İnam, sevgi və ümid aşılayan əbədi
sənət
ƏMƏKDAR
İNCƏSƏNƏT XADİMİ ƏLİQİSMƏT
LALAYEVLƏ 30 İL ƏVVƏL BAŞLANMIŞ TEATR
SÖHBƏTİ
(Əvvəli
ötən sayımızda)
- Əliqismət müəllim, bir qədər əvvvəl,
teatrın mövcudluğunu şərtləndirən bir məsələ
ilə bağlı sual vermişdim. İstəyirəm o
sualı yenidən xatırladam. Tamaşaçı
teatra mənəvi ehtiyaclarını ödəmək, əsəblərini
rahatlatmaq, bəzən illər boyu onu narahat edən hər
hansı suala cavab tapmaq, ya da sadəcə əylənmək
üçün gəlir! Onu teatrın pərdəarxası
qayğıları heç maraqlandırmır da! O sadəcə
yaxşı tamaşaya baxmaq, 2-3 saatlıq vaxtını səmərəli
keçirmək, necə deyərlər, "dünyanın dərd-sərini"
unutmaq istəyir. Bayaq qeyd etdiniz ki, bu gün
teatrlar dramaturq sarıdan, bədii material sarıdan əziyyət
çəkir. Mən Musiqili Teatrın 100
illik yubileyi münasibəti ilə bir neçə məqalə
yazdım və o ərəfədə sizin teatrın arxiv sənədlərini
araşdırdım. Məlum oldu ki,
ölkənin ən çətin vaxtlarında, bəlkə də
teatr və kinoya indiki qədər diqqət yetirilmədiyi,
qayğı göstərilmədiyi (hər şey mərkəzin
- Moskvanın mərhəmətinə bağlı idi onda) dönəmlərdə
dramaturqlar, bəstəkarlar əsərlərinin məhz bu
teatrın səhnəsində tamaşaya qoyulması
üçün bəzən illərlə növbə
gözləyirdilər. Özü də bu
şəxslər o vaxt Sovetlər Birliyində yetərincə
ad-san qazanmış görkəmli sənət xadimləri
idi. Bəs indi nə dəyişib? Daha dəqiqi, bu qədər
çalıb-çağıranı, oxuyub-oynayanı, təzə
və müasir teatr binaları olan müstəqil ölkədə
niyə yaradıcılıq potensialı bu qədər zəifləyib?
-Mən
belə düşünmürəm. Əksinə,
son illərdə Azərbaycan mədəniyyətinin
uğurundan və inkişafından daha çox
danışmaq olar. Bu gün bizim
teatrlarımızın səsi, sorağı beynəlxalq
festivallardan gəlir, tamaşalarımız mükafata layiq
yerlər tutur. Vaxtı ilə respublkanın hər
hansı bir teatrının Biləcəridən o yana
çıxması hadisə sayılırdı, indi bizim (təkcə
Musiqili Teatrın deyil, ölkədə mövcud olan əksər
teatrların) tamaşalarına dünyanın 20-dən
çox xarici ölkəsində, o cümlədən, Amerika
Birləşmiş Ştatlarında, Türkiyədə,
İranda, Rusiyada maraqla tamaşa edirlər. Beynəlxalq təcrübələr,
dünyanın qabaqcıl teatrlarının iş prinsipi ilə
tanışlıq imkanı, qastrol səfərləri həm
də canlı ünsiyyət deməkdir, yaradıcılıq
mübadiləsi deməkdir, milli mədəniyyətimizin,
ölkəmizin uğurlarının təbliği deməkdir.
Bunlarsız təbii ki, inkişafdan söz
açmaq mümkün deyil.
Ancaq sizin də xatırlatdığınız kimi,
ötən əsrin son onilliklərində səhnə
üçün əsər yazan istedadlı insanlar bu gün
demək olar ki, yox dərəcəsindədir. Ara-sıra
teatra təqdim olunan pyeslər isə bədii cəhətdən
çox zəifdir. Bu əsərlərə
vaxt və vəsait sərf etməyə də adamın heyfi gəlir.
