İkinci Bakı Beynəlxalq İdman Filmləri
Festivalı başlayıb
Nizami Kino Mərkəzində İkinci Bakı Beynəlxalq İdman Filmləri Festivalının açılış mərasimi olub. Mərasimdən əvvəl keçirilən mətbuat konfransında İdman, Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) sədri Askani Franko, Bakı festivalının münsiflər heyətinin sədri Endre Florian (Macarıstan), heyətin üzvi Yusif Şeyxov, fransalı rejissor Kristof Offenşteyn festivalın proqramı, təqdim olunan filmlər və dünyada keçirilən bənzər festivallar barədə məlumat veriblər.
Daha sonra festivalın açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İkinci Bakı Beynəlxalq İdman Filmləri Festivalının əhəmiyyətindən söz açıb. Bildirib ki, bu festival həqiqətən də böyük bir məna daşıyır. Ölkəmizdə ən böyük və mötəbər idman yarışı "Bakı-2015" birinci Avropa Oyunları keçiriləcək.
Vurğulanıb ki, Avropa Oyunlarının Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəhbərlik edir. Nazir əminliklə ifadə edib ki, bu oyunlar həqiqətən nümunəvi bir idman bayramına çevriləcək.
Qeyd olunub ki, İkinci Bakı Beynəlxalq İdman Filmləri Festivalı Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilir. Festival idmanın bir çox növünə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək məqsədilə reallaşdırılıb.
İdman kinosu və televiziyası sahəsində ad qazanmış yerli və xarici mütəxəssislərin Bakı festivalında iştirakı onun əhəmiyyətini artırır. Ümid edirəm ki, Bakı festivalı idman kinosu sahəsində fəaliyyət göstərən sənət adamları üçün dostluq və əməkdaşlıq əlaqələri qurmağa kömək edəcək.
Daha sonra çıxış edən münsiflər heyətinin sədri Endre Florian, fransalı rejissor Kristof Offenşteyn birgə əlaqələrin yaradılması baxımından festivalın əhəmiyyətini yüksək qiymətləndiriblər.
Festivalın ünvanına 33 ölkədən 115 film daxil olub. Onlardan 23 ölkəni təmsil edən 48 film müsabiqəyə buraxılıb. Filmlər 5 kateqoriya - "Bədii film", "İdman və şəxsiyyət", "İdman və dünya", "TV filmləri" və "Milli film" üzrə bölüşdürülüb.
Birinci festivalla müqayisədə builki festivala təqdim edilən Azərbaycan filmlərinin və televiziya proqramlarının sayının əhəmiyyətli dərəcədə çoxalmasını birinci Avropa Oyunları ərəfəsində idmana artan marağın göstəricisi kimi qiymətləndirmək olar.
Festival günlərində müsabiqə filmlərinin nümayişi ilə yanaşı, Nizami Kino Mərkəzində dünyanın məşhur foto ustalarının idman mövzusuna həsr olunan təbliğat vasitələrinin sərgisi də təşkil olunub.
Noyabrın 20-dək davam edəcək festivalın ilk günündə Kristof Offenşteynin "Tənha" bədii filmi nümayiş etdirilib.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2014.- 20 noyabr.- S.7.