Moldovada azərbaycanlı rəssamın sərgisi
təşkil edilib
Azərbaycanın Moldovadakı səfirliyi ikitərəfli mədəni əlaqələrin inkişafına və Azərbaycan incəsənətinin xaricdə təbliğinə dair proqramın həyata keçirilməsi çərçivəsində Azərbaycanın tanınmış rəssamı Mirteymur Məmmədovun qrafika işlərinin sərgisini təşkil edib.
Səfirliyin binasında təşkil olunmuş sərgi çərçivəsində həmçinin diplomatik nümayəndəliyimizin nəşr etdirdiyi Mirteymur Məmmədovun əsərlərindən ibarət "Qızıl tarix" albom-kataloqunun təqdimatı keçirilib. Gözəl illüstrasiyalı nəşrə Azərbaycan rəssamının Bakının "ürəyi" İçərişəhərə həsr olunmuş ən yaxşı qrafika işləri daxil edilib. Albomda Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyevin, Moskvanın tanınmış sənətşünası Yelena Ponomaryovanın, habelə Mirteymur Məmmədovun dörd dildə - Azərbaycan, moldav, ingilis və rus dillərində giriş məqalələri verilib. Kataloqda "İçərişəhər"in gələcək nəsillər üçün qorunub saxlanmasında Azərbaycan Prezidenti İlham Əliyevin, ölkənin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolu xüsusi vurğulanır.
Tədbirdə Macarıstan, Gürcüstan, Qətər və Çin səfirləri, Qazaxıstanın baş konsulu, MR-in ombudsmanı Aureliya Qriqoriu, MR-in mədəniyyət nazirinin müavini İqor Şarov, Moldova Xarici İşlər və Avropa İnteqrasiyası Nazirliyinin departament rəisi Ruslan Bolboçanu, tanınmış yazıçı İon Xadırke, Moldova Rəssamlar İttifaqının sədri Genadi Jaloba, SSRİ Xalq artisti Mixay Muntyanu, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov və başqaları iştirak ediblər. Tədbirin rəsmi hissəsində Namiq Əliyev, İqor Şarov, Mirteymur Məmmədov və başqaları çıxış edib, həmçinin Azərbaycanın Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyevin tədbir iştirakçılarına təbrikinin mətni oxunub.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2014.- 20 noyabr.- S.7.