Bəzən riskə getdiyimiz məqamlar olur, bəlkə
nəsə alındı deyə hər hansı bir müəlliflə
işbirliyinə başlayırıq, ancaq...sonuc biz istədiyimiz
effekti vermir.Tamaşanın ömrü bir mövsüm belə
çəkmir.
-Sizcə
bunun səbəbi nədir? Mövzu
qıtlığıdır, yoxsa istedadlı yazar yoxdur?
- Əksinə, məncə
indi mövzu bolluğu və yaradıcı insanın öz
istedadını nümayiş etdirmək üçün
çox gözəl bir dövrdür. Heç kəsə
"filan mövzuda yazmaq olmaz"- deyə qadağa qoyan yox,
sovetin əli qayçılı senzurası yox! Belə bir münbit şəraitdə daha məhsuldar
işləmək olar. Azad fikir, sərbəst ideya və
düşüncələrin sərhədsiz olduğu bir məmləkətdə
teatra, lap elə kinoya, bədii əsərlərin
yaradılmasına belə biganəlik və etinasızlıq
adama qəribə gəlir. Bəli, haqlısınız, bu
gün Azərbaycanda yaxşı səsi, münasib səhnə
fakturası olan cavanlarımız çoxdur, amma təəssüf
ki, onlar teatra yox, şou-biznesə üz tutur, istedad və
bacarıqlarını o qədər də səmərəli
olmayan sahələrə sərf edirlər. Təbii
ki, bu arzuedilməzdir.
- İş burasındadır ki, çalıb
oxuyanların sayı bilinmədiyi kimi, özünü
yazıçı sayanların da sayı yetərincədir. Sizcə bu
yazarlar niyə teatra əsər təqdim eləmir?
-Bəzən
belə təşəbbüsdə bulunanlar olur. Teatra təqdim olunan ədəbi materialların əksəriyyətində
mənasız hırıltıdan, lağlağıdan
başqa heç nə yoxdur. Həm də
bu müəlliflər teatrı yaxşı bilmədiklərindən
çox vaxt ancaq dialoqlar yazırlar, unudurlar ki, səhnə
üçün nəzərdə tutulan əsər təkcə
dialoqdan ibarət deyil.
- Əliqismət müəllim, söz ki, teatrı bilməkdən
düşdü, belə bir sualımı
cavablandırmanızı xahiş edəcəm: sizcə teatr
rəhbəri teatrı yaxşı biləndə işlər
qaydasında gedir, yoxsa yaxşı məmur olanda?
- İllər boyu mədəniyyətdən yazan və
bu sahəni gözəl bilən jurnalist kimi siz necə
düşünürsüz?
-Mən
birinci fikrin tərəfdarıyam, yəni teatr rəhbəri
yaradıcı adam olmalıdır ki, onunla
bərabər çalışanların nə
düşündüyünü, nə istədiyini duyub, hiss
edə bilsin! Hətta bu yaxınlarda sizin teatra qonaq qismində
dəvət olunan, çox məşhur bir əsərdə
gözəl bir obraz yaratmağa müvəffəq olan
tanınmış aktyorlardan biri dedi ki, Əliqismət müəllimlə
işləmək həm asandır, həm də çətin!
