
qədər sınaqlarla qarşılaşır,
sınaqlardan keçirlər. Bir də ki,
hər şeyə fərdi qaydada yanaşmaq lazımdır.
Normal cəmiyyətdə hər bir insan öz
şəxsiyyətinə və qabiliyyətinə uyğun həyat
tərzi keçirməlidir. Təbii ki,
peşə növü nəzərə alınmaqla. Çox təəssüf ki, heç də həmişə
belə olmur. İnsan heç də həmişə
hər şeydən razı qala bilməz. Bu
bizim razılığımızdan asılı deyil. Mövcud şəraitdən asılıdır.
Bu, həm də insanların həyata
baxışı ilə olan məsələdir.
- Getmək
qərarı verəndə ilk öncə nələri
düşündünüz?
- Təbii
ki, insan müəyyən yaşlardan başlayaraq həyat həqiqətlərini
tam dərk edir. Bu gediş taleyin zərbəsi
ilə bağlı deyil. Mən taleyin zərbələrini
də çox görmüşəm. Elə
addımlar olur ki, bu addımları atarkən insan
özünün daxili aləmini nümayiş etdirir. Bu,
daxildən gələn bir addım oldu, sağlam
düşüncənin nəticəsində baş verdi. Bir də ki, hər kəs
öz fikrində, öz qərarında sərbəstdir.
Mənim də düşündüklərim,
atdığım addımlarım elə həmin o sərbəstliyin
ifadəsidir. Düşünərək
addım atmışam, hisslərə qapılıb verdiyim qərar
deyil. Son anda öz-özümə dedim:
Qətiyyətli ol, Mobil! Çünki belə
anlarda qətiyyət, cəsarət, cəsurluq bədbinliyə
qapılmaqla yox, gələcəyə nikbin baxıb
yaşamaqla ölçülür. İnsan həmişə
vəzifədə qalıb, necə deyərlər, qəhrəman
ola bilməz, ancaq həmişə insan ola
bilər.
- Sizin bu
addımınızı necə qiymətləndirmək olar? Bəlkə əsl, həqiqi səbəb deyəsiniz?
- Hər
şey insanın həyata baxışından
asılıdır. Həyat burulğanları, təzadları
ilə qarmaqarışıqdır. Belə
təsəvvür yaranır ki, insanlar həqiqəti
axtarır, ona nail olmaq istəyirlər. Amma
əvəzində düzünü həmişə gizlədir,
susur, ört-basdır edir, yaymaq istəmirlər. Məsələn, siz həmişə həqiqəti,
fikirləşdiyinizi deyirsinizmi? Təbii
ki, cavabınız inkar formasında olacaq. Axı,
həqiqət çox acıdır. Mark Tvenin
yaxşı bir aforizmi var: "Həqiqət - bizdə olan ən
qiymətli şeydir, gərək onu ehtiyatla xərcləyək".
İndi hər kəsin öz arşını
var. Çoxları üçün meyarlar yoxdur. Çünki meyarlar həm əhəmiyyətini
itirib, həm də əslində, heç bir
ölçüyə malik deyil. Mənim də
proseslərə öz fərdi, fərqli baxışım
var.
- Sizcə,
getmək qərarında bir qədər tələsmədiniz
ki?
- Getmək
də vaxtında olsa, yaxşıdır. Ona görə də
gecikmədim...
- Belə
düşünürəm ki, harada işləməyinizdən
asılı olmayaraq getməyiniz həmin təşkilat
üçün birmənalı itki sayıla bilərdi. Prokurorluqdan vaxtından əvvəl getməyinizə
isə lap çox təəssüflənirəm.
Prokuror vəzifəsi sizə çox yaraşırdı...
- Bu
peşədə ən böyük qazancım insanları
tanımaq, dərk etmək oldu. Prokuror vəzifəsi həyatın
gerçəkliklərini görmək, bilmək imkanı verdi. Özü də
görünməyən gerçəklikləri. İnsanlıq düsturlarını daha yaxşı
anlamağa başladım. İnsanların iç
dünyasını, nə düşündüklərini,
bütövlükdə reallıqları bəlkə də bu
peşə sahibindən yaxşı bilən elə də
çox olmaz. Həyatın pardokslarını dərk
etmək indi mənim üçün sadədən sadədir.
Bu vəzifə mənə dövlətçilik
düşüncəsi, dövlətçiliyə sadiqlik
prinsipləri aşıladı. Nəhayət,
prokurorluq mənə yaşamağın fəlsəfəsini,
ən başlıcası isə özümü dərk etməyi
öyrətdi. Həyatda bütün bunlar
indi çox vacibdir. Həyat onsuz da antik
teatr tamaşalarındakı kimi maskalı oyundur. Bəzən insanlar rola elə girirlər ki, özlərinin
nə oynadıqlarının belə fərqinə
varmırlar.
- İşlədiyiniz rayonlarda siz həmişə
"ağayana prokuror" titulunu qazanmısınız. Bu fikrə münasibətinizi
bilmək istərdik...
- Əvvəlcə,
siz bu "titula" münasibətinizi bildirin, yəni bəs
siz necə düşünürsünüz!
- Mən
də bu fikirdəyəm.
- (Gülür) Deməli, burda bir həqiqət var, yoxsa,
niyə deyərlər? Ona görə də istisna etmirəm, yəqin
elə olmuşam. Deməli, mənasız
yaşamamışam. Deyə bilərəm
ki, bəxtim gətirməyib. Amma heç
vaxt uğurlarımla öyünməmişəm.
- Tədricən
mətləb üzərinə gəlib çıxdıq. Deməli, vaxtından əvvəl getməyinizin səbəbi
elə bu "tituldur", yəni ağayanalıqdır.
Məgər elə deyil?
- Əslində, verdiyiniz suallara elə özünüz
də əsasən cavablar verirsiniz. Əlavə edə bilərəm
ki, kənardan hər şey düzgün və yaxşı
görünür. Əksər hallarda ətrafdakıların
fikirləri həqiqi olur. Mənim üçün bu
cür "adlardan", belə qiymət vermələrdən
gözəl heç nə ola bilməz. Həyat yoluma nəzər salanda keçmişimlə
bağlı hər zaman qürur duyuram.
- Gələcəyə
ümidlisinizmi?
-
Ümidini itirən hər şeyini itirir.
- Axı,
niyə getdiniz, Mobil İsmayılov?
-
Sualınıza həyatımda yaşamaq prinsipim olan kredo
sandığım Maksim Qorkinin çox sevdiyim bir fikri ilə
cavab vermək istəyirəm:
"Ya alış yan, ya da sön! Amma tüstülənmə!
Tüstülənmək həyat deyil!"
- Nəhayət, bayaqdan gözlədiyim əsl cavabı aldım. Çox sağ olun! Sizə yaxşı əhvali-ruhiyyə, təbəssüm arzulayıram. Təbəssüm sizə çox yaraşır!... Elə prokuror vəzifəsi kimi!...
Ədalət
SALMAN,
"Sözün
işığı" jurnalının baş redaktoru
525-ci qəzet.-
2014.- 19 noyabr.- S.4.