Əyyub Quliyev Belarus səhnəsində "Traviata" ya dirijorluq edib

 

Belarus Dövlət Akademik Böyük Opera və Balet Teatrında dahi italyan bəstəkarı Cüzeppe Verdinin “Traviata” operasının premyerası keçirilib. Tamaşaya Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev rəhbərlik edib.

 

Ə.Quliyev AzərTAc-a bildirib ki, tamaşada baş rolları Belarus Dövlət Opera Teatrının solistləri, beynəlxalq müsabiqələr laureatı Tatyana Qavrilina (Violetta), M.Maqomayev adına üçüncü beynəlxalq müsabiqənin laureatı Pavel Petrov (Alfredo), Belarusun Xalq Artisti Vasiliy Kovalçuk (Baron), M.Maqomayev adına birinci beynəlxalq müsabiqənin qalibi İlya Selçukov (Jorj Jermon) və beynəlxalq müsabiqələr laureatı Kriskentina Staçenko (Flora) ifa ediblər.

 

Tamaşanın quruluşçu rejissoru Susanna Siryuk, quruluşçu rəssamı Lüdmila Qonçarova, kostyum üzrə rəssamı Eleonora Qriqoryuk, baş xoreoqrafı isə Belarusun Xalq Artisti Nina Lomanoviçdir.

 

Böyük maraqla qarşılanan və anşlaqla keçən tamaşa yerli musiqi tənqidçiləri və mədəniyyət xadimləri tərəfindən yüksək qiymətləndirilib.

 

Azərbaycan və Belarus opera teatrları arasında münasibətlərin müsbət inkişafında belə layihənin xüsusi önəm daşıdığını söyləyən Belarus Dövlət Akademik Böyük OperaBalet Teatrının direktoru Vladimir Qridyuşko Ə.Quliyevə öz dərin minnətdarlığını bildirib.

 

Qeyd edək ki, Əyyub Quliyev bu teatrda ilk dəfə olaraq dirijorluq edib.

 

S.Abdullayeva

525-ci qəzet.- 2014.- 20 noyabr.- S.7.