Asandır ona görə ki, o səhnədə
aktyora, rejissora, rəssama, əlbəsəçiyə, dərziyə
lazım olan ən kiçik detalı belə nəzərdən
qaçırmır, onun vaxtında tapılmasına
çalışır. Çətindir ona görə
ki, o səhnənin bütün sirlərinə,
nüansların bələddir, aktyorluq və rejissorluq sənətini
gözəl bilir, ona nəyisə bəyəndirmək, necə
deyərlər "gözünü boyamaq" olmaz! Yadıma sizin cavanlığınız
düşdü. Naxçıvan
teatrında quruluş verdiyiniz əsərlərin birində
sizə velosiped lazım olur. Hər məşqdə bu
işə cavabdehlik daşıyan adam
"velosipedi mütləq alacağam"-deyir və tamaşa
gününədək vədinə əməl etmir. Premyera gecəsi kimsə velosiped tapıb gətirir və
səhərisi gün bir nəfər hay-küylə içəri
girib "mənim velosipedimi qaytarın, onu bir gecəliyə
aparmışdınız axı!" - deyir.
Sən demə, o məsuliyyətsiz cavabdeh adam
məhəllənin poçtalyonundan onu borc
alıbmış. Bu hadisə çox
böyük əsəb gərginliyinə və səs-küyə
səbəb olmuşdu.
- Hə, olub belə bir əhvalat! Bilirsiniz ki, teatrda hər şey şərtidir, bunu səhnədəkilər
də, teatrla yaxından əlaqəsi olanlar da bilirlər.
Amma tamaşaçı bu şərtiliyi bilsə
də, özünü buna inandırmaq istəmir. Çünki o özünü səhnədə cərəyan
edən hadisələrin passiv seyrçisi yox, fəal
iştirakçısı sayır, hər şeyi canlı
gördüyü üçün, şərtiliyi qəbul
etmir. Yadınızdadırmı, bir vaxtlar
baxdığımız filmlər, tamaşalar? Bilə-bilə ki, o vurulan yumruq da, atılan güllə
də, həlak olan qəhrəman da şərtidir, yenə
gözləri yaşaranlar, hönkürtü ilə
ağlayanlar olurdu. Bu çox incə və
həssas məqamdır. Bizdə müxtəlif
dövrləri əks etdirən tamaşalar hazırlanır.
Deyək ki, "O olmasın, bu olsun"
tamaşasında istifadə edilən geyimlərdən,
dekorasiyalardan, butaforlardan biz "Ər və arvad"da
yararlana bilərik, amma biz bunu etmirik. Hətta
mövzu və zaman etibarı ilə bir-birinə yaxın olan
tamaşalarda belə eyni dekorasiyalardan istifadəyə imkan
vermirik. Məsələ, bizim "Bankir
adaxlı" tamaşasında səhnəyə qoyduğumuz
mebelin qiymətini desəm, inanmayacaqsınız, amma biz səhnə
tərtibatının gözəlliyi və təbiiliyi
üçün hər şey edirik. Məncə
teatr rəhbəri həm yaxşı teatr bilicisi, həm də
yetərincə ciddi və işgüzar məmur
olmalıdır.
- Siz illər
öncəki o dərc olunmayan müsahibəmizdə belə
bir fikir söyləmişdiniz ki, fərdlər hər
hansı teatr və ya konsert müəssisəsinə "mənim
zövqümə uyğun olan filan əsəri tamaşaya
qoyun" - deyə bilməz!
- Bu deyim
köhnə olsa da yenə aktualdır ki, nə qədər
tamaşaçı varsa, bir o qədər də zövq var! Biz minlərlə tamaşaçının
zövqünü fərdi şəkildə təmin etmək
iqtidarında deyilik. Ancaq
tamaşaçı, bizdən fərqli olaraq, seçmək,
öz zövqünü istiqamətləndirmək
azadlığına malikdir. İstədiyi
teatrda, istədiyi tamaşanı o seçməlidir, o
axtarıb tapmalıdır. Lakin təəssüf
ki, bizim tamaşaçıların böyük əksəriyyəti
daha ucuz və bayağı tamaşalara, əyləncəli
şou proqramlara getməyə üstünlük verir.
