O GÜNƏ BİR GÜN QALIB...

 

Gəl, yada sal özünü,

Ağrı-acıyla birgə qayıdan yaddaş kimi.

İstəyirsən, sevdiyim, sonra yenə də çıx get,

Düş könlümün başına

Həsrət boyda daş kimi...

Yenə də çək darlara ümidimi, arzumu,

Yenə də üsyan edim,

Deyim "məhəbbət bumu?"

Yenə yanıb yaxılım,

Nisgilli gözlərimdən axan yaşlar sel olsun.

Sənsiz keçən saatlar

Birdönüb il olsun,

Amma sabah qayıt gəl!

Gəl, yada sal özünü...

Qırx sənəlik vədə ver, əlimə qoy üzünü...

Tələs, canımın canı,

Zaman yaman daralıb...

Öz mehriban səsinlə sevdir mənə dünyanı,

O günə bir gün qalıb!

 

GƏLMİR

 

Ümidlərim yol üstdədir,

Saxlamağa əlim gəlmir

Mənim havam - şikəstədir,

Söyləməyə dilim gəlmir.

 

Bulud gözdən sellər axır...

Bivəfa gendənmi baxır?

Hardadısa deyin, axı...

Sorağını bilim... gəlmir...

 

Çin olmadı, Vətən, yuxun...

dost yoxdu, qohum.

Tənhalıqda ölür ruhum,

Ağlamağa elim gəlmir...

 

BAĞIŞLA...

 

Mən atım üstümdən həsrət donunu,

Sən geyin əyninə əhdi-ilqarı.

Mən geri qaytarım yolun sonunu,

Sən isə qarşıla yaşananları.

 

Mən gözəl sözləri salım yadıma,

Sən umu-küsünü başından çıxar.

Mən nəğmə söyləyim sevgi adına,

Sən şeir yazmağa kəlmələr axtar.

 

Mən səni gözləyim gecə yarısı,

Sən tələs, sağollaş dostla-tanışla.

Mən -"bəla", sən isə "ürək ağrısı"...

Səni bağışladım... Məni bağışla!

       

MAVİ GECƏ

 

Mavi gecə...

Mavi səma...

Mavi sular...

Uzaqlarda mavi-mavi işıltılar,

Mavilənmiş yarpaqlardan sızıb gələn pıçıltılar...

Sahil boyu çırpıntılar

Dalğa-dalğa...

Səmaların

Xəzərimlə qovuşduğu sərhəd belə -

Mavi halqa...

 

Bütün aləm, məhz bu gecə

gözəldi,

qəşəngdi!

Sakit əsən gilavar da

Bu gecəylə həmahəngdi...

Qəlbimdəki arzularım -

Dünyam kimi

Mavi rəngdi...

 

QORXURAM

 

Qorxuram

Elə yalan eşidəm -

Daha heç nəyə inanmaq istəməyəm...

Qorxuram

Elə xoşbəxt yuxuya gedəm -

Bir oyanmaq istəməyəm...

 

Qorxuram

Soyuq qış günü bitə ömrün əzabı,

Günəşi görmək gözümdə qala.

Qorxuram

Haqsızlıqlarla kəsəmməyəm hesabı,

Haqqım donub üzümdə qala.

 

Qorxuram

Məni ağlaya bilməyə anam,

İllərdi, "qəribim" - deyə, qurudub gözünü.

Qorxuram

Vətənə döndüyümdə - çiyinlər üstdə dayanam -

Sonra... Allah da bağışlamaya özünü!

 

DÜŞÜNMƏ Kİ...

 

Həyatım!

Düşünmə ki, ayrılmışıqsa əgər

Bu duyğular öləcək.

Sevgimiz yaz kimidir,

Ayrılığın qışından sonra

Yenə gələcək,

Uzaqlığın üzüboz

Yollarında bərkiyəcək.

Böyüyüb boy atacaq axan göz yaşımızla.

Bizi dara çəkəcək

Qayım yaddaşımızla.

Ayaq tappıltısı

na,

Ya telefon zənginə

Atlanacağıq  yenə...

 

Bu, can ayrılığının

Könül ayrılığından fərqi burdadır yəqin -

Gələcəkdir dünyaya hər gələn yazla birgə.

Biz öldükdən sonra da,

Sevgimiz yaşayacaq

Ruhlarımızla birgə!

 

SƏNLİ XATİRƏLƏR

 

Nədir sənli xatirələr?

Gülərkən gülüşümü üzümdə donduran,

Bəzənsə əksinə,

Məni gülümsəməyə vadar edən...

Bir görərkən əlimi havada saxlayan...

Gözlərimi yol çəkdirən...

Yuxularımda məni gah ağladan,

Gah da, ayılmaq istəməyəcək dərəcədə xoş olan...

Bir həftə, on gün... tam unutmuşam deyərkən,

Birdən-birə

Yep-yeni, təzə

Canlı olaraq qayıdıb özünü xatırladan...

Qəlbimi titrədən...

Dumana dönmüş sənsən - o xatirələr! Sən!

 

Afaq Şıxlı

525-ci qəzet.- 2014.- 20 noyabr.- S.7.