- Elə
buradaca dairə qapanır və biz yenə bu söhbətimizin
birinci hissəsindəki problemi xatırlamalı oluruq:
tamaşaçının zövqünü
formalaşdırmaq, onu düşündürmək və
maarifləndirmək bədii sözün, mədəniyyətin
başlıca vəzifəsidir!
- Bizim
tez-tez işlətdiyimiz çox məşhur bir deyim var:
tamaşaçı teatrı yox, teatr
tamaşaçını arxasınca aparmalıdır. Yəni onun tamaşaları yüksək mənəvi
dəyərləri ilə seyrçilərin maraq
dünyasına təsir etməli, onları
formalaşdırmağı bacarmalıdır. Bu işdə tamaşaçının da öhdəsinə
düşən vəzifələr var. O daxili zənginliyini
qoruyub-saxlamağa cəhd göstərməli, öz mənəvi
aləminin qeydinə qalmalıdır, yaddaşının ən
dəyərli köşəsinə gözəl anlar
yazmalı, necə deyərlər, zaman-zaman gözünü,
könlünü sevindirməlidir.
İndi yaşlı və elə orta nəsil də gənclikdən
çox şey umur, onları təhsilə, elmə, həyata
biganəlikdə suçlayır, bəzən də
zövqsüzlüklərindən gileylənir, biganəliklərinə
irad tuturlar. Qeyd edim ki, bəzi məqamlarda çiyinlərində
illərin ömür yükü olan yaşlılar heç
haqsız da sayılmır.
Amma bu günün tələbləri baxımından
yanaşsaq, məncə, cavanları da qınamalı deyil. Çünki indi
bütün dünyada özündən uzaqlaşma,
soy-kökünə, əsrlər boyu formalaşdırılan
və 21-ci yüzillikdə nədənsə tənəzzülə
doğru gedən adət-ənənəyə, milli-mənəvi
dəyərlərə fərqli münasibət
başlayıb və bu təkcə bizim bəlamız deyil, bəşəriyyətin
bəlasıdır! Daha heç kəs özündə o
hövsələ, o maraq, o canıyananlıq və ya sadəcə,
vaxt tapmır ki, kiminləsə söhbət etsin, onunla təəssüratlarını
bölüşsün! Hər kəsin gözü telefonda, barmaqlar
kompüterin klaviaturasında, qulaqları mikrafonla
ötürülən musiqidə! Heç kəs
bir-birinin üzünə baxmır. Bəzən
tamaşa salonuna gələnlərə telefonunu təkidlə
söndürməyi təklif edən nəzarətçilərimiz
onların təpkisi ilə qarşılaşır.
Bilmirsən bu adam tamaşaya gəlib,
yoxsa...
- Əliqismət
müəllim, hər kəs yaşadığı dövrə
bənzəyir - deyirlər. Bu cavanların
da uşaqlığı və gəncliyi həm ölkəmiz
üçün, həm də dünya üçün
çox mürəkkəb və çətin bir dövrə
təsadüf etdiyindən onları da başa düşmək
çətin deyil və əlbəttə, bu problem daha
çox pedaqoqların, psixoloqların müzakirə
mövzusudur. Bizsə, teatrın, cəmiyyətin
bədii-estetik inkişafına təsiri barədə fikir
mübadiləsi etdik. Və sonda bilmək istəyirəm
ki, siz bir yaradıcı şəxsiyyət, pedaqoq və məmur
kimi necə düşünürsünüz: Dünyanı
gözəllik xilas edəcəkmi? İnsanlar
sevib, inanıb və ümid edib yaşamaq üçün
teatra maraqlarını qoruyub saxlaya biləcəklərmi?
- Məncə
dünya həmişə gözəlliyə, səmimiyyətə,
şəfqətə möhtacdır. İnsansa sevgisiz,
inamsız və ümidsiz yaşaya bilməz!
- Təşəkkür
edirəm!
- Siz də
sağ olun!
Telli Pənahqızı
525-ci qəzet.- 2014.- 20 noyabr.- S